ƏMƏVİ HÖKMƏTİNİN TƏHLİLİ
Gördüyünüz kimi, Üməyyə ibni Əbdüş-şəmsin
nəvəsi Müaviyə ibni Əbu Süfyan hicrətin 41-ci ilində özünü müsəlmanların
xəlifəsi adlandıraraq özündən sonra oğlu Yezidi vəliəhd tə’yin etdi. Yezidin
ardınca isə 2-ci Müaviyə çox qısa müddətdə hakim oldu və o, öldükdən sonra
Süfyani sülaləsinin xilafəti sona çatdı. Şam camaatı Mərvan ibni Həkəm ibni Əbul
A’s ibni Üməyyə ibni Əbdüş-şəmsə bey’ət etdilər. Mərvanın övladları hicrətin
132-ci ilinə qədər xilafətə sahib oldular. Bu sülalənin axırıncı xəlifəsi Himar
ləqəbli Mərvan ibni Məhəmməd Abbasilərin qiyamı nəticəsində qətlə yetirildi.
Beləliklə Üməyyə sülaləsinin hakimiyyəti sona yetdi.
Əməvilərin hakimiyyəti dövrü bir
neçə cəhətdən təhlil və təhqiq olunmalıdır:
1.Ölkələri fəth etmələri və bu
sülaləyə mənsub hakimlərin siyasi nüfuzlarının yayılması;
2.Üsuliddin və füru’iddində köklü
dəyişikliklərin baş verməsi;
3.Belə geniş qüdrətə malik olmuş
Əməvi hökumətinin 90 ildən artıq davam gətirə bilməsi;
Xəritədən də mə’lum olduğu kimi,
41-ci ildən 132-ci ilə qədər islam hökumətinin ərziləri kifayət qədər
genişlənmişdi. Belə ki, 500 il davam edən Abbasi hökuməti bu əraziyə heç də
artıq bir şey əlavə etməmişdilər.
Bu sülalənin islam dinində
gördükləri əsaslı dəyişiliklər qısaca olaraq aşağıdakılardan ibarətdir:
1.Peyğəmbər (s)-dan sonra camaatın
nisbi bey’əti əsasında qurulan islam hökuməti mütləq monarxiya və miras olaraq
bir-birinə ötürülən hakimiyyətlə əvəz olundu. Bə’zi qərb şərqşünasları
çalışırlar ki, Müaviyənin Yezidi vəliəhd tə’yin etməsini xalqın razılığını əldə
etməklə həyata keçirdiyini sübut etsinlər. Və bunun ən bariz nümunəsini bir neçə
tanınmış şəxsiyyətlərin ona bey’ət etməsi ilə əlaqələndirirlər. Bu sözlərlə
Yezidin xəlifəliyini Raşidi xəlifələrinin seçilməsi kimi tanıtdırmaq istəyirlər.
Lakin qeyd olunduğu kimi, Yezidin vəliəhd tə’yin olunması məsələsi pul vermək və
güc tətbiq etməklə qabaqcadan hazırlanmış bir plan əsasında olmuşdur. Yezidə bey’ət
etməkdən boyun qaçıran o üç nəfərin xalq arasında çox yüksək hörməti var idi.
Buna görə də Müaviyə onlara birbaşa zərər yetirə bilmir, həmçinin ölkədəki
siyasi vəziyyət buna imkan vermirdi. Bundan əlavə bə’zi mənbələrdə qeyd olunub
ki, Müaviyə Yezidə bey’ət almaq üçün Hicaza səfər edən zaman məsciddə o üç
nəfərin hər birinin başı üstə nəzarətçi bir mə’mur qoydu və e’tiraz etdikləri
zaman onları öldürməyi əmr etdi.
