Barmaq damarlarını tanıyan cihaz
Yaponiyanın
elektronika üzrə tanınmış şirkəti “Hitachi” barmaq damarlarını tanıyan yeni
cihaz icad edib.
Avtomobillərin sükanına yerləşdirilməsi üçün nəzərdə tutulan bu aparat
sürücünün barmaq damarlarını yaddaşında saxlayır. Beləliklə, başqa şəxs sükan
arxasına keçdikdə eyni maşını işə salmaq və ya hərəkətə gətirmək mümkün
olmayacaq. Yapon alimlərinin bu yeni ixtirası biometrik texnologiyaya
əsaslanır. Bu sistemin gələcəkdə şirkət işçilərinin ofislərə rahat
giriş-çıxışını təmin etmək və bank əməliyyatlarının sürətini artırmaq üçün
istifadəsi də planlaşdırılır. Yeni icad eyni zamanda sükanın və oturacaqların
avtomatik avtomobil sahibinin istəyinə uyğun tənzimlənməsinə imkan verəcək.
Sistem vasitəsilə sürücü internetdən alış-veriş edə və yaxud xüsusi koddan
istifadə etmədən musiqi yükləyə bilər.
İxtiraçıların fikrincə, vaxt ötdükcə və ya hər hansı bir müdaxilə nəticəsində
barmaq damarlarının dəyişməsi qeyri-mümkündür. Şirkət rəhbərliyi əmindir ki,
bu texnologiya vasitəsilə maşın oğurluğunun və saxtakarlığın qarşısını böyük
ölçüdə almaq mümkün olacaq.
Anar Hacı /zaman.az/