Qəzaya uğramış MİQ-29-un pilotlarından birinin cəsədi tapılıb
Hazırda ağır texnika dənizin 17 metr dərinliyindən təyyarənin qalıqlarının
çıxarılması ilə məşğuldur
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlunun ANS-ə verdiyi
məlumata görə, yanvarın 29-da Xəzər dənizində qəzaya uğramış MİQ 29 təyyarəsinin
qalıqları və pilotların axtarışları bu gün konkret nəticə verib. Bir neçə dəqiqə
bundan əvvəl həm təyyarənin qalıqları, həm də pilotlardan birinin cəsədi
tapılıb. Təyyarə dənizin 6 kilometrliyində 15-17 metr dərinliyində aşkarlanıb.
Hadisə rayonuna dalğıclar, həmçinin ağır texnika cəlb edilib. Bu dəqiqələrdə
ağır texnika təyyarənin özünün və fraqmentlərinin qaldırılması ilə məşğul olur.
Xatırladaq ki, bu il yanvarın 29-da Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Hava
Qüvvələrinə məxsus “MİQ-29” təyyarəsi Xəzər dənizi üzərində təlim uçuşu
keçirərkən qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin pilotları Fəxrəddin
Əsgərov və Əfqan Aslanov həlak olublar./ANS PRESS/