2.Bu dövrdə islam hökumətinin əsas
bünövrələrindən biri hesab olunan bərabərlik aradan getmişdi. Halbuki, Qur’an və
Peyğəmbər sünnəsi bütün üstünlükləri ləğv etmişdi və Allah yanında ən uca me’yar
təqvalı olmaq sayılırdı. Əməvilər ərəb soy kökünü ən uca millət hesab edir və
islam peyğəmbərinin də ərəb olduğunu deyirdilər. Deməli başqa xalqların
içərisində ərəblər və onların da arasında Qüreyş hamıdan üstün sayılırdı.
3.Ölkənin gəliri ümumi işlərə xərc
olunmur, müharibədən əldə olunmuş qənimətlər, fəth olunmuş ərazilərdən gələn
gəlir cihadda iştirak edən əskərlər arsında bölünmür və hökumət bu gəlirləri
özlərinin gözəl və təmtəraqlı həyat sürmələri üçün xərcləyirdilər.
4.Zindana salmaq, işgəncə, ölüm və
bə’zən də kütləvi qırğın çox geniş yayılmışdı.
5.Raşidi xəlifələrinin hakimiyyəti
dövründə adəti üzrə bir mövzu haqda hökm çıxarmaq üçün ilk növbədə Qur’ana və
Peyğəmbər sünnəsinə müraciət olunurdu. Orada bir hökm (qəti cavab) tapmadıqda
səhabələrdən soruşardılar (mühacir və ənsar) ki, siz bu barədə Peyğəmbərdən bir
hədis eşitmisiniz ya yox? Bu axtarışlardan sonra bir sənəd əldə etmədikdə fiqh
elmində dərin biliyə və uzaqgörənliyə malik olan alimlər öz ictihadları əsasında
hökm çıxarırdılar. Və bunun də şərti bu idi ki, verilən hökm Qur’anın zahirinə
və Peyğəmbərin sünnəsinə tam surətdə zidd olmasın. Ancaq Əməvilər dövründə
xəlifələrin verdikləri hökmün Qur’an və Peyğəmbər hədisi ilə ziddiyyət təşkil
etməsində heç bir mane görmürdülər. Qeyd etdiyimiz kimi, Müaviyə Peyğəmbər
hədisinin ziddinə olaraq Ziyadı qanunsuz yolla Əbu Süfyanın oğlu və özünün
qardaşı adlandırdı.
6.Bildiyiniz kimi, islam fiqhində
günahkar və müttəhimi cəzalandırmaq üçün “həddlər” (yə’ni hər hansı bir
günahkarı və ya səhv iş görəni cəzalandırmaq üçün tətbiq olunan cəza tədbirləri)
və “diyələr” (yə’ni hər hansı bir günah müqabilində ödənilən cərimə, qanbahası
və s.) termini ilə tanınmış hökmlər mövcuddur. Günahkar bu hökmlərə əsasən
cəzalandırılmaladır. Lakin Əməvilər dövründə günahkarlar islam qanunu əsasında
cəzalandırılmırdı. Müqəssirin cəzalandırılması hakimin öz şəxsi nəzərindən asılı
idi. Bə’zən müqəssiri bağışlayar, bə’zən isə günahsız yerə öldürərdilər. Bə’zən
də müqəssirə işlətdiyi günahdan artıq cəza verilərdi.
7.Müsəlman ərazilərində böyük
fəqihlərin yetişməsinə baxmayaraq, demək olar ki, onların sözünə heç kəs qulaq
asmayırdı. Əgər bir fəqih hər hansı bir hakimin zərərinə hökm çıxarmış olsaydı
onu təhlükə gözləyirdi. İslamın mühüm əsalarından sayılan yaxşı işlərə də’vət və
pis işlərdən çəkindirmə (əmr be mə’ruf nəhyəz münkər) bu səbəbə görə yaddan
çıxarıldı. Heç kəsin xəlifə və ya onun yerlərdə olan nümayəndəsini pis işlərdən
çəkindirməyə cür’əti çatmırdı.
