QADINLA KIŞI NAMAZLARININ ARASINDA OLAN
ƏSAS FƏRQLƏR
1.Kişilər qısa paltarla da namaz qıla bilərlər və onlar üçün təksə cinsiyyət
üzvlərini örtmək vacibdir. Amma müstəhəbdir ki, kişilər də təmiz və səliqəli
paltar geyindikləri halda namaz qılsınlar.
Qadınlar
isə namazı otaqda tənha olsalar belə, yalnız şər᾽i
örtüklə qılmalıdırlar. Şər᾽i
örtük dedikdə üz, əllər və ayaqlardan başqa bədənin qalan hissəsini tamamilə
örtmək nəzərdə tutulur. Həmçinin bu örtüyün müəyyən bir paltar olması da şərt
olunmamışdır. Beləliklə də, bədəni göstərən nazik paltarlar istisna olmaqla, hər
hansı bir adi paltarla namaz qılmaq olar.
2-Kişinin ipək paltar geyib qızıldan istifadə etməsi haramdır və belə bir halda
namazı batil sayılır. Qadının isə istər namaz, istərsə də başqa hallarda ipək və
qızıldan istifadə etməsi caizdir.
3-Kişiyə
Sübh, Məğrib və Işa namazlarının həmd və surələrini ucadan, Zöhr, və Əsr
namazlarının həmd və surəsini isə asta oxuması vacibdir. Bu hökm qadına vacib
deyil, əksinə qadın Sübh, Məğrib və Işa namazlarının həmd və surələrini uca və
ya asta oxumaqda ixtiyara malikdir.
Amma
bununla belə, onlara da kişilər kimi Zöhr və Əsr namazlarının qiraətini asta
oxumaq vacibdir.
4-Heç
bir halda namaz kişinin boynundan götürülməz, qadınlar isə aybaşı (heyz) və
nifas hallarında namaz qılmamalıdırlar. Bu günlərdə qılmadıqları namazların
qəzası vacib də deyildir. Oruclarının qəzasını isə tutmalıdırlar.
NAMAZ VAXTI
1.Sübh
namazının vaxtı sadiq fəcrdən günəş çıxanadəkdir. Bu isə yalançı fəcrdən ayırd
olunmaq üçün sadiq (doğruçu) fəcr adlandırılmışdır. Belə ki, yalançı fəcr sadiq
fəcrdən qabaq zahir olur və daha sonra gizlənərək öz yerini qaranlığa verir ki,
bundan sonra sadiq fəsrin vaxtı çatır.
2.Zöhr
və Əsr namazlarının vaxtı gündüzün yarısından günəş batanadəkdir. Gündüzün
yarısı isə günəş çıxandan batanadək arasında olan vaxtın yarısından ibarətdir.
Zöhr
namazı ilə Əsr namazı müştərək vaxta malikdirlər ki, bu müştərək vaxtda Zöhr
namazını Əsr namazından qabaq qılmaq vacibdir.
3.Məğrib
və Işa namazları üçün də müştərək vaxt vardır ki, bu müştərək vaxt Məğrib
azanından gecə yarısına qədər davam edir. Gecənin yarısı isə Məğriblə sadiq fəcr
arasında olan zamanın yarısından ibarətdir. Məğrib və Işa namazlarını gescə
yarısından tə᾽xirə
saldıqda, onları bu niyyətlə qılmalısan: Boynumda olan Məğrib və ya Işa
namazını qılıram qürbətən iləllah.
4.Gündəlik beş vacib namazı üç vaxtda qılmaq olar və belə halda Zöhr və Əsr,
həmçinin Məğrib və Işa namazları bir-birinin ardınsa qılınacaqdır. Allah-taala
buyurur:
«Əqimis-səlatə
lidulukiş-şəmsi ila ğəsqil-ləyli və qur᾽anəl-fəcri,
innə qur᾽anəl-fəcri
kanə məşhudən»
«(Ey
Peyğəmbər!) Günortadan (gün batmağa meyl edəndən) gecənin qaranlığınadək (lazımınca)
namaz (günorta, ikindi, axşam və gecə namazları) qıl. Sübh namazını da qıl.
Çünki sübh namazı (gecə və gündüz mələkləri, həmçinin bir çox insan tərəfindən)
müşahidə olunur.» (Isra surəsi/78).
