Borcun vədəsi
Xeyirxah bir vəzir dövlət xəzinəsindən ölkədəki kasıb, ehtiyac sahibi olan
adamlara borc pul paylayırmış. Borc alanlar da aldıqlarını nə vaxt
qaytaracaqlarını soruşanda vəzir deyirmiş: “Padşahımız öləndə qaytararsınız”. Bu
söhbət yayılır və nəhayət, gedib padşahın qulağına çatır. Xəbər aparanlar sözün
üstünə söz qoyub padşaha belə deyirlər ki, bəs vəzir sənin ölümünü gözləyir.
İstəyir ki, sən öləsən, o da camaata payladığı borcu alıb öz hesabına keçirsin.
Bəli, bir altdan, bir üstdən padşahın qulağını yaxşıca doldururlar. Padşah da
hirslənir və vəziri çağırır ki, bu nə haqq-hesabdır? Bəli, elə ki, vəzir
padşahın hüzuruna daxil olub baş əyir, salam verir, padşah odlu-alovlu halda
soruşur: “Vəzir, bu nə söz-söhbətdir? Sən niyə borc alanlara deyirsən ki,
aldıqlarını padşah öləndən sonra qaytarsınlar? Yoxsa, mənimlə düşmənçiliyinmi
var?” Vəzir padşahın sualını dinləyib belə cavab verir: “Padşah sağ olsun, o
eşitdiyiniz doğrudur. Mən xəzinədən möhtaclara borc verirəm, hər verəndə də
vədəni sizin ölümünüzlə bağlayıram. Amma bu o demək deyil ki, mən sizin tez
ölməyinizi istəyirəm. Əksinə, sizin daha çox yaşamağınızı arzulayıram, bunun
üçün dua edirəm və möhləti də elə qoyanda ehtiyac sahibləri də sizin üçün dua
edirlər. Bilirsiniz ki, hər borc alan onu qaytaracağı günün tez gəldiyindən
şikayətçidir. Həmişə də dua edər ki, o borc günü gec gəlsin. Allah yanında ən
çox qəbul olunan dualardan biri də məhz borc altında olan bəndələrin duasıdır.
Mən möhtaclara borc verib o cür vədə müəyyən edəndə məqsədim sizin ömrünüzün
uzunluğudur, sizin sağlığınız, xoşbəxtliyinizdir”. Padşah vəzirin
söylədiklərindən məmnun olur və onu mükafatlandırır.
/zaman.az/