ƏMƏVİLƏR
MÜAVİYƏNİN HAKİMİYYƏTİ
Müaviyə Nuxeylədə bir xütbə
oxuyaraq qəlbində gizlətdiyi sözlərin hamısını aşkar edib dedi: Mən sizinlə
namaz, oruc, zəkat, həcc və bu kimi işlərə görə vuruşmadım, siz onsuz da bu
işləri yerinə yetirirsiniz. Mən hakimiyyət uğrunda və sizə hakim olmaq üçün
vuruşdum.
İmam Həsən (ə) Mədinəyə dönmək
qərarına gələn zaman Müaviyə onun yanına adam göndərib Hosərə (xarici) ilə
döyüşməyini istəyir. Bu şəxs Əli (ə)-ın şəhadətindən sonra Nuxeyləni özü üçün
mərkəz seçib xəvaricləri başına toplamışdı. İmam Həsən (ə) cavab verdi ki, mən
müsəlmanların qanı tökülməsin deyə səninlə sülh müqaviləsi bağladım. Müaviyə
məcbur olub qoşun toplayaraq (onların əksəriyyətini Kufəlilər təşkil edirdi)
Hosərə ilə döyüşə yola saldı. Sonra Hosərinin atasını onun yanına göndərərək
dedi: Get, oğlunun şərrini bizdən uzaq et! O, oğlunun yanına gedib nə qədər
çalışdısa oğlunu Müaviyə ilə müharibədən çəkindirə bilməyib dedi: Mən gedib
oğlunu sənin yanına gətirəcəm, bəlkə ona ürəyin yana və müharibədən əl çəkəsən.
Hosərə dedi: Ata! And olsun Allaha, iti nizələr ucuna sancılmağı oğlumu
görməkdən daha artıq sevirəm. Kufə əhalisinin onunla vuruşmağa hazır olduqlarını
görərək dedi: Ey Allahın düşmənləri, dünənə qədər Müaviyəni qüdrət taxtından
salmaq uğrunda vuruşduğunuz halda, bu gün hakimiyyətini möhkəmləndirmək üçün
onun kənarında durub vuruşursunuz. Müharibənin qızğın vaxtında Teyy qəbiləsindən
olan bir nəfər hücum edib onu öldürdükdən sonra səcdədən qabarmış alnını görüb
peşiman olur. Bu əhvalat iraqlıların necə də dəyişkən əhali olmalarına gözəl bir
nümunə sayıldığından onu burada söyləmək məcburiyyətindəyik. Elə bu tərəddüd,
sür’ətli dəyişkənlik daha dəqiq desək ikitirəlik imam Həsən (ə) qarşısında
çətinlik yaratdı. İraqlılar həmişə – həzrət Əlinin hakimiyyət dövründə,
oğlanları imam Həsən və Hüseynin zamanında, Muxtar və Müs’əbin, qiyamçılardan
Süleyman ibni Sərdin, həm də Zeydin dövründə də bu minvalla hərəkət etmişlər.
Fürsət düşdükdə birinin ətrafına toplaşmış ona yardım edəcəklərini və’d etmişlər,
lakin rəqibin müqavimətinə rast gəldikdə onu öz azadlıqlarına qurban vermişlər.
MÜAVİYƏ VƏ İRAQLILAR
Səbirli olması ilə şöhrət tapmış
Müaviyə, İraq əhalisindən çox narazı idi, ürəyində bəslədiyi kini üzə çıxarmasa
da hərdən öz e’tirazını bildirirdi. Çünki Süffeyn müharibəsində ona ağır
zərbələr endirən Əli (ə)-ın ətrafına toplaşmış iraqlılar idi.
41-ci ildə (hicri-qəməri) İraq
rəsmi surətdə Şamın hakimiyyəti altına keçdi. Elə həmin il Müaviyə Kufəyə
gələrək öz hakimiyyətini e’lan etdi.
Qeyd etdiyimiz kimi, Müaviyə elə
ilk başlanğıcdan hakimiyyət iddiasında idi, bu arzusuna çatmaq üçün Osmanın
intiqamını, sonra isə islam xilafəti məsələsini əldə bəhanə tutmuşdu.
Hakimiyyətin Əbu Süfyan ailəsinin əlinə keçməsi ilə, bu məqamtələb tayfanın
üzvləri öz istəklərinə çatdılar. Müaviyənin şəxsi həyat tərzi, Şam əhalisi,
həmçinin bütövlükdə islam hakimiyyəti altında yaşayan xalqlara qarşı olan
münasibəti və rəftarı, Əbu Bəkrin, Ömərin, hətta Osmanın dövründəki rəftardan
artıq dərəcədə fərqli idi.
