Üç şəhər ölkəsi
Nitsanı keçdikdən sonra Sent-Ospis yarımadasına dövrə vuran yol Oz qalasının
yanından keçir.
Bu, ərəb qalasıdır. Qədim zamanlarda Cənubi Qalliyaya yürüşlər edən
avropalıların təbirincə desək, sarasinlər burada gizlənirmişlər.
Bundan sonra isə Vatikandan sonra Avropanın ərazicə ən kiçik dövləti - Monako
Knyazlığı başlayır.
Alp dağları başlanğıcını buradan - Aralıq dənizinin lacivərd sahilindən götürür.
Monte-Karlo parklarından başlayaraq, dağlar get-gedə yüksəlir və səkkiz Avropa
dövlətinin ərazisindən şimal-şərqə doğru uzanıb gedir. Alp dağları Monakonu
gözəl dağ zirvələri amfiteatrı ilə əhatə edərək təkcə soyuq şimal küləklərindən
deyil, həm də işğalçıların hücumlarından qoruyurdu. Bu xəlvətilik Monako
hökmdarlarına cəmi 3 km uzunluğu olan ensiz sahil torpağının nisbi
müstəqilliyini qorumaq imkanı vermişdi.
Knyazlığa giriş üçün ora-bura qaçmaq lazım deyil. Heç bir viza-filan tələb
olunmur. Dövləti maşınla gəzməyin mənası yoxdur, iki saat ərzində piyada da
keçmək olar. Alçaq daş evlərin arasındakı dar küçələrdə sərin və sakit bir
atmosfer olur. Yer çatmadığından evlər pillə-pillə dağların yoxuşlarında
yerləşiblər. Sahildən yaxtalar və motorlu qayıqlardan ibarət rəngarəng donanma
görünür. Palmalar sahili və səkilərə çıxarılmış kafe masalarını əhatə edir.
Küçələrdən biri Qrimaldi adlanır. Monakonun min ildən çox tarixi bu kübar və
yırtıcı adla bağlıdır.
“Daş yuva” uğrunda mübarizə
Qrimaldi küçəsi La-Kondamində - knyazlığın qərb şəhərində yerləşir. Ölkədə cəmi
üç şəhər var - La-Kondamin, Monte-Karlo və Monako. Bir-birinə bitişik bu
şəhərlər vahid dövlət təşkil edirlər.
Orta əsrlərdə Monako qalasını “daş yuva” adlandırırdılar. Deyirdilər ki, qala
kimin əlindədirsə, Aralıq dənizi hövzəsinin açarları da ondadır. Qədim
zamanlarda Monako Genuyanın müstəmləkəsi idi. 951-ci ildə almanlar Alp
dağlarında yürüş edərək, Romanı fəth etdilər və imperator I Otton İtaliya kralı
oldu. Lakin genuyalılar öz ölkələrini itirmədilər. Onlar yeni kralı mədh etdilər
və Sakson sülaləsi Monakonu Genuyada məşhur və qədim xanədana - Qrimaldi
ailəsinə len (orta əsrlərdə feodalın oz vassalına verdiyi torpaq, mülk) torpağı
kimi bəxşiş etdi. İndiyədək ölkəni idarə edən knyaz nəslinin başlanğıcı belə
qoyuldu. Monakonun orta əsrlər tarixi qanlı sui-qəsdlər, dövlət çevrilişləri və
hakimiyyət uğrunda amansız mübarizələrlə doludur. XVI əsrdə knyaz Jan II
Qrimaldi hakimiyyətinin on ikinci ilində öz qardaşı Lüsyen tərəfindən öldürüldü.
Qardaş qatili 18 il - qardaşı oğlu Bartelemeo Doria tərəfindən öldürülənədək
hakimiyyətdə oldu. Onun davamçısı Herkules on beş il hökmranlıq etdi və çimdiyi
zaman suya batırıldı.
