DataLife Engine > Islam > Namazın ümumi hökmläri ...

Namazın ümumi hökmläri ...


3 ôåâðàëÿ 2007. Ðàçìåñòèë: Ismail

NAMAZIN ÜMUMI HÖKMLƏRI

Namaz və habelə islam şəriətinin bütün göstərişləri şəriət baxımından həddi-büluğa çatmış bütün oğlan və qızlara vacibdir.

Oğlanların həddi-büluğa çatma şərtləri aşağıdakı üç əlamətdən biridir:

1.Hicri-qəməri tarixi ilə on beş yaşına çatmaq;

2.Ihtilam (yuxuda olarkən ondan sperma xaric olması);

3.Hətta on beş yaşından qabaq olsa belə, cinsiyyət üzvlərinin ətrafında qalın tüklərin bitməsi.

Qızların həddi-büluğa çatması isə Hicri-qəməri tarixi ilə doqquz yaşına çatmaqdan ibarətdir.

Kişi və qadın bir sıra təbii fərqlərdən başqa, bütün vacib əməl və hüquqlarda bir-biri ilə bərabər sayılırlar.

QADINLA KIŞI NAMAZLARININ ARASINDA OLAN ƏSAS FƏRQLƏR

1.Kişilər qısa paltarla da namaz qıla bilərlər və onlar üçün təksə cinsiyyət üzvlərini örtmək vacibdir. Amma müstəhəbdir ki, kişilər də təmiz və səliqəli paltar geyindikləri halda namaz qılsınlar.

Qadınlar isə namazı otaqda tənha olsalar belə, yalnız şəri örtüklə qılmalıdırlar. Şəri örtük dedikdə üz, əllər və ayaqlardan başqa bədənin qalan hissəsini tamamilə örtmək nəzərdə tutulur. Həmçinin bu örtüyün müəyyən bir paltar olması da şərt olunmamışdır. Beləliklə də, bədəni göstərən nazik paltarlar istisna olmaqla, hər hansı bir adi paltarla namaz qılmaq olar.

2-Kişinin ipək paltar geyib qızıldan istifadə etməsi haramdır və belə bir halda namazı batil sayılır. Qadının isə istər namaz, istərsə də başqa hallarda ipək və qızıldan istifadə etməsi caizdir.

3-Kişiyə Sübh, Məğrib və Işa namazlarının həmd və surələrini ucadan, Zöhr, və Əsr namazlarının həmd və surəsini isə asta oxuması vacibdir. Bu hökm qadına vacib deyil, əksinə qadın Sübh, Məğrib və Işa namazlarının həmd və surələrini uca və ya asta oxumaqda ixtiyara malikdir.

Amma bununla belə, onlara da kişilər kimi Zöhr və Əsr namazlarının qiraətini asta oxumaq vacibdir.

4-Heç bir halda namaz kişinin boynundan götürülməz, qadınlar isə aybaşı (heyz) və nifas hallarında namaz qılmamalıdırlar. Bu günlərdə qılmadıqları namazların qəzası vacib də deyildir. Oruclarının qəzasını isə tutmalıdırlar.

NAMAZ VAXTI

1.Sübh namazının vaxtı sadiq fəcrdən günəş çıxanadəkdir. Bu isə yalançı fəcrdən ayırd olunmaq üçün sadiq (doğruçu) fəcr adlandırılmışdır. Belə ki, yalançı fəcr sadiq fəcrdən qabaq zahir olur və daha sonra gizlənərək öz yerini qaranlığa verir ki, bundan sonra sadiq fəsrin vaxtı çatır.

2.Zöhr və Əsr namazlarının vaxtı gündüzün yarısından günəş batanadəkdir. Gündüzün yarısı isə günəş çıxandan batanadək arasında olan vaxtın yarısından ibarətdir.

Zöhr namazı ilə Əsr namazı müştərək vaxta malikdirlər ki, bu müştərək vaxtda Zöhr namazını Əsr namazından qabaq qılmaq vacibdir.

3.Məğrib və Işa namazları üçün də müştərək vaxt vardır ki, bu müştərək vaxt Məğrib azanından gecə yarısına qədər davam edir. Gecənin yarısı isə Məğriblə sadiq fəcr arasında olan zamanın yarısından ibarətdir. Məğrib və Işa namazlarını gescə yarısından təxirə saldıqda, onları bu niyyətlə qılmalısan: Boynumda olan Məğrib və ya Işa namazını qılıram qürbətən iləllah.