Müaviyə Ömər tərəfindən Şama hakim
tə’yin olunan gündən, dövlət quruluşunda Rum imperatorlarının üslubundan
istifadə etmiş, öz şəxsi həyatını da onların həyat tərzinə oxşatmışdır. Sadə
islam hakimiyyətini kənara qoyub özü üçün cah-cəlallı bir idarə üsulu
yaratmışdı. Ömərlə Əbdürrhəman ibni Ouf Şama səfər edən zaman onlar hər ikisi
ulaqla yol gedərkən Müaviyə böyük bir təntənə ilə xəlifəni tanımadan onun
yanından gəlib keçir. O, ulağa minən şəxsin xəlifə olduğunu bildikdən sonra tez
geri dönüb atdan düşür, lakin Ömər ona əhəmiyyət vermir. Müaviyə onun yanıyla
piyada yol gedir. Nəhayət Əbdürrəhman dedi: Müaviyəni yordun! Bu vaxt Ömər üzünü
çevirib dedi: Böyük təntənə, nökər və qulluqçularla yol gedirsən? Eşitmişəm
camaatı sarayın qapısında gözlətdirirsən və sən rüxsət verməyincə heç kəs içəri
daxil olmur?
Bəli, ya əmirəl-mö’minin, belədir!
Nəyə görə?
Biz elə bir ölkədə yaşayırıq ki,
düşmənin casusları bizə daim nəzarət edir. Gərək elə davranaq ki, onlar bizdən
qorxsunlar. Əgər sən istəsən, mən belə davranmaqdan əl çəkərəm.
Ömər dedi: Əgər düz desən ağıllı
cavabdır, yox əgər yalan desən ağıllı fırıldaqdır.
O, təkcə Şamda hakim olanda belə
rəftar edirdisə, İraq, Misir, İran, Afrika və digər fəth olunmuş ölkələr də onun
hakimiyyəti altına keçdikdən sonra hansı üslubda rəftar edəcəyi mə’lum idi.
Müaviyə və atası Əbu Süfyan hər
ikisi vəzifəpərəst, təntənə və cah-cəlal aşiqi idilər. Qeyd etdiyimiz kimi, Əbu
Süfyan çıxılmaz vəziyyətdə qalıb müsəlman olmuşdu. Bildiyiniz kimi, o,
Peyğəmbərin əmisi Abbasın vasitəçiliyi ilə özünə imtiyaz qazandı. Hətta Hüneyn
müharibəsinin qənimətlərindən ona da pay düşdü. Lakin onun gözü hakimiyyətdə
idi. Mə’lumata əsasən, Peyğəmbər (s) onu Nəcrana hakim tə’yin etmiş, həmçinin
Taifin gəlirini toplamağı ona tapşırmışdı. Ömər Müaviyəni Şama hakim tə’yin edən
gün o, anası Hindin yanına gedir və Hind ona deyir: Bu kişi (Ömər) sənə vəzifə
veribsə, çalış o deyən kimi rəftar et, öz istədiyin kimi davranma. Aldığı vəzifə
barədə Əbu Süfyana xəbər verdikdə o, dedi. Mühacirlər bizdən əvvəl müsəlman
olublar, biz isə onlardan sonra dini qəbul etmişik. İndi onlar öz mükafatlarını
alırlar, onlar rəis, biz isə adi adamlarıq. Sənə mühüm olan bir iş veriblər.
Çalış onların əleyhinə bir iş görməyəsən, çünki heç bir şeyin sonunu bilmək
olmaz.
Bu söhbətlər göstərir ki, ata və
oğul mal-dövlət və hakimiyyət əldə etmək üçün müsəlmanlıqdan bir vasitə kimi
istifadə etmişlər.
ÖLKƏNİ İDARƏ ETMƏKDƏ
MÜAVİYƏNİN SİYASƏTİ
Müaviyənin silahlı keşikçiləri var
idi ki, məscidə gedəndə onu qoruyurdular. Belə ki, namazda ayağından
yaralandıqdan sonra (vurulan zərbədən), ona bir qəfəs düzəldirlər ki, namazı
onun içində qılsın. Rəsmi görüşlərdə əskərlər onun canını qoruyurdular. Özündən
əvvəlki hakimlərin dövründə belə üslubdan istifadə edilməmişdi. Onlar məscidə
tək gedər, digər müsəlmanlarla birgə əyləşər, şikayətçilərə qulaq asıb onların
suallarına cavab verərdilər. Hökumət məmurları ilə xalq arasında ayrılıq demək
olar ki, Müaviyənin dövründə baş verdi. Müaviyə öz əzəmət və böyüklüyünü xalqa
göstərməkdən ötrü təmtəraqlı qəbul salonu, çox baha başa gələn qiymətli xalçalar
və başqa ziynət əşyaları ilə bəzənmiş saraylar tikdirdi. Belə saraylar
tikdirdiyinə görə Əbuzərin e’tiraz səsi ucalmışdı.
