ÜÇÜNCÜ
FƏSİL
ZEYNƏB AŞURA HADİSƏLƏRİNDƏ
Zeynəb Aşura hadisələrində
Əliəkbərin cənazəsi kənarında
Zeynəb övladlarından şəhid
Eşqin nümayişi
Aram və dözümlü olmağın sirri
Əhli-beytlə vida
İmamın son istəyi
İmam (ə)-ın şəhadəti
Zeynəbin fəryadı və düşmənin daş qəlbi
Ürək ağrıdan xəbər
Hadisədən sonra
Düşmənin qarət və talanı
Əzizlərinin cəsədi kənarında
İmam Səccad (ə)-ın müdafiəsi
Məni də onunla öldürün
İmam Səccad (ə)-a tibbi yardım
Zeynəbin imamı sakitləşdirən sözləri
Döyüş
başlanır. Kərbəla çölünü dolduran hadisələr, burulğanlar bir-birini əvəz edir.
Hər qəhrəmanlıqdan sonra yeni bir qəhrəmanlıq, hər şəhadətdən sonra yeni bir
dərd gəlir. Zeynəb bu meydanın tamaşaçısıdır. Sözsüz ki, bu səhnələr onu
incidir, hər biri yeni bir dərd olur. Vəfalı Hüseyn bacısının qəlbini ağrıdan və
belini sındıran da məhz bu səhnələr idi.
Toz-torpaq kimi üstünə səpələnən bü müsibətlər Zeynəbə nüfuz edib onu yolundan
azdıra, islam və imamına olan təəssübünü qıra bilmirdi. çünki, o, Əli qızı və
onun səbr məktəbinin davamçısıdır. Bütün yeri-göyü və Allah mələklərini ağlar
qoyan, hamını matəmə qərq edən Kərbəla faciələri, əzəmətli və böyük Zeynəb
ruhunu sındıra bilmədi. Dərd və müsibətlər odlu oxlar kimi onun qəlbinə
sancılıb, qana boyadı, lakin canında olan eşq və ruhi böyüklük onu eləcə, möhkəm
saxlamışdı.
Hələ
Zeynəb yolun əvvəlindədir. Qarşıda aləmin ən böyük qəm-qüssələri ilə dolu uzun
bir yol vardır. Bu uzun yol, Əməvi hökumətinin kin və düşmənçiliyi ilə dolu
mənfur viranəlikdən ibarətdir. O, elə məhz bu yolları keçməli və qanlı Kərbəla
hərəkatının [qalibiyyət] bayrağını tarixə təqdim etməlidir. Gərək elə bir
karvana başçılıq etsin ki, hamısı Kərbəla qaranquşları və Aşura yadigarlarıdır.
Bu qandallı məzlumların macərası isə, bu xülasəyə sığmayan geniş bir dastandır.
Aşura
hadisələrinin çoxu Zeynəbə dəyən müsibət sillələri olmasına baxmayaraq, biz bu
kitabda müraciət edib, Zeynəbin birbaşa iştirakı olan səhnələri təsvir etməyə
çalışacağıq. Bununu üçün də geniş Kərbəla tarixindən bir neçə səhnə haqqında
söhbət açacağıq.
ƏLİƏKBƏRİN CƏNAZƏSİNİN KƏNARINDA
İmam
Hüseyn (ə)-ın qeyrətli oğlu Əliəkbər onun başqa övladları arasında həzrət
Peyğəmbərə daha çox oxşayırdı. Onun nurlu çöhrəsi, pak təbiəti və gözəl əxlaqı
Zeynəb və Seyyidüş-şühədanın əziz babası həzrət Peyğəmbəri xatırladırdı. Heç
şübhəsiz ki, bu xüsusiyyətlər Zeynəbin ona Allah Rəsulunun bu pak sülaləsinə
olan məhəbbət və bağlılığını daha da artırmışdı. Bütün bunlar onu, Əliəkbərin
imamı ağladan ağrılı-acılı şəhadətində qardaşına şərik etdi.
İmamın
səhabələri şəhadətə çatmayınca Əhli-beytdən heç kimi meydana buraxmadılar. Bütün
səhabələr şəhid olandan sonra Əhli-beytdən meydana gedən ilk döyüşçü imam Hüseyn
(ə)-ın böyük oğlu Əliəkbər idi.
