ÖMƏR İBNİ ƏBDÜLƏZİZ
Süleyman adət üzrə öz övladlarından
birini vəliəhd tə’yin etmək yerinə Ömər ibni Əbdüləzizi özünə canişin seçdi. Öz
xilafəti dövründə Süleymanın gördüyü yeganə yaxşı iş onun hakimiyyətə
gətirilməsi olmuşdur. Bəlkə də bu məsələ onun özünün və ya müşavirlərinin
uzaqgörənliyi idi ki, onlar artıq Əməvi hakimiyyətinin süqutunu hiss edirdilər.
Onlar Öməri xəlifə seçməklə xalqı öz hakimiyyətlərindən razı salmaq istəyirdilər.
Ömər ibni Əbdüləziz Mədinədə
təqvalı və islam ən’ənələrinə sadiq qalmış müsəlmanların arasında böyüyüb
tərbiyə almışdı. O, xilafətinin az bir müddətində özündən əvvəlkilərin dinə
etdikləri əlavələri ləğv etmək üçün çalışırdı. Müaviyənin dövründə binası
qoyulmuş minbərlərdə Əli (ə)-ı təhqir olunması onun göstərişi ilə dayandırıldı.
Müsəlmanların ərazisində yaşayan qeyri-müsəlmanları islam dinini qəbul edib
müsəlman olmaları üçün onları həvəsləndirirdi. Təmtəraqlı yaşayışı qadağan edib,
ümumi xəzinənin (beytül-malın) sərf olunmasında ədalət yolunu tutdu. Özündən
əvvəl adət halını almış hədiyyələr təqdim olunmasının qarşısını aldı, hətta öz
qohum və yaxın adamlarına qarşı sərt olmağa başladı.
QULLARIN PROBLEMİ VƏ
ÖMƏR İBNİ ƏBDÜLƏZİZİN VASİTƏSİLƏ BU ÇƏTİNLİYİN HƏLL OLUNMASI
Ömər ibni Əbdüləzizin xilafəti
zamanı azad olunmuş qulların problemi diqqət mərkəzində olduğundan o, bu
problemin həlli yolunda daha çox çalışdı. Yaxşı olar ki, bu barədə daha ətraflı
danışaq.
Bildiyiniz kimi, Əbu Bəkrin və
Ömərin xilafəti dövründə Ərəbistan səhralarından kənarlara çıxaraq fəth olunmuş
İran, Rum və Afrika ərazilərində islamı və müsəlmançılığı yayan ərəblər səhra
sakinləri idilər. Səhra sakinləri öz övladlarına bir tərəfdən azadlığı və heç
bir qanun çərçivəsinə tabe olmamağı, digər tərəfdən isə cəngavərlik və döyüşgən
olmağı öyrədirdilər. Ərəblərin şəhər sakininə məxsus olan incəsənət və peşədən
nəinki mə’lumatları yox idi, hətta onu bəyənməyib özləri üçün təhqir hesab
edirdilər. Bu səbəbdən də fəth olunmuş ərazilərdə işin icrası və ümumi ictimai
peşələr elə həmin ərazinin camaatına tapşırılırdı. Sənətçilər, peşə sahibləri,
həkimlər, hətta müəllim və tərbiyəçilərin dövlət dairəsində özlərinə məxsus
vəzifə və məqamları var idi. Dövlətin icra işlərinə qulluq edənlərin yaşayışı
rahatlıqda keçirdi. Torpaq sahibləri isə öz gəlirləri vasitəsilə faydalanırdılar.
Lakin bu işlərin heç birini bacarmayan digər bir dəstə də mövcud idi. Bunlar
torpaq sahiblərinin əkin sahələrində işləyən fəhlə və muzdurlar idi. Bunlar
müsəlman olduqdan sonra daha çox gəlir əldə etmək üçün şəhərlərə üz tutmuşdular.
Şəhərdə əhalinin artması ilə işsizlik meydana çıxmışdı. İşsizlik isə müəyyən
qruplaşmalar və siyasi cinahlar meydana gətirmiş və nəticədə onların arasında
müntəzəm olaraq iğtişaşlar baş verirdi.
