Daş
hekayəsi
Gənc bir iş adamı
yeni aldığı “Yaquar”la dar bir küçədən keçirdi. Avtomobili çox sürətlə sürürdü.
Bir tərəfdən də yolun kənarlarında dayanan avtomobillər yolu ensizləşdirirdi.
Ona görə də iş adamı “Yaquar”ın sürətini bir qədər azaltdı. O, həm də kiminsə
qəfil avtomobilin yoluna çıxacağından ehtiyat edirdi.
Bu vaxt avtomobilə nəsə dəydi. O, əvvəlcə, kimisə vurduğunu
düşündü. Ancaq avtomobilə bir daşın dəydiyini gördü. Bərk əsəbiləşmişdi. Daşı
atanı görsəydi, onu əməlli-başlı əzişdirəcəkdi. Ətrafa boylandı. Daşı kiçik bir
uşaq atmışdı. Arxasınca qaçıb onu tutdu, divara qısnayaraq qışqıra-qışqıra: “Sən
nə etdiyini bilirsən? Bilirsən, bu maşını düzəltdirmək üçün nə qədər pul
lazımdır?” - deyirdi. Uşaq peşman olmuşdu, günahkar olduğunu bilirdi. Ancaq
sanki başqa çarəsi də yox idi: “Əmi, əsəbiləşmə. Başqa çarəm yox idi. Bayaqdan
hansı maşına əl edirəm, saxlamır. Yaxınlıqdakı küçədə şikəst qardaşım
arabasından yıxılıb, onu ayağa qaldırmağa gücüm çatmır. Mənə kömək edə
bilərsən?” Bu sözləri dedikcə uşaq için-için ağlayırdı. İş adamı yerində quruyub
qalmışdı. Belə bir şeylə qarşılaşacağı ağlına belə gəlmirdi. Cəld uşaq deyən
tərəfə qaçdı. Yıxılan şikəst uşağı qaldırdı, cibindəki dəsmalı çıxarıb, qanayan
yerlərini təmizlədi...
Qardaşının arabasını sürərək aparan uşağın arxasınca xeyli baxdı. Onlar gözdən
itdikdən sonra avtomobilinin yanına qayıtdı. Artıq “Yaquar”ı sürətlə sürmürdü.
Ətrafa daha diqqətlə baxırdı. Sanki hər an ondan kömək istəyəcək birinin əl
işarəsini gözləyirdi. Uşağın zədələdiyi yeri isə heç vaxt təmir etdirmədi. Həmin
yer ona insanların köməyə ehtiyacı olduğunu xatırladırdı...
/zaman.az/