NAMAZ VƏ ONUN TƏ`SİRİ
10–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:
“Namazını yüngül sayanlar məndən deyil. Allaha and olsun ki, belə bir şəxs mənim
yanıma (Kovsər hovuzuna) gələ bilməz. (Yə`ni
belə şəxs ümmətin yaxşı adamlarının Peyğəmbərin mərhəmət və lütfünə şamil
olduqları yerə daxil olmaz və həzrətin ümmətindən sayılmaz)”
Mən layəhzuruhul-fəqih. c.1,s.206.
***
11–İmam Sadiq əleyhissalam buyurur:
Əgər sizlərdən birinin qapısından bir çay axsa və o şəxs hər gün orada beş dəfə
yuyunsa onun bədənində çirk qalarmı? Həqiqətən namaz belə bir çaya bənzəyir.
Namaz qılan şəxsin namazı onun günahlarının kəffarəsidir. Amma şəxsin imandan
çıxıb kafir olmasına səbəb olan günahlar heç vaxt yuyulmaz və belə şəxs həmin
günahda qalar.
Biharul-ənvar /82/236.
***
12–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:
“Vacib namaz Allah yanında yaxşı qəbul olunmuş min həcc və min ümrəyə bərabərdir.”
Biharul-ənvar , c.99, s.14.
***
13–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Öz
namazlarınızı (onun düzgün oxunmasına əhəmiyyət verməməklə) heç etməyin.
Həqiqətən hər kəs namazın vaxtına və düzgün olması məsələlərinə riayət etməsə,
Qarun və Haman ilə birlikdə məhşərə daxil olacaqdır və Allaha vacibdir ki, onu
münafiqlərlə birlikdə Cəhənnəm oduna daxil etsin.
Biharul-ənvar /83/14.
***
14–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:
“Namazda elə halda ol ki, sanki ömrünün axırıncı namazını qılırsan (namazı son
dərəcə hüzuri-qəlblə qıl, e`dam hökmü verilmiş şəxsin e`damdan qabaq qıldığı son
namazı kimi)”.
Biharul-ənvar, c.69, s.408.
***
15–İmam Əli əleyhissalam buyurur: “Əgər
namaz qılan şəxs Rəbbinin sonsuz rəhmətinin onun halına necə şamil olduğunu
bilsəydi heç vaxt başını səcdədən götürməzdi.”
Təsnifu Qürərul-hikəm, səh.175.
***
16–İmam Baqir əleyhissalam buyurur:
“Qiyamət günü bəndədən soruşulan ilk əməl namazdır, əgər namaz qəbul olunsa sair
əməllər də qəbul olunacaqdır, əks halda sair əməllər ona heç bir fayda
verməyəcəkdir.”
Biharul-ənvar , c.7, s.267.
***
17–İmam Sadiq əleyhissalam buyurur:
“Həqiqətən bizim şəfaətimiz namazı yüngül sayanlara çatmaz”. (Onlar
şəfaətimizdən məhrum olarlar).
Biharul-ənvar, c.2, s.236.
***
18–İmam Məhəmməd Baqir əleyhissalam
buyurur: Hər kəs on xislətlə Rəbbinə qovuşarsa cənnətə daxil olar: Allahdan
başqa heç bir mə`bud olmadığına və həzrəti Məhəmmədin Onun Rəsulu olduğuna
şəhadət vermək, o Həzrətin Allah tərəfindən gətirdiklərini iqrar (təsdiq) etmək,
namaz qılmaq, zəkat vermək, Ramazan ayının orucunu tutmaq, Allah evinin
ziyarətinə — həccə getmək, Allah vəlilərinin vilayətini iqrar etmək, Allah
düşmənlərindən uzaq olmaq və bütün məstedici şeylərdən çəkinmək.
Xisal /432.
***
19–İmam Əmirəl-mö`minin Əli əleyhissalam
buyurur: Namaz hər bir pərhizkar şəxsin ilahi rəhmətə yaxınlaşması vasitəsi,
həcc isə hər zəif və bacarıqsız insanın cihadıdır. (Çünki həccdə əhli-əyaldan
uzaqlaşmaq, soyuqluq, istilik, qorxu və sair kimi çətinliklər vardır.) Hər şeyin
bir zəkatı vardır, bədənin də zəkatı oruc tutmaqdır. Qadının cihadı isə öz əri
ilə yaxşı rəftar edib ona itaət etməsidir.
Nəhcül-bəlağə, kəlimati qisar /136.