Əliəkbərin gözəlliyi, əxlaqı fəzilətləri və digər xüsusiyyətləri məşhur idi. Bu
vilayət mövludunun əsl vəsfini İmamın (ə) dilindən eşidək. İmam Hüseyn (ə)
oğluyla vidalaşan zaman onun gözəl üzünə və uca qamətinə məhəbbət dolu nəzər
salaraq, üzünü göyə tutub buyurdu:
«Əllahümməşhid əla haulail qovmə qəd bərəzə iləyhim ğülamun əşbəhunnasi xəlqən
və xulqən və məntiqən bi rəsulikə. Kunna izəştəqna ila nəbiyyikə nəzərna ila
vəchihi».
«İlahi, şahid ol ki, xilqətdə, əxlaqda və danışıqda Peyğəmbərinə ən çox oxşayan
cavan onlara tərəf gedir. Bir cavan ki, Peyğəmbər üçün darıxanda onun üzünə
baxırdıq.»
Təbii
ki, belə bir övladdan ayrılmaq imam Hüseyn (ə) üçün heç də asan deyildi.
Heç
bir tarix kitabında görünməmişdir ki, imam Hüseyn (ə) Əliəkbərdən başqa bir
nəfər üçün ağlamış olsun: Vidalaşan zaman, meydandan qayıdıb atasından su
istəyəndə və doğranmış bədəni yanında.
Seyyüdüş-şühədanın dilavər oğlu meydana gedir. Yorğunluq və möhkəm susuzluqla
yanaşı düşmənə çoxlu zərbələr endirir. Sonra, aldığı çoxlu yaralarla atasının
yanına gəlib su istəyir: İstəyir ki, su içib, düşmənə qarşı yeni qüvvə ilə
vuruşsun. İmam Hüseyn (ə) ağlayıb deyir: «Oğlum, get meydana. Tezliklə cəddim
Rəsulullahın əlindən su içəcəksən.»
Əliəkbər yenidən meydana gedir. Amma bu dəfə çox keçməmiş onun səsi ucalır. O,
atası ilə vidalaşırdı. İmam Hüseyn (ə) özünü meydana çatdıraraq oğlunun cəsədi
yanında üzünü onun üzünə qoyub buyurdu: Allah səni öldürənləri öldürsün. Səndən
sonra kül olsun dünyaya və onun həyatına.
İstəkli övladının müsibətinə İmamın ürəyi yanır, göz yaşı tökür. O vaxtacan heç
kim imam Hüseyn (ə)-ın ağlamaq səsini eştməmişdi.
Zeynəb
hər şeyi görür və qardaşının ağlamasını eşidirdi. Qəzəb və nifrət qəhri boğazını
tutduğundan, qəm ürəyinə ağırlıq edir, qardaşının ağlar səsi isə canına od
salır. Qəmli sifətlə tələsik xeymədən çıxıb Əliəkbəri “Ey əziz, ey əziz qardaş
oğlum” – deyə novhəylə çağırırdı. Tez özünü ona çatdırır. Onu qucaqlayır ki,
qəlbi təskinlik tapsın və dərdələri sakitləşsin. Amma neyləmək ki, bu ağır
müsibətə də dözmək məcburiyyətindədir. Qardaşı imam Hüseyn (ə) ona toxtaxlıq
verərək, oğlunun cəsədi başından qaldırıb xeymələrə tərəf qaytarır.
Beləliklə, Zeynəb çox sevdiyi bir əzizini əldən verir və bununla da onun dağlı
sinəsinə daha böyük dərd əlavə olunur. Bundan az və yüngül müsibət hər bir
insanı təslim etməkdə kifayət idi. Lakin, Zeynəb üçün bütün bunlara dözməyi
asanlaşdıran, onun islama və zəmanənin imamına təəssübü idi. O, yalnız ilahi
vəzifəsini düşünür, Allahın məsləhəti və imamının fərmanına tabe olurdu. Elə
bütün bunlar Zeynəbə səbr, dözüm və arxayınlıq bəxş edir, pak əqidəsi, xalis
imanı və mə`nəvi qüdrəti, sonacan onu möhkəm və dözümlü saxlayırdı.
