ÜRƏK QORXUSU VƏ VƏHŞİLİK
İslam hakimiyyəti Mədinədə təsis
olunan vaxtdan Əli (ə)-ın xilafətinin sonuna qədər müsəlmanların hakimləri
ictimai və siyasi məsələlərin həlli zamanı mühacir və ənsarın başçıları ilə
məşvərət edər və onlar çəkinmədən öz nəzər və rə’ylərini bəyan edərdilər.
Göründüyü kimi, hələ Peyğəmbər (s) öz zamanında şəriət hökmündən əlavə olaraq bə’zi
anlarda öz silahdaşlarının rə’y və təkliflərini qəbul etmişdir. Xəlifələr də bu
ən’ənəyə sadiq qalmışlar. Qarşıya çıxan problemin cavabını Qur’an və sünnədən
tapmadıqda Peyğəmbərin səhabəsindən nə etmək lazım olduğunu soruşardı. Xəlifənin
çıxardığı qərar da Qur’an və sünnəyə birbaşa zidd olmamalı idi. Əgər xəlifənin
öz ictihadı əsasında gördüyü iş ilahi kitaba (Qur’an) və Peyğəmbər sünnəsinə
zidd olsaydı onu tənbih və ya məzəmmət edərdilər. Ömər deyərdi: Düz hərəkət
etmədiyimi görsəniz, məni ayıldın. Hətta bir gün məclisdə oturanlardan biri onun
cavabında belə dedi: Səni qılıncla düz yola yönəldəcəyik. Osman hakimiyyətinin
son illərində yaxın qohumlarının xalqla onun arasında ayrılıq salmalarına
baxmayaraq bacardıqca xalqla yaxın ünsiyyətdə olmağa çalışırdı. Belə ki,
dəfələrlə ona qarşı olan e’tirazları söyləmələrini istəmiş, hətta məscidə
gələrək irad tutanlara işləri sahmana salacağını və’d etmişdi, lakin
ətrafındakılar ona bu imkanı vermədilər.
Müaviyənin hakimiyyətindən sonra
xəlifəyə və onun mə’murlarına irad tutmaq yığışıldı. Onun bu mə’murlarının
danışıq və rəftarına irad tutan şəxslər tənbih edilir və yaxud işkəncə və ölümə
mə’ruz qalırdılar. Belə ki, Hucur ibni Ədiy və dostları Əli (ə)-a söyməyi rəva
bilmədiklərinə görə ölümə məhkum olurdular.
O vaxtdan bəri artıq camaat öz
vəzifəsini bilir, Allahın bəyəndiyi sözləri deyil, xəlifənin xoşuna gələn sözlər
danışmağa çalışırdılar. Dinə azacıq ehtiramı olanlar da belə hakimlərin
hərəkətləri qarşısında sakit otururdular. Belə ki, Müaviyə camaatdan Yezidin
vəliəhd olması haqda rə’ylərini öyrənmək istədikdə Əhnəf ibni Qeys sakit
oturmuşdu. Müaviyə isə ona: Sən niyə dinmirsən? Dedi: Əgər düz danışsam sən
inciyəcəksən, yox əgər batil, nahaq desəm Allahı qəzəbləndirəcəyəm.
Ənsar, mühacir və etiqadlı
müsəlmanların sayı azaldıqca, hökmlərin icrasına (doğru işlərə də’vət edib,
yaramaz işlərdən çəkindirmə) nəzarətin zəifləməsi daha çox gözə çarpırdı.
Hicrətin 40-cı ilindən sonra iş başına gəlmiş cavanların nə Peyğəmbər dövründəki
islamdan xəbərləri var idi, nə də ki, ondan sonrakı hakimlərin sərt rəftarlarını
görmüşdülər. Bu nəsil iğtişaşlı dövrdə boya-başa çataraq, sərt zəmanədə
yaşadıqlarından təbiidir ki, həqiqi islamdan və bu dinin əsas dayağı olan
ədalətdən xəbərləri yox idi. Ancaq bu dəyişikliklər islamın sadə dövründə
yaşamış insanlar üçün ağır gəlirdi, onlar təəssüf hissi keçirsələr də bir iş
görə bilmirdilər.
