Sentyabrda metronun yeni "Nəsimi" stansiyasının açılışı olacaq
Stansiyanın açılışı ilə bərabər, keçmiş "Bakı soveti", yeni adı isə "İçərişəhər"
olan stansiyanın da təmirdən sonra açılışı təşkil ediləcək
Sentyabr ayının 15-də metronun 6-cı və 9-cu mikrorayonlar ərazisində yerləşən "Nəsimi"
stansiyasının açılışı olacaq.
Artıq
stansiyanın 4 çıxışından 2-si hazırdır, platformada bəzək və memarlıq işləri
gedir. Stansiyanı təmiz hava ilə təmin etmək üçün 2 ventilyasiya quraşdırılıb.
Qatarların hərəkəti üçün yol relslərinin quraşdırılma prosesi başa çatmaq
üzrədir. 2 saylı tunel-tikinti idarəsinin baş mühəndisi Məmməd Həsənovun
sözlərinə görə, hazırda stansiyasında tikinti-quraşdırma işləri başa çatıb,
üzləmə işləri tamamlanmaq üzrədir, eskalator quraşdırılıb və sınaq işləri
aparılır.
"Nəsimi" stansiyası ilə "Azadlıq prospekti" stansiyası arasında isə tunel
qazıntısı davam etdirilir. Üzləmə işləri başa çatdıqdan sonra ərazidə yerüstü
abadlıq işlərinə başlanılacaq. 1 il 4 aydır ki, stansiyanın tikintisi gedir.
Bilik günü stansiyanın açılışı gözlənilir.
Sentyabr ayının 15-də "Nəsimi" stansiyasının açılışı ilə bərabər keçmiş "Bakı
soveti", yeni adı isə "İçərişəhə"r adlanan stansiyanın, həmçinin "28 may"
stansiyasının Mirəli Qaşqay və Salatın Əsgərova küçələrinin kəsişməsində yeni
çıxışının açılışı olacaq. "28 may" stansiyasının yeni çıxışının tikintisi başa
çatıb, ərazidə üzləmə işləri gedir.
7-ci
və 8-ci mikrorayonlar ərazisindəki «Azadlıq prospekti» stansiyasında tikinti-quraşdırma
işləri davam etdirilir. Stansiyanın 2009-cu ilin sonuna kimi təhvil verilməsi
gözlənilir. 3 saylı tunel-tikinti idarəsinin rəisi Biləndər Məsiyevin sözlərinə
görə, indiyədək Bakıda belə stansiya olmayıb: «Dayaqlar olmayacaq və 1 tağlı
olacaq»
2025-ci ildə Bakıda çoxşaxəli metro sistemi ola bilər. Belə ki, Bakı
metropoliteni xətlərinin yeni inkişaf planı hazırlanıb. Xətlərin inkişaf sxemi
Bakı metropoliteninin və «Azərmetrotuneltikinti» idarəsinin mütəxəssisləri
tərəfindən işlənib hazırlanıb. Bakı metropolitenin rəis müavini, tikilən
metropolitenin müdiriyyətinin rəisi Arif Rəsulovun sözlərinə görə, yeni layihəyə
əsasən stansiyaların sayı 20-dən 60-a çatdırılacaq. Layihədə sərnişinlərin
şəhərin giriş qapılarından - Şıx, Xırdalan, Qurd qapısından götürülməsi, inşa
olunacaq yeni stansiyaların şəhərin əsas küçə və prospektlərinin altı ilə
keçməsi, xətlərin müstəqil hərəkət etməsi və sair nəzərdə tutulub. Layihə martın
29-da 5 dövlət təşkilatına göndəriləcək.
Daha
sonra təsdiqlənməsi üçün Nazirlər Kabinetində müzakirələr aparılacaq. Yeni sxemə
əsasən, layihənin reallaşması ən geci 2025-ci ilədək hazır ola bilər. Plana
əsasən, Xətai-Zığ şossesi istiqamətində Nobel prospektində 5 stansiyanın
tikilməsi nəzərdə tutulub. Həmçinin şəhərin giriş qapılarında Xırdalan,
avtovağzal, Binəqədi və Sabunçu dairəsində sərnişinlərin digər xətlərə keçməsi
və yeni xətlərin tikilməsi nəzərdə tutulub.
Bundan başqa Babək prospekti, Şıx və Binəqədi qəsəbələrində yeni depolar
tikiləcək. Bu isə o deməkdir ki, 4 xəttin ayrılıqda 4 deposu fəaliyyət
göstərəcək ki, bununla da qatarlar arası intervalı maksimum dərəcədə aşağı
salmaq mümkün olacaq. Bakı metropoliteninin rəis müavininin sözlərinə görə,
gələcəkdə layihənin həyata keçirilməsi ilə qatarlar arası intervalı 2 dəqiqə,
hətta 60 saniyəyə endirmək olar.
Qeyd edək ki, bir kilometrlik dərin özüllü xəttin çəkilməsi üçün 60-65 milyon
avro vəsait tələb olunur. Dayaz özüllü tunelin tikintisi üçün isə 20 milyon avro
lazımdır. Bu pula metrostansiyanın tam tikintisi də daxildir. Yenilik bir də
ondan ibarətdir ki, sxemə əsasən, ayrı-ayrı stansiya keçidləri tikiləcək. /ANS
PRESS/