Müaviyə 20 illik hökmranlıq
dövründə öz hakimiyyət dairəsini genişləndirməyə çalışırdı. O, bununla xəzinənin
gəlirini artırmaq və qüdrət sahibi olmaqla bu ölkələrin idarə edilməsinin
öhdəsindən gəlmək, qonşu ölkələri qorxutmaq, həmçinin ona tabe olmayanların
üsyan və iğtişaş salmalarının qarşısını almaq istəyirdi.
Geniş əraziyə malik ölkələri Şam,
Hicaz, Misir, İraq və onlarla bağlı əyalətləri (İran) idarə etmək üçün işbacaran
adamlardan istifadə etməli idi. Buna görə də hər kəsdə ləyaqət görsəydi onu iş
başına qoyar, müxalifləri isə özünə tərəf çəkərdi. Şamdan nigaran deyildi, çünki
müsəlman olduqları gündən onun kimi hakim görmüş və onun əhali ilə rəftarı
islamdan əvvəlki hökumətlərin rəftarından yaxşı olmuşdu. Təəccüblü deyil ki,
Abbasi hakimiyyətinin ilk dövründə Abdullah ibni Əli Şam şeyxlərindən bir
dəstəsini Səffahın yanına göndərir ki, bunlar bu ölkənin ağıllı və bilikli
adamları hesab olunurdular. Onlar and içdilər ki, siz əmir olmamışdan qabaq
Peyğəmbər (s)-ın bəni Üməyyədən savayı qohumları olması haqda bizim xəbərimiz
olmamışdı.
Hicazdan da arxayın idi, çünki
orada Muzərilər əksəriyyət təşkil edirdilər. Onlar da Müaviyənin tərəfini
saxlayırdılar. Ancaq Misir, İraq və şərq nahiyəsinə elə adamlar seçməli idi ki,
həm özləri ona tabe olsun, həm də əhalini ona tabe etsinlər. Bu hakimlər
cəsarətli, rəhmsiz, həmçinin mənsəbpərəst və bir də xalqı bütün xüsusiyyətlərinə
görə yaxşı tanıyan şəxslər olmalı idilər. Misiri Əmr ibni Asa, Kufəni isə
Muğəyrə ibni Şö’bəyə tapşırdı. Müaviyə Ömər tərəfindən Şamda vali olarkən Əmr
onun rüxsəti ilə xəlifənin göstərişi olmadan Misirə gedərək oranı ələ
keçirmişdi. Müaviyə ilə Əli (ə)-ın arasında münaqişə bşa verən zaman Əmr Misirin
hakimiyyətinin ona verilməsi şərti ilə onun yanında dayanmışdı. Hicri tarixinin
38-ci ilində Müaviyə bu vəzifəni ona tapşırdı. Əmrin hiyləgər, işbilən, tədbirli
olmasını keçən bəhslərdə söyləmişdik. Hicrətin yeddinci ili Hüdeybiyyə sülhünə
əsasən Peyğəmbər (s) müsəlmanlarla Məkkəyə ümrə ziyarətinə gedən zaman o
həzrətin əzəmətini və müsəlmanların ona qarşı ehtiramını gördükdən sonra Əmrin
müsəlman olması onun uzaqgörənliyinə bariz sübutdur. Qüreyşin ağalığının və
qəbilə hökmranlığının sona çatdığını başa düşüb Məkkə fəth olunmamışdan əvvəl
Xalid ibni Vəlidlə birgə Mədinəyə gələrək müsəlman olmuşdu. Süffeyn döyüşündə
məhz onun tədbirilə Müaviyənin qoşunu Qur’anları nizələrin ucuna taxaraq İraq
qoşununu Qur’ana tərəf çağırdıqda onlar arasında ixtilaf düşmüşdü. Əmrin
uzaqgörənliyi o həddə qədər idi ki, fikirləşdiyi planlar Müaviyə üçün zərərli
özü üçün isə faydalı olsun. Hər halda Əmrin Misirdəki hakimiyyəti çox uzun
sürmədi və hicrətin 43-cü ilində öldü.