Müaviyənin dövründə birini məzəmmət,
digərini isə tərif etmək haqda qoşulan hədislər rəvac tapdı, özü də bu hədisləri
Peyğəmbər (ə)-ın adına çıxarırdılar. O zaman hədislər yazılmazdı, bəlkə dilləri
dolaşaraq zehinlərdə həkk olunurdu. Hər kəs də ona öz istədiyi şeyi əlavə edər,
ya da hədisdən bə’zi şeyləri azaldardı. Hədis kitablarında “Fəzilətlər” adlı
fəslə rast gəlirik ki, orada ancaq hansısa bir şəxsin, qəbilənin, ailənin və ya
bir şəhərciyin tərifinə həsr edilmişdir. Tarixi kitablarda isə islam fəthlərində
hansısa müəyyən bir ailənin daha çox iştirak etdiyi rəvayətə rast gəlirik. Belə
rəvayətlərə şübhə ilə yanaşmalı, bə’zən isə rədd etməliyik. Çox təəssüflər olsun
ki, bu rəvayətlərin böyük əksəriyyəti 1 və 2-ci əsr islam tarixinin əsas mənbə
dayağına çevrilmişdir və belə rəvayət və hədislər arasından düzgününü və yaxud
düzgünlüyə yaxın olanı araşıdırıb üzə çıxarmaq tarixçilər üçün ağır bir məs’uliyyət
tələb edir.
MÜAVİYƏNİN FƏTHLƏRİ
Uqbə ibni Nafe’nin Afrikadakı və
şərqi İran nahiyəsində mə’muriyyətdə olan əsgərlərin fəthləri haqda qısa da olsa
mə’lumat verdik. Müaviyə Rum imperatorları tək nizam-intizamlı və təcrübəli bir
ordu hazırladı. Bu qoşun iki dəstədən - Yəmani və Qeyslərdən seçilmişdi. O,
Yəmaniləri özünə daha yaxın bilib onlara Qeyslilərdən artıq məvacib verirdi.
Onların Muzərilərə qarşı lovğalıq etməsi ona pis tə’sir bağışladığından hər iki
qəbiləni bir-birindən ayırdı. Yəmanilərdən ibarət qoşunu dənizə, Qeysliləri isə
qurudakı döyüşlərə göndərərdi. Fəthlərdən əlavə olaraq tutulmuş ərazilərdə
iğtişaş baş verərkən onları yatırtmaq üçün bu qoşundan istifadə edərdi.
Müaviyə Şama hakim olandan sonra
dəniz qüvvələri təsis etmişdi ki, onlar Aralıq dənizində fəaliyyət göstərmiş və
hicrətin 28-ci ilində Kipr adasını fəth etmişdir. Onun xilafəti zamanı hicrətin
53-cü ili Müaviyə ibni Xudəyc Seysil adasını, Cənadə ibni Əbi Uməyyə isə Rudos
adasını fəth etmişlər. Onun qoşunları 54-cü ildə (hicri) qurudan və sudan
İstambula hücum etdilər. Lakin bu şəhər iki qat divarla əhatə olunduğundan,
yüksək qala divarları üstündən qaynar su tökən əskərlərin şəhəri yaxşı müdafiə
etdiyindən heç bir irəliləyiş əldə olunmadı. Nəhayət üç illik mühasirədən sonra
qoşun böyük itkiyə məruz qalaraq məcbur olub geri çəkildi.
MÜAVİYƏNİN ÖLÜMÜ
Müaviyə hicri tarixi ilə 60-cı ilin
baharında səksən yaşında ikən öldü. Onu Dəməşqdə Bab-əl-cabiyə ilə Bab-əl-səğir
arasında dəfn etmişlər.
Müaviyə hiyləgər, uzaqgörən, xalqı
gözəl tanıyan bir şəxs idi. Bacardığı qədər düşmənlərini ya sərvət, ya da yağlı
dil ilə aldadardı. Saysız-hesabsız hədiyyələr verdiyinə görə irad tutulduqda isə
deyərdi: Bu hədiyyələr döyüşə xərc olunan pulun az bir hissəsini təşkil edir. O,
demək istəyirdi ki, mən bu pullarla baş verə biləcək döyüşün qarşısını alıram.
Onun bacarıqlı olması haqda
deyərdilər: Onun üzünə yeddi qapı belə bağlansa, yenə də bir yol tapıb oradan
çıxar.
YEZİDİN XİLAFƏTİ
Müaviyə ölən zaman Yezid Huvvarində
yaşayırdı. Şamın darğası – Zəhhan ibni Qeys atasının ölümünü ona xəbər verdi.
Yezid Dəməşqə gəlib məscidə yollanaraq minbərə çıxdı və qısa şəkildə çıxış
edərək Müaviyəni təriflədi və Allahdan onun bağışlanmasını arzuladı.