İslamdan əvvəl bədəvi ərəblər
arasında bir adət-ən’ənə mövcud idi ki, əgər bir nəfər özünü hər hansı tayfa və
ya şəxsə bağlamış olsaydı ona “mövla”, özünə isə qul deyərdilər. Beləliklə bu
şəxs bağlı olduğu tayfa tərəfindən hər tərəfli himayə olunurdu. İslamda da
milliyyətcə ərəb olmayan yeni müsəlmanlar özlərini ərəb tayfalarına
bağlayırdılar ki, bu baxımdan biz tarixdə “filankəsin qulu” ifadəsinə rast
gəlirik.
Bu qullar və ya yeni müsəlman
olmuşlar islami bərabərlik hökmü altında onlarla başqa müsəlmanlarla edilən
rəftarın olunacağını gözləyirdilər və onlar müsəlmançılığın məziyyətlərindən
kamil surətdə faydalanmaq arzusunda idilər. Lakin hakimiyyətdən əks rəftar
gördükdə isə narahat olub inciyirdilər. Xəlifə və hökumətlər yarım əsirlik
müddət ərzində yeni müsəlman olmuşların problemlərinin həlli yollarını
arxtarmaqda sə’y göstərsələr də, öz gəlir və faydalarını əldən verməmək üçün bu
işlə ciddi məşğul olmurdular. Bu məsələ ilə bağlı Osmanın müşavirləri onları
şərq ərazilərinə cihada yollamaq məsləhətini görürdülər. Muxtarın qiyamı zamanı
onun ətrafına toplaşanlar da onlar olmuşlar və Muxtar onların köməyi ilə Əhli-beyt
düşmənlərinə qalib gəlmişdir. Lakin Muxtarın onlarla xoş davranmağı ərəbləri
narahat etmiş və bildiyiniz kimi, Mus’əb onların vasitəsilə Muxtarı məğlub
etmişdi. Həccac İraq şəhərlərinə toplaşmış yeni müsəlmanları (qulları) onların
etirazına məhəl qoymadan öz yerlərinə qaytardı. Belə çarə fikirləşmək müvəqqəti
əlac sayılırdı. Xəlifə və ya hakimin qüdrəti zəiflədikdə qullar və ya yeni
müsəlman olanlar baş qaldırırdılar. Onlar belə deyirdilər: Fəth edilmiş ərazilər
bizim sə’yimizlə əldə olunub, deməli onun bir hissəsi bizə məxsusdur. Bu
məsələyə və müharibədə əldə olunmuş qənimətlərin bərabər səviyyədə bölünməsinə
dair münaqişələr baş verirdi. Bə’zi hallarda e’tiraz edənlər hakimlə üz-üzə
gəlir və ya onun adamlarını vururdular. Ömər ibni Əbdüləziz əldə olunmuş
qənimətlərə qulların da şərik edilməsinə göstəriş verdi və fəth olunmuş
torpaqların alış-verişini yasaq etdi.
Ömərin xilafəti zamanı atdığı
müsbət addımlardan biri də islam hakimiyyəti altında yaşyan yəhudi və
xristianların hüquqlarına riayət edilməsi olmuşdur. Müsəlmanlar ölkələri fəth
etməyə başladıqları gündən ərəb hökmdarları fəth olunmuş ərazilərin əhalisini
müsəlman olmaqda və ya öz dinlərində qalmaqda azad buraxırdılar, ancaq onlar
himayə olunduqları üçün illik pul ödəməli idilər. Cizyəni – yə’ni illik himayə
pulunu ödəməyi qəbul edənlər öz dini adət-ən’ənələrini yerinə yetirməkdə tam
surətdə azad idilər. Bir çox hökmlərə riayət etməkdə öz məzhəblərinin alim və
qazilərinin göstərişlərinə əməl edirdilər.
Bununla belə, islam
dinini qəbul edənlərin sayı da dayanmadan artmaqda idi. Müsəlman olmağa üz
tutanların əsas məqsədi onlardan vergi – illik himayə haqqı alınmaması, əlavə
olaraq digər vergilərdən də (o cümlədən adam başına verilən vergi, torpaq üçün
alınan vergi) azad olunmaqları idi. Çünki müsəlman olanlar cizyə ödəməkdən azad
idilər və onlar yalnız zəkat ödəməli idi. Əməvi hakimiyyəti dövrü, xüsusilə
Həccacın zamanında dövlət gəliri aşağı düşdüyündən islamı qəbul etmiş yəhudi və
xristianlardan da cizyə alınırdı. Bu isə açıq-aşkar zülm və ədalətsizlik idi.
