Bəzi şirkətlər
alıcıları saxta güzəşt kompaniyaları ilə aldadırlar
Belə hallara daha çox tikinti və mobil
telefon bazarında rast gəlinir
Azərbaycanda bəzi şirkətlər
alıcıları saxta güzəşt kampaniyaları ilə aldadırlar. Bu hal özünü daha çox
tikinti və mobil telefon bazarında göstərir.
Reklam bazarını araşdıran ekspertlərin sözlərinə görə, bəzi şirkətlər mal və
xidmətlərin satışını artırmaq üçün məhsullar barədə məlumatları şişirdir. Belə
hallara daha çox reklam olunan mallarda rast gəlinir.
Məsələn, mobil telefon satanlar məlumatları istehlakçıya tam çatdırmır.
Müştəirlər telefon alarkən onlara sığorta və zəmanətlə bağlı əlavə şərtlər irəli
sürülür. Bəzən isə zəmanət talonları verilsə də satıcılar yararsız hala düşmüş
telefonun dəyişdirilməsini və təmirini boynuna götürmürlər.
Tikinti şirkətləri isə müştəriləri kreditlə ev satarkən
aldadır. Bəzən mənzillərin ilkin ödənişsiz və faizsiz satıldığı bildirilsə də
sonradan müştəridən ilkin ödəniş tələb olunur. Faizsiz adı ilə reklam olunan
kreditlər isə əslində yüksək faizli bank kreditləridir. Banklar da reklam
çarxlarında ən aşağı kredit və ən yuxarı əmanət faizlərini göstərirlər. Belə
məlumata uyan müştərilər banka gedərkən bunun əksi ilə qarşıdlaşırlar.
İqtisadi İnkişaf Nazirliyi yanında Dövlət Antiinhisar Xidmətindən ANS-ə verilən
məlumata görə, reklam bazarında monitorinqlər aparılır. Bəzi güzəşt
kampaniyaları istisna olmaqla müştərilərin aldadılması ilə bağlı ciddi faktlar
aşkarlanmayıb. Belə hallarla qarşılaşan müştərilər xidmətə müraciət edə bilər.
/ANSPRESS/