ŞƏRQ MƏNTƏQƏSİ
Digər nahiyələrdən, xüsusilə də
şərq nahiyəsi barədə əlimizdə çox az mə’lumat vardır. Bu ərazinin tarixi uzun
illər boyu araşdırılmamış qalmışdır. Buna görə də bu ərazidə bir-birinin ardınca
baş vermiş hadisələrə dəqiq münasibət bildirmək olmur. Lakin bu dəyişikliklərin
orada nəzərə çarpacaq dərəcədə tə’sir buraxmasını güman etmək olmaz. Əsrlər boyu
təşkilata malik olan geniş bir ərazinin dağıldıqdan sonra az bir zamanda yenidən
formalaşması üçün uzun illərin ötməsi lazım idi. Ancaq bir şey aydındır ki, o
zaman şərq nahiyəsi bütövlükdə Kufənin ardınca gedirdi. Əgər Şamın və Müaviyənin
müxalifətini nəzərə almasaq, bu illər boyu geniş islam dairəsinin müqəddəratını
tə’yin edən Kufə şəhəri olmuşdur. Yenidən Kufəyə dönək.
ƏLİ (Ə)-IN ŞƏHADƏTİNDƏN
SONRAKI KUFƏ
Əvvəldə yazmışdıq ki, Əli (ə)-ı
dəfn etdikdən sonra Kufədə şiələr onun oğlu imam Həsən (ə)-la bey’ət etdilər.
Lakin o həzrətin xilafətinin ilk günündən problemlərlə üzləşəcəyi aydın idi. O,
ilk növbədə Kufədə təhlükəsizlik yaratmalı, Misirə, Hicaza və şərq nahiyəsinə (Xorasan,
Azərbaycan və sair) hakimlər seçməli idi. Ən başlıcası isə Müaviyəni işdən kənar
edib Şam problemini həll etməli və ya onun İraqa uzanan əlini kəsməli idi. Hələ
Əli (ə)-ın dövründə Şam problemi çox ağır bir məsələ idi. Müaviyə özünü
müsəlmanların xəlifəsi e’lan etdikdən sonra bu məsələ daha da çətinləşmişdi.
Dəməşqin işi asanlıqla həll olunası bir problem deyildi. İmam Həsən (ə) hansı
qüvvə ilə Müaviyəyə qarşı vuruşacaqdı? O, atasının ömrünün son günlərində İraq
əhalisini Müaviyə ilə mübarizəyə çağıran zaman onun çağrışına cavab verənlərin
az olduğunu görmüşdü. Şamı hesaba almasaq belə, əlçatmaz və geniş əyalətlərdəki
böyük və məs’uliyyətli dövlət işlərini kimə həvalə edəcəkdi? Bu vəzifənin
öhdəsindən gələ biləcək imanlı, işbilən, şücaətli və bunların üçündən də mühüm
hesab edilən tamahsız müsəlmanlara ehtiyac duyulurdu. Onun ətrafına
toplaşanların əksəriyyəti düzgün iman sahibi deyildilər. Müaviyənin
ətrafındakılara verdiyi saysız-hesabsız peşkəşlər onların gözünü heyrətə
salmışdı. Bunlar atası Əli (ə)-ın ürəyini qana döndərən əhali idi. Artıq az bir
müddət ərzində qruplaşmalar müəyyən olmuşdu. Bəsrədən və Osmanın
tərəfdarlarından da bir şey gözləmək olmazdı, çünki onlar Müaviyədən əl çəkən
deyildilər. Xəvaric də ona müvafiq üz göstərməyəcəkdi, onlar ötən il sadə bir
şeyi özlərinin təsəvvürünə görə xoşagəlməz bilib onun əleyhinə idilərsə, bu il
daha böyük məsələləri iddia edib hakimiyyət və xilafət istəyində idilər. Onun
arxası yalnız şiəlik iddiasında olanlar idisə də, onların da bir çoxu özünü
yalnız zahirdə şiəyə oxşatmışdı. O kəslər imamın atasını Hicazdan İraqa çağırıb
sonda onu tək qoyanlar, ya onunla üzləşib ikiüzlü rəftar edənlər olmuşlar.