Əmrdən sonra Müaviyənin qardaşı
Utbə ibni Əbu Süfyan Misirin hakimi oldu. Sonradan digər 30 nəfər də Əməvilər
xilafətinin ayrı-ayrı yerlərində hakim oldular. Müaviyənin hakimiyyəti dövrü
Uqbə ibni Nafe’ qərb istiqamətindəki şəhərləri fəth edirdi və 50-ci ildə Müaviyə
Tunisi (İfriqiyyə, Afrika) rəsmi surətdə ona tapşırdı. Uqbə Qeyrəvanda əskərlər
üçün xüsusi yer tikib Tunisdəki imperiya qoşunlarını, həmçinin bərbərilərlə
vuruşaraq şimali Afrikada islamı rövnəqləndirdi. Nəhayət yürüşlərin birində
bərbər əskərlərinin sui-qəsdilə öldürüldü. Uqbə imanlı və cəsur bir şəxs idi,
şəhərləri fəth etməkdən ancaq Allah razılığı və dinin yayılması məqsədini
güdürdü. Deyilənlərə görə o, Atlantik okeanına qədər irəliləyərək qılıncını
siyirib belə dedi: And olsun Allaha, əgər o tayda əhali yaşadığını bilsəydim,
təkallahlığı yaymaq üçün onlarla vuruşardım. 41-ci ildə Müaviyə Kufənin
hakimiyyətini Əmr ibni Asın oğlu Abdullaha tapşırsa da bir müddətdən sonra
Muğeyrə ibni Şö’bəni oraya hakim tə’yin etdi. Muğeyrə hicrətin 21-24 illərində
Ömər və Osman tərəfindən Kufədə hakim olmuşdu. O, islamın ilk çağlarında
zirəkliklə məşhurlaşmış dörd nəfərdən biridir, o biri üç nəfər isə Müaviyə, Əmr
və Ziyad hesab olunurlar. Ziyadın kimliyi haqda sonra danışacağıq.
Mühüm əyalətlərdən olan Bəsrədə də
vəziyyət qarşıq idi. Xəvaric yenidən dirçələrək bu şəhəri özləri üçün müqavimət
mərkəzinə çevirmişdilər. Müaviyə öz nəzərində Ziyadı Bəsrəyə hakim tə’yin etməyi
planlaşdırsa da, o, bu vaxtlar onun sərt müxalifi idi. Muğeyrə hələ Bəsrədə
hakim olan zaman Ziyad onun yanında yaşayırdı, çünki başına gələn hadisədə onun
da haqqı var idi. Nəticəsi əvvəldən müəyyən edilmiş bu hadisə islamın
əvvəllərində baş vermiş heyrət doğurucu hadisələrdəndir. Əhvalatın xülasəsi
belədir: Muğeyrənin zina (qeyri-qanuni şəkildə cinsi əlaqədə olmaq) etdiyi iddia
edildikdən və üç nəfər açıq-aydın şəhadət verdikdən sonra növbə Ziyada yetişəndə
Ömər dedi: Mən qarşımda elə bir şəxsi görürəm ki, ümidvaram onun vasitəsilə
Peyğəmbər səhabəsi olan bir şəxs daşqalaq olunmaqdan qurtulsun (Əğaninin
yazdığına görə mühacirlərdən olan bir nəfər, yə’ni) Ziyad onun əleyhinə şahidlik
verməyəndə Muğeyrə qəti ölüm cəzasından yaxa qurtardı və Ömər o biri üç şahidə
şallaq vurdu.
Əli (ə)-ın xilafəti zamanı Ziyadın
işi daha da rövnəq tapdı. Belə ki, İmam onu Fars əyalətinə hakim, sonra isə ibni
Abbas Bəsrə hakimiyyətindən əl çəkəndən sonra oraya vali tə’yin olundu. Ziyadın
Bəsrədə törətdiyi əhvalatı (Əzdi ilə Təmimi arasında olan ixtilaf) başqa yerdə
yazmışam. Əli (ə) Kufə məscidində yaralanan zaman Ziyad Fars əyalətində idi.
Müaviyə imam Həsən (ə)-la sülh sazişini imzalayaraq özünü müsəlmanların xəlifəsi
e’lan etdikdən sonra Ziyad minbərdə xütbə oxuyub Müaviyəni tənqid etdi. Müaviyə
qorxdu ki, o, Peyğəmbər ailəsinə tərəf yönəlib əhalini onlardan birinin xəlifə
olmasına tə’rəf də’vət edə. Muğeyrəni yanına çağıraraq əhvalatı ona danışdı.
Muğeyrə Ziyadın yanına gedib ona, hər ikisinə tanış olan bir tərzdə başa saldı
ki, onun düşündüyü islam hökuməti artıq aradan getmiş, ərəb və Qüreyş
hakimiyyətinin yeni dövrü başlanmışdır. Müaviyənin tərəfinə keçməsi onun üçün də
xeyirli olardı və nəhayət o, bu işə öz razılığını bildirdi. Müaviyə Ziyadı özünə
hərtərəfli yoldaş etmək üçün islamda misli görünməmiş bir işə əl atdı.