ZEYNƏB ÖVLADLARINDAN ŞƏHİD
Mə`lum
olduğu kimi, Zeynəbi-Kubranın əri Əbdullah ibni Cə`fər, imam Hüseyn (ə) Məkkədən
çıxarkən, o Həzrətə bir məktub yazıb, oğulları Məhəmməd və Ounu məktubla birgə
İmamın yanına göndərdi ki, ona qulluq etsinlər. Bu iki nəfər Kərbəla vaqiyəsində
iştirak etmiş və hər ikisi şəhid olmuşlar. Məhəmməd haqda dəqiq mə`lumat olmasa
da, qəti surətdə mə`lumdur ki, Oun, Əbdullahın həzrət Zeynəbdən olmuş oğludur.
Aşura
günü Məhəmməd şücaətli bir döyüşdən sonra şəhid oldu. Ondan sonra isə, qardaşı
Oun döyüşə hazırlaşır və bir rəcəz oxuyaraq özünü belə təqdim edir:
«Əgər
məni tanımırsınızsa, mən Cə`fərin - həqiqi şəhidin oğluyam ki, behiştdə
parıldayaraq, yaşıl qanadlarla uçacaqdır. Məhşər günü şərafət üçün isə elə bu
qədər kifayətdir».
Sonra
düşmənə hücum edib, atlılardan üçünü piyadalardan isə on səkkizini öldürdükdən
sonra şəhadətə yetişir.
Zeynəbin oğlu Ounun şəhid olduğu vaxt yaşı haqda dəqiq mə`lumat yoxdur. Amma,
Seyyid Mürtəzanın onun üçün nəql etdiyi bir ziyarətnamədən mə`lum olur ki,
yeniyetmə olmuşdur. çünki, o ziyarətnamədə belə oxuyuruq: «Salam olsun sənə, ey
Oun ibni Əbdullah ibni Cə`fər ibni Əbu Talib! Salam olsun sənə, ey Peyğəmbər
qucağında böyümüş və onun əxlaqına iqtida edənin oğlu! Və salam olsun sənə ki,
yeniyetmə vaxtında, hələ bədəni güclənib, möhkəmlənməmiş Peyğəmbər hərəmini
müdafiə etdin, arxayın qəlb və aram ürəklə düşmən nizələrinin istiqbalına getdin
və nəhayət ən yaxşı əməllə Allaha qovuşdun!»
Zeynəb
(s)-ın öz şücaətli oğlu Ounun şəhadətini necə qarşılaması tarixdə qeyd
olunmamışdır. Amma, Zeynəb kimi insandan bu müsibətin qarşısında da yalnız səbr
gözləmək lazımdır. Övlad şəhadəti, onun üçün Seyyidüş-şühəda və onun
övladlarının şəhadəti qarşısında çox asandır. Çünki, Zeynəbin nəyi olsa da, o,
özünü Hüseyn (ə) yolunun fədaisi bilir. O, həqiqətən də vilayətə e`tiqadlı idi
və «Ənnəbiyyu ovla bil mö`mininə min ən fusihim» ayəsinin mə`nasını çox gözəl
başa düşürdü.Bilirdi ki, Peyğəmbər (s) övladlarını hər şeydən, hətta öz canı və
övladlarından da üstün tutulmalıdır.
EŞQİN NÜMAYİŞİ
Aşura
gününün hər anı, Allah yolunda fədakarlıq və mübarizənin ən böyük qəhrəmanlarını
özüylə meydana aparır. Seyyüdüş-şühədanın səhabə və köməkçiləri bir-bir eşq və
isarın ən əzəmətli səhnələrini tamaşaya qoyur və Kərbəla çölünü elə kişilərin
canfəşanlıqlarının tamaşasına çevirir ki, onlardakı vəfa və paklığın misli
tarixdə görünməmiş və görünməyəcəkdir. Belə bir tamaşa və Zeynəb kimi bir
tamaşaçı ki, hər şəhadət ürəyinə bir dağ qoyur, yalnız qamətinə müsibət zərbəsi
endirir. Lakin, bu zərbələr onun müqavimət və möhkəmliyi qarşısında sınır, aram,
böyük ruhuna baş əyir.
Və
indi Zeynəb Əhli-beytin məzlumiyyəti və yezidlərin alçaqlığı üçün fəryad qoparan
ən acı səhnələrdən birinə şahiddir.
İmam
Hüseyn (ə) son anlarda Zeynəbin xeyməsinin yanına gəlir.
Bacı,
kiçik uşağımı mənə ver, onunla vidalaşım.
