“Bavariya” “Mançester Yunayted”dən qisasını aldı
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
Apasport.az saytının məlumatına görə, “Bavariya” “Mançester Yunayted”dən 1999-cu
ildəki finalın qisasını alıb. Maraqlıdır ki, Münhen təmsilçisi 11 öncə aqibəti
rəqibinə yaşadıb. Yəni, ssenari oxşar, rollar fərqli olub.
“Bavariya” 1999-cu ildə Barselonada keçirilən həlledici görüşdə ilk hissədən
sonra hesabda 1:0 irəlidə olduğu halda, “Mançester Yunayted” qələbə topunu son
saniyələrdə vurmuşdu. Bu dəfə ingilislər fasiləyə 1:0 hesabı irəli yollanmış və
ikinci hissədə iki top buraxaraq uduzub. “Bavariya” da qələbə topunu son
saniyələrdə vurmağa müvəffəq olub. Münhenlilər üçün 2:1 hesabını düşərli saymaq
olar. Hər halda, İtaliyanın “Fiorentina” klubu ilə 1/8 finalda ev oyununda da
qələbə məhz bu hesabla qazanılmış və sonda mərhələ keçilmişdi.
Günün digər oyunu olan Fransa derbisində də sevinən tərəf meydan sahibi olub.
Hər halda, “Lion”un “Bordo” üzərində qələbəsinin iki top fərqi ilə olduğunu
nəzərə alsaq, tarixində ilk dəfə yarımfinala çıxmaq şansı daha yüksəkdir.
Turnirin son qalibi “Barselona” isə London “Arsenal”ı ilə səfər oyununda
qələbəni əldən verib. Kataloniya təmsilçisi isveçli hücumçu Zlatan İbrahimoviçin
dublu sayəsində 58-ci dəqiqədə hesabda 2:0 irəlidə olduğu halda, sonradan
qapısında iki top görüb. Özü də “Arsenal”ı evdə məğlubiyyətdən “Barselona”nın
yetirməsi Sesk Fabreqas qurtarıb. Londonluların ispan kapitanı sona 5 dəqiqə
qalmış penalti zərbəsini dəqiq yetirməklə, bir vaxtlar ona doğma olan komandanın
qələbə qazanmasına imkan verməyib. Bununla belə, Fabreqas həmin oyunda sarı
vərəqə limitini aşıb və cəzalı duruma düşdüyü üçün “Nou Komp” stadionunda
keçiriləcək cavab görüşündə iştirak edə bilməyəcək.
“İnter” aşkar favorit sayıldığı Moskva MOİK-i ilə ev oyununda qələbəni
çətinliklə qazanıb. Komandanın cari mövsümdə bombardiri olan argentinalı hücumçu
Dieqo Milito yenə xilaskar rolunu oynayıb. İstənilən halda, İtaliya A
seriyasının liderini bir həftə sonra Rusiya paytaxtında heç də asan sınaq
gözləmir. “Barselona”nın isə səfərdə məhsuldar heç-heçə etməsi yarımfinala
çıxmaq şansını xeyli artırır.
Qeyd edək ki, aprelin 6-da MOİK – “İnter”, “Barselona” – “Arsenal”, bir gün
sonra “Bordo” – “Lion” və “Mançester Yunayted” – “Bavariya” görüşləri
keçiriləcək.
Çempionlar Liqası
1/4 final, ilk oyunlar
30 mart
“Bavariya” (Almaniya) – “Mançester Yunayted” (İngiltərə) - 2:1
QOLLAR: Frank
Riberi, 77; İvitsa Oliç, 90+2 - Ueyn Runi, 2
Baş hakim: Frank de Blekere (Hollandiya)
Münhen. “Alyans Arena” stadionu
“Lion” (Fransa) – “Bordo” (Fransa) - 3:1
QOLLAR: Lisandro
Lopes, 10; 77 (p); Mişel Bastos, 32 - Maruan Şamax, 14
Baş hakim: Feliks Brix (Almaniya)
Lion. “Jerlan” stadionu
31 mart
"Arsenal" (İngiltərə) – "Barselona" (İspaniya) - 2:2
QOLLAR: Uolkott,
68; Fabreqas, 85 (p) - Zlatan İbrahimoviç, 46; 58
Baş hakim: Massimo Buzakka (İsveçrə)
London. "Emirates" stadionu
"İnter" (İtaliya) – MOİK (Rusiya) - 1:0
QOL: Milito,
65
Baş hakim: Hovard Uebb (İngiltərə)
Milan. "San Siro" stadionu