ƏLİ (Ə)-IN
ŞƏHADƏTİNDƏN SONRA İSLAMIN ƏHATƏ DAİRƏSİ
ƏSL HƏQİQƏTDƏ
XƏVARİC NƏ İSTƏYİRDİ?
Qeyd etdiyimiz kimi, xəvaric
dəstəsi əvvəldə hakim tə’yin etmək məsələsi ilə razılaşdılar. Lakin bir neçə ay
ötəndən sonra Allah dinində hakim tə’yin etdiyinə görə Əli (ə)-a irad tutdular.
Əli (ə) bundan sonra onlara: “Biz şamlılarla döyüşə hazırıq, lakin müvvəqqəti
barışığın müddəti başa çatmalıdır” dedikdə, onlar qəbul etmədilər.
Dini işlərdə ifrata varanlar
görəsən “əhdlərinizə vəfa edin” ilahi kəlamından xəbərsiz idilərmi? Biz tarixi
mə’lumatlarda yalnız bir neçə sənədlərlə kifayətlənsək onların rəylərini
dəyişdirməsindən heyrətə düşərik.
Doğrusu xəvaric hər iki tərəfdən
hakim tə’yin olunmasını qəbul edəndən son həddə qədər, yə’ni Əli (ə)-dan
uzaqlaşana qədər bir sözün üstündə durmamışlar. Onlar əvvəldə bir şeyi qəbul
etsələr də sonda başqa bir şeyi tələb etdilər. İllər boyu tarixçilər bu iki
əqidəni bir-birinə qarışdırıb onun bir problem olduğunu qeyd etmişlər. İlk
tarixi mənbələrdə də bu ikiliyə (iki aspektə) işarə olunmamışdır, ancaq
hadisələri dəqiq şəkildə tədqiq edib danışıqları araşdırsaq əsl həqiqət üzə
çıxacaqdır.
Dediyimiz kimi, Müaviyənin başında
xilafət sevdası dolanırdı. İraqı ələ keçirib dövrün xəlifəsini kənarlaşdırmaq
üçün hazırlıq görsə də bu istəyi aşkar şəkildə dilə gətirmirdi. Çünki
müsəlmanların xeyir və şərlərini həll edən mühacir və ənsarlardan yalnız
bir-ikisinin Əli (ə)-ın əleyhinə müttəfiq olduğunu görürdü. Əgər Əli (ə)-ın
imamətini qəti şəkildə qəbul etməsə də müsəlmanların sünnəsinə tabe olmaqdan
boyun qaçıra bilməzdi. Elə bu səbəbdən də o, Osmanın qisasını bəhanə edərək
deyirdi: “Əlinin ətrafındakılar Osmanı zalımcasına öldürmüşlər. Osmanın elə bir
günahı olmayıb ki, islam fiqhi ona ölüm hökmü tə’yin etsin. Mən bir qohum kimi
onun intiqamını alacağam. Osmanın qatillərindən qisas alınmalıdır, ancaq onlar
Əlinin ətrafına toplaşıblar. Bəs o, qatillərə sığınacaq verdiyi üçün Allah
hökmünü pozmuşdur”.
Osmanı öldürənlər deyirdilər: Osman
bir çox böyük günahlara əl atdığından onun cəzası ölüm olmuşdur.
Şam hakiminin xalqı aldadıb
müsəlmanları Qur’an hökmünə də’vət etməsindən məqsəd guya qiyamçıların Osmanı
düzgün və ya nahaq yerə öldürmələrini aydınlaşdırmaq idi. Qərara alındı ki,
hakimlər Allah kitabına və peyğəmbər sünnəsinə əsasən həqiqətin nədən ibarət
olmasını müəyyən etsinlər. Əgər Osman haqq olaraq öldürülmüş olsaydı Müaviyənin
onun intiqamını almağa ixtiyarı yox idi, yox əgər haqsız yerə öldürülmüş
olsaydı, o, məzlum xəlifənin intiqamçısı sayılacaqdı. Hər iki qoşunun müştərək
bir rə’yə gəldikləri məsələ bundan ibarət idi, sonralar xəvaric adı ilə
məşhurlaşmış dəstə də ilk əvvəl bu məsələni qəbul etmişdilər.
Təbəri yazır ki, Əş’əs ibni Qeys
barışıq sazişini İraq qoşununa oxuyan gün yalnız Urvət ibni Udəyy bu işlə
müxalifət edib dedi ki, sizin hakim tə’yin etməyə haqqınız yoxdur. Lakin
ətrafındakılar onun tərəfindən üzrxahlıq istədilər.
Şamın hakim tə’yin etdiyi nümayəndə
öz rə’yini söylədikdən sonra xəvaric qəzəblənib dedi: “Hakimiyyət yalnız Allaha
məxsusdur.”