Xilafəti ələ keçirdikdən sonra
Yezidin görəcəyi əsas işlərdən biri xalq arasında nüfuza malik olub onunla bey’ət
etməyənlərin əlindən yaxa qurtarmaq idi. Bunlar Qüreyş əsilzadələrindən olan
aşağıdakı şəxslər idilər: Ömərin oğlu Abdullah, Zübeyrin oğlu Abdullah və bir də
Hüseyn ibni Əli (ə). Ömərin oğlu Abdullah inqilabçı şəxs deyildi. Zübeyrin oğlu
isə cəsarətli və tədbirli idi, xəlifə olmaq eşqi ilə yaşayırdı, ancaq əsil-nəsəbinə
görə və ictimai mövqe baxımından öz ətrafına çoxlu sayda adam toplaya bilməmişdi.
Yezidin yeganə qorxduğu şəxs Mədinədə yaşayan Hüseyn ibni Əli (ə) idi. Hüseyn
həm Peyğəmbər qızının, həm də Əli ibni Əbi Talibin oğlu idi. Haşimilərin başçısı,
elmli, təqvalı və xalq arasında böyük nüfuz və dəyərə malik idi. Yezid bilirdi
ki, iraqlılar belə bir üstün şəxsdən əl çəkməyib onun ətrafına toplaşacaqlar.
Buna əsasən Mədinənin valisi Vəlid ibni Utbəyə yazır ki, Hüseyndən bey’ət
almayınca əl çəkməsin və əks təqdirdə e’dam edib başını Şama göndərsin.
Mədinənin valisi öz müşaviri Mərvan ibni Həkəmdən soruşdu: Nə etməli, vəzifəmiz
nədən ibarətdir? Mərvan dedi: Camaat Müaviyənin ölmündən xəbər tutmamış,
Zübeyrin oğlu Abdullahı və Hüseyn ibni Əlini çağırıb hər ikisindən bey’ət al,
əgər bey’ət etməsələr onları öldür! Lakin Ömərin oğlu Abdullahdan nigaran olma.
Vəlid Abdullah ibni Zübeyrlə Hüseyn ibni Əlini (ə) çağırtdırdı. Zübeyrin oğlu
gizlənərək gecə gizli yolla Məkkəyə yola düşdü.
İMAM HÜSEYN (Ə) VƏ ONDAN
BEY’ƏT ALINMASI
Hüseyn ibni Əli (ə) valinin yanına
gedib əvvəlcə Müaviyənin vəziyyətini soruşdu. Vali ona belə dedi: Müaviyə artıq
ölmüşdür. Ona bey’ət etmək təklif edildikdə isə belə dedi: Belə bir işin
gizlində görülməsi münasib deyil. Camaatı məscidə topla, görək nə etmək lazımdır.
Həmin məclisdə Mərvan Vəlidə dedi: Hüseyni bey’ət etməmiş buraxma, əgər bey’ət
etməzsə onu öldür. Hüseyn (ə) qəzəblənərək dedi: Sizin heç biriniz məni öldürə
bilməzsiniz. Sonra valiyə dedi: Yezid şərab içən və fasiq bir insandır,
müsəlmanlara hakim olmağa ləyaqəti yoxdur. Hüseyn (ə) onların yanından çıxdıqdan
sonra Mərvan Vəlidi tənbih edib dedi: İndi ki, onu öldürmədin böyük bir
iğtişaşla üzləşəcəyinə hazır ol!
Vəlid dedi: Mənə nə
təklif edirsən? Peyğəmbərin nəvəsini necə öldürüm?
Mərvan dedi: Belə bir
işləri görə bilməyən kəs yaxşı olar ki, hakimiyyətdən əl çəkib ibadətlə məşğul
olsun.
Hüseyn ibni Əli (ə) o
məclisdən çıxdıqdan sonra Məkkəyə səfər etmək üçün yol tədarükü gördü. Lakin
Zübeyrin oğlu kimi gizlində deyil, camaatın gözü qarşısında Məkkəyə gedən əsas
yol ilə oraya yollandı. Hüseyn (ə)-ın və Abdullahın Məkkəyə gəlişi ilə bu şəhər
Yezidin əleyhinə olan bir mərkəzə çevrildi.