Zeynəb
qardaşının südəmər oğlunu ona verir. Susuzluğun əldən saldığı bir südəmər
körpənin halını kim təsvir edə bilər? Və kim ağır müsibətlərdən sonra kiçik
uşağının öldürücü susuzluğu və qızdırmasına baxan bir atanın halını doğru-düzgün
təsəvvür edə bilər?
Ata,
belə susuz bir körpə ilə necə vidalaşsın? Vidalaşmaq üçün onu öpməkdən başqa bir
yolu varmı? Amma, atanın dodaqları uşağın hərəkətsiz üzünə çatmamış düşmən
Hərmələnin oxu onun kiçik boğazını deşib, qəmli Kərbəla torpağına qan toxumu
səpir. Bir ərəb şairinin tə`biriycə desək, düşmənin oxu uşağın boğazını Hüseynin
dodaqlarından tez öpür.
İmam
Hüseyn (ə) uşağı Zeynəbə qaytarır. Hər iki əlini körpənin boğazının qanı ilə
doldurub, göyə səpir və bu gözəl kəlamı buyurur:
«Hovnun ələyyə ma nəzələbi ənnəhu bi əynillah».
“Mənə
nə (müsibət və çətinlik) olsa asandır. çünki, Allah onu görür və bütün bunlar,
onun gözləri qarşısındadır.”
İmam
Baqir (ə) buyurmuşdur: “O qandan bir damcıda da yerə qayıtmadı.”
Əliəsgərin atasının qucağında acı şəhadət səhnəsi çox ağır və tə`sirli ola
bilərdi, amma bütün bunları asanlaşdıran yalnız imam Hüseyn (ə)-ın eşqi idi.
Aşura – Allaha eşq günü, Kərbəla isə Hüseynin öz Allahı ilə ən böyük eşq
meydanıdır.
Seyyüdüş-şühəda (ə) hər şeyini öz mə`şuquna qurban etmək üçün meydana
gətirilmişdi və bütün bunları özünə asan bilirdi. çünki, o, öz məhbub və
mə`şuqunu öz yanında və hadisələrə şahid bilirdi.
ARAM
VƏ DÖZÜMLÜ OLMAĞIN SİRRİ
Bəlkə
də imam Hüseyn (ə)-ın südəmər körpəsinin şəhadət səhnəsi, Zeynəbin Aşura günü öz
gözləri ilə gördüyü ən qəmli səhnələrdən biri idi. Amma, Zeynəbi möhkəm
saxlayan, ona aramlıq və arxayınlıq verən, dözümünü artıran və Hüseyn (ə)
yolunun davamına hazırlayan Seyyüdüş-şühədanın müsibəti vaxtı dilinə gətirdiyi
sözlər idi. Allahın işi qarşısında razılıq və təslimçilikdən dolu bir ürəkdən
axan bu sözlər ixtiyarsız olaraq Zeynəbin pak qəlbinə oturmuşdu.
«Hovnun ələyyə ma nəzələbi ənnəhu bi əynillah».
Seyyüdüş-şühəda bu qısa cümləylə bir dünya mə`rifət, tovhid, iman, təvəkkül,
təslim və razılıq nümayiş etdirirdi. Zeynəb də qardaşının göyün mələklərini
təəccübə gətirən səbrindən ilham alır. Öyrənir ki, ən ağır dərd və əzablar da
Allah yolunda asandır.
Doğrusu haqqa və Allah hüzurunda vəzifə icraçısına olan eşqdən savayı hansı
e`timad yeri imam Hüseyn (ə)-ın və bacısı Zeynəbin ruhuna aramlıq bağışlaya
bilər?! İndiyə qədər şəhid və ya əlil olmuş, zərər çəkib, müsibət görmüş
insanların anaları, bacıları, həyat yoldaşları, qohumları, uşaqları Aşura
tarixinin bu zirvəsi barədə düşünüblərmi? Təsəvvür ediblərmi ki, Əliəsgərin
üzücü şəhadət səhnəsi nə qədər ağır və çətindir. Doğrusu, nəyə görə Hüseyn və
Zeynəb bu qədər aramdırlar? Belə deyilmi ki, onlar Allahın razılığını hər şeydən
önə salıb, öz ürəklərini Allahın zikri ilə aram edir və özlərini Allahın
qarşısında bilirlər.