Özlərini şiə cildinə salanlar həmin
siyasi dəstələr idi ki, onların dini cəbhədə durumaqla nə məqsəd güddüklərini
yuxarıda qeyd etmişdik. Təbiidir ki, belə insanlar ataya göstərdikləri
münasibətdən oğula da göstərəcəkdilər. Lakin saf ürəkli, əqidəsində möhkəm olan,
atasının və özünün sadiq sirdaşları sayılan şiələr bə’zi hallarda bu
saxtakarların yalanına uyub onların tələsinə düşürdülər. Çünki onlar təsəvvür
edə bilmirdilər ki, bir belə hay-küylü qalmaqal Allah razılığı üçün deyil,
dünyəvi məqsədlər üçün də ola bilər. Digər tərəfdən Müaviyə də sakit
oturmamışdı. Onun muzdurları Hicazda, Misirdə, hətta İraqın daxilində belə, əks
təbliğatla məşğul idilər. Qəbilə başçılarını ələ almaqla, rüşvət vermək və ya
onları öldürməklə, İraq ərazisində şayə və yalan yaymaqla, sərhəd şəhərlərini
qarət edib sakinlərini qorxutmaqla, Müaviyənin əli açıqlığı, zirəkliyi və
hökuməti idarə etməkdə xüsusi bacarığa malik olması haqda əfsanələr uydurmaqla
məşğul idilər. Bütün bunların hamısı İraqı ələ keçirmək üçün Müaviyəyə kömək
idi.
Müaviyə öz qoşunu ilə İraqa
yaxınlaşaraq Məskində mövqe tutdu. Əli (ə) ömrünün son günlərində Şama hücum
etmək üçün qoşun toplamışdı, bu qoşun öz vəzifəsini yerinə yetirməli idi. Lakin
sərkərdə kim olmalı idi? Sə’d ibni Ubadə, ya Əş’əs ibni Qeysm və ya Abbasın oğlu
Ubeydulla? Qeys Şama tərəf getməyə hazırlaşdı, imam Həsən (ə) isə Mədainə
yollandı. Lakin qoşunun içərisində hər gün yeni xəbərlər eşidilirdi. Bir gün
Qeysin öldürülrmək xəbəri yayıldı. Bu xəbərin yayılması ilə qoşunun içində
çaxnaşma baş verdi.
Əhali İmamın çadırına hücum edib
oradakı əşyaların hamısını qarət etdilər, hətta ayaq altına salınan palazı belə
çəkib apardılar. İmam bir yerə sığınmaq üçün yola düşdükdə yolda ona hücum edib
qılıncla ayağını yaraladılar. Təbəri yazır: Həsən (ə)-ın çadırı qarət edilən gün
o, Sə’d ibni Məs’ud Səqəfinin (Muxtarın əmisi) evinə getdi. Sə’d İmam tərəfindən
Mədainə hakim tə’yin edilmişdi. Bu vaxtlar cavan oğlan olan Muxtar Sə’də dedi:
Sərvət və şərəf sahibi olmaq
istəyirsənmi?
Necə?
Həsəni tutub Müaviyəyə təslim et və
bunun müqabilində nə qədər pul istəsən ondan al!
Allah sənə lə’nət etsin! Nə pis
adamsan!
Peyğəmbər nəvəsini onun düşməninə
necə təslim edim.
Muxtar 25 il sonra Kufədə Əməvilər
əleyhinə baş vermiş hərəkata rəhbərlik etmişdir (onun barəsində geniş söhbət
açacağıq). Bəlkə də sonrakı dastan qoşanlar (Zübeyrin oğlunun havadarları)
Muxtara bu töhməti vurmuşlar, lakin bu mə’lumatın doğru olması da mümkündür.
Ancaq hər halda bu mə’lumatlardan bir şey aydın olur ki, hər bir hərəkatda
dəyişkən və sabit qalan ünsürlər mövcud olur. O günlər Kufədə müsəlmanların
ümumi asayişindən daha çox öz mənfəətlərini güdən bir dəstə də var idi.
