Rusların itmiş xəzinəsi tapılıb
Ömrünü dünyanın 8-ci möcüzəsi adlandırılan “Kəhrəba otağın” axtarışlarına
həsr etmiş xəzinə ovçusu Kristian Hausteyn sonda arzusuna çatıb.
Rusiyanın itmiş xəzinəsi 67 ildir gizlədildiyi Almaniyanın Döyçendorf
qəsəbəsində insanlar tərəfindən düzəldilmiş mağaradan tapılıb. “Kəhrəba otaq”
1941-ci ildə faşistlər tərəfindən hücumlara məruz qalmış Sankt-Peterburqdakı
Yekaterina Sarayının bir hissəsini təşkil edirdi. Sözügedən otaq adını
divarlardakı qızıl bəzək əşyaları üzərində işlənmiş kəhrəba bəzəklərdən alıb.
“Kəhrəba otaq”dan ən azı 2 ton qızılla yanaşı, bahalı əşyalar, qiymətli daşlar
və ləl-cəvahirat aparan faşistlər özlərindən sonra boş bir otaq qoyublar. Uzun
illər davam edən axtarışlar isə yalnız 67 ildən sonra öz bəhrəsini verib.
Axtarış cihazları vasitəsilə xəzinənin yerini tapdığını açıqlayan Hausteyn 20
metr dərinlikdə yerləşən mağaranın “Kəhrəba otaq” kimi bəzədildiyini söyləyib.
Onun sözlərinə görə, otaqda tonlarla qızıl və qiymətli daşlar var. Xəzinənin
girişində və daxilində tələlərin qurulduğunu deyən Hausteyn bir neçə gün sonra
mağaraya mütəxəssislərin köməyi ilə girəcəklərini açıqlayıb.
/zaman.az/