MÜAVİYƏNİN ZİYADI QARDAŞ
ADLANDIRMASI
Ziyadın anası Suməyyə Haris ibni
Kəldənin kənizi idi. Cahiliyyət dövründə bə’zi ailələrin adətinə əsasən bu kəniz
öz sahibi üçün gəlir mənbəyi hesab olunurdu. Sonra isə Haris onu Rumlu qul olan
Ubeydə ərə verdi və ondan da Ziyad dünyaya gəlmişdi. Əhali onu bə’zən Ubeydin,
bə’zən isə anası Suməyyənin adı ilə çağırırdılar. Bildiyiniz kimi, islam fiqhinə
əsasən nikah olunmuş qadından dünyaya gəlmiş övlad ataya məxsusdur. Müaviyə
Muğeyrənin vasitəçiliyi ilə Ziyadı özünə tərəf çəkidikdən sonra onun ürəyini ələ
almaq üçün dedi: Ziyad Əbu Süfyanın oğlu və mənim qardaşımdır! Sonra isə bir
yığıncaq təşkil edərək şahidləri çağırıb onlara Ziyadın Əbu Süfyanın oğlu
olmasını demələrini tapşırdı. Təbəri bu hadisəni qısaca olaraq belə yazır: Ziyad
Kufə camaatından onun Müaviyənin qardaşı olmasına şəhadət vermələrini istədikdə
onlar boyun qaçırdılar, lakin Bəsrə camaatından bir nəfər bu haqda şəhadət
verdi. Yə’qubi, ibni Əbd Rəbbəh və Məs’udi bu əhvalatı çox geniş surətdə
yazmışlar. Yə’qubi yazır: Müaviyə şahidlərdən onun Ziyadla qohumluq əlaqəsi
olması haqda şahid durmalarını istədikdə Əbu Məryəm Səluli ayağa qalxıb dedi:
Mən Taifədə şərab satardım. Bir gün Əbu Süfyan səfərdən qayıdarkən mənim yanıma
gəldi. Yeyib-içdikdən sonra belə dedi: Əbu Məryəm, mənə bir ağ üzlü qadın gətirə
bilərsənmi?
O, cavabında dedi: Bəni Əclandan
olan bir kənizdən başqa heç kəsim yoxdur.
Elə onu gətir...
Burada Əbu Məryəm Əbu Süfyanın
dililə Suməyyəni vəsf edib bir cümlə deyərkən Ziyad qəzəblənib dedi: Səni şahid
durmağa çağırıblar yoxsa söyüş söyməyə? O isə cavabında dedi: Mən həqiqəti
söyləmək istəyirəm və Müaviyə onun şəhadətini qəbul etdi. Və beləiklə Ziyad Əbu
Süfyanın övladı kimi qəbul olundu. Elə həmin yığıncaqda bir-iki nəfər üzdə
Müaviyəyə irad tutdular. Mö’təbər sənədlərdə Müaviyənin qohumlarının
bir-ikisinin adına rast gəlmək olar. E’tiraz edənlər dinin qayğısını
çəkdiklərinə görə bunu etmirdilər, bəlkə onlar Ziyadın onlarla bu formada qohum
olmasını özləri üçün eyib bilirdilər. O cümlədən Bəsrənin hakimi Abdullah ibni
Amir (Əməvi sülaləsinin böyüklərindən idi) dedi: Mən şahidlər gətirəcəyəm ki,
onlar Əbu Süfyanın Suməyyəni ömür boyu görmədiyini e’tiraf etsinlər. Bu e’tiraz
hansısa çobandan törəmiş Qüreyşdən və bəlkə də əsli ərəb olmayan Ziyadın
Qüreyşdən hesab olunub onların sülaləsini ləkəli etməməkdən ötrü olub! Bu
bid’ətə qarşı olunan məzəmmətə yalnız ədəbi kitablarda yazılan şe`rlərdə rast
gəlmək olar və şairin də məqsədi dinin haram buyurduğunu inkar etmək deyil,
onların məsxərə və məzhəkə olunması olub.
Belə hekayələri yazmaqdan məqsəd
islam tarixində vəzifəpərəst şəxslərin öz məqsədlərinə çatmaq üçün hər vasitədən
istifadə etdiklərini göstərməkdir. Digər tərəfdən həmin düşüncədə olanlar da
vardır ki, hakimiyyət əldə etmək üçün o qədər gücə malik olmasalar da onların
əhatəsinə toplaşaraq hakimiyyətə çatmaq yolunda onlara yardım göstərirlər. Hələ
Peyğəmbər (s)-ın vəfatından 30 il keçməmiş, yenicə şəhid edilmiş təqvalı, abid
(zahid) və mə’sum xəlifənin xatirəsi zehnlərdən silinməmiş peyğəmbər canişinliyi
iddiasını edən bir şəxs onun sünnəsini necə də əldə oyuncağa çevirir.
O günün müsəlman icması da
tamahkarlıqdan və yaxud da qorxudan onun bu işinin doğruluğunu təsdiq edir və
susurdular. Halbuki, həmin vaxt Şamda Peyğəmbəri görüb onun sözlərini eşidən
əlli nəfər səhabə yaşayırdı.
ZİYAD KUFƏDƏ
Ziyad əldə etdiyi fəxr müqabilində
tam surətdə Müaviyəyə tabe oldu. O, ilk dəfə Bəsrənin, sonra şərq əraziləri
əlavə olmaqla Kufənin də hakimi oldu. Ziyad bu məntəqənin əhalisi ilə layiq
olduqları tərzdə rəftar edirdi.