NAMAZ HAQQINDA BIR NEÇƏ MƏSƏLƏ
1.Namaz
qılarkən bilərəkdən və ya səhvən niyyət, təkbirətul-ehram, rüku, səcdələr və
rükudan qabaq dayanmağı artıq və ya əskik yerinə yetirmək namazı batil edir. Və
belə bir halda namazı yenidən qılmaq vacibdir. Bu beş şey namazın rükn və sütunu
adlanır.
2.Namaz
qılarkən aram durmaq, həmçinin namazın qiraəti əsnasında bədənin sakit qalması
vacibdir.
3.Kişilərə Sübh, Məğrib və Işa namazlarının Fatihə və surəsini uca səslə oxumaq,
habelə Zöhr və Əsr namazlarının Fatihə və surəsini isə asta oxumaq vacibdir.
Bütün vacib namazların təsbihatının asta oxunması da vacib sayılır. Namazın sair
tilavətlərində isə namaz qılan şəxs ixtiyar sahibidir və qadınlara namazları uca
səslə oxumaq olmaz. Uca səs dedikdə, adi danışıq kimi tilavət etmək, asta
dedikdə isə özün və ya sənə daha yaxın olandan başqa bir şəxsin sənin nə
dediyini başa düşməməsi halı nəzərdə tutulur.
4.Uca
səslə qiraət olan yerdə unudaraq asta səslə və ya asta səslə qiraət olan yerdə
səhvən uca səslə qılınması namazı batil etməz və onun davamını düzgün halda
yerinə yetirmək lazmdır və belə bir halda qılınmış namaz düzgün sayılır.
5.Namaz
qiraətinin ərəb dilində düzgün oxunması vacibdir. Öz qiraətində şəkk edən isə
düzgün qiraət edən şəxsə müraciət etməli və səhvlərinə düzəliş verməlidir.
6.Namazın Fatihə, surə, rüku, səcdələr, təşəhhüd və salamının qiraətlərini «qürbətən
iləllah» niyyəti ilə bir və ya bir neçə dəfə təkrar etmək caizdir.
7.Səcdə
halında alın qoyulan şeyin torpaq, qum, daş, kəsək, odun, ağacyarpağı və s. bu
kimi yer və ya yerdən bitən şey olması lazımdır. Səcdə etmək üçün daha üstün şey
torpaq və xüsusilə müqəddəs Məkkə və Mədinə şəhərlərinin torpağı və ya
peyğəmbərlər və imamların məzarının türbətidir. Torpaqdan namaz qılmaq üçün
xırda şəkildə möhür düzəltmək də caizdir. Necə ki, Kərbəla və Xorasanda namaz
qılmaq üçün təmiz və pak türbətdən götürərək müxtəlif ölçülərdə möhür düzəldilir.
8.Qəsbi
paltarlarla namaz qılmaq olmaz. Belə ki, o paltarın oğurlanması və ya qəsbi pul
ilə alınması arasında heç bir fərq yoxdur. Həmçinin əti haram olan heyvanın
dərisi və tükündən olan əşyaların üstündə namaz qılmaq olmaz və belə hallarda
namaz batil sayılır.
Kişinin
qızıldan düzəldilmiş üzük və eynək kimi əşyalardan istifadə edən halda qıldığı
namazı da düzgün deyildir. Amma cibdə qızıl və ya ipək olan halda namaz qılmağın
heç bir eybi yoxdur.
9.Hər
hansı bir paltarın ipəkdən olub-olmaması, habelə müəyyən bir əşyanın qızıl
olub-olmaması barədə şəkk etdikdə, onlardan namazda istifadə etmək caizdir.
10.Səhvən qızıldan olan bir şeylə namaz qıldıqda, namaz batil olmaz və düzgün
sayılır.
11.Dəstəmaz batil olduqda, qiblədən döndükdə, namaz əsnasında bilərəkdən gülüb
və ya danışdıqda, həmçinin namazın batil olmasına səbəb olan hökmlərdən boyun
qaçırdıqda namaz batil olar və belə bir halda namazı yenidən qılmaq lazımdır.
12.Səfərə çıxdıqda, həmçinin düşmən və ya ayrı bir şeydən qorxan hallarda dörd
rəkətli namazlar sübh namazı kimi iki rəkətli qılınmalıdır.
13.Namazda çoxlu şəkk edib, vəsvəsəyə düşən şəxsin öz şəkk və vəsvəsəsinə
əhəmiyyət verməyib namazının düzgün olmasını qəbul etməsi vacibdir.