Yezidin hakimiyyəti
islamın siyasi tarixində yeni bir səhifə açdı. Yezid nəinki dini tərbiyə, bəlkə
heç adi tərbiyə də görməmişdi. Qeyd edilir ki, Müaviyə bir gün Yezidin anası
Məysunun yanına gedərkən onun şəhər həyatını məzəmmət edib bu sözləri dediyini
eşidir: Əba geymiş qara çadırda yaşamaq şəhərdə qalıb ipək paltarlar geyməkdən
daha yaxşıdır. Müaviyə bu sözlərdən inciyərək onu oğlu ilə birlikdə öz qəbilsinə
- qohumlarının yanına göndərdi. Beləliklə Yezid səhra tərbiyəsi aldı. O, burada
ov ovlamaq, şe’r söyləmək və artıq danışmaqdan (çərənləmək) başqa bir şey
öyrənmədi. Müaviyənin canişini olduqdan sonra isə onun ətrafına toplaşanların da
nə dindən, nə təqvadan, nə də camaatın vəziyyətindən xəbərləri yox idi. Yezid
islam qanunlarına zahirdə olsa da riayət etmir, belə ki, aşkar şəkildə camaatın
gözü qarşısında şərab içib qumar oynamaqdan çəkinmirdi. Əli (ə)-ın xilafətini və
ondan əvvəlki xəlifələrin dövrünü görmüş bir dəstə müsəlmanlar Müaviyə dövründə
baş vermiş bid’ətləri də görərək Yezidin Müaviyənin davamçısı olduğunu hiss edir,
hətta onun Müaviyədən artıq dərəcədə dini ayinləri yararsız saymasını gördükdə
Yezidin onlara hakim olması ilə barışa bilmirdilər. Amma saylarının az olması
ilə yanaşı, onların hər biri ayrı-ayrı yerlərdə yaşayırdılar. Bu məsələyə
aydınlıq gətirmək üçün böyük əyalətlərin ictimai durumunu bir-bir araşdıraq.
ƏRƏBİSTAN
ƏYALƏTLƏRİNİN VƏZİYYƏTİ
Qeyd edildiyi kimi,
neçə illər idi ki, Şam Müaviyənin tam ixtiyarında idi, ondan sonra isə Yezidə
tabe olmuşdu. Hicaz əyalətindən də nigarançılıq yox idi, çünki bu ərazidə
yaşayan dindar əhali yeni hökumətlə müxalif olmalarına baxmayaraq onların
narazılığı sözdən əmələ çevrilmirdi. Əməvidən olan bir neçə əsilzadələr
hakimiyyət xəyalı ilə yaşayırdılar. Onlar bilirdilər ki, Hüseyn ibni Əli (ə) və
Zübeyrin oğlu Abdullahın tərəfdarı olsalar heç vaxt arzularına çata
bilməyəcəklər. Elə ona görə də Hüseyn (ə) və Abdullahın yanında deyil, bəlkə
Yezidin arxasında durmağa üstünlük verirdilər. Münaqişəyə qoşulmaq istəməsələr
də özlərinə tamaşaçı mövqeyi seçmişdilər.
Demək olar ki,
Hicazdakı bu durum Osmanın xilafəti dövründən başlanmışdı. Qüreyşin bəni Haşimlə
olan münasibəti yaxşı deyildi, onların hakimiyyətini (yə’ni Haşimidən olan
rəhbəri) qəbul etmək istəmirdilər. Bu düşmənçiliyin bariz nümunəsi Vəlid ibni
Uqbənin yazmış olduğu beytlərdə gözə çarpır. Başqa bir nümunə isə Əli (ə)
Hicazdan çıxaraq İraqa tərəf yollanan zaman Abdullah ibni Səlam onun yolunu
kəsərək belə dedi: Mədinədən kənara çıxma, əgər çıxmış olsan bir daha geri dönə
bilməyəcəksən. Əli (ə) Rəbəzəyə, oradan da İraqa getmək istəyən zaman onu yalnız
üç yüz nəfərdən ibarət bir dəstə müşayiət edirdi ki, onların da əksəriyyəti
Mədinənin ətrafından toplaşıb Osmanı xilafətdən kənar etmək üçün gələnlər idi.
İRAQ
Şamı narahat edən yeganə əyalət
İraq idi. Ötən fəsillərdə İraqın mövqeyi, həmçinin ictimai-siyasi vəziyyəti
haqda qısa da olsa mə’lumat verdik. Hicrətin 36-cı ilindən İraq Şamla üz-üzə
dayanmışdı, məcburiyyət qarşısında Şama təslim olmasına baxmayaraq heç vaxt bu
əyalətə və onun hakiminə qarşı olan kin-küdurətini yaddan çıxarmamışdı. Müaviyə
özünün 20 illik hakimiyyəti dövründə bu əyalətin camaatı ilə tədbir və
hiyləgərcəsinə rəftar etmişdi. İraqın böyük adamlarını gah ölümlə qorxudar, gah
rişxənd və söyüş söyməklə, gah da hədiyyə verib mehribanlıq göstərməklə
sakitləşdirərdi. Ziyadın Bəsrə və Kufədəki qəddar siyasəti qara camaatın gözünü
qorxutmuşdu. Nəticədə İraq 20 il müddətində qaranlıq sükuta qərq olmuşdu.