Ömər ibni Əbdüləziz camaatı müsəlman olmağa həvəsləndirmək üçün bu bid’əti,
yə’ni dinə edilmiş əlavəni ləğv etdi. Yerlərdəki hakimlər bu addımla gəlirin
aşağı düşəcəyini bildirib şikayət etdikdə Ömər onların e’tirazına qulaq asmadı.
Əməvilərin xilafəti
dövründə yerlərdə hakimlər müttəhimlər və günahkarlarla islam qanunu
çərçivəsində deyil, öz istədikləri kimi rəftar edirdilər.
Ömər onlara heç bir kəsə layiq
olmadığı cəzanı verməyə icazə vermirdi.
Əməvilər, həmçinin yerlərdəki
hakimlər təmtəraqlı yaşayışa alışdıqca onların pula olan ehtiyacı günbəgün
çoxalırdı. Onların gündəlik artan xərclərini müsəlman ərazilərindən əldə olunan
gəlir ödəmədikdə, cihad adı altında müsəlman olmayan ölkə və ərazilərə hücum
edirdilər. Bu müharibələrin böyük bir əksəriyyətindən məqsəd camaatın var-dövlətini
qarət edib öz ciblərini və xəlifənin xəzinəsini doldurmaqdan ibarət olmuşdur.
Ömər əskərlərin sərhədlərdə dayanıb
müsəlmanların ərazilərini qorumaq əmrini verdi. Hücumların qarşısını alıb
müsəlman olmayan qonşu ölkələrə islamı qəbul etdikləri təqdirdə vergi
alınmayacağı təklifini irəli sürdü. Vəizəfələri də iki qəbilə – Qəhtani və
Kəlbilər arasında bərabər səviyyədə bölüşdürdü. Beləliklə o, daxili iğtişaşların
qarşısını ala bildi.
Ömər Fatimə övladlarına mənsub olan
Fədəkin sahəsini onlara qaytardı. O, iki il beş ay sürən xilafətdən sonra
hicrətin 101-ci ilində Səm’anda vəfat etdi. Deyilənlərə görə Əməvilər Ömərin,
xilafəti Əli (ə) övladlarına verəcəyindən qorxuya düşüb onu öldürmüşlər.
Beləliklə Ömər ibni Əbdüləzizin az
müddətli xilafəti sona yetdi. Demək olar ki, Əməvi sülaləsinin hakimiyyət
dövründə xalq yalnız bu bir neçə aylıq müddət ərzində islam ədalətindən bir şey
görə bildilər.
YEZİD İBNİ ƏBDÜLMƏLİK
Ömər ibni Əbdüləziz vəfat etdikdən
sonra Yezid ibni Əbdülməlik xəlifə oldu və onun hakimiyyəti dörd il çəkdi
(101-105 illər h.q).
Yezid əyyaşlıqla məşğul olub, şərab
içən və fasiq bir adam idi. Azacıq hökuməti dövründə Ömərin bərpa etdiyi
ədalətli adət-ən’ənələri bir-birinə vurdu, müxtəlif məbləğdə vergilər alıb
əhaliyə işgəncələr verilməsi üçün dövlət mə’murlarına ixtiyar verdi. Onun
xilafəti dövründə Qeysi və Yəmani münaqişəsi yenidən baş qaldırdı. Yezid ibni
Mühəllib qiyam edərək Bəsrəni tutdu, sonra isə Əzd tayfasının köməkliyi ilə
Əhvaz, Fars, Kerman əyalətlərini də ələ keçirdi. Lakin Xuzistan əyalətində bəni
Təmim qəbiləsi onun qarşısında müqavimət göstərdilər. İbni Mühəllib Kufəyə
döndükdə Məsləmə ibni Əbdülməlikin qoşunu ilə üzləşdi. Bu döyüşdə ibni Mühəlləb
öldürülərək qoşunu darmadağın edildi. Arvadlarını və qızlarını əsir götürüb
bazarlarda satdılar.