14.Namazın bir hissəsindən ayrı bir hissəsinə keçdikdən sonra keçən hissə barədə
şəkk etdikdə, o hissənin düzgün əncam verilməsini qəbul etmək lazımdır. Buna
misal olaraq, rükuya əyildikdən sonra, bir qədər əvvəl oxuduğu surənin düzgün
oxunub-oxunmaması barədə və yaxud rükudan qalxdıqdan sonra onun düzgün
olub-olmaması barədə şəkk etməyi qeyd etmək olar.
15.Namaz
sona çatdıqdan sonra onun düzgün qılınması barədə şəkk etdikdə, namazın düzgün
olduğunu qəbul etməli və şəkkə əhəmiyyət verilməməlidir.
16.Sübh
və ya Məğrib namazlarında, həmçinin Zöhr, Əsr və Işa namazlarının birinci və
ikinci rəkətlərində şəkk etdikdə namaz batil olur və onu yenidən qılmaq lazımdır.
17.Dörd
rəkətli namazda şəkk edərək üç və ya dörd rəkət qıldığını güman etdikdə,
niyyətini dörd rəkət üzərində quraraq namazını bitirməli və namazdan sonra ayağa
qalxaraq belə niyyət etməlisən: «Bir rəkət ehtiyat namazı qılıram vacib qürbətən
iləllah» Daha sonra yalnız həmd surəsini ahəstə oxuyub rüku və səcdələri yerinə
yetirir, həmçinin təşəhhüd və salam oxumaqla namazı bitirirsən. Beləliklə də
namazın düzgün sayılır.
NAMAZDAN SONRA OXUNAN DUA
Namaz
sona çatdıqdan sonra «tə᾽qibat»
adlanan bə᾽zi
tilavətləri oxumaq müstəhəbdir. Bu tilavətlər namazın ardınsa oxunduğu üçün «tə᾽qibat»
adlanır və üç növdən ibarətdir:
1-Zikrlər:
Zikr Allahu əkbər, Subhanəllah, La ilahə illəllah, Əlhəmdulillah və bu
kimi hər növ Allah zikrinə şamildir ki, onların hər birini bir və ya bir neçə
dəfə demək olar.
Zikrlərin daha üstünü həzrət Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm)
öz sevimli qızı Həzrət Fatimə (ə)-a öyrətdiyi və Fatimeyi-Zəhra (ə) təsbihi adı
ilə məşhur olan təsbih zikridir. Bu təsbih belə deyilir:
1.Allahu
əkbər = 34 dəfə;
2.Əlhəmdulillah = 33 dəfə;
3.Subhanəllah = 33 dəfə.
Bu
təsbih bütövlükdə yüz dəfə olur.
Qeyd
etmək lazımdır ki, zikr çox və sür᾽ətlə
deyildikdə yox, əksinə təmkinlə deyildikdə fəzilət və savaba layiq görülür.
2-Imkan
olan həddə Qur᾽ani-kərimdən
oxumaq; Belə ki, namazdan sonra bir səhifə, yarım səhifə və ya bircə ayə oxumaq
müstəhəbdir. Qur᾽an
oxumazdan qabaq Allahdan rəhmət diləyib daha sonra Qur᾽anı
açmalı və Allahın sənə qismət etdiyi qədər tilavət etməlisən.
Yuxarıda
qeyd etdiyimiz kimi, Qur᾽anı
da sür᾽ətlə
və daha çox oxumaq xatirinə deyil, onu oxuyub başa düşmək, ilahi ayətlərdə
düşünmək və ibrət almaq üçün tilavət etmək lazımdır.
3-Dua:
Dua isə günahların bağışlanmasını diləmək, Allahdan dünya və axirət hacətləri
istəmək, valideyn, qohum-əqrəba və mö᾽min
qardaşlar üçün istiğfar və dua etmək, həmçinin həzrət Məhəmməd (səlləllahu
ələyhi və alihi və səlləm) və onun pak Əhli-beytinə (ə) salavat göndərmək kimi
istəklərdən ibarətdir. Hətta öz sözlərinlə, öz ana dilində və adi tərzdə belə
dua edə bilərsən. Və yaxud peyğəmbərlər və imamlar (ə)-ın etdiyi duaları və Qur᾽an
ayələrini də oxumaq olar.