Müaviyənin ölüm xəbəri bu əyalətə çatdıqdan sonra bir tərəfdən mərkəzi hökumətin
Dəməşqdən Kufəyə köçməsinə çalışanlar münasib fürsətin ələ düşdüyünü hesab
etdilər, digər tərəfdən də islamın halına acıyanlar bu neçə illər ərzində dinə
edilmiş əlavələrin təmizlənməsi üçün bu anın münasib olduğunu sayırdılar.
Müaviyə ölən zaman demək olar ki,
İraq bütövlükdə Əbu Süfyan ailəsinin ziddinə idi. Camaat yekdilliklə Yezidin
müsəlmanlara xəlifə olmağa ləyaqətli olmadığını söyləyirdilər. Ancaq görəsən
hamı dinin halına yanaraq Yezidin bu yüksək vəzifəyə layiq olmadığına görə onu
istəmirdilər, yoxsa yox? Bu suala qətiyyətlə doğru cavab vermək mümkün deyil. Mə’lumdur
ki, bu ərazidə yaşayan peyğəmbər səhabələri, mühacir və ənsarın övladları hələ
də islam fiqhi və peyğəmbər sünnəsi ilə tanış idilər, hakimlərin müsəlmançılığın
zahiri ayinlərinə riayət etmədiklərini gördükdə artıq dərəcədə narahat olurdular.
Ancaq başqaları necə? Onlar da Yezidi islamın zahiri əməllərinə riayət
etmədiyinə və ya atasıyla olan düşmənçiliklərinə görə istəmirdilər. Yaxud da
atasının Muzərilərin Yəmanilər üzərindəki hakimiyyətini qəbul etməməsinə görə
istəmirdilər. Əgər bir az əvvələ gedib tarixin toz basmış səhifələrini
vərəqləsək, Ləxmilərlə Ğəssanilər arasındakı düşmənçiliyi araşdırsaq, Şamla İraq
arasındakı hakimiyyət davasını görüb Müaviyə ilə Yezidin yaratdığı ictimai
şəraiti dəqiq şəkildə başa düşərik. Müaviyə öldükdən sonra şamlılara lazımi dərs
verilməli, 20 il bundan qabaq İraqdan Şama köçürülmüş hakimiyyət yenidən əvvəlki
mərkəzinə qaytarılmalı idi.
Fürsət güdən bu siyasətçilər
Yezidin müqabilində kimə tərəfdar olmalı və kimi gücləndirməli idilər? Zübeyrin
oğlundan bu işi gözləmək olmaz, cəsarətli olmasına baxmayaraq ictimai nüfuza
malik deyildi. Bir tərəfdən o, özü də Muzəri tayfasından idi. Hakimiyyətə gəlsə
də öz tayfasını himayə edəcəkdi. Qəhtanilər Məhəmməd (s)-la peyğəmbərliyin
onuncu ilində tanış olmuş, əhd-peyman bağlayaraq onu öz şəhərlərinə də’vət
etmişlər. Ondan sonra isə əmisi oğlu və kürəkəni olan Əli (ə)-ın yanında olmuş,
həmçinin Həsən ibni Əli (ə)-la da bey’ət etmişlər. İndi isə Hüseyn ibni Əli (ə)
təqvalı, əzəmətli, səxavətli, şücaətli, bir sözlə bütün insani keyfiyyətləri
özündə cəm edən şəxs, hər iki dəstənin (dindarların və siyasətçilərin)
arzularını həyata keçirməyə qadir olan bir kəs ola bilərdi. O, Yezidə bey’ət
etməmişdi və bu baxımdan onun müqabilində heç bir cavabdehlik daşımırdı. Yezidin
xilafətinə e’tiraz əlaməti olaraq Mədinədən Məkkəyə getmişdi və buna görə də onu
İraqa də’vət etmək lazım idi.
Kufədə yığıncaq və toplantılar
təşkil olunaraq gurultulu çıxışlar edildi. İslam dininin qürbətə düşməsinə dair,
peyğəmbər sünnəsinin sıradan çıxarılıb bid’ətlərin dirçəlməsi haqda ah-nalə
edərək göz yaşları axıdıldı və Müaviyənin Əli (ə) şiələrinə qarşı verdiyi əzab-əziyyətdən
şikayətlər edildi. Deyilənlərə görə ilk toplantı Xuzaə tayfasından olan Süleyman
ibni Sərdin evində təşkil edildi.
