Sevgi nədir?
Bəlkə də, dünyada ən
çox söyləmək və ən çox eşitmək istədiyimiz cümlələrdən biridir: “Mən səni çox
sevirəm”.
Sevgi insan oğluna
bəxş edilən ən gözəl duyğudur. Hər kəs sevmək və sevilmək istəyir. Madam ki,
sevgi bu qədər vacibdir, elə isə sevgi nədir?
Sevmək də bir duyğudur. Necə ki, Allah (c.c.) acımaq duyğusunu qəlbimizə
yerləşdirib, eləcə də sevmək duyğusu da Allah (c.c.) tərəfindən bizə bəxş edilən
bir nemətdir.
Hər bir insan mütləq sevir. Sevməmək mümkün deyil. Heç acımayan insan gördünüzmü?
Elə isə, sevməmək də mümkün deyil. İnsan varsa, sevgi də var.
Ancaq insan nəyi sevməlidir? Bu, çox vacibdir. İmanımız varsa, yalnız Allahı
(c.c.) sevməliyik. Allahı (c.c.) sevmək Onun sevdiklərini və Onu sevənləri də
sevmək deməkdir. Sevginin əlaməti sevilənə xidmət etməkdir, onun yolunda lazım
gəlsə, can qoymaqdır.
Ailələr sevgi əsasında qurulur. Yalnız sevgi sayəsində insanlar bir-birilərinə
bağlanırlar. Sevgi insanı vətəninə məftun edir. Sevgi insanı işinə bağlayır.
Sevgi cazibədir. Sevgi olmasa, heç nə, heç kim bir-birinə yaxınlaşmaz, bağlanmaz,
hər şey bir-birindən qaçar, uzaqlaşar.
Hər şeydə bir sevgi var. Torpaq buluda aşiqdir, bulud çiçəklərə, çiçəklər də
torpağa. Budaq yarpağa aşiqdir. Kainatda hər şey bir-biri ilə bağlı olduğu üçün
kainatın mayası sevgidir. Bunun nəticəsidir ki, hər şey bir-birinə aşiqdir. Bu
eşq onları bir-birinə möhtac edir. Məhz bu ehtiyac onlar arasında müəyyən
əlaqəyə səbəb olur. Bu əlaqə isə eşqdir.
Məhəbbət kainatda hər şeyi bir-birinə bağlayır. İnsan kainat ağacının meyvəsidir.
Biz bir insan kimi təbiəti sevirik, meyvələri sevirik, həyatı sevirik. Ancaq
sevgimizi bu şəkildə paylasaq, Allahı (c.c.) sevmək üçün heç nəyimiz qalmaz. Ona
görə də sevgimizi, ilk növbədə, ən layiq olana - Allaha (c.c.) və Peyğəmbər
Əfəndimizə (s.ə.s.) (Qeyd: və əlbəttə ki,
həmçinin Quran və Əhli-beytə) yönəltməliyik.
Günəş çıxır, torpaq yaşıllaşır. Susuz qalan bitkilər yarpaqlarını əl kimi açıb,
Allahdan su istəyir. Allahın əmri ilə külək buludları bitkilərin üzərinə gətirir
və yağış rəhmət kimi yağır. Yağan yağış dünyanı güldürür, sonra dərələrə axır.
Oradan digər ehtiyacı olanların imdadına çatmaq üçün tələsir.
Sevgi yardımlaşmadır. Mayası sevgi olan kainatda hər şey bir-birinin yardımına
tələsir. Ancaq təəssüf ki, hələ də “həyat mübarizə meydanıdır” deyənlər var.
Sevgi görünməyən zəncirdir. Elementləri bir-birinə bağlayır. Maddənin ən kiçik
atomundan tutmuş, ta ən böyük günəş sisteminə qədər hər şeydə sevgi ilə
rastlaşırıq. Köklər torpağın içində olsalar da, onun nə olduğunu anlamır. Sevgi
də torpaq kimidir, hər kəs bu sevginin içindədir. Ancaq sevginin nə olduğunu,
onun nələrə qadir olduğunu anlayanlar çox azdır.../zaman.az/