İmam Həsən (ə) dostluq iddiası
edənlərin itaətsizliyini və özbaşnalıqlarını gördükdə, müqavimət göstərməyin
faydasız olduğunu hesab etdi. Əgər Müaviyəyə qarşı müqavimət göstərib qoşuna
(əgər onun ətrafında qoşun qalmış olsaydı) irəli getmək əmri versəydi belə,
onlar Mədaindən çıxmamış qaçardılar. Muxtarın öz əmisinə təklif edərək onun
qəbul etmədiyi fikri yerinə yetirərdilər, yə’ni imamı tutub düşməninə təslim
edərdilər. Nəhayət imam Həsən (ə) Müaviyə ilə sülh sazişi imzaladı.
SÜLH SAZİŞİ
Sülh sazişinin mətni və orada qeyd
olunmuş şərtlər nədən ibarət olmuşdur? Allah bilir. Bu sazişi əldə olunan
vaxtdan kitablarda yazılan günə qədər 200 il vaxt keçmişdi. Bu ötən 200 il
ərzində Əməvilər, sonra isə Abbasilər sülaləsi, həmçinin siyasi və
siyasi-məzhəbi dəstələr bacardıqca bu sənədi və buna oxşar digər sənədləri
özlərinə sərf edən və müxaliflərinin zərərinə olacaq surətdə dəyişdirmişdilər.
Mühəddislərin hədisi qəbul etmək üçün söylədikləri şərtlər də həqiqəti
işıqlandırmır. Hədis düzəldib dillərə salan şəxs mümkün qədər çalışıb onun
mətnini və sənədini araşdırmağın yolunu da bağlayırlar. Belə hadisələri
araşdırmaq üçün xarici amilləri də nəzərdən qaçırmaq olmaz.
Təbəri yazır: Müaviyə əvvəldə,
sonunda möhür vurulmuş ağ kağızı imam Həsən (ə)-a göndərdi, İmam da öz
şərtlərini ona yazıb Müaviyəyə qaytardı. Müaviyənin göndərdiyi möhürlü ağ kağız
ona yetişdikdə, birinci məktubda yazdığı şərtlərdən daha üstün şrtlər tələb
etdiyindən Müaviyə onu qəbul etmədi. İbni Əsir də bu hadisəni elə bu məzmunda
qeyd etmişdir. Şübhə yoxdur ki, bu əhvalatı bu formada Əməvi dövrünün
tarixçiləri özlərindən yazmış, həqiqəti dəyişdirərək əvəzində yerinə yalan
əlavələr etmişlər. Mən bu kitabda, həmçinin digər yazılarımda qeyd etmişəm ki,
birinci və ikinci əsrin hadisələrini təhlil edərkən yalnız üçüncü və dördüncü
əsrlərdə toplanmış sənədlərə istinad etmək olmaz. Tam qətiyyət əldə etmək üçün
xarici amillərin də köməyinə ehtiyac duyulur. İmam Həsən ibni Əli (ə)-ın
həyatını qərəzsiz araşdıranlar çox gözəl bilirlər ki, o, şiələrin əqidəsinə görə
də imam olmasına baxmayaraq insani keyfiyyətlərə malik yüksək əxlaqlı bir şəxs
olmuşdur. O, baş verəcək döyüşdə çoxlu qan axacağını, Müaviyə ilə müharibənin
heç bir nəticə verməyəcəyini biləndən sonra onunla sülh sazişi bağlamışdır. O,
sövdəgər deyildi ki, mal üstündə alıcı ilə söhbət edə və ya malının yaxşı
satıldığını görüb qiymətini qaldıra. O, elə bir əxlaqi keyfiyyətə malik bir
insan idi ki, düşmən də onu e’tiraf etməyə məcbur idi. Əgər Müaviyənin möhür
vurulmuş o ağ kağızı imam Həsən (ə)-a göndərməsi hekayəsi düzgün olsa, onda
demək lazımdır ki, imam Həsən (ə) şərtləri yazaraq Müaviyəyə qaytarmış, o, da
son arzusuna - müharibənin olmayacağı arzusuna çatdığına və sazişdə qeyd olunmuş
şərtlərin heç birinə əməl etməyəcəyinə görə belə yalanlar qoşub xalq arasında
yaymışdır. Təəccüblü burasıdır ki, Təbərinin yazdığı sülh sazişinin surəti
tarixi faktdan çox əfsanəyə oxşayır. Bu belə olduqda indi görün xarici
rəvayətçilər nə yazarlar. Təəssüflər olsun ki, bu təhrif edilmiş qondarma sülh
sazişi ölkəmizdəki dərsliklərdə də çap edilmiş, tarixçilər və müəlliflər hüsnü
rəğbət göstərərək bütövlükdə onun hamısını yazmışlar. İmam Həsən (ə) bu şərtlə
Müaviyəyə bey’ət etdi ki, Əlini mənbərlərdə söyməsinlər, bir də Kufənin
xəzinəsini (beytül-malını), həmçinin Farsın Darabgerd əyalətinin vergisini
İmamın ixtiyarına versin. Müaviyə Əli (ə)-a töhmət vurmaq şərtini qəbul etməsə
də qərara alındı ki, Həsən (ə)-ın yanında Əliyə (ə) nalayiq sözlər deyilməsin.