O, hicrətin 45-ci ili Rəbiül-axər
ayında Bəsrəyə daxil oldu. İlk olaraq camaatın gözünü qorxutmaq üçün “bətra”
adlı məşhur xütbəsini oxuyub belə dedi: “And olsun Allaha, qul günah etmiş olsa
əvəzinə ağanı, səfərdə olan adamın günahı olsa əvəzində qalanını, xəstənin
yerinə isə sağlamı tutacağam, hətta o dərəcəyə qədər qəddar olacağam ki, məni
görəndə qorxunuzdan nəfəs çəkə bilməyəsiniz. Axşam evindən bayıra çıxanların
qanını tökəcəyəm. Əlimdən və dilimdən amanda qalmaq istəsəniz, əlinizi və
dilinizi məndən qoruyun.” Bir-iki nəfərin onun sözlərini tərifləməsindən mə’lum
olur ki, Ziyad bu camaatı yaxşı tanıyırmış. Çünki camaat qaba, sərt rəftar
gördükdə itaətcil, mülayim rəftar gördükdə isə kobud hərəkət edərlər. Bu xütbəni
eşitdikdən sonra hər kəs nə edəcəyini anladı, onların başı üzərindəki hakimin
onlara tanış olan bir tərzdə danışdığını gördülər. Tutmaq, zindana atmaq,
bağlamaq və öldürmək başlandı. Ziyad xiftən namazından sonra birinə “Bəqərə” və
ya digər surənin oxunmasını tapşırar və surənin oxunuşu sona yetərkən gözdən
itənə qədər camaata möhlət verib, asayiş qoruyucusu başçısına küçə-bazarda
gördüyü adamları öldürməyi tapşırardı! Bir gecə səhrada yaşyan bir nəfəri onun
yanına gətirdilər. Ziyad ondan soruşdu:
Mənim əmrimi eşitməmisənmi?
And olsun Allaha yox.
Düz deyirsən, ancaq səni öldürmək
camaatın xeyrinədir. Sonra isə boynunun vurulmasını əmr etdi.
Ziyad günahsızı günahkarın yerinə
tutacağını dediyinə görə hər kəs öz canının qorxusundan başqaları üçün qoruqçu
olmuşdu. Camaatın təbiəti ilə uyğun olan bu acı siyasət Bəsrəyə, Kufəyə hətta bu
şəhərlərlə əlaqəsi olan yollara belə rahatlıq və asudəçilik gətirirdi. Belə ki,
hətta birinin cibindən bir şey düşsəydi başqası cür’ət edib onu götürməzdi. Bu
dövrdə camaat o dərəcədə arxayın idi ki, axşamlar qapılarını belə bağlamazdılar.
Hicrətin əllinci ili Muğeyrə
öldükdən sonra Müaviyə Kufənin də hakimiyyətini Ziyada tapşırdı. Ziyad ilin yarı
hissəsini Bəsrədə, qalan hissəsini isə Kufədə keçirdi. Onun bu şəhərdə
törətdikləri heç də Bəsrədə törətdiyi faciələrdən az olmamışdır.
Ziyad şərqdə iki dəstə qoşun
toplamışdı ki, onun biri Xorasandan Lahura qədər irəliləmiş, o birisi isə
Amurdəryanın o biri sahilinə qədər getmişdir. İlk dəfə türklərlə vuruşan bu
qoşun olmuşdur.