Yezidin xilafəti dövrü onun iki
kənizi var idi ki, həqiqətdə ölkənin siyasi işləri bu iki qadının əlində idi.
Onlardan birinin adı Xubabə idi ki, Yezid ona bərk vurulmuşdu. Deyilənlərə görə
Xubabə bir gün bu beyti Yezid üçün zümzümə etdi ki, onun da məzmunu aşağıdakı
kimidir:
Boğazla dilçək arasında möhkəm
yanğın var, nə sakitləşir, nə də su içmək üçün yol açılır ki, boğaz sərinləsin.
Yezid bu beytdən sonra cuşa gələrək
dedi: Uçmaq istəyirəm. Xubabə soruşdu: Əgər uçsan xilafəti kimə tapşıracaqsan?
“Sənə!” deyib onun əlini öpdü.
Kəniz öldükdə isə Yezid həddən artıq narahat oldu, bir neçə gün cənazəsinin
yanında əyləşib onu dəfn etməyə icazə vermədi. Kənizin cəsədi iy verən zaman
xəlifənin qardaşı onun yanına gedib dəfn etmək üçün rüxsət aldı. Kəniz dəfn
olunduqdan bir neçə gün sonra Yezid də öldü. O, sağlığında qardaşı Hişamı, ondan
sonra isə oğlu Vəlidi xəlifə tə’yin etdi.
HİŞAM İBNİ ƏBDÜLMƏLİK
Hişamın xilafəti nisbətən uzun
sürdü (105-125 illər h.q). Bu uzun sürən hakimiyyət zahirdə islahatlar həyata
keçirmək üçün ona imkan yaratdı. Özü çalışqan və qənaətcil bir şəxs olduğundan
əyalətlərə ləyaqətli mə’murlar tə’yin edib, işləri öz qaydasına salıb dövlətin
gəlirini artırmaq fikrində idi. Ancaq Ömərin vəfatından sonra Yezid ibni
Əbdülməlikin iş başına gəlməsi ilə, ürəklərdə yaranmış islahat ümidi yenidən baş
qaldırmış Ədanani və Qəhtani münaqişələrini aradan apardı və iğtişaşların ilk
qığılcımları görünməyə başlandı. Digər tərəfdən Xəvaric də ayağa qalxmışdı.
Həmçinin hakimiyyətə zidd qüvvələr şiəlik adı altında fəaliyyət göstərməkdə
idilər. Tarixin belə bir anında şəhərlərdə xalqı sevən, qəlbində ürək yanğısı
olan və vəziyyətdən düzgün istifadə etməyi bacaran hakimlər zülümü azaldaraq
xalqın razılığını əldə etmiş olsaydılar, Əməvi hakimiyyətinin süqutu bir az
ləngiyərdi. Lakin bu hakimlər elə bil bu hakimiyyətin sona yetdiyini
anlamışdılar. İraqa və şərq əyalətlərinə hakim olan Xalid ibni Abdullah Qəsri
Həccac ibni Yusifin siyasətini yürütdü. Xalid avam bir adam idi, deyilənlərə
görə hətta Qur’anı belə, düzgün oxuya bilmirdi. Bir gün xütbə oxuduğu zaman
Qur’an ayəsini səhv oxuyaraq dayandı. Təğləb tayfasından olan dostlarından biri
ayağa durub dedi: Ey əmir, özünü çətinliyə salma, ağıllı bir adamın Qur’anı
əzbərdən oxuduğunu görməmişəm. Qur’anı əzbərləmək axmaq adamların işidir. Xalid
dedi: Düz deyirsən. Xalidin zülmü o qədər artdı ki, Hişam onu hakimlikdən
kənarlaşdırmağa məcbur oldu. Onun yerinə tə’yin olunmuş canişinin dövründə Kufə
şiələri Əli ibni Hüseyn (ə)-ın oğlu Zeydin ətrafına toplaşaraq onu hakimlə
döyüşə qaldırdılar. Lakin bu əhali öz tərzi-üslubları əsasında ilk əvvəl böyük
bir həyacanla Zeydi ümmətin Mehdisi adlandırıb, sonda müxtəlif bəhanələrlə onun
ətrafından dağıldılar. Nəticədə Zeyd şəhid oldu və onun cəsədini dar ağacından
asdılar. (121-ci il h.q). Kəlbi tayfasından olan bir şair (Əməvilərlə bağlılığı
olan Həkim ibni Əyyaş Əur) bu barədə belə deyir:
Biz Zeydi xurma ağacının
budaqlarından asdıq. Halbuki, heç bir Mehdi xurma ağacının budaqlarından
asılmamışdır. (Əqdül-fərid 5-ci cild, 210-cu səh.)