Lakin Darabgerdin vergisini Bəsrə əhalisi zəbt edərək dedilər ki, bu gəlir
bizimdir. Daha təəccüblü burasıdır ki, müasir təhlilçilər də imam Həsən (ə)-ın
bu mal-dövlətlə şiələrə dəymiş ziyanı bərpa etmək istəyini yazırlar.
Bu sadəlövh tarixçilər bir şeyə
diqqət yetirmirlər ki, əgər imam Həsən (ə) mal-dövlətə görə Müaviyə ilə belə
asan sülh sazişi bağlasaydı onun tərəfdarları onu sağ buraxmaz, ya da onunla elə
tərzdə rəftar edərdilər ki, hətta müsəlman şəhərlərində asudə yaşaya bilməzdi.
Kufə hara Darabgerdin vergisi hara?! Məgər İmam bu məbləği Şamın xəzinəsindən
ala bilməzdimi? Müaviyə bu məbləği əsirgəyərdimi? Sülh sazişinin özəyini təşkil
edən o əsas şərtlər bəs haradadır? Nə üçün Təbəri onların adını çəkmir?
Bu saxta sənədlər müqabilində
həqiqəti açıqlayan bir neçə sənəd də varımızdır. Bu sənədlər göstərir ki, Əməvi
və Abbasi dövrünün tarixçiləri hər hansı bir əhvalatın Peyğəmbər (s) ailəsinin
mənfəətinə olduğunu gördükdə onu dəyişdirmişlər. Bəlazurinin yazdığı Təbəriyə
nisbətən üstün və düzgün nəzərə çarpır.
O, yazır: Müaviyə möhür vurduğu ağ
kağızı imam Həsən (ə)-a göndərdi. O, bununla demək istəyirdi ki, kağızda ürəyin
istəyən şeyi yaz.
Bu Həsən ibni Əli (ə)-la Müaviyə
ibni Əbu Süfyan arasında bağlanan sülh sazişidir. Onunla barışıq edib
müsəlmanların hakimiyyətini aşağıdakı şərtlərlə ona tapşırır:
Allah kitabına, peyğəmbər sünnəsinə
və dinin əmrlərinə uyğun hərəkət edən xəlifələrin əxlaqına əsasən rəftar etsin.
Heç kəsi özünə vəliəhd (varis) tə’yin etməsin və ondan sonra iş müsəlmanların
şurasına tapşırılsın.
Xalqın harada olmasından asılı
olmayaraq canı, malı və övladları qorunmalıdır.
Müaviyə istər aşkarda, istərsə də
gizlində Həsən (ə)-ın əleyhinə təxribat aparmamalı, onun yaxınlarından heç bir
kəsi qorxutmamalıdır.
Abdullah ibni Haris və Əmr ibni
Sələmə bu sülh sazişinə şahiddirlər.
İbni Həcər sülh sazişinin mətnini
belə yazır:
Bu sülh sazişi Həsən ibni Əli
(ə)-la Müaviyə arasında bağlanmışdır. Onunla sülh bağlayıb aşağıdakı şərtlər
əsasında müsəlmanların hakimiyyətini ona tapşırır:
Allah kitabı, Peyğəmbər sünnəsi və
Raşidi xəlifələrinin əxlaqı əsasında rəftar etsin.
Müaviyə ibni Əbi Süfyanın özündən
sonra hər hansı bir şəxsi vəliəhd tə’yin etməyə haqqı yoxdur, ondan sonra iş
müsəlmanların şurasına tapşırılsın.