8.İslam və müsəlmanların müqəddəs
saydıqları şeylər təhqir olunurdu. Belə ki, Kə’bə evi və Məscidül-həramı viran
edildi, Peyğəmbər məzarı, məscidi və minbəri təhqir olundu. Mədinə əhalisini isə
3 gün kütləvi surətdə qırdılar.
9.İslam tarixində ilk dəfə olaraq
Peyğəmbər övladlarını qətlə yetirib arvad-uşaqlarını, bütövlükdə ailə üzvlərini
əsir alaraq şəhərlərdə gəzdirdilər.
10.Cahiliyyət dövrünün şüarları və
Peyğəmbər zamanı yasaq edilən yersiz mədhlər yenidən geniş formada yayılmağa
başladı. Əməvi dövrünün şairləri bacardıqca xəlifə və ya hakimi layiq olmadığı
xüsusiyyətlərlə tə’rif edir, onlarda olan çatışmamazlıqları isə müsbət keyfiyyət
kimi qiymətləndirirdilər.
11.Hakimlərin razılığını əldə edib
Allahı qəzəbləndirən satqın, dünyapərəst alimlər iş başına gəlirdilər. Bunlar
Qur’an ayələrini və Peyğəmbər hədislərini öz istədikləri kimi təfsir edir,
hakimlərin sözlərini və rəftarlarını onların xeyrinə izah edirdilər.
12.Geyim, yemək, saray, ev əşyaları
və bütövlükdə yaşayış tərzi günbəgün ziynətlənirdi. Rum imperiyası üslubunda
saraylar, qış və yay iqamətgahları, hökumət sarayında, hətta ovlaqlar da belə
gözəl bəzədilmiş hamamlar tikilirdi.
13.Sərxoşluq, əyyaşlıq və rəqqasə
kənizlərin alınması geniş surətdə yayılmışdı. Belə ki, Əməvi xəlifələrindən bə’zisinin
söz-söhbəti ancaq qadın, yemək-içmək və şərab barəsində idi.
FƏTH OLUNMUŞ ÖLKƏLƏRDƏ
DİLİN VƏZİYYƏTİ
Bildiyimiz kimi, Ərəbistan
yarmadasından şimala və şərqə üz tutan ərəb əsgərlərinin dili ərəb dili olmuşdur.
Ordu başçıları ilə danışmaq üçün təbii ki, ərəb dilini bilmək lazım gəlirdi,
ancaq yerli xalq öz aralarında ana dillərində danışırdılar. Beləliklə ərəb dili
hakimiyyətin əhatə dairəsində rəsmi dil e’lan edildi. Əbdülməlikin xilafəti
zamanı Həccacın hakim olduğu dövrdə Saleh ibni Əbdürrəhman mühasibat idarəsini
pəhləvi dilindən ərəb dilinə çevirdi. Şamda da həmçinin idarələri yunan dilindən
ərəb dilinə çevirdilər.
Suriya, Fələstin və İordaniyadakı
xalqlar ərəb köklü arami dilində danışırdılar, ərəb olmayan bu xalqlar islamı
qəbul etdikdən sonra ərəb dilini çox tez qavradılar. Ancaq bu dəyişiklik (dilin
dəyişilməsi prosesi) Misirdə iki əsrə yaxın müddət ərzində həyata keçdi,
deyilənlərə görə hicrətin üçüncü əsrində ərəb dili qibti dilinin yerini tutdu.