Yaqut Himəvi yazır: Bir nəfər
Abdullah ibni Cə’fərin yanına gedib dedi: Ey Peyğəmbər övladı! Həkim Əur Kufədə
sizin adınıza yaramaz sözlər deyir. Soruşdu ki, onun söylədiyi şe’rlərdən bir
şey bilirsənmi? Dedi: “Bəli” və o, yuxarıdakı beyti təkrar etdi.
Abdullah titrək əllərini göyə
qaldıraraq dedi: İlahi, əgər yalan deyirsə onun üstünə bir it göndər.
Həkim gecə vaxtı Kufə şəhərindən
çıxan zaman onu bir şir parçaladı. Bir nəfər bu xəbəri Cə’fərə çatdırdı. Cə’fər
səcdə edərək dedi: Şükr olsun Allaha ki, bizim haqqımızda verdiyi və’dəsi
düzgündür.
Zeyd, alim, pərhizkar, zülümkarlara
qarşı mübariz və Əhli-beytə məxsus alicənab bir şəxs idi. Şiə məzhəbi arasında
Zeydiyyə adı ilə məşhur olan firqə atası Əli ibni Hüseyndən sonra onun imam
olduğunu qəbul edirlər.
Hişam Rum imperiyası ilə döyüşləri
davam etdirərək qoşunları Fransanın işğal etdiyi ərazilərə qədər apardı. Şərqdə
isə Türkistanın bir hissəsini fəth etdi.
Hişamın xilafətinin son dövrlərində
əhali vergilərin çox olmasından təngə gələrək ayağa qalxdılar və bu işdə onlar
qonşuları olan türklərlə birləşdilər. Hişam bu hərəkatı yatırtmaq üçün Nəsr ibni
Səyyarı oraya göndərdi. (120 h.q). Nəsr iğtişaş salanları yatırtıqdan sonra
Mərvdə məskunlaşdı və Əbu Müslimin qiyamına qədər orada qaldı və daha sonra
Nişapura yollandı. Əbu Müslim Qəhtəbə ibni Şəbibi onun ardınca göndərdi. Qəhtəbə
ilə Nəsr arasında döyüş baş verdi və nəhayət hicrətin 131-ci ilində Nəsr Savədə
dünyadan köçdü. Hişam isə hicri tarixinin 125-ci ilində vəfat etdi.
Hişamın xilafəti zamanı baş vermiş
başlıca hadisələrdən biri də imam Baqir (ə)-ın vəfatı olmuşdur. Şiələrin beşinci
imamı Məhəmməd ibni Əli ibni Hüseyn (ə) məşhur rəvayətlərə əsasən hicri
tarixinin 57-ci ilində Mədinə şəhərində anadan olmuşudur. O, ali-Məhəmməd
elminin sirrlərini açıqlayaraq camaat arasında yaydığına görə Baqirul-ülum
ləqəbi almışdır. Şiə tarixçiləri onun böyüklüynü və yüksək əxlaqi dəyərə malik
olduğunu e’tiraf etmiş və bir sıra şairlər yüksək əxlaqi keyfiyyətlərini məhd
etmişlər. Zəmanəsinin məşhur kəlam alimi ilə birgə keçirdiyi elmi məclislər
bütövlükdə xalqın, xüsusilə də şiələrin diqqət nəzərini cəlb etsə də Mərvaniləri
narahat edirdi. Bir dəfə Hişam onu Dəməşqə də’vət etdikdə həzrət oğlu imam Sadiq
(ə)-la birgə oraya getmiş və Hişamın bərpa etdiyi elmi məclisdə iştirak etmişdir.