ƏHLİ-BEYTLƏ VİDA
İmam
Hüseyn (ə) öz ətrafına baxır. Bütün səhabə və köməkçiləri şəhadətə çatıblar. O,
ən yaxşı və vəfalı insanlardan ibarət olan Əhli-beyti ilə vidalaşmaq üçün
xeymələrə sarı gedir. Əhli-beytin ən əziz və ən istəkliləri olan Hüseyndən
ayrılmaq onlar üçün necə də ağırdır! çox çəkməyəcək ki, Allahın ən yaxşı məxluqu
və özlərinin ən böyük hamilərini Kərbəlanın isti torpaqları üzərində görəcəklər.
Bu
ayrılığın İmam (ə)-a Əhli-beytdən hansı biri üçün daha çətin olmasını söyləmək
olmaz. Lakin, bu iddianı etmək olar ki, bu, tarixin ən dərdli vidası olmuşdur.
İmam Hüseyn (ə) nida edir: «Ey Səkinə! Ey Fatimə! Ey Zeynəb! Ey Ummu Gülsüm!
Salam olsun sizə! Bu görüşün son anlarıdır!» İmamın istəkli qızı Səkinə
qışqırır. Ey ata! ölümə gedirsən? İmam buyurdu: Heç bir dostu, köməyi olmayan
şəxs, necə ölümə getməsin?
Sonra
Əhli-beyt qadınları şivən edir və İmam (ə) onları sakitləşdirir.
İmam
(ə) Səkinəni çox sevir. Onu sinəsinə sıxıb, gözlərinin yaşını silir və buyurur:
«Ey Səkinə, bil ki, məndən sonra çox ağlayacaqsan, amma hələ ki, bədənimdə can
var, göz yaşlarınla məni həsrətdən ayırma!»
Aşura
günüdür. İmam Hüseyn (ə) anbaan öz mə`budunun görüşünə yaxınlaşır. Köməkçi və
müdafiəçilərindən, daha heç kəs qalmamışdır. İmamın mübarək bədəninin çoxlu
yarası vardır. Susuzluq onu çox zəiflətmiş, əzizlərinin dağlı ürəyini
sındırmışdır. Qardaşı Əbbasın şəhadəti onu hər şeydən daha çox kədərləndirmişdir
və Hüseyn (ə) düşmənin zahiri baxışında tənha və yalqızdır. Lakin, bütün
bunlarla yanaşı, onun qəlbi arxayın və aramdır. O, dodaqaltı və batində öz
Allahı ilə danışır, aşiqanə pıçıldayır. Düşmən özü də e`tiraf edir ki, müsibət
və təzyiqlər onun səbr və müqavimətini azaltmamışdı.
Hər an
şəhadətə yaxınlaşdıqca imam Hüseyn (ə)-ın çöhrəsi daha şad və işıqlı görünür.
Bu
təklik hərəm xanımları və uşaqları üçün çox ağırdır. necə dözmək olar ki, yer
üzünün ən əziz və şərafətli insanı, Allahın höccəti heç bir köməksiz düşmən
mühasirəsində qala?!
Bu
vaxt imam Həsən (ə)-ın kiçik oğlu Əbdullah xeymələrin arasında idi. O, əmisinin
tənhalığını görüb, ixtiyarsız olaraq xeymədən çıxır. Tələsik özünü düşmənlərin
arasına salır. Zeynəbi-Kubra, hərəm xanımları və uşaqlarından çox muğayatdır və
öz imamının fərmanını yerinə yetirir. Amma deyəsən qardaşının başına gələnlərin
ağırılığı ona hər şeyi unutdurmuşdur. O, birdən görür ki, Əbdullah İmam Hüseyn
(ə)-a tərəf qaçır. Zeynəb sür`ətlə onu tə`qib edir. İmam Hüseyn (ə) da əmr edir
ki, Zeynəb onu saxlasın. Amma Zeynəb bir şey edə bilmir. Əbdullah and içir ki,
əmimdən ayrılmaram. Bu vaxt düşmənlərdən biri İmama qılınc çəkir. Əbdullah öz
qolunu düşmənə qalxan edir. Qılınc zərbəsindən qolu möhkəm zədələnib dəridən
asılı qalır. Uşaq qışqırır. İmam onu qucaqlayıb dözməyini istəyir. Birdən
Hərmələ ona tərəf bir ox atıb, Əbudullahı İmamın qucağında şəhadətə yetirir.