Bildiyiniz kimi, bu islahatlarda xalq mə’murlar tərəfindən təzyiqlərə məruz
qalmamışdır. Şərqdə – Bəsrə, Kufə və Vasitdə məskunlaşmış iranlılar ərəb dilini
çox gözəl öyrənib, hökumət idarələrində fəaliyyət göstərmiş və ölkələrin bə’zi
alimləri, hətta ərəb dilinin qarmmatikasına dair kitablar da yazmışlar. İraqı
çıxmaq şərti ilə heç bir yerdə fars dili öz yerini ərəb dilinə vermədi. Bunun
səbəbini başqa bir yerdə ətraflı surətdə yazmışıq. Qısası budur ki, islam dini
hələ İrana gəlməmişdən əvvəl fars dili və ədbiyyatı özünün kamillik mərhələsinə
çatmış, dolğun və təcrübəli bir mədəniyyətə malik olmuşdur. Fars dili və
ədəbiyyatı ərəb dili ilə qarşılaşdıqda ehtiyac duyduğu dini terminləri götürərək
müqabilində idari, siyasi, fəlsəfi və ədəbi terminləri ərəb dilinə təqdim
etmişdir. İranlı alim və ədəbiyyatçılar nəinki ərəb dili qarammatikasının
inkişafında ciddi cəhdlə çalışmışlar, hətta ərəb dili çərçivəsində elmi
məhfumları yaratmaqla bu dili daha da zənginləşdirmişlər. Başqa yerdə dediyimiz
kimi, belə təsəvvür olmunmasın ki, ərəblər işğal etdikləri ərazilərdə xalqı ərəb
dilini qəbul etməyə məcbur edirdilər.
Yarmadanın iki tərəfindən (şərq və
şimal) xaric olub fəth olunmuş ərazilərdə islamı yayan ərəblər iki əsas dəstəyə
bölünür: Allaha görə iş görən dəstə, biri də din adı ilə Allah yolunda cihad
edən dünyapərəst dəstə. Birinci dəstə yalnız xalqa Qur’anı, namazı və islam
hökmlərini öyrətmək istəyirdi, ikinci dəstə isə vergi toplamaq arzusunda idi.
Bunlar bir şeydən, hakimiyyət etməyin yollarından biri olan zor gücünə dil və
mədəniyyət öyrədilməsindən xəbərsiz idilər. Dövlət idarələrini fars dilindən
ərəb dilinə döndərən əsli iranlı olan Saleh ibni Əbdürrəhman olmuşdur.
İranlıları tə’rifləyən şairə üzünü tutaraq bu cümləni: “Sənə verilən hədiyyə
budur ki, buranı sağ-salamat tərk edəsən – deyən də İranın Taliqan şəhərindən
olmuşdur.
İranlı alimlərin islamın ilk
əsrlərində öz kitablarını ərəb dilində yazmaqlarının səbəbi onların bu işə zorla
vadar və ya məcbur edilməsi olmamışdır. Bağdadın süqutundan əvvələ qədər ərəb
dili başdan-başa müsəlman ölkələrində elmi, siyasi və dini dil olmuşdur. Bu
nahiyənin alimləri öz kitablarını ona görə ərəb dilində yazırdılar ki, o dil
müsəlman xalqları arasında müştərək ünsiyyət vasitəsi idi. Ancaq onlar öz
xalqları üçün kitab yazmaq istədikdə fars dilini seçirdilər. Bunun nümunələrini
Salmani və Ğəznəvi hökuməti dövründə yazılmış elmi kitablardan görmək olar.
MƏZHƏBLƏR VƏ YA ƏQİDƏ
MƏSƏLƏLƏRİ ÜZRƏ MÜXTƏLİF FİKİR YÜRÜDƏN FİRQƏLƏR
Əməvi hakimiyyətinin birinci
yüzilliyinin ikinci yarısından başlayaraq bir sıra məzhəblər meydana çıxmışdı ki,
onların əsas mərkəzi İraq sayılırdı. Ona görə ki, İraqın bə’zi şəhərləri, o
cümlədən Kufə şəhəri əqidələrin, müxtəlif dini və fəlsəfi fikirlərin toqquşduğu
bir məkana çevrilmişdi. Deyilənlərə görə ilk mübahisə insanların bir işi
görməkdə ixtiyarlı və ya məcbur olmaları barədə düşmüşdür. Hər iki nəzəriyyənin
tərəfdarları “qədəriyyə” və “cəbriyyə” adlanırlar. Bu haqda müsəlmanlar arasında
ilk mübahisə Süffeyn müharibəsindən sonra baş vermişdir, belə ki, bir nəfər Əli
(ə)-dan soruşdu: Biz bu döyüşə öz iradəmizlə gəlmişik, yoxsa buna məcbur idik?