O həzrət oradan çıxarkən xristianların böyük alimlərindən biri ilə elmi mübahisə
etmiş və onun verdiyi bütün suallara cavab vermişdir. İmam Baqir (ə) hicrətin
114-cü ili Mədinədə vəfat etmiş və Bəqi’ qəbristanlığında dəfn olunmuşdur.
İKİNCİ VƏLİD
Hişamdan sonra Vəlid ibni Yezid
xilafətə çatdı (125 h.q). Bu illər Əməvilərin dövləti zəifləməkdə və bu
sülalənin hakimiyyəti süqut etməkdə idi.
Gördüyünüz kimi, Qəhtanilər və
Qeysilər uzun illərdən bəri aralarında olan düşmənçiliyi unutmamışdılar.
Başdan-başa İraq və İran ərazilərinə səpələnmiş bu qəbilə arasında daim münaqişə
baş verirdi.
Qəhtanilər şərqdə daha çox idi və
onlar Ədnanilərin hakimiyyətinə dözə bilmirdilər. İş başına gələn hər hansı bir
xəlifə bə’zən Ədnaniləri himayə edib Qəhtaniləri alçaldar və bə’zən də bunun
əksi baş verərdi. Əməvi hökumətinin son otuz ildə iş başına gələn xəlifələri nə
Əbdülməlik ibni Mərvan kimi hər iki qəbilənin qüvvələrini bərabər səviyyədə əldə
saxlaya bilir, nə onları öz yerlərində oturtmağı bacarır və nə də xalq arasında
hörmət qazanmış Ömər ibni Əbdüləziz kimi pərhizkar və düzgün olmaqla onların
rəğbətini qazana bilirdilər.
Vəlid ibni Yezid ana tərəfdən
Ədnanilərlə qohum olduğundan İraq və Xorasanın hakimi Yusif ibni Ömər Səqəfiyə
Kufənin hakimi Xalid ibni Abdullah Qəsrini devirmək üçün tam ixtiyar verdi. Bu
işdən Qəhtanilər bərk narahat oldular
Xorasanda Qəhtani tayfaları
birləşərək hökumət üçün çətinliklər meydana çıxarırdılar. Qısa müddət ərzində
bir xəlifənin başqa bir xəlifə ilə əvəz olunması hökumətin sabitliyini pozmuşdu.
Xüsusilə də bu xəlifələrin əksəriyyəti şərab içməkdən, əyyaşlıqdan və günlərini
musiqi məclislərində keçirməkdən başqa bir iş görmürdülər. Narazı əhali bə’zi
vaxtlar Ələvilərin ətrafına toplaşaraq qiyam edirdilər. Lakin bu qiyamlar
müntəzəm olaraq yatırılsa da sonradan başqa bir qiyama zəmin yaradırdı.
Vəlidin xilafəti dövrü Xorasana
gedən Yəhya ibni Zeyd inqilabi hərəkata başladı, ancaq Nəsr ibni Səyyarın mə’murlarının
müqaviməti ilə üzləşərək öldürüldü. Əbdülməlik ibni Mərvandan sonra Əməvi
hökumətinin süqut nişanələri görsənirdisə də, artıq Vəlidin dövründə bu daha da
aşkar oldu. Vəlid xoş güzəran içində yaşayan bir adam idi. O, ya şərab içər, ya
həmsöhbətləri və musiqiçələrlə bir yerdə olar, ya da vaxtını ov ovlamaqla
keçirərdi. İbni Əbd Rəbbəh yazır: İshaq ibni Məhəmməd Əzrəq deyir ki, Vəlid
öldürüldükdən sonra mən Mənsur ibni Cümhur Tələbinin yanına getdim. Vəlidin
kənizlərindən ikisi orada idi. Mənsur mənə dedi: Bu kənizlərin söylədiklərinə
qulaq as. Kənizlər cavab verdilər: Əhvalatı artıq söyləmişik! Mənsur dedi: Mənə
söylədiyiniz kimi İshaqa da danışın. Onlardan biri dedi: Kənizlərin içində ona
ən əziz olan biz idik. Bir gün müəzzinlər namaz vaxtı azan dedilər. Vəlid mənim
sərxoş və cənabətli halda olan dostumu camaat namazı qılmağa göndərdi.