4.Gündəlik beş vacib namazı üç vaxtda qılmaq olar və belə halda Zöhr və Əsr, həmçinin Məğrib və Işa namazları bir-birinin ardınsa qılınacaqdır. Allah-taala buyurur:

«Əqimis-səlatə lidulukiş-şəmsi ila ğəsqil-ləyli və quranəl-fəcri, innə quranəl-fəcri kanə məşhudən»

«(Ey Peyğəmbər!) Günortadan (gün batmağa meyl edəndən) gecənin qaranlığınadək (lazımınca) namaz (günorta, ikindi, axşam və gecə namazları) qıl. Sübh namazını da qıl. Çünki sübh namazı (gecə və gündüz mələkləri, həmçinin bir çox insan tərəfindən) müşahidə olunur.» (Isra surəsi/78).

NAMAZ HAQQINDA BIR NEÇƏ MƏSƏLƏ

1.Namaz qılarkən bilərəkdən və ya səhvən niyyət, təkbirətul-ehram, rüku, səcdələr və rükudan qabaq dayanmağı artıq və ya əskik yerinə yetirmək namazı batil edir. Və belə bir halda namazı yenidən qılmaq vacibdir. Bu beş şey namazın rükn və sütunu adlanır.

2.Namaz qılarkən aram durmaq, həmçinin namazın qiraəti əsnasında bədənin sakit qalması vacibdir.

3.Kişilərə Sübh, Məğrib və Işa namazlarının Fatihə və surəsini uca səslə oxumaq, habelə Zöhr və Əsr namazlarının Fatihə və surəsini isə asta oxumaq vacibdir. Bütün vacib namazların təsbihatının asta oxunması da vacib sayılır. Namazın sair tilavətlərində isə namaz qılan şəxs ixtiyar sahibidir və qadınlara namazları uca səslə oxumaq olmaz. Uca səs dedikdə, adi danışıq kimi tilavət etmək, asta dedikdə isə özün və ya sənə daha yaxın olandan başqa bir şəxsin sənin nə dediyini başa düşməməsi halı nəzərdə tutulur.

4.Uca səslə qiraət olan yerdə unudaraq asta səslə və ya asta səslə qiraət olan yerdə səhvən uca səslə qılınması namazı batil etməz və onun davamını düzgün halda yerinə yetirmək lazmdır və belə bir halda qılınmış namaz düzgün sayılır.

5.Namaz qiraətinin ərəb dilində düzgün oxunması vacibdir. Öz qiraətində şəkk edən isə düzgün qiraət edən şəxsə müraciət etməli və səhvlərinə düzəliş verməlidir.

6.Namazın Fatihə, surə, rüku, səcdələr, təşəhhüd və salamının qiraətlərini «qürbətən iləllah» niyyəti ilə bir və ya bir neçə dəfə təkrar etmək caizdir.

7.Səcdə halında alın qoyulan şeyin torpaq, qum, daş, kəsək, odun, ağacyarpağı və s. bu kimi yer və ya yerdən bitən şey olması lazımdır. Səcdə etmək üçün daha üstün şey torpaq və xüsusilə müqəddəs Məkkə və Mədinə şəhərlərinin torpağı və ya peyğəmbərlər və imamların məzarının türbətidir. Torpaqdan namaz qılmaq üçün xırda şəkildə möhür düzəltmək də caizdir. Necə ki, Kərbəla və Xorasanda namaz qılmaq üçün təmiz və pak türbətdən götürərək müxtəlif ölçülərdə möhür düzəldilir.

8.Qəsbi paltarlarla namaz qılmaq olmaz. Belə ki, o paltarın oğurlanması və ya qəsbi pul ilə alınması arasında heç bir fərq yoxdur. Həmçinin əti haram olan heyvanın dərisi və tükündən olan əşyaların üstündə namaz qılmaq olmaz və belə hallarda namaz batil sayılır.

Kişinin qızıldan düzəldilmiş üzük və eynək kimi əşyalardan istifadə edən halda qıldığı namazı da düzgün deyildir. Amma cibdə qızıl və ya ipək olan halda namaz qılmağın heç bir eybi yoxdur.

9.Hər hansı bir paltarın ipəkdən olub-olmaması, habelə müəyyən bir əşyanın qızıl olub-olmaması barədə şəkk etdikdə, onlardan namazda istifadə etmək caizdir.

10.Səhvən qızıldan olan bir şeylə namaz qıldıqda, namaz batil olmaz və düzgün sayılır.

11.Dəstəmaz batil olduqda, qiblədən döndükdə, namaz əsnasında bilərəkdən gülüb və ya danışdıqda, həmçinin namazın batil olmasına səbəb olan hökmlərdən boyun qaçırdıqda namaz batil olar və belə bir halda namazı yenidən qılmaq lazımdır.

