İkiüzlü televizor
ABŞ-ın Las Veqas şəhərində keçirilən İstehlakçıların Elektronika Sərgisində
“Sharp” firması son məhsulu olan iki üzlü televizoru nümayiş etdirib.
Televizorun LCD ekranına soldan və sağdan baxıldığı zaman iki fərqli görüntü
görünür. Yeni aparat imkan verir ki, eyni vaxtda iki nəfər bir ekrana baxaraq
fərqli kanallar izləsin. Ancaq ekranı yaxından izləmək qeyri-mümkündür. Çünki bu
vaxt görüntülər üst-üstə düşür və qarışır. “Sharp” firmasının həll edə bilmədiyi
digər problem səslə bağlıdır. Belə ki, şirkətin mütəxəssisləri iki fərqli səsin
bir-birindən ayrılmasının yollarını axtarsalar da, buna çarə tapa bilməyiblər.
Hazırda bu televizorun səsini yalnız qulaqlıqlarla dinləmək mümkündür. Bu yeni
texnologiyanın yaxın vaxtlarda evlərdə və maşınlarda istifadə edilməsi
gözlənilir. Məsələn, avtomobildə sürücü yol xəritəsini izlədiyi vaxt digər
sərnişin monitorda filmə baxa biləcək.
/zaman.az/