Vəlid şəriət hökmlərinə e’tinasız
yanaşıb dövlət işlərində səhlənkarlıq etməsi ilə yanaşı o qədər daş ürəkli adam
idi ki, hətta öz qohumlarına belə güzəşt etmirdi. Necə ki, bə’zi qohumları onun
öz göstərişi ilə öldürülmüşdü.
Əmisi oğlu Yezid ibni Vəlid
qarışıqlıqdan istifadə edib Qəhtanilərdən bir sıra böyük adamları özünə tərəf
çəkdi və Dəməşqə hücum etdi. Qiyamçılar Vəlidi elə öz sarayında qətlə yetirdilər
(h.q. 126 il) və Yezid özünü xəlifə e’lan etdi.
Adamı heyrətə salan budur ki,
deyilənlərə görə hücumçuların saraya çatdıqlarını və yaxın bir zamanda öləcəyini
bilən Vəlid Qur’anı açaraq qarşısına qoyub dedi: Osmanın başına gələnlər mənim
də başıma gəldi.
Ermənistana (Ərməniyyə) hakim olan
Mərvan ibni Məhəmməd Yezidin xəlifə olmaq xəbərini eşitcək xəlifənin qisasını
almaq adı ilə ayağa qalxdı. Lakin Yezid hansı bir şəkildəsə onu razı saldı.
Yezid 6 aylıq sürən xilafətdən sonra öldü və qardaşı İbrahim xəlifə oldu.
Yarmadada yaşayan Mərvan ibni
Məhəmməd Muzərilərdən olan dəstələri ətrafına toplayaraq xilafəti ələ keçirmək
qəsdi ilə Dəməşqə yollandı. O, zahirdə deyirdi ki, İbrahimi devirib yerinə
zindanda olan Vəlidin digər iki oğlundan birini (Həkəm və Osman) gətirəcəyəm.
Mərvanın Dəməşqə gəlişi ilə İbrahim qaçdı. Nəhayət hicrətin 127-ci ili Səfər
ayında Mərvan camaatdan bey’ət alaraq özünü xəlifə e’lan etdi. Əməvi hökumətinin
müxalifləri müvəqqəti olaraq ixtilafları unutdular.
Mərvan bütövlükdə Şamı öz
hakimiyyəti altına alsa da, İraqda Vasit şəhəri ilə Kufə şəhərini ələ keçirmiş
Xəvaricdən olan Zəhhan ibni Qeys Şeybaninin qiyamı ilə üzləşdi. Mərvan Zəhhanı
devirərək İraqda sükut yaratmağa müvəffəq oldu. Lakin bu illər Xorasanda başqa
hadisələr baş verməkdə idi.
Xorasanda məskunlaşmış Qəhtanilər
Ədnani qəbiləsinin Mərvanın ətrafına toplaşdığını görərək bu məntəqənin narazı
camaatı ilə yekdil oldular və onların hamısının səyləri bir cəhətə yönəldi.
Onlar Əməvilərin hakimiyyətini devirib xilafəti peyğəmbər ailəsinə vermək
istəyirdilər. Onlar iddia edirdilər ki, bəni Üməyyənin xilafəti dövründə meydana
çıxmış milli (qövmi) üstünlüklər islam dininin əksinədir və həqiqi islamın
bərpası üçün ali-Məhəmməd (ə) xilafəti öz əlinə almalıdır.
Bu dövrdə əhali dini hökmlərin və
peyğəmbər sünnəsinin məhv edildiyinin və bid’ətlərin meydana çıxmasının şahidi
olmuşdular. Onlar deyirdilər: Bütün problemlərin həlli, ağrı-acıların əlacı və
bütün dağıntıların yararlı hala salınması üçün yalnız və yalnız müsəlmanlar
Qur’ana və həqiqi islam hökumətinə üz döndərməli, Peyğəmbər və Raşidi
xəlifələrinin adət-ən’ənələrini yenidən bərpa etməlidirlər. Ancaq müsəlmanların
hakimiyyəti altında yaşayan əcnəbilər isə Əməvilərin və onların yerlərdəki
hakimlərinin zülm və təzyiqlərindən əziyyət çəkirdilər. Onlar ədalətlə rəftar
edəcək, vergiləri və digər təzyiqləri yüngülləşdirəcək bir hakimi arzulayırdılar.