Süleyman öz yerlilərini yaxşı
tanıdığına və öz əhdlərinə vəfasız olmasından xəbərdar olduğuna görə onlara dedi:
Hüseyn ibni Əli (ə)-a yardım etmək bacarığına malik olduğunuz halda onu çağırın,
boş yerə onu Allahın evindən uzaqlaşdırmayın! Toplantıda iştirak edənlərin
hamısı “biz son anadək Hüseyn (ə)-ın yanında olub, Yezidə itaət etməyəcəyik”
dedilər.
İRAQLILARIN MƏKTUB
YAZMASI
Nəhayət imam Hüseyn (ə)-a məktublar
göndərildi. Məktub yazanlar islam ayinlərinin və şəriət hökmlərinin
dəyişdirilməsinə təəssüf hissi keçirdiklərini qeyd etməklə yanaşı yazırdılar ki,
biz Yezidi xəlifə saymırıq, yalnız səni imam olaraq qəbul edirik və Yezid
tərəfindən Kufəyə hakim tə’yin olunmuş Nö’man ibni Bəşiri rəsmi olaraq hakim
qəbul etmir və onun arxasında namaz qılmırıq. Kufədə əli qılınc tuta bilən
100000 min kişi sənə kömək etməyə hazırdır. Əgər onların də’vətini qəbul etməyib
dini himayə etmək üçün ayağa qalxmasan Allah yanında cavabdeh olacaqsan.
Sonra yenidən məktublar göndərildi.
Belə ki, ibni Əsir onların sayını 150-yə yaxın olduğunu yazmışdır. Lakin bə’ziləri
məktubların sayını minə qədər qaldırmış, hətta bu rəqəmi həddindən artıq artırıb
on iki minə çatdıranlar da vardır. Məktubların sayı lazımi həddi aşdıqdan sonra
imam Hüseyn (ə) Kufə camaatını intizarda qoymamaq üçün onlara cavab verilməsini
lazım və gərəkli hesab etdi. O, kiçik bir məktubda belə yazdı: E’tibar etdiyim
əmim oğlu Müslimi sizin yanınıza göndərirəm ki, yaxından şəhərin vəziyyəti ilə
maraqlanıb mənə mə’lumat versin, yazdıqlarınız doğru olsa sizin yanınıza
gələcəyəm. Başqa bir tərəfdən bəni Üməyyə tərəfdarları, öz mənfəətlərini
Dəməşqlə yanaşı olmaqda görənlər, həmçinin ağır günləri nəzərdən qaçırmayan
kəslər Şama məktub yazıb göndərdilər. Yezidə yazırdılar ki, Kufəni, ümumiyyətlə
İraqı əldən vermək istəmirsənsə oraya layiqli bir hakim göndərməlisən, çünki
Nö’man ibni Bəşir bacarıqsız adamdır və ya özünü bilərəkdən belə aparır. Yezid
rumlu müşaviri Sərcunla məşvərət edərək Bəsrənin hakimi olmuş Ziyadın oğlu
Ubeydullahı Kufəyə hakim tə’yin etdi. Digər tərəfdən isə Müslim imamın məktubu
ilə birgə Kufəyə getmişdi. Şəhər camaatı onu böyük təmtəraq, həyacan və
istiqanlıqla qarşıladılar. O, özü pak əqidəli müsəlman olduğundan belə şövqlə
ona bey’ət edən xalqın sonradan asanlıqla ondan ayrılıb ətrafını boş
qoyacaqlarını belə, güman etmirdi. Camaatın bu istiqbalını gördükdə Hüseyn (ə)-a
bir məktub yazdı: İraq və Kufə camaatı sənin tərəfdarındır və sənin gəlişini
gözləyirlər, tezliklə İraqa gəlməyin məsləhətdir.
HÜSEYN (Ə)-IN İRAQA
TƏRƏF YOLLANMASI
Müslimin məktubu imam Hüseyn (ə)-a
çatdıqdan sonra öz ailəsi, övladları və bir dəstə dostları ilə birgə İraqa tərəf
yollandı. Digər tərəfdən isə Ubeydullah Yeziddən göstəriş aldıqdan sonra Kufəyə
yollandı. Ubeydullah İraq camaatını, xüsusilə də Kufə əhalisini lap yaxşı
tanıyırdı. Atası uzun illər boyu bu şəhərdə hakim olmuş və o, da atasının əli
altında böyümüşdü. O, Kufə camaatı ilə necə rəftar edəcəyini çox gözəl bilirdi.
