Formula-1
yarışlarının çempionu Şumaxerin sürücülük vəsiqəsi əlindən alınıb
Çempion idarə etdiyi
taksi ilə sürət həddini aşıb
Formula-1 üzrə 7 qat
dünya çempionu Mixael Şumaxer bir müddət sükan arxasına keçə bilməyəcək. Buna
səbəb isə Şumaxerin sürət həddini aşaraq cərimələnməsi olub. Ancaq çempion
qaydaları öz avtomomobili ilə yox, taksi ilə pozub. Belə ki, Mixael təyyarəyə
gecikdiyi üçün onu hava limanına aparan taksi sürücüsündən, sükan arxasına
keçmək üçün icazə istəyib. Milliyətcə türk olan taksi sürücüsü isə 7 qat dünya
çempionunun xahişini yerinə yetirib. Şumaxer taksini yüksək sürətlə idarə
edərək, hava limanına vaxtında çatıb və taksi sürücüsünə 100 avro məbləğində
bəxşiş verib.
Tuncər Yılmaz adlı taksi sürücüsü isə hadisədən dərhal sonra polisə gələrək, baş
vermiş hadisəni danışıb. Bundan sonra Almaniya yol polisi sürücünün iddialarını
araşdıraraq hadisənin baş verdiyini öyrənib. Şumaxer özü də bunu etiraf edib.
Baş vermiş hadisə ilə bağlı son qərar çıxarılmasa da, Şumaxerin sürücülük
vəsiqəsi müvəqqəti olaraq əlindən alınıb.
Digər tərəfdən Şumaxerin fanatları həmin taksini almaq üçün Tüncər Yılmaza
müraciət ediblər. Taksi sürücüsü şəxsi avtomobilini hərrac yolu ilə satmağı
düşünür.
Formula-1 üzrə dünya çempionatında ilk mövsümü olmasına baxmayaraq, dünya üzrə
II olmuş Luis Hamilton da 1 ay avtomobil sürə bilməyəcək. Belə ki, Fransada
idarə etdiyi şəxsi maşınında sürət həddini aşdığından polis Hamiltonu 1 ay
müddətinə cəzalandırıb. Böyük britaniyalı pilot özü də sürət həddini aşdığını
etiraf edib. /ANS PRESS/