Bunun ardınca hər iki dəstə öz əqidəsini müdafiə edərək müqabil dəstəni məzəmmət
etmək üçün hədislərə əl atdılar.
Əməvi hakimiyyəti dövründə “Murciə”
adlı başqa bir məktəb də təsis edildi. Əməvilər etdikləri zülmlərə bəraət
qazandırmaq üçün bu məktəbdən istifadə edərdilər. Qeyd etdiyimiz kimi,
Xəvaricdən olan bir dəstə böyük günah görmüş insanın əbədi olaraq Cəhənnəm
odunda qalacağını deyirdilər. Bunun müqabilində isə Murciə “onların işini Allaha
tapşırmaq lazımdır” deyirdi. Bəhanələri də bu idi ki, biz onlara (böyük günaha
mürtəkib olanlar) qarşı sərt davransaq müsəlman cəmiyyətində təfriqə yarana
bilər. Onlar belə bir nəzəriyyələri ilə Müaviyə və digər xəlifələrin gördükləri
işləri, o cümlədən təqvalı adamları öldürmələri, Kufə və Bəsrə şəhərini qarət
etmələrini təsdiq edirdilər. Murciənin əsas nəzəri Qur’ani-kərimin aşağıdakı
ayəsinə əsaslanır:
(“Bədəvilərdən və Mədinə
əhalisindən) döyüşə getməyənlərin bir qisminin də işi Allaha qalıb. Allah ya
onlara əzab verəcək, ya da tövbələrini qəbul edəcək. Allah (hər şeyi) biləndir
və hikmət sahibidir!”
Cəbri, Qədriyyə və Murciədən fərqli
olaraq özünə orta mövqe seçmiş “Mö’təzilə” məktəbi də meydana çıxdı. Deyilənlərə
görə bu məktəbin yaranmasına əsas səbəb bu idi ki, Həsən Bəsri böyük günaha
mürtəkib olmuş şəxsi kafir sandığı halda şagirdlərindən biri Vasil ibni Əta isə
deyirdi: Belə bir şəxs nə mö’mindir, nə də kafir, o şəxs imanla küfr arasındakı
mövqedə qərar tutmuşdur. Vasil ibni Əta öz müəllimindən ayrılandan sonra Həsən
dedi: (qəd e’təzələ minna)
O, bizdən uzaqlaşdı. Bu adın, yə’ni
“Mö’təzilə” adının onlara verilməsinə dair çox nəzər və rəylər mövcuddur.
Mö’təzilə məktəbi Abbasi xilafəti
zamanı daha da rövnəqlənmiş və bir çox əqidə məsələlərində nəzəriyyə irəli
sürmüşdür. Bu firqə barəsində lazımi yerdə ətraflı və geniş izah verəcəyik.
Ancaq görəsən Əməvi hökuməti nəyə
görə belə tez süquta uğradı? Afrikanın (Tunis), həmçinin İspaniyanın, şərqdə isə
Amurdərya və Sent dərəsinə qədər uzanan ərazilərin fəthi Əməvilər dövründə baş
verdiyini çox gözəl bilirik. Bu sülalənin içərisində təcrübəli, iradəli, zor
gücünə və tədbirlə islamın əhatə dairələrini genişləndirən bacarıqlı şəxslər də
olmuşdur. Lakin bir belə səy və bacarıqlar həddindən artıq səmərəsiz oldu.
