KİŞİNİN AİLƏ QURMAQDA NİYYƏTİ
281–Allahın
Rəsulu (s.ə.v.v.) buyurur: Hər kəs bir qadınla təkcə onun gözəlliyinə görə
evlənsə, istədiyinə çatmayacaqdır. Hər kəs qadınla təkcə malına görə evlənsə,
mütəal Allah onu təkcə o mala vəkil edər. Sizlərə dindar qadın seçməyi tövsiyə
edirəm. (Çünki bütün xeyir və bərəkətlər onun vücudunda qoyulmuşdur.)
Təhzib /7/399.
***
282–İmam Sadiq
əleyhissalam buyurur: Hər kəs qadınla təkcə malına görə ailə qursa, mütəal
Allah onu yalnız həmin mala həvalə edər. (Yə`ni
çətin vaxtlarda Allahın lütfündən binəsib qalar.)
Kafi /5/333.
***
283–Allahın
Rəsulu (s.ə.v.v.) buyurur: Hər kəs qadının malına görə onunla ailə qursa, Allah
onu o mala həvalə edər;
hər kəs onunla gözəlliyinə görə evlənsə xoşlamadığı və acığı gəldiyi şeyləri o
qadında görəcəkdir; hər
kim qadınla dininə görə ailə qursa, Allah o yaxşılıqları onun üçün cəm edəcəkdir.
Təhzib /7/399.
***
284-Allahın
Rəsulu (s.ə.v.v.) buyurur: Hər kəs qadınla təkcə gözəllik və cəmalına görə ailə
qursa, Allah o qadının gözəlliyini onun üçün əzab-əziyyət mənbəyinə çevirər.
Vəsailuş-şiə /20/53.
***
285–İmam Səccad
əleyhissalam buyurur: Hər kəs Allaha və sileyi-rəhimə görə ailə qursa, Allah
onun başına izzət tacı qoyar.
Mən layəhzuruhul-fəqih /3/385.
***
286–Allahın
Rəsulu (s.ə.v.v.) buyurur: Qadınla təkcə onun gözəlliyinə görə evlənmə, çünki
onun gözəlliyi iffətsizliyinə səbəb ola bilər, həmçinin qadının malına görə
onunla evlənmə, çünki bu iş onun tüğyan etməsinə, itaətsizliyinə səbəb ola bilər.
Sən qadınla onun dininə görə ailə qur.
Məhəccətul-beyza /3/85.