Zeynəb isə eləcə səhnəyə baxır. Dağ üstə dağ, səbr üstə səbr.
İMAMIN SON İSTƏYİ
Kərbəla və Aşuranın iki cəhəti vardır. İnsaniyyət, kamal və fəzilət zirvələrini
göstərən cəhət Seyyüdüş-şühəda cəbhəsində yaranmışdır. Bu qanlı çöhrədə iman,
cihad, eşq, isar və bütün yaxşılıqlar görünür. Digər üzündə isə rəzalət və
alçaqlığın son həddi vardır.
Düşmən
cəbhəsinin rəzalət və əyriliyini sübut edən səhnələrdən biri, imam Hüseyn (ə)-ın
köhnə paltar istədiyi səhnədir. İmam onu altdan geymək istəyirdi ki, şəhid
olandan sonra, daha düşmən onları da qarət etmək fikrinə düşməsin. O həzrət üçün
dar paltar gətirdilər. Həzrət buyurdu: Bu zillət libasıdır. Başqa bir paltar
gətirdilər.
İmam
fəzilət nümunəsidir. O, izzətlidir və heç vaxt zillətə boyun əyməz. Onun şüarı:
«Heyhat minnəz-zillət».
“Heyhat, alçaqlıq bizdən uzaqdır” sözləri.
İmamın
istədiyi son paltarı kimin gətirdiyi tarixdə qeyd olunmamışdır. Amma, güman
etmək olar ki, o, Zeynəb olmuşdur. çünki, İmama ən yaxın adam o idi.
O,
İmamın sözlərini xeymələrə çatdıran və onunla Əhli-beyt arasındakı rabitəçi idi.
Onun bir qulağı hərəm əhlinin “Əl-ətəş” nalələrində, o biri qulağı isə döyüş
meydanında, Hüseyn (ə) səsindədir. Bir gözünü xeymələrə, o biri gözünü isə
Hüseyn (ə) tərəf dikmişdir. O, Zeynəbdir, Hüseyn bacısı və onun istəyəni. Onun
cismi xeymələrdə, qəlbi isə Hüseynlədir. Hüseyn (ə)-ı xatırlamaqla ürəyi
sakitləşir. çünki, Hüseyn varlıq dünyasının aramlığı, Allahın höccətidir və
yer-göy hamısı onun vücudu ilə aramdırlar.
İmam,
düşmənin pisliyinə agahdır. Köhnə paltar istəyir və bundan əlavə onun neçə
yerini cırır ki, tamamilə dəyərsiz olsun. Sonra onu paltarlarının altından
geyir. Amma, düşmən o qədər alçaqdır ki, bu tədbirlər onu fikrindən daşındırmaz.
«Fələmma qətələ cərrəduhu minhu».
“İmam
şəhadətə yetişən kimi həmən köhnə paltarı da mübarək bədənindən çıxartdılar.
Paltarının altından köhnə libas geyindi ki,
rəzil
və alçaq düşmən onu da əynindən çıxarmasın.
Axı
atların dırnağı altında paltara nə ehtiyac var?
Daha
bədən qalmadı ki, paltar və ya kəfənlə örtsünlər.
İMAMIN ŞƏHADƏTİ
Kərbəla çölü, tarixin ən böyük hadisələr yatağı, Aşura isə bəşəriyyət və varlıq
aləminin ən acı və qəhrəman günüdür. Yer və göyü, aləmin mələk və mövcudlarını
ağladan bir hadisə sona çatır. Qan göydən yağıb, yerdən qaynayır. Səma qaralır,
qırmızı küləklər əsir və üfüq qan içində batır. İnsanlar əzab gözləyirlər.
Peyğəmbərin vəfatından sonra ən böyük müsibətlərdən biri Əhli-beytə üz tutur.
İmam Həsən (ə)-ın sözü ilə desək: Aləmdə onun kimi bir gün yoxdur.
İmam
Hüseyn (ə) qaynar Kərbəla səhrasında susuz dodaqla və iman dolu qəlblə qaniçən
düşmən ordusunun qarşısında dayanır.
Əbdullah ibni Əmmar ibni Həcus deyir: Mən çoxlu düşmən hücumuna mə`ruz qalan heç
bir məğlubu, Hüseyn ibni Əlidən daha möhkəm qəlbli, arxayın və aram ürəkli,
sabitqədəm görməmişəm. Onun bütün övladları, qohum və dostları qətlə yetirildiyi
halda belə! Belə vəziyyətdə o, düşmənə hücum edəndə döyüşçülər onun qabağından
qaçır, pərən-pərən düşürdülər.