İndi Monako knyazlarının yaramaz şöhrəti haqqında susmağa üstünlük verirlər.
Yalnız Monakonun üzərində iki siyirmə qılınclı monax təsvir olunmuş gerbi buralı
cəngavərlərin varlı Provans sakinləri üçün nə zamansa təhlükə mənbəyi
olduqlarını xatırladır.
Soyğunçuluq ənənəsi
Monakonun müasir sakinləri deyirlər ki, onları coğrafiya biznesmen edib.
Knyazlıq son dərəcədə əlverişli məkanda - ticarət yollarının kəsişdiyi yerdə
yerləşir. Qədimlərdə bura gah ticarət mərkəzi, gah da pirat yuvası olurdu. O
zamanlar qala ticarət karvanlarının keçdiyi dağ yollarına nəzarət edirdi. “Daş
yuva”nın girişində isə onun sahibləri qarətlə məşğul olurdular. Fransua Qrimaldi
öz torpaqlarının yanından keçən ticarət gəmilərinə hücum edir və varlı tacirləri
soyurdu. Knyazın davamçıları qarəti qanuniləşdirmək qərarına gələrək, tacirlər
üçün Monakonun yanından keçmək hüququ tətbiq etdilər. Hüququn “qiyməti” aparılan
malın qiymətinin 2%-i miqdarında müəyyən edilmişdi. Qarət ənənəsi atadan oğula,
əsrdən-əsrə keçirdi. Yalnız Böyük Fransa İnqilabı onları bir az dayandıra bildi.
1793-cü ildə Moneqaskların Milli Konventi (moneqasklar - Monako sakinləri)
Monakonun Fransaya birləşdirilməsi haqda qərar qəbul etdi. Amma Napoleonun
devrilməsindən sonra monarxiya bərpa edildi və qarət “hüququ” Qrimaldiyə
qaytarıldı. Lakin bir gün şahzadə III Karlın yanına Fransua Blan adlı birisi
gəldi və dedi:
- Sizin məşğuliyyətiniz uşaq-muşaq işidir. Ərazinizin bir hissəsini mənə verin,
orada elə bir şəhər salım ki, bütün Avropa heyran olsun.
- Əla, - şahzadə deyir, - bundan mənə nə çatacaq?
- Gəlirin onda biri.
Şahzadə çənə-boğaz vurur. O, gəlirin dörddə birini istəyirdi. Amma işbaz da
inadkar idi. Danışıqlar dalana dirənəndə o özünün əsas kartını açdı:
- Onda birə razı olun, - Blan dedi, - siz tarixə düşəcəksiniz. Tikilən şəhərə
sizin adınızı verəcəyəm.
Sövda baş tutur. Dənizə enən çılpaq sıldırımlar üzərində gözəl Monte-Karlo
salındı. işgüzar Blan isə burada kazino açdı.
Vergisiz sistem və inşaat küy-kələyi
İlk dəfə knyazlıq ciddi şəkildə maliyyə fəlakəti haqqında iyirminci illərdə
düşündü. Xilas yolunu iki maddədən ibarət qanunda tapdılar. Birinci maddədə
göstərilirdi ki, Fransada yaşayan moneqasklar Monakonun yox, Fransanın vergi
sisteminə tabedirlər; ikinci maddədə isə Monakoda yaşayan fransalıların
knyazlığın vergi qanunlarına tabe olduqları və Fransaya vergi vermədikləri
bildirilirdi. İlk baxışda qanunda elə bir şey yox idi. Amma... Monakoda vergi
deyilən şeyi ləğv etdilər... Gəlir vergisi olmayan ölkəyə bankirlər,
maliyyəçilər, sənayeçilər tökülüşüb gəldilər. Monte-Karlo, La-Kondamin və
Monakodakı evlərin fasadlarında çoxlu lövhə peyda oldu. Knyazlığa sərmayə sel
kimi axdı və bu zaman təkcə xarici sahibkarların gəlirləri yox, həm də
knyazlığın öz gəlirləri artdı. Bu firma və trestləri Monakonun 1,5
kvadratkilometrlik ərazisinə yerləşdirmək mümkün olmadığına görə yeni problem
əmələ gəldi. Dənizin bir hissəsini tutmaq qərara alındı. Nəticədə, 40 hektar
yeri torpaqla doldurdular. Lakin yeni-yeni yerlər düzəltmək bahalaşırdı və
dənizə edilən “hücumdan” iyirmi il sonra sahildə dərinlik 35-40 metr idi.
