Bir stəkan süd
Yoxsul bir ailənin
övladı idi. Yaşlı atasına və anasına kömək etmək üçün həyətdə, binaların
qarşısında xırdavat əşyaları satırdı.
O gün heç nə sata
bilməmişdi. Cibində bir qəpik də pul yox idi, aclıq da onu qüvvədən salmışdı.
Nəhayət, qərara aldı. Döydüyü ilk qapıdan yemək üçün nə isə istəyəcəkdi. Qapını
döydü. Gənc bir qadın qapını açdı. O isə utandığından yeməyə heç nə istəyə
bilmədi. Yalnız: “Bir stəkan su verə bilərsinizmi?” - deyə bildi. Gənc qadın
sir-sifətindən onun acdığını anlamışdı, ona görə də böyük bir stəkanda süd
gətirdi. Doya-doya içdikdən sonra: “Borcum nə qədərdir?” - deyə soruşdu. Gənc
qadın gülümsəyərək: “Borcunuz yoxdur. Anam həmişə bizə deyərdi ki, etdiyimiz
yaxşılığa görə heç kimdən pul almayaq”. O da təşəkkür edərək oradan uzaqlaşdı...
Bu hadisədən neçə illər keçmişdi. O, artıq adlı-sanlı bir həkim idi. Bir gün
xəstəxanaya vəziyyəti ağır olan bir xəstə gətirdilər. Bir azdan onu çağırdılar.
Xəstənin haradan gəldiyini öyrənəndə birdən-birə həyəcanlandı. İllər əvvəl
içdiyi bir stəkan südü xatırladı. Xəstənin yanına getdi. Bəli, o qadın idi,
huşsuz vəziyyətdə yatırdı. Onu sağaltmaq üçün əlindən gələni etdi. Çox keçmədi
ki, qadın sağaldı.
Həkim imza qoymaq üçün qarşısına qoyulan hesaba baxdı. Qələmini çıxarıb, hesab
kağızının üzərinə nə isə yazdı. Zərfi qadına verdilər. Qadın qorxa-qorxa zərfi
açmağa başladı. Hesabı ödəyə bilməyəcəyini bilirdi. Ancaq yenə də qiymətə
baxmalı idi. Zərfi açdı. Kağızda çox yüksək bir qiymət var idi. Bu vaxt kağızın
kənarına yazılan qeydi gördü: “Xəstəxana xərcləriniz bir stəkan süd əvəzində
ödənmişdir”...
/zaman.az/