***
20–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:
Ölüm mələyi (Əzrail əleyhissalam) hər gecə nida edib deyir: Ey qəbr əhli, bu
gün kim üçün və nə üçün qibtə edirsiniz? Artıq axirət işini aşkar şəkildə
gördünüz?! Ölülər cavabında deyərlər: Biz mö`minlərə qibtə edirik ki,
məscidlərində namaz qılırlar, biz isə qılmırıq. Onlar zəkat verirlər, biz isə
vermirik. Onlar Ramazan ayında oruc tuturlar, biz isə oruc tutmuruq. Onlar
sədəqə verir, biz isə sədəqə vermirik. Onlar Allahı çox yad edirlər, biz isə yad
etmirik. Əfsuslar olsun, dünya evində bizim əldən verdiklərimizə!
İrşadul-qülub /53.
***
21-Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Bir
mələk hər namaz vaxtı nida edib deyir: Ey bəni-Adəm, namaza qalxın və öz
əleyhinizə hazırladığınızı (cəhənnəm odunu namaz vasitəsi ilə) söndürün.
Müstədrəkul-vəsail /3/102.
***
22–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Öz
namazlarınızda (son dərəcə) diqqətli olun, çünki Allah-taala qiyamət bərqərar
olarkən bəndəni gətirər və ondan soruşduğu ilk şey namaz olar, əgər onu
tamam-kamal yerinə yetirmiş olarsa (bağışlanmış insanlardan olar), əks halda
Cəhənnəmə atılar.
Biharul-ənvar /82/202.
***
23–Əbu Bəsir deyir: Mən Ümmü Həmidənin
yanına gedib imam Cə`fər Sadiq əleyhissalamın dünyadan getməsini ona başsağlığı
verdim. O ağladı, mən də onun ağlamağına baxıb ağladım. Sonra dedi: Ey Əba
Məhəmməd, əgər İmam əleyhissalamı can verərkən görsəydin, qəribə şeylər hiss
edərdin. O, son anlarda gözlərini açıb buyurdu: Mənimlə qohum olan bütün
şəxsləri bir yerə yığın. Biz hamını bir yerə topladıqdan sonra Həzrət onlara
baxıb buyurdu: Həqiqətən bizim şəfaətimiz namazı yüngül sayanlara çatmaz.
Vəsailuş-şiə /4/26.
***
24–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:
Haram yeməklə birlikdə olunan ibadət, (narın) qumlar üstündə tikilən binaya
oxşayır.
Biharul-ənvar /84/258.
***
25–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:
Mö`minin şərəfi gecə yuxudan durub namaz qılmaq, izzəti isə başqalarından
ehtiyacsız olmaqdadır.
Biharul-ənvar /77/120.
***
26–İmam Əmirəl-mö`minin Əli əleyhissalam
buyurur: Hər kəs gecə çox yatsa (yə`ni gecə namazı qılmasa), elə əməlləri
itirmiş olur ki, onları gündüz əldə edə bilməz.
Qürərul-hikəm /289.
***
27–İmam Sadiq əleyhissalam buyurur:
Allah-taala Musa ibni İmrana buyurdu: Ey İmranın oğlu, Məni sevdiyini güman
edən, gecə qaranlıqlaşanda isə gözlərini bağlayanlar (yatanlar) yalan deyirlər,
(məgər dost öz dostu ilə söhbətdən ləzzət almazmı?!).
Biharul-ənvar /13/329.
***
28-İmam Sadiq əleyhissalam buyurur:
Gecə namazını əldən vermə! Həqiqətən ziyankar o şəxsdir ki, gecə namazından
məhrum olsun.
Biharul-ənvar /83/127.
***
29–İmam Sadiq əleyhissalam buyurur:
Rəsuli-əkrəm (s.ə.v.v.) Cəbrailə dedi: Mənə nəsihət et. Cəbrail dedi: Ey
Məhəmməd, nə qədər istəsən yaşa, onsuz da axırda öləcəksən; hər nəyi istəsən
sev, onsuz da onlardan ayrılacaqsan; hər nə istəyirsən əməl et, onsuz da onları
görəcəksən. Mö`minin şərəfi gecə namazında, izzəti isə camaatın namus-qeyrətinə
toxunmamaqdadır.
Xisal /72.
***
30–İmam Sadiq əleyhissalam buyurur: Üç
şey mö`minin fəxri, dünyada və axirətdə zinətidir: Gecənin axırında namaz
qılmaq, xalqın malına göz dikməmək, Məhəmməd (s.ə.v.v.) övladlarından olan
İmamın vilayətini qəbul etmək.
Biharul-ənvar /75/107.