Vəziyyətdən çıxmaq üçün şəhərin mənzərəsinə və memarlığına əhəmiyyət vermədən
yuxarıya doğru tikməyə başladılar. Körfəz sahillərində iyirmiyə yaxın şüşə-beton
göydələn tikildi. Belə göydələnin tikintisi yüz faizdən çox mənfəət gətirir.
Məsələn, “Günəş qülləsi” adlı göydələn 20 milyon franka başa gəlib. İkiqat
qiymətə isə satılıb... Belə şey Qərb ölkələri üçün tipikdir. Mənzil
çatışmayanda, tələbat böyük olanda işbazlar bundan istifadə edir, mənzillərin
qiymətlərini artırırlar. Və təbii ki, tikintilərin estetikası heç kimi
maraqlandırmır. Ölkə biznesmenlər üçün əlverişli bir yerə, nəhəng maliyyə
mərkəzinə çevrildi. Burada yerləşmiş şirkətlərin daima artan gəlirlərindən heç
bir vergi tutulmurdu. Qonşu ölkələrə, ilk növbədə, Fransaya bu, qətiyyən xoş
gəlmirdi. Çünki şirkətlər knyazlığa qaçırdılar və xəzinə gəlirlərindən məhrum
olurdu. Məsələ az qala müharibə həddinə çatacaqdı. 1962-ci ildə Fransa
Prezidenti Şarl de Qoll knyazlığı əgər bankirləri cəlb etməyi dayandırmasa və
gəlir vergisi tətbiq etməsə, elektrik və su təchizatından məhrum edəcəyi ilə
hədələdi. Kral Sarayının 80 qvardiyaçısı və 207 polis əməkdaşı hazır vəziyyətə
gətirildi. Xoşbəxtlikdən müharibə olmadı. Knyaz güzəştə getdi.
Cırtdan dövlət haqqında danışarkən onun statusundan bəhs etməmək mümkün deyil.
Monako Knyazlığı konstitusiyalı monarxiyadır. Öz bayrağı, gerbi, təxminən iyirmi
nəfərlik parlamenti var. Bununla belə, ona dövlət demək bir qədər çətindir.
Fransa-Monako müqaviləsinə əsasən, Monako knyazı ölkəni Fransanın maraqlarını
ciddi şəkildə nəzərə alaraq idarə etməlidir. Knyazlığın qonşusundan asılılığı
hər sahədə hiss olunur. Məsələn, düz saat 12-də Kral Sarayı qarşısında qarovul
dəyişir. Monako hərbi geyimində olan bu əsgərlər Fransa vətəndaşlarıdır.
Monakoda hərbi mükəlləfiyyət yoxdur və şahzadə, adətən, Fransa hökumətinə
müraciət edərək, dövləti qorumaq məqsədilə fransızları qulluğa götürmək üçün
icazə istəyir. Şahzadənin bütün ordusu - 82 fransız xəzinədən yaxşı məvacib
alaraq, Knyaz Sarayına xidmət edir. Yeri gəlmişkən, Monako dünyada yeganə
ölkədir ki, hərbi orkestr heyəti silahlı qüvvələrinkindən böyükdür - 85 nəfər.
Monarxiya institutunun xərclərinə gəlincə, 180 otaqlı sarayın saxlanılmasına hər
il 4 milyon dollar xərclənir.
İlqar Oqtayoğlu /zaman.az/