Şəhərə yetişdiyi ilk gündən qorxu və rüşvət gücünə əhalini, bacarıqlı şəxsləri
ələ aldı və onların vasitəsilə başqalarını susduraraq öz yerlərində oturtdu.
Casus tə’yin etmək vasitəsi ilə Müslimin gizlənmiş olduğu yeri öyrəndi. Əvvəlcə
Müslimə sığınacaq vermiş Hani ibni Urvəni zindana saldı. Müslim öz tərəfdarları
ilə birgə müharibəyə qalxdı. Ancaq bu dəstə (onların sayının 100000 olduğunu
qeyd edirlər) müharibə hələ qızışmamış, şücaət nümayiş etdirmədən və heç bir
tələfata mə’ruz qalmadan bir gün ərzində Müslimin ətrafından dağıldılar, beləki,
o, axşam namazını qıldıqdan sonra ətrafında bir nəfərin belə olmadığını müşahidə
etdi. Nəhayət Müslimin gizləndiyi yeri hakimə mə’lumat verdilər. Müslim
yaxalandıqdan sonra Ubeydullahın göstərişi ilə Hani ilə birgə öldürülərək başsız
bədənlərini Kufə bazarlarında yerlə sürüdülər. Kufənin başçıları evlərinə elə
soxulmuşdular ki, guya heç bir hadisədən xəbərləri yox idi.
Hüseyn (ə) yolda olarkən Müslimlə
Haninin ölüm xəbərini, həmçinin Kufə camaatının öz əhdlərinə vəfasız olduqlarını
eşitdi, bu xəbəri onu müşayiət edən yoldaşlarına da yetirdi. Və onları yolu
davam etdirməkdə və ya ondan ayrılmaqda azad buraxdı. Bir dəstə adamın geri
dönməsinə baxmayaraq yaxın qohum-əqrəbası ilə bir neçə müxlis və imanlı yoldaş
və sirdaşları onunla qalmışdılar. İmam Kufəyə yaxınlaşan zaman Ubeydullahın
keşikçi qoşunu ilə üzləşdi. Bəni Riyah qövmindən olan qoşun başçısı Ziyadın oğlu
Hürr İmamın yolunu kəsərək nəhayət onları Kərbəla adlı ərazidə dayandırdı.
Kufənin hakimi İmamın Kufəyə yaxınlaşmaq xəbərini aldıqdan sonra Sə’d ibni Əbi
Vəqqasın oğlu Ömərin başçılığı ilə daha bir qoşun onun üzərinə göndərdi.
Ubeydulah Hüseyn (ə)-dan Yezidə bey’ət etməsini istəyirdi, lakin İmam qəbul
etməyib döyüşə hazırlaşdı.
KƏRBƏLA FACİƏSİ VƏ ONUN
TƏ’SİRLƏRİ
Hicri tarixinin 61-ci ili Məhərrəm
ayının 10-u bir neçə saat müddətində baş verən mübarizədə imam Hüseyn (ə) və
onunla birgə olan kişilər və cavanlar şəhid edildilər. Qadınlar və imamın yetkin
yaşa dolmayan övladları əsir edilərək Kufəyə, ordan da Şama yollandılar. Yalnız
xəstə halda olan Əli ibni Hüseyn (ə)-ı öldürmədilər.
Bu acınacaqlı faciə başdan-başa
islam dünyasında narazılığa səbəb oldu, hətta Əməvilərin tərəfdarları belə
keçirdikləri təəssüf hissini gizlədə bilmədilər. Bu vaxt Məkkədə yaşayan
Zübeyrin oğlu Abdullah bu fürsətdən istifadə edərək Kərbəla faciəsini əldə əsas
tutub Yezidi məzəmmət etməyə başladı. İraqlıları xəyanətkar, əhd-peymanı pozan
adlandırıb camaatın onunla bey’ət etməsini istədi. Ubeydullahın mə’murlarının
sərt nəzarətinə baxmayaraq Kufə əhalisi də əksül-əməl göstərdi. Ubeydullah
mənbərdə Yezidi və onun nəslini tərif edib imam Hüseyn (ə)-a və atalarına
nalayiq sözlər dediyi zaman Əzd qövmündan olan təqvalı, özü də kor olan Abdullah
ibni Əfif ayağa qalxıb onun sözünü kəsdi. Peyğəmbər (s)-ın ailəsinə verdiyi
söyüşləri onun özünə, bir də onu buraya hakim tə’yin edənə qaytardı. Dövlət
məmurları onu susdurub tutmaq istədikdə Əzd tayfası onu himayə etmək üçün ayağa
qalxdı və onlarla hakimin məmurları arasında toqquşma baş verdi.