Onlar nəyə görə belə deyirdilər? Bu
sualın cavabı aydınlaşmayıb. Bütövlükdə tarixi və qeyri tarixi sənədləri
araşdırarkən bu nəticəyə gəlmək olur ki, xəvaric, hakimlərin xilafət məsələsinə
qarışmasını və onun səlahiyyətinin müəyyən edilməsini Əli (ə) razılığı ilə
olduğunu düşünürdü. Xəvaric, hakimlərin onlara aid olmayan işə dəxalət
etdiklərini iddia edirdilər (xəlifə tə’yin etmək və ya çıxarmaq). Onlar bu
məsələni düzgün başa düşməmək ucbatından və ya pis niyyətli olduqlarından bu
səhv hakimliyin günahını dövrün xəlifəsinin ayağına yazaraq bu hakimliyin
məs’uliyyətini onun üzərinə qoyurdular. Onların nəzərincə xəlifənin
səlahiyyətlərini bütövlükdə müsəlmanlar tə’yin etməli idi. Ona görə də Əli (ə)
müsəlmanların ona verdiyi böyük məqamın səlahiyyətlərini tə’yin etməyi məxsus
bir şəxsin öhdəsinə qoya bilməzdi və gördüyü bu günah işə görə tövbə etməlidir.
Şübhəsiz onlar belə bir iş görmək
üçün hakim seçilməmişdilər, əslində arada heç belə bir məsələ də yox idi.
Hakimlər yalnız həddi aşaraq səlahiyyətləri çatmayan işə qarışmışdılar. Əli (ə)
da heç vaxt belə bir hakimliyi qəbul etməzdi, çünki bu məsələ sırf özbaşnalıq və
xəyanət idi. O həzrət yalnız barışıq müddətini sona çatmazdan əvvəl müharibənin
başlamasına razı deyildi. Ortada hansı hiyləgərliklərin olmasını aydınlaşdırmaq
üçün az da olsa burada izah verməyimiz lazımdır. Həqiqətdə Şam hakiminin
hiyləgərliyi və İraq hakiminin sadəlövhlüyü bu ixtilaflar üçün zəmin yaratmışdı.
İki hakim birinci dəfə görüşdükləri zaman Əmr ibni As Əbu Musa Əş’əridən
soruşdu:
“Bilirsənmi Osman məzlumcasına
öldürülmüşdür? Dedi: Bəli!
Bilirsənmi Müaviyə onun intiqamını
almaq istəyir? Dedi: Bəli!
Bəs nəyə görə Müaviyənin tərəfinə
keçmirsən”
Gördüyünüz kimi, ilk anda söhbət
Müaviyənin intiqam almağa hüququ olub-olmamağından gedirdi. Əgər hakimlər öz
həddlərini aşmasaydılar bəlkə də xəvaricin əməli bu şəkildə qurtarmazdı. Lakin
onlar xəlifəni tə’yin etmək və vəzifədən azad etmək işinə də qarışdılar. Son
görüşdə (məclisdə) ilk olaraq Əbu Musa Əli (ə)-ı və Müaviyəni xilafətdən kənar
etdikdən sonra Əmr ibni As dedi: “Mən də Əlini xilafətdən azad edib Müaviyəni
xəlifə tə’yin edirəm.” Əbu Musa acıqlanaraq dedi: “Bizim qərarımız belə
deyildi.” Beləliklə hər iki hakim bir-birlərini ağır sözlərlə söyüb təhqir
etdilər. İraqlılar artıq bundan sonra Müaviyə və onun tə’yin etdiyi hakimə
aldandıqlarını başa düşdülər. Elə buradaca xəvaric düşüncəsizlikdən və ya üzdə
özünü dost kimi aparan qoşun daxilindəki düşmənlərin təhrikləri ilə araya başqa
söz atdılar. Onlar öz əməllərinə belə don geyindirdilər ki, Əli (ə) hakim tə’yin
etməklə özünün xilafəti barəsində şübhəyə düşmüşdür. Müsəlmanlar Əli (ə)-a
bey’ət etmək ilə onu xəlifə seçmişlər, onun və ya başqasının xilafət barədə
hakimlik etməyə hüququ yoxdur. İbni Abbasla xəvaric arasında olan danışıqlara
bir nəzər salın:
“Niyə hakimin tə’yin edilməsinə
irad tutursunuz, bir halda ki, Allah-təala buyurur:
Bir sıra məsələlərdə Allah bəndəsi
hökm edə bilər, lakin bə’zi məsələlər vardır ki, xalqın o barədə hökm etməsi
rəva deyildir.”
Belə nəzərə çarpır ki, xəvaricin
son sözü müsəlmanların Əbu Musa ilə Əmr Ası Əli (ə)-ın və ya Müaviyənin xilafətə
layiq olmasını araşdırmaq üçün göndərmədikləri olmuşdur. Nəyə görə? Çünki
müsəlman cəmiyyəti Əli (ə)-ı xəlifə kimi qəbul etmişdi, Müaviyə və ondan
başqaları onun hakimiyyətini qəbul etməli idilər. Onun hakim tə’yin edib özünün
xilafətə layiq olub-olmamasını aydınlaşdırmağa haqqı yox idi. Məhəmməd ibni
Cərