Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulub. Apasport.az saytının
məlumatına görə, baş tutan qarşılaşmalardan sonra 1/8 final mərhələsinin bütün
iştirakçıları müəyyənləşib.
E qrupunda “Fiorentina” birinci yerə sahib çıxdı. “Lion”un “Debretsen”i
darmadağın etməsi isə sonuncuların İsrail “Makkabi”si kimi, yarışı xalsız
bitirməsini rəsmiləşdirdi. F qrupunda hər şeyə aydınlıq gətirməli olan son tur
heç nəyi dəyişmədi. Favoritlər - “Barselona” və “İnter” qələbə sayəsində
Çempionlar Liqasının 1/8 finalına, “Rubin” isə Avropa Liqasına yollandı.
Turnir cədvəlindəki yeganə yerdəyişmə G qrupunda gerçəkləşdi. İkinci yerin
taleyinin həll olunduğu görüşdə “Unirea”nı məğlub edən “Ştutqart” 1/8 finala
vəsiqə qazandı. Bir gün öncə digər Almaniya klubu “Bavariya” da eynilə belə
qalib gələrək, üçüncü pillədən ikinci yerə qalxmağa nail olub. H qrupunda isə
ikinci və üçüncü yerin sahibləri müəyyənləşməli idi. Qrup qalibi adını təmin
edən “Arsenal”ın “Olimpiakos” qarşısında büdrəməsi digər matçın yalnız Avropa
Liqasına vəsiqə baxımından əhəmiyyət kəsb etməsinə səbəb olub. Bu matçda da
belçikalılar çətinliklə məğlubiyyətdən qaçmaqla istəyinə çatıb.
Beləliklə, 1/8 finala “Mançester Yunayted”, “Çelsi”, “Arsenal” (hamısı
İngiltərə), “Barselona”, “Real”, “Sevilya” (hamısı İspaniya), “Milan”, “İnter”,
“Fiorentina” (hamısı İtaliya), “Bordo”, “Lion” (hər ikisi Fransa), “Bavariya”,
“Ştutqart” (hər ikisi Almaniya), “Portu” (Portuqaliya), “Olimpiakos”
(Yunanıstan) və MOİK (Rusiya) yüksəlib. Başqa sözlə, pley-offda İngiltərə,
İspaniya və İtaliya hərəyə 3, Fransa və Almaniya hərəyə 2, Portuqaliya,
Yunanıstan və Rusiya isə hərəyə 1 klubla təmsil olunacaq.
Belçikanın “Standard” klubunun şərəfini qoruyan türkiyəli qapıçı Sinan Bolat UEFA çempionlar Liqasının tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, futbolçu mötəbər turnirin qrup mərhələsinin son turunda Hollandiyanın “Alkmaar” klubu ilə ev oyununda vurduğu qolla çıxış etdiyi “Standard”ı Avroliqanın 1/16 finalına çıxarıb.
özü də qapıçı buna görüşün bitməsinə saniyələr qalmış, daha dəqiq desək, 90+5-ci dəqiqədə nail olub. Bununla da, Bolat “Bavariya” klubunda oynayan alman həmkarı Hans-Yurgen Buttdan geri qalmadığını göstərib. Fərq ondadır ki, Butt “Yuventus”la səfər oyununda hesabı penalti zərbəsini dəqiq yerinə yetirməklə bərabərləşdirib. Sinan isə bunu oyun epizodunda gerçəkləşdirib.
Görüşdə bir neçə dəfə komandasını real qoldan xilas edən türkiyəli qapıçı sahə oyunçularının qol vura bilmədiyini görərək, son uzatma dəqiqəsində rəqibin cərimə meydançasına gəlir. Həmin vaxt “Standard” cərimə zərbəsini yerinə yetirir və Bolat hava ötürməsindən sonra rəqib müdafiəçi ilə mübarizədə düzgün mövqe tutaraq, topu başla qapıdan keçirir - 1:1. Nəticədə belçikalılar həm məğlubiyyətdən xilas olur, həm də qrupda 3-cü yerdəki mövqeyini qoruyaraq, Avroliqaya vəsiqə qazanır. Sinanın qolu olmasaydı, həmin vəsiqə “Alkmaar”a nəsib olacaqdı.
Qeyd edək ki, Belçikada doğulub, boya-başa çatanın Bolatın karyerasında Azərbaycan milli komandası ilə oyun böyük əhəmiyyət kəsb edir. Belçikalıların da maraq göstərdiyi qapıçı seçimi Türkiyə yığmasının xeyrinə edib və bu, yığmamızla yoldaşlıq görüşü öncəsi baş verib. Ancaq “ay-ulduzlular”ın baş məşqçisi Fatih Terim bu ilin iyunun 2-də Kayseri şəhərində keçirilən həmin oyunda (2:0) Sinana şans verməyərək, onu ehtiyatda saxlayıb.