Görəsən onlar bu böyük müvəffəqiyyətlərlə yanaşı nəyə görə xalq kütləsinin
nifrət və qəzəbinə düçar olmuşdular? Bu hədsiz zülmkarlıqların və ya müqəddəs
dini qanunları əldə oyuncağa çevirmələrinin nəticəsi idimi? Əlbəttə bu sualların
cavabı hamıya mə’lumdur. Qeyd olunan amillər onların süqutunda yüksək tə’sirə
malik idi, amma səhv etməsək bunlardan başqa bir şey də vardır ki, ona xüsusi
diqqət yetirmək lazımdır. Bu amil dindarlıq hissi və ilahi mə’nəvi dəyərlərdir
ki, səhra ərəbləri onun vasitəsi ilə dünyaya ağalıq edən iki böyük imperiyanı
dizi üstə çökürə bildilər. Misilsiz qüvvəyə malik olan bu amil islamın
əvvəllərində yüz illər boyu davam etməkdə olan tayfa-qəbilə ixtilaflarına son
qoymuş, bir-birlərinə ömürlük düşmən kəsilmiş şimal və cənub ərəbləri arasında
islami vəhdət yaratmışdı.
İlahi gücə malik olan bu tə’sir
qüvvəsi Mərvanilər dövründə tədricən zəifləməyə başladı və nəhayət bir müddət
sonra öz yerini nəfsani istəklərə və dünyəvi dəyərlərə verərək tamamilə məhv
olub aradan getdi. Vaxtilə Ərəbistan yarmadasını, sonradan digər ölkələri fəth
edən ilahi dəyərlərin azalıb yoxa çıxması Əməvi səltənətinin dağılmasında
hədddən artıq yüksək tə’sirə malik idi.
Əvvəldə qeyd etdiyimiz kimi, Hicri
tarixi ilə 11-ci ildə dindən çıxmışlara və daxili düşmənlərə divan tutulduqdan
sonra müsəlmanlar öz aralarında mövcud olan ixtilafları bir kənara qoyub
əcnəbilərə qarşı mübarizədə birləşdilər. Bu vəhdət Əməvi xilafətinin ikinci
yarısında, “Mərəcür-rahit” vuruşmasında aradan getdi. Məhz bu mübarizədə cənub
və şimal ərəbləri əks cəhbələrdə mövqe tutub bir-birinə qarşı müqavimət
dəstələri yaratmağa başladılar. Əbdülməlik istisna olmaqla, Müaviyədən sonra iş
başına gələn xəlifələrin hamısı bu dəstələrdən öz xeyrinə istifadə etmək üçün
həmişə bir tərəfi müdafiə edib yüksək kürsülərdə əyləşdirir, digər tərəfi isə
müəyyən təzyiqlərə mə’ruz qoyaraq siyasi-ictimai səhnədən təcrid edirdilər.
Xilafətin bütün şəhərlərinə səpələnmiş bu dəstələr daim öz ictimai mövqelərini
möhkəmləndirmək üçün münasib şəraitin yaranmasını gözləmiş, yeni müsəlman olmuş
xalqlar da öz mənafelərini tə’min etmək üçün bu iki qüvvədən birini
dəstəkləmişlər. Əvvəldə qeyd etdiyimiz kimi, Xorasanda iranlılar cənub
ərəblərini müdafiə etməklə Qəhtanilərlə birləşib Əməvilərlə mübarizəyə
başlamışdılar.
Bu dəstələrin hansı biri ilə xoş
münasibət və həmkarlıq üstündə yaranan daxili ixtilaflar da Əməvilərin
zəifləməsində tə’sirsiz olmamışdır. Hətta bə’zi vaxtlarda xəlifə bu məsələyə
görə öz qohum-əqrəbalarına belə, rəhm etmirdi. Buna görə də axırıncı yarım əsr
ərzində heç bir Əməvi xəlifəsi öz ətrafında vahid bir qoşun və ixtilafsız
hökumət aparatı yarada bilməmişdi.
