Abdulla Gül hicabla bağlı konstitusiya dəyişikliyini təsdiqləyib
Bu
barədə prezidentin mətbuat xidməti açıqlama yayıb
Türkiyə prezidenti Abdulla Gül universitetlərdə hicaba icazə verən konstitusiya
dəyişikliyini təsdiqləyərək rəsmi qəzetdə nəşr edilməsi üçün hökumətə təqdim
edib. CNNtürk-ün verdiyi xəbərə görə, bu barədə prezidentin mətbuat xidməti
açıqlama yayıb. Açıqlamada qeyd olunub ki, hicablı qadınların universitetlərə
girməsinə icazə verilməsi ilə əlaqədar bəzi vətəndaşların narahatlıqlarının
aradan qaldırılması üçün müxtəlif nizamlamaların həyata keçirilməsi məcburidir.
Açıqlamada həmçinin prezidentin bu narahatlıqların aradan qaldırılması üçün
xüsusi həssaslıq göstərəcəyi qeyd olunub.
Prezident administrasiyasının açıqlaması 10-cu və 42-ci maddələrə bəzi
dəyişiklik edilərək təhsil almaq hüququnun gücləndirilməsinin əsas məqsəd
götürüldüyünü bildirir. Sənədə edilən dəyişikliklərin respublikanın əsas
prinsiplərinə və konstitusiya dəyişikliyi barədə qaydalarına zidd olmadığı da
açıqlamada yer alıb. Hökümətə təqdim edilən sənəddə həmçinin sözügedən qanunun
parlamentdə olan 4 siyasi partiyadan 3-nün dəstəklədiyi, 411 yəni 80 faiz millət
vəkilinin səsilə qəbul edildiyi vurğulanıb./ANS PRESS/