Klaviaturada unitazdakı qədər bakteriya var
İngiltərəli alimlər kompyuter klaviaturasında unitazdakı qədər bakteriya
olduğunu üzə çıxarıblar.
Klaviaturadakı milyonlarla bakteriyanın istifadəçilərdə ishal, qusma və buna
bənzər hallar doğura biləcəyi fikrini ortaya atan mütəxəssislər sözügedən
bakteriyalar arasında kolibasili və infeksiyalara səbəb olan stafilokokun da yer
aldığını açıqlayıblar. “Which?” adlı elmi jurnalda yayımlanan bu araşdırma
çərçivəsində alimlər 33 klaviaturanı incələyiblər və buradakı bakteriyaları
unitazlar və tualet qapılarının dəstəklərində olan bakteriyalarla müqayisə
ediblər. Təcrübə zamanı məlum olub ki, bir klaviaturada unitazdakından 5 dəfə
artıq bakteriya və mikrob var. Alimlər bu kirliliyin normal səviyyədən 150 dəfə
artıq olduğunu bildiriblər. Klaviaturada bakteriyaların çoxalmasının başlıca
səbəbi kimi istifadəçilərin kompyuter qarşısında yemək yeməsini göstərən
mütəxəssislər yemək qırıntılarının bakteriyaların sürətli artımında xüsusi rol
oynadığını açıqlayıblar. Alimlər istifadəçilərin gigiyena qaydalarına diqqət
yetirməməsinin və əllərini yumamasının da kirliliyi artırdığına diqqət çəkiblər. /zaman.az/