Əməvilərin yerlərdəki hakimlərinin zülmündən təngə gəlmiş iranlıların bə’zisi
Peyğəmbər ailəsinə məhəbbət bəslədiyinə görə, bə’zisi isə öz mənfəətinə görə
Əməvi hakimiyyətinə qarşı hərakatda iştirak etmək üçün inqilabçı dəstələrə
qoşulurdular.
Hicri tarixinin 65-ci ilində baş
vermiş Muxtar ibni Əbu Ubeydə Səqəfinin qiyamına nəzər saldıqda görürük ki, o,
camaatı Əli (ə)-ın oğlu Məhəmməd ibni Hənəfiyyənin ətrafında toplaşmağa də’vət
edərək onu ümmətin Mehdisi kimi tanıtdırır. Onun ardıcılları Kisaniyyə adını
almışlar. Hicrətin 81-ci ilində Məhəmməd Taifdə vəfat edərkən onlar onun
ölmədiyini iddia edib deyirdilər ki, o, Mədinə yaxınlığında yerləşən Rəzəvi
dağında yaşayır və onun yeməyi qeybdən gəlir. O, Allah istədiyi zaman aşkar
olacaq.
Kisaniyyə məzhəbinin nümayəndələri
öz də’vətlərini ilk növbədə Xorasanda yaydılar. Çoxlu sayda tərəfdarları olsa da
get-gedə bu də’vət ali-Abbasın xeyrinə tamamlandı.
Abbasilər və onların tərəfdarları
şayiə yaydılar ki, Məhəmməd Hənəfiyyədən sonra oğlu Əbu Haşim imam oldu. Şama
etdiyi səfərlərin birində (98 il h.q.) Hümeymədə Məhəmməd ibni Əli ibni Abdullah
ibni Abbasla görüşərək elə oradaca imamətini ona tapşırmış və o vaxtdan bəri
imamət Abbasi sülaləsinə ötürülmüşdür. Beləliklə Abbasilər həm Peyğəmbər varisi
kimi, həm də Əli (ə)-ın tərəfindən xilafəti ələ almağa hüquqları çatırdı.
Məhəmməd öz də’vətçilərini Hicazdan
kənara, xüsusilə də Xorasana göndərdi. O, öz nümayəndələrinə tapşırıq verdi ki,
xəlifə olmaq üçün müəyyən bir şəxsin adını çəkməyin. Məhəmməd öldükdən sonra
özünün vəsiyyətinə əsasən oğlu İbrahim onun canişini oldu.
Bu dövrdə Mərvdə yaşayan Əbu Müslim
onun də’vətini Xorasanda aşkar etdi. Abbasilərin imamı öz tərəfdarlarına deyirdi
ki, çalışın iranlıları ətrafınıza toplayın, ərəblərdən yalnız Qəhtaniləri
özünüzə tərəf çəkin, çalışın Ədnanilərdən uzaqlaşın, hətta bacardıqca onları
qətlə yetirin.
Əbu Müslim Xorasandakı şiələri,
Qəhtaniləri və Əməvi hökumətindən narazı olanların hamısını öz ətrafına topladı.
Xorasan şəhərlərini bir-bir Əməvi nümayəndələrinin əlindən aldı. Onları İrandan
çıxardıqdan sonra İraqa tərəf üz tutdu. Əbu Müslim İraqa çatmamışdan bir az
əvvəl Abbasilərin imamı İbrahim qətlə yetirildi. Qardaşı Abdullah ibni Məhəmməd
ibni Əli (Səffah) (ləqəbi isə Əbul-Abbas idi) özünü Kufəyə yetirib oranın
şiələrinin yanında gizlincə yaşadı.
Əbu Müslimin qoşunu Kufəyə çatdı.
Digər tərəfdən isə Mərvanın qoşunları Mosul tərəfdən özlərini oraya çatdırdılar
və müharibə başlandı. Bu döyüş on gün davam etdi və nəhayət Mərvanın qoşunu
məğlub oldu, özü isə qaçaraq Busir də (Misirdə) öldürüldü və başı kəsilib
Əbul-Abbasa göndərildi. Beləliklə Əməvilərin 90 illik xilafəti sona yetdi.