12.Səfərə çıxdıqda, həmçinin düşmən və ya ayrı bir şeydən qorxan hallarda dörd rəkətli namazlar sübh namazı kimi iki rəkətli qılınmalıdır.

13.Namazda çoxlu şəkk edib, vəsvəsəyə düşən şəxsin öz şəkk və vəsvəsəsinə əhəmiyyət verməyib namazının düzgün olmasını qəbul etməsi vacibdir.

14.Namazın bir hissəsindən ayrı bir hissəsinə keçdikdən sonra keçən hissə barədə şəkk etdikdə, o hissənin düzgün əncam verilməsini qəbul etmək lazımdır. Buna misal olaraq, rükuya əyildikdən sonra, bir qədər əvvəl oxuduğu surənin düzgün oxunub-oxunmaması barədə və yaxud rükudan qalxdıqdan sonra onun düzgün olub-olmaması barədə şəkk etməyi qeyd etmək olar.

15.Namaz sona çatdıqdan sonra onun düzgün qılınması barədə şəkk etdikdə, namazın düzgün olduğunu qəbul etməli və şəkkə əhəmiyyət verilməməlidir.

16.Sübh və ya Məğrib namazlarında, həmçinin Zöhr, Əsr və Işa namazlarının birinci və ikinci rəkətlərində şəkk etdikdə namaz batil olur və onu yenidən qılmaq lazımdır.

17.Dörd rəkətli namazda şəkk edərək üç və ya dörd rəkət qıldığını güman etdikdə, niyyətini dörd rəkət üzərində quraraq namazını bitirməli və namazdan sonra ayağa qalxaraq belə niyyət etməlisən: «Bir rəkət ehtiyat namazı qılıram vacib qürbətən iləllah» Daha sonra yalnız həmd surəsini ahəstə oxuyub rüku və səcdələri yerinə yetirir, həmçinin təşəhhüd və salam oxumaqla namazı bitirirsən. Beləliklə də namazın düzgün sayılır.

NAMAZDAN SONRA OXUNAN DUA

Namaz sona çatdıqdan sonra «təqibat» adlanan bəzi tilavətləri oxumaq müstəhəbdir. Bu tilavətlər namazın ardınsa oxunduğu üçün «təqibat» adlanır və üç növdən ibarətdir:

1-Zikrlər: Zikr Allahu əkbər, Subhanəllah, La ilahə illəllah, Əlhəmdulillah və bu kimi hər növ Allah zikrinə şamildir ki, onların hər birini bir və ya bir neçə dəfə demək olar.

Zikrlərin daha üstünü həzrət Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) öz sevimli qızı Həzrət Fatimə (ə)-a öyrətdiyi və Fatimeyi-Zəhra (ə) təsbihi adı ilə məşhur olan təsbih zikridir. Bu təsbih belə deyilir:

1.Allahu əkbər = 34 dəfə;

2.Əlhəmdulillah = 33 dəfə;

3.Subhanəllah  = 33 dəfə.

Bu təsbih bütövlükdə yüz dəfə olur.

Qeyd etmək lazımdır ki, zikr çox və sürətlə deyildikdə yox, əksinə təmkinlə deyildikdə fəzilət və savaba layiq görülür.

2-Imkan olan həddə Qurani-kərimdən oxumaq; Belə ki, namazdan sonra bir səhifə, yarım səhifə və ya bircə ayə oxumaq müstəhəbdir. Quran oxumazdan qabaq Allahdan rəhmət diləyib daha sonra Quranı açmalı və Allahın sənə qismət etdiyi qədər tilavət etməlisən.

Yuxarıda qeyd etdiyimiz kimi, Quranı da sürətlə və daha çox oxumaq xatirinə deyil, onu oxuyub başa düşmək, ilahi ayətlərdə düşünmək və ibrət almaq üçün tilavət etmək lazımdır.

3-Dua: Dua isə günahların bağışlanmasını diləmək, Allahdan dünya və axirət hacətləri istəmək, valideyn, qohum-əqrəba və mömin qardaşlar üçün istiğfar və dua etmək, həmçinin həzrət Məhəmməd (səlləllahu ələyhi və alihi və səlləm) və onun pak Əhli-beytinə (ə) salavat göndərmək kimi istəklərdən ibarətdir. Hətta öz sözlərinlə, öz ana dilində və adi tərzdə belə dua edə bilərsən. Və yaxud peyğəmbərlər və imamlar (ə)-ın etdiyi duaları və Quran ayələrini də oxumaq olar.