Ömər
ibni Sə`d qoşun üzvlərinə qışqırırdı: Bu Ənzə`i Bətin (Əli ibni Əbi Talib)
oğludur! Bu, ərəbləri öldürənin oğludur! Onu mühasirə edib hər tərəfdən ona
hücum edin!
4000
nəfər ox atan onu əhatə edirlər. Və onunla xeymələrin arasını bağladılar.
Həzrət
Seyyüdüş-şühəda fəryad etdi.
«Ya
şiətə ali əbi Süfyanə! İnləm yəkun ləkum dinun və kuntum la təğamunəl məadə
fəkunu əhrarən fi dunyakum! Vərciu ila əhsabikum in kuntum urbən kəma təz`umun».
«Ey
Əbu Süfyan davamçıları! Əgər sizin üçün bir din yoxdursa və məaddan da
qorxmursunuzsa, heç olmasa dünya həyatınızda azad olun. Və əgər düşündüyünüz
kimi, ərəb tayfasındansınızsa öz əcdadınıza qayıdın (və namərd işlərdən uzaq
olun!»)
Şimr,
Həzrəti səslədi ki, ey Fatimə oğlu nə deyirsən?
Həzrət
buyurdu: «Mən sizinlə vuruşuram! Qadınlar üçün cəza yoxdur və nə qədər ki, mən
diriyəm öz təcavüzkar və yağı əsgərlərinizi hərəmə əl uzatmaqdan saxlayın!» Şimr
dedi: İstəyini qəbul edirəm!
Düşmən
hamılıqla Həzrətə tərəf üz tutdu. Vuruş şiddətləndi və həzrətin susuzluğu
çoxaldı.
İmam
ikinci dəfə vidalaşmaq üçün xeyməyə gəldi və hərəm əhli ilə vidalaşdı. Sonra isə
mübarizə mərkəzinə qayıtdı. O, çox-çox deyirdi:
«La hövla və la qüvvətə illa billah».
“Allah-təalasız heç bir hərəkət və dəyişiklik, qüvvə və qüdrət
yoxdur.”
Əbul Hətuf Co`fi mübarək alnına bir ox vurdu. Həzrət onu çıxartdı,
qan üzünə axdı və dedi: «Pərvərdigara! Sənin sözə baxmaz bəndələrin tərəfindən
mənə yetişən bu halıma agahsan.
İlahi, bir-bir onları say! Onları ayrı-ayrılıqda həlak elə!
Onlardan birini də yer üzündə qoyma! Və heç vaxt onları bağışlama!»
Bu halda, dəymiş yaraların çoxluğundan, Həzrət o qədər
zəifləmişdi ki, aram olmaq üçün dayandı. Amma bir kişi alnına daş vurdu, qan
üzünə axdı. öz paltarı ilə qanı gözlərindən silmək istəyəndə başqa bir kişi üç
guşəli oxla mübarək qəlbini hədəf seçdi.
Peyğəmbər övladı Allaha ərz etdi:
«Bismillahi və billah və əla milləti Rəsulillah. Və rəfə`ə
rə`səhu iləs-səmai və qalə: İlahi innəkə tə`ləmu ənnəhum yəqtülunə rəcülən leysə
əla vəchil ərzi ibni nəbiyyin ğeyruhu».
«Allahın adı və Özüylə, Allah Rəsulunun milləti və dini xatirinə
(bu şəhadət mənə nəsib olur).» Başını göyə tərəf qaldırıb, dedi: «Mənim Allahım!
Sən bilirsən ki, bu insanlar bir kişini öldürürlər ki, geniş yer üzündə ondan
başqa Peyğəmbər övladı yoxdur!»
Əl atıb belindən oxu çıxartdı. Qan havadan axan su kimi axırdı.
Həzrət, əlini qanın altına tutdu. Dolandan sonra isə, göyə səpib
buyurdu: “Bu hadisə Allahın gözləri qarşısında olduğu üçün, mənə olduqca asan və
qorxusuzdur”.
O qandan bir damcı da yerə tökülmədi.