Şamda, İraqda, Hicazda və ya
Yəməndə və hər bir ərazidə yaşayan xalqın təhlükəsizliyi qorunmalıdır.
Əli dostları və şiələri harada
olsalar da onların canı, malı, həyat yoldaşları və övladları qorunmalıdır.
Müaviyə ibni Əbi Süfyan Allah
əhdini və sazişini öz üzərinə götürərək gizlində və aşkarda Həsənin və
qardaşının və ya Peyğəmbər ailəsindən olan hər hansı bir kəsin əleyhinə təxribat
aparmamalı, onlardan hər hansı birinin harada olmasından asılı olmayaraq
qorxutmamalıdır. Filankəs və filankəs bu sülh sazişinə şahiddirlər.
Bu mətn yazılan sülh sazişinin əsl
mətni olmasa da, demək lazımdır, o sülh sazişi təqribən bu məzmunda olmuşdur.
Dövrün mövcud şəraiti bu nəzəri təsdiq edir. Belə ki, Müaviyə işləri elə qurmağa
çalışırdı ki, müharibə baş tutmasın. O, deyərdi: Müharibənin ziyanları ona-buna
bağışlanan sərvətdən daha artıqdır. Yeri gəlmişkən bunu da qeyd etmək lazımdır
ki, ilk gündən o, sülh sazişində yazılanların hamısını olduğu kimi yerinə
yetirilməyəcəyi qərarına gəlinmişdi. Belə ki, Müaviyə Kufəyə yollanaraq
Nuxəylədə belə dedi: Bilin və agah olun ki, Həsən ibni Əli (ə)-a verdiyim
imtiyazın hamısını tapdalayacağam.
Hər məzmunda və ya hər bir
şərtlərlə imzalanmış sülh sazişi Kufədə, bütövlükdə İraq əhalisində narazılıq
yaratdı. Din pərdəsi arxasında gizlənən siyasi dəstə Şamın İraqa qalib gəlməsini,
paytaxtın Dəməşqdən Kufəyə qayıtmadığını gördükdə həddən artıq narahat oldular.
Həqiqi dindarlar da Əbu Süfyan oğlunun müsəlmanlara hakim olmasını qəbul edə
bilmirdilər. Onlar Əbu Süfyanın islam dininə qarşı son qüvvəsinə qədər
vuruşmasını, onun qohumlarının müsəlmanlara verdikləri əzab-əziyyətlərin şahidi
olmuş, onların yalnız qılınc təhlükəsini hiss etdikdə müsəlman olduqlarını
görmüşlər. İndi heç rəva idimi ki, islama və islam peyğəmbərinə çətin günlərdə
yardımçı olmuş ənsar və mühacirə belə bir ailənin üzvləri hakimlik etsin.
E’tiraz səsləri eşidilməyə başlandı. İbni Əsirin yazdığına görə barışıq sazişi
bağlanandan sonra bir nəfər imam Həsən (ə)-ın yolunu kəsib belə dedi: Sən bu
işinlə müsəlmanların üzünü qara etdin. Və o həzrət cavabında belə buyurdu: Biz
elə bir sülalədənik ki, olacaqla üzləşdikdə ondan əl çəkmirik. Mən babamdan belə
bir günün gələcəyini eşitmişdim. Babam Peyğəmbər (s) buyurmuşdu: Yuxuda bəni
Uməyyənin mənim mənbərimin üstünə çıxdığını görmüşəm.
Zəmanə imamına olan belə bir
münasibət və bu sözlər onların həmin hadisədən, sülh sazişindən nə dərəcədə
narahat olduqlarını və ya onların öz rəhbərlərinə olan imanlarını göstərir.
Lakin görəsən döyüş baş tutsaydı şəxsən o kişi və onunla həmfikir olanlar
dedikləri sözün üstündə həqiqətən duracaqdılarmı? Bəli, imtahan meydanında
dindarların sayının az olacağı qəti bir məsələ idi.
Sülh sazişi bağlandıqdan sonra imam
Həsən (ə) yaxın adamları ilə birgə Mədinəyə dönüb ömrünün sonunadək dost və
düşmənin tə’nəsinə dözməli oldu. Hicri tarixi ilə 49-cu ildə Müaviyənin tərtib
etdiyi plan üzrə o həzrətə zəhər verib şəhid etdilər.