YEZİDİN VƏLİƏHD OLMASI
Müaviyə öz hakimiyyətinin ikinci
onilliyinin başlanğıcında yenidən islamda bid’ət qoydu, elə bir bid’ət ki, o
özündən sonra bütövlükdə müsəlman ölkələrində 13 əsr davam etdi. Bildiyiniz
kimi, Peyğəmbər (s)-ın vəfatından sonra bir dəstə müsəlman (ənsar və mühacir)
bəni Saidə eyvanı altında toplaşıb söz-söhbətlərdən sonra Əbu Qəhafənin oğlu Əbu
Bəkri xilafətə seçdilər və o, vəfat etdikdən sonra onun sifarişi ilə Ömər bu
vəzifəni öz üzərinə götürdü. Yazırlar ki, onun da hakimiyyəti mühacir və ənsarın
razılığı ilə olumuşdur. Osmanı altı nəfərdən ibarət şura, Əli (ə)-ı isə Mədinədə
yaşayan ümumi müsəlmanlar seçdilər. Göründüyü kimi, bu dörd nəfərdən heç birisi
hakimiyyəti özündən əvvəlki xəlifədən miras olaraq əldə etməmişdir. Həzrət Əlini
Peyğəmbərdən sonra fasiləsiz və haqq xəlifə qəbul edən şiə məzhəbinin
davamçıları, o həzrəti Peyğəmbərə yaxın qohum bildiklərinə görə bu mənsəbə layiq
olduğunu demirlər. Bəlkə onun elminə, fəzilətinə, təqvalı və mə’sum oluduğuna,
bir də Peyğəmbərin vida həccində Ğədir-xumda söylədiyi açıq-aydın ifadəyə əsasən
imam bilirlər. Ancaq Müaviyə xəlifət məsələsini bir-birinə vurub keçmiş
cahiliyyət adət-ən’ənəsini yenidən dirçəltdi. Çünki o, tezliklə öləcəyini
bilirdi, hakimiyyətin öz sülaləsinin əlində qalmasını istəyirdi. Camaat yaxşı
tanısa da işin asanlıqla irəli gedəcəyini düşünmürdü. Peyğəmbər dövründən ötən
bu əlli il müddətində hakimiyyət miras olaraq əldən-ələ keçməmiş, Peyğəmbərdən
sonra bu vəzifəni öhdəsinə götürənlər yaşlı olmuş və təqvalı ömür sürməkdə
şöhrət tapmışlar. Bu vaxtlar Yezidin yaşı otuzdan az olardı. Deyirlər Müaviyə
bə’zi vaxtlar Qüreyş cavanlarını, xüsusilə Haşimi cavanlarını tərif edib
deyərdi. Əli ibni Hüseyn (ə) xəlifəliyə ən layiqli adamdır. O, rəqibini üzdə
tərifləməklə yaşlıların xəlifəliyini xatirlərdən silib, yerinə cavan bir nəfərin
də müsəlmanlara xəlifə olmasının mümkünlüyünü qəbul etdirmək istəyirdi. Müaviyə
çalışırdı ki, öz məqsədini həyata keçirən gün, yə’ni Yezidi vəliəhd tə’yin
edəndə camaat bu hadisəni normal bir iş kimi qəbul etsinlər.
O, yavaş-yavaş tədbir görməyə
hazırlaşırdı, ətrafına yığılanlar da bu işdə ona köməklik göstərirdilər. İbni
Əsir yazır: Muğeyrə ibni Şö’bə Müaviyənin onu Kufənin əmirliyindən çığaracağını
eşitcək dərhal özünü Şama yetirmiş və Müaviyənin görüşünə getməzdən əvvəl
Yezidin yanına gedib belə demişdi: Mən düşünürəm ki, peyğəmbər səhabələri və
Qüreyşin ağsaqqalları ölmüş, onların yerini isə övladları tutmuşdur. Müaviyə də
bir gün öləcəkdir. Sən də onun yerini niyə tutmayasan? Məgər sən başqalarından
əskiksənmi? Nəyə görə atan camaatdan sənin üçün bey’ət almır? Yezid belə bir
sevdada olsa da onun həyata keçməsinə ümid etməyərək dedi:
Belə bir işin həyata keçməsini
mümkün sayırsanmı?
Niyə də mümkün olmasın!
Yezid əhvalatı Müaviyəyə çatdırdı
və o, da Muğeyrədən soruşdu:
Bu işi kim həyata keçirəcək?
Kufə camaatının bey’ətini mən,
Bəsrə əhalisinin bey’ətini isə Ziyad öhdəsinə götürür. Çünki bu iki şəhər belə
bir işi qəbul etsələr, artıq heç kəs e’tiraz etməyəcəkdir.
Müaviyə dedi:
Öz işinizə qayıdın və bu barədə
ancaq e’tibar etdiyiniz şəxslərlə söhbət edin.
Muğeyrə Dəməşqdən Kufəyə dönərək
hazırlıq görməyə başladı. Deyilənlərə görə bir nəfər ondan bu barədə xəbər
aldıqda belə dedi: Müaviyənin ayağını dərin bataqlığa salmışam, müsəlmanların
üzünə bir qapı açmışam ki, heç vaxt bağlanmayacaq. Muğeyrə ilk olaraq bəni
Uməyyə havadarlarını özü ilə əlbir edib satın alınması mümkün olan ağıllı
şəxsləri bir-bir razı saldı. Sonradan oğlunun başçılığı ilə bir dəstə adamı
Dəməşqə Müaviyənin yanına göndərdi ki, ondan Yezidin vəliəhd seçilməsini
istəsinlər. Müaviyə zahirdə bu məsələyə soyuqqanlıqla yanaşaraq onlara belə
dedi: Bu məsələ barədə tələsməyin. Sonra Muğeyrənin oğlundan soruşdu:
Atan bu camaatın dinini (əqidəsini)
necə satın alıb?
O, dedi: Hər birini otuz dirhəmə
razılaşdırıb.
Ucuz ticarət edib.