Sonra ikinci dəfə əlini qanın altına tutub, doldurdu. Onunla baş,
üz və mübarək saqqalını qana boyayıb dedi: «Allahla və cəddim Peyğəmbərlə
görüşənədək elə bu halda qalacağam».
Onun mübarək bədənindən o qədər qan axmışdı ki, daha qüvvəsi
qalmamışdı. Yerin üstündə oturub, çətinliklə başını yuxarıda saxlayırdı. Bu vaxt
Malik ibni Bosr gəlib Həzrətə söyüş verdi və qılıncla başına zərbə endirdi.
Dəbilqə – yə`ni Həzrətin başında olan hündür papaq qanla doldu.
Həzrət dəbilqəsini atdı və adi baş örtüyünün üstündən əmmamə, bə`zilərinə görə
isə dəsmal bağladı.
Zür`ət ibni Şərik o Həzrətin sol çiyninə zərbə endirdi. Həsin
Həzrətin boğazını oxladı. Bir başqası mübarək boynuna zərbə vurdu. Sinan ibni
Ənəs nizə ilə əvvəlcə sinəsinin üstünə, sonra isə boğazına bir ox batırdı. Saleh
ibni Vəhəb də böyründən oxladı.
Hilal ibni Nafe` deyir: Hüseyn can verəndə mən onun yaxınlığında
durmuşdum. And olsun Allaha, ömründə bütün bədəni qana boyandığı halda, Hüseyn
kimi gözəl üzlü və nurani sifətli qətlə yetən görmədim. And olsun Allaha onun,
üzünün nuru məni onu öldürmək fikrindən daşındırdı.
O cür ağır və çətin halda gözlərini göyə tutub, Həzrət
Rəbbi-Zülcəlalın dərgahına duada ərz edirdi:
«Səbrən əla qəzaikə ya Rəbbi, la ilahə sivakə ya ğiyasəl
mustəğisin».
“Sənin təqdiratın və fərmanın qarşısında səbr edib dözürəm,
İlahi! Səndən başqa Allah yoxdur, ey ona sığınanların pənahı!
Həzrət Məhəmməd Baqir (ə)-dan rəvayət olunmuşdur ki, həzrətin atı
uca səslə kişnəyir, alnını həzrətin qanına bulaşdıraraq qoxulayır və dilə
gəlirdi: “Fəryada yetiş! Fəryada yetiş bir ümmətdən ki, öz Peyğəmbərlərinin
qızını və oğlunu öldürürlər.”
Sonra hərəm xeymələrinə fikir verdi:
Ummu Gülsüm fəryad edirdi:
«Va Muhəmməda, və Əbəta, və Əliyya, va Cə`fəra, va Həmzəta».
“Bu Hüseyndir ki, Kərbəlanın quru biyabanında yerə düşüb.”
ZEYNƏBİN FƏRYADI VƏ DÜŞMƏNİN DAŞ QƏLBİ
Tarixin ən həyacanlı cinayətinə tamaşa edən Zeynəb, ürək yanğısı
ilə fəryad edirdi:
«Va əxa, va seyyida və əhlə bəyta, leytəs-səmaə ətbəqət ələl ərzi
və leytəl cibalə tədəkdəkət ələs-səhli».
Kaş göy yerə gələydi, kaş dağlar əzilib, çölləri dolduraydı.
Qardaşının yanına gəldi. Gördü ki, Ömər ibni Sə`d adamlarından bir dəstə ilə
Həzrətə yaxınlaşmışlar. Qardaşı Hüseyn can verirdi:
«Fəsahət ey Ömər əyuqtəlu Əbu Əbdillah və əntə tənzuru iləyh».
“Ey ömər ibni Sə`d! Əbu Əbdullahı öldürürlər, sən ona baxırsan?
Ömər üzünü çevirdi. Göz yaşları saqqalına axırdı. Zeynəb fəryad
etdi:
«Və yəhkum əma fikum muslim?»
“Vay olsun sizə! Aranızda bir nəfər də müsəlman yoxdurmu?
Heç kəs cavabını vermədi. Ömər ibni Sə`d qışqırdı: Atlardan düşün
Hüseyni rahat buraxın...
Yer üzü Allahın üçüncü höccətindən məhrum oldu. Toz və qaranlıq
səmanı bürüdü. Qırmızı külək əsdi və hava bir müddət beləcə qaranlıq oldu. Biri
başqasını görmür və hamı əzab gözləyir.