ƏMƏVİLƏR DÖVRÜNDƏ FƏTH
OLUNMUŞ ÖLKƏLƏRDƏ İSLAM DİNİNİN VƏZİYYƏTİ
Ərəbistanın vəhdətinə dair
bəhsimizdə qeyd olundu ki, mürtədlərin çaxnaşması yatırıldıqdan sonra səhra
sakinləri (bədəvi ərəblər) və qəbilə başçıları fərdi, ailə və tayfa yaşayış
tərzinin sona çatdığını dərk etdilər. Artıq hamı Mədinəyə tabe olmalı və orada
əyləşən xəlifəyə itaət etməli idi. Belə bir qüdrətli birliyin təbliğ yolu ilə
dini yaymaları labüd idi. Qonşu ölkələrdə dini təbliğ etməyə hazır olan
mütəşəkkil dəstələrin hamısı islam dini barədə lazımi həddə birliyə malik
deyildilər. Onlar bu dini, Hicazdan qıraq ölkələrə aparıb yaymaqda eyni məqsəd
güdmürdülər və bir dəstə adam bir növ vuruşub çoxlu miqdarda qənimət əldə etmək
istəyirdilər. Belə bir hadisə ilə müsəlmanlar hələ Peyğəmbər (s)-ın öz
sağlığında da üzləşmişdilər. Peyğəmbər (s)-dan nəql olunmuş hədisi Buxari öz
kitabının əvvəlində belə dərc edib: Hər bir kəs Allaha və Peyğəmbərə xatir
hicrət edərsə, onun mükafatı Allah və Peyğəmbərin yanındadır, hər bir kəs bu
hicrətdən dünya malı və gözəl qadın istəyərsə ondan başqa bir şey nəsibi
olmayacaqdır. Mə’lumdur ki, fəthlərdə iştirak etməyə hazır olan qüvvələrin
bə’zisi birinci dəstənin sırasından sayılmırdılar (yə’ni yalnız bu fəthlərdən
dini yaymaq məqsədini güdən dəstə). Ancaq elə ilk günlərdən Peyğəmbər (s)-ın
sünnəsinə əsasən qoşunun getdiyi yerə Qur’anı və islam fiqhinin hökmlərini
öyrədən dəstə də gedərdi. Bu dəstə bə’zi hökmlərin istədikləri kimi deyil, iman
əsasında islamı camaata öyrədirdilər. Onların (dərs verənlərin) əksəriyyətinin
sözləri ilə rəftarları üst-üstə düşdüyündən haraya getsəydilər orada əqidəli,
dinin hökmlərinə yerli-yerində riayət edən müsəlmanlar yetişdirir və ya tərbiyə
edirdilər. Peyğəmbər (s)-dan sonrakı dövrlərdə şəriətə uyğun gəlməyən söz deyən
və ya hərəkət edən hakimlərə də irad tutan bu dəstə olmuşdur. Cəza tədbirlərində
və hüquqi işlərdə islam fiqhinin tətbiq olnumasının bünövrəsini qoyanlar da
bunlar olmuşlar. Qur’anın zahiri ayələrində, Peyğəmbər (s) sünnəsindən istifadə
edərək müsəlmanların məişətinə uyğun hökmlər çıxarırdılar ki, bu da Əməvi
hökumətinin sonu, Abbasi xilafətinin ilk çağlarında genişlənməyinə,
formalaşmasına və günün tələblərinə uyğun olmasına gətirib çıxardı. Əməvilər
dövründə islam fəthləri yalnız işğalçılıq xarakteri daşıyırdı. Əsgərlər qənimət
əldə etmək, xəlifə isə öz xəzinəsini doldurmaq üçün fəthlərdə iştirak edirdi.
Yalnız Ömər ibni Əbdüləziz özünün qısa hakimiyyəti dövründə müharibələri
dayandırıb, əsgərlərə sərhədləri qorumaq əmrini verdi.