Bu il Mədinənin hakimi Utbə ibni
Əbu Süfyanın olmasına baxmayaraq şəhər sakit oturmamışdı. Təbəri bu şəhərdə
vəziyyətin sakit olmamasına dair bir şey yazmışdır. Lakin iki il ərzində üç dəfə
hakim dəyişikliyinin baş verməsi şəhərdə vəziyyətin qeyri-normal olmasını
yetirir.
Təbəri yazmışdır: Zübeyrin oğlu
Abdullah Mədinənin hakimi Vəlid ibni Utbənin əxlaqının kobud olmasından Yezidə
şikayət etmiş və ondan oraya mülayim əxlaqlı bir hakim göndərməsini tələb
etmişdir. Yezid də Osman ibni Məhəmməd ibni Əbi Süfyanı o şəhərə hakim
yollamışdı. Ancaq inandırıcı deyildir ki, belə bir vəziyətdə Abdullah Yezidə
Mədinənin hakimini dəyişmək məsələsinə dair məktub yazmış olsun. Ancaq həqiqətə
uyğun gələn budur ki, Yezid cavan şahların yolu ilə gedərək təcrübəli kişiləri
iş başına qoymaq istəmirdi. Bu səbəbdən də yeniyetmə cavanları hakim tə’yin
edərdi, onlar da xalqı lazımınca tanıya bilmir və hökumətin idarə olunmasında
çətinlik çəkirdilər.
Təbərinin yazdığına əsasən Osman da
yeniyetmə və təcrübəsiz cavan idi.
Hər halda səbəb nə olsa da belə,
yeni hakimin qədəmləri onun özünə və şəhərin əhalisinə düşərli olmadı. Güman
etdiyi kimi özünün bacarıqlı olduğunu göstərmək, Mədinə böyüklərini razı salmaq
və hakimin olduğu ərazini sakit saxlamaq istədi.
Mühacir və ənsar övladlarının bir
dəstəsini cavan xəlifənin yanında görüb onun bəxşiş və mərhəmətini qazanmaq üçün
Dəməşqə yolladı.
Yazdığımız kimi Yezid dini tərbiyə
görməmiş, ümumiyyətlə adicə ailə tərbiyəsi almamışdı. Bundan əlavə belə bir
hakimiyyətin xüsusiyyəti də budur ki, yaşlı və təcrübəli adamlar onun ətrafını
boş qoyub gedər, əvəzində yaltaq, sərvət toplayan cavanlar yığışaraq onun dediyi
hər bir sözə, etdiyi hər bir əmələ afərin deyərlər.
Yazılarda onun rumlu müşaviri
Sərcunun da adı çəkilir. Görəsən xaçpərəst olan bu adam zahirdə müsəlman
xilafəti sayılan Yezidin hakimiyyətində nə məqsədlə çalışırdı? Allah bilir!
Lakin bir şeyi tam qətiyyətlə demək
mümkündür ki, Yezid geniş əraziyə malik müsəlmanların əhatə dairəsini idarə
etməkdə aciz idi. Peyğəmbər nəvəsindən bey’ət alınmasında tələskənlik etməsi,
61-ci il Məhərrəm ayında elə bir faciə törətməsi, ən dəhşətlisi isə peyğəmbər
ailəsini əsir edib Kufəyə, oradan da Şama aparması, bütövlükdə bunların hamısı
onun təcrübəsiz, bəlkə də ağılsız bir insan olduğunu göstərir.
Ən pisi bu idi ki, Mədinənin hakimi
ənsar və mühacir övladlarını onun yanına göndərdiyi zaman, Yezid onları elə
qarşıladı ki, guya onun tay-tuşlarını və ya uşaqlıq dostlarını yanına gətiriblər.
Əgər onun azacıq da olsa ağlı və ya təcrübəli müşavirləri olsaydı qonaqlar
sarayda olan müddətə qədər gərək düşünülmüş surətdə rəftar etmiş olaydı. İslam
ayininə əks olan hərəkət etməməli, zahirdə də olmuş olsa özünü dinə bağlı
müsəlman kimi aparmalı idi. Lakin onun nə dindən xəbəri var idi və nə də
xalqdan.