Sonda müvafiq şərait hazır olduqdan
sonra Müaviyə öz arzusuna çatdı. Deyilənlərə görə o, Şamın inzibati idarəsinin
rəisi Zöhan ibni Qeysə belə dedi: Əyalətlərin nümayəndələri toplandığı məclisdə
mən sükut edəcəyəm. Yezidin vəliəhd olmasını gərək sən tələb edəsən! Zöhvan da
belə etdi. Yezid ibni Muqənnə’ Müaviyəyə işarə edib dedi: Əmirəl-mö’minin budur.
Əgər o, ölsə budur (Yezidə işarə edərək), hər kim qəbul etməzsə budur (öz
qılıncına işarə edərək) dedi. Müaviyə dedi ki, sən əyləş, çünki xətiblərin
böyüyüsən. Əmr ibni Səid Əşdəq qısa çıxış əsnasında dedi: Yezid elə
arzuladığımız şəxsdir, istədiyimiz ədalət də onda var. Və bu sözlərdən sonra
dinlərini satıb dünya alanlar məclisi daha da qızışdırdılar. Yezidi onda olmayan
sifətlərlə tərif edib eyiblərini isə ondan uzaqlaşdırdılar. Məkkə və Mədinədə də
Əməvilər və onların havadarları camaatın ağzını yumdular.
Mərvan Mədinə əhalisindən Yezid
üçün bey’ət almaq istədiyi gün belə dedi: Müaviyə bu işdə Əbu Bəkrin üslubundan
istifadə etmişdir. Cəmiyyətin arasında yalnız Əbu Bəkrin oğlu Əbdürrəhman
məscidin küncündən qışqıraraq dedi: Yalan deyirsən, Əbu Bəkr övladlarını və
qohumlarını hesaba almayıb bəni Ədidən olan bir nəfəri müsəlmanlara xəlifə
tə’yin etdi. Mərvan onun cavabında “Əhqaf” surəsinin on yeddinci ayəsini
oxuyaraq dedi: Bu ayə Əbdürrəhman barəsindədir, çünki o, ata-anasını
incitmişdir. Beləliklə qızıl və zor gücünə islamda başqa bir bid’ət də meydana
gəldi.
MÜAVİYƏNİN ƏLİ ŞİƏLƏRİ
İLƏ SƏRT DAVRANMASI
Müaviyə həzrət Əlinin (ə) təqva və
ədalətinin tezliklə xalqın xatirəsindən silinəcəyini bilirdi. Bə’zi şəxslərin
Əli (ə)-a və ailəsinə tərəfdar olub ona qarşı çıxacağını da bilirdi. İraq
yavaş-yavaş Qəhtani tayfasının əsas mərkəzinə çevrilmişdi. Bədr döyüşündə
Müaviyənin yaxın qohumlarını öldürən də ənsar olmuşdu. Süffeyn müharibəsində
Şama ağır zərbə vuran da İraq olmuşdu. İraq əsrlər boyu siyasi və iqtisadi
hakimiyyətə sahib olmaq, Hind okeanından Aralıq dənizinə qədər uzanan ticarət
yolunu əldə etmək üçün Şamla münaqişədə olmuşdur. Müaviyə bu əhalini tənbeh
etmək üçün bir tərəfdən öz nümayəndələrinə yazıb bildirdi ki, Əlinin şiələrinə
işkəncə verməkdən çəkinməsinlər, digər tərəfdən isə xətiblərə minbərdə Əlini
təhqir etmələrini tapşırdı. Muğeyrəni Kufəyə hakim tə’yin edən zaman ona dedi:
Sənə bir neçə tapşırıq vermək istəyirəm! Əlini söyməkdən və Osmana rəhmət
oxumaqdan çəkinmə, həmçinin bacardıqca Əlinin tərəfdarlarında eyib tut.
Ondan sonra xətiblər hər namazdan
sonra Əlinin (ə) adını hörmətsizcəsinə yad edər, dinini dünyaya satmış hədis
rəvayətçiləri də onu razı salmaq üçün Əli (ə)-ın barəsində məzəmmətedici,
Əməvilərin isə fəziləti barədə hədis qoşmaqdan usanmadılar.
Əli (ə)-ın şəhadətindən sonra
İraqın ağsaqqalları onun yanına gedəndə onları təhqir edər, onların aşağı
nəsildən olduqlarını və ağır yaşayış tərzlərini başlarına qaxınc edərdi. Bə’zi
vaxtlar İraqlılar ona layiqli cavab verərdilər. Müaviyənin Əli şiələrinə qarşı
ən çirkin rəftarı Hucr ibni Ədini öldürmək olmuşdur. Çünki zahid və dindar olan
bu şəxs bir gün məsciddə xətibin Əli (ə)-a söyüş söydüyünə e’tiraz etmişdi.
Ziyad ondan Müaviyəyə şikayət etmiş və Müaviyə də onu Şama göndərməyi əmr
etmişdir. Ziyad Hucr ilə bir neçə nəfəri qandallayıb Şama yollayarkən onların
yolda boyunlarını vurmuşdular.