Ən uzun adam üçün ən böyük velosiped
Dünyanın ən uzun adamı ünvanına sahib olan ukraynalı Leonid Stadnikin
arzularından biri reallaşıb.
Həmişə öz ölçülərinə uyğun nəqliyyat vasitəsi tapmaq problemi ilə üzləşən
Stadnik üçün xüsusi velosiped hazırlanıb. Bu velosipedin Leonidin uzanmaq
xəstəliyinə də çarə olacağı ehtimal edilir. Hazırda Stadnik velosipedə
uyğunlaşmağa çalışır. Sözügedən minik vasitəsi göstəricilərinə görə heç də
sahibindən geri qalmır. Belə ki, boyu 2 metr 59 santimetr olan “nəhəng ukraynalı”
üçün hazırlanmış bu velosiped dünyanın ən böyük velosipedi sayılır. Rusiyalı
mühəndisin əl işi olan velosiped 150 kiloqramdan artıq çəkini götürmək gücünə
malikdir.
Xatırladaq ki, Stadnik ötən il çinli Bao Xişunu geridə qoyaraq, dünyanın ən uzun
adamı statusuna yiyələnmişdi. Leonidin uzanmasının səbəbi isə onun 14 yaşında
keçirdiyi əməliyyatdan sonra inkişaf hormonlarında baş verən dəyişikliklərdir.
Sürətlə böyüyən və kökələn Stadniki artıq ayaqları da güclə saxlayır. Bundan
əlavə, o, gündəlik həyatda da müxtəlif çətinliklərlə üzləşir. Belə ki, Stadnik
boyuna görə işdən çıxmaq məcburiyyətində qalıb, evdə isə əyilərək gəzir. Leonid,
demək olar ki, bütün gününü həyətdə ev heyvanlarına qulluq etməklə keçirir. Onun
ən böyük arzusu isə özünə uyğun bir qız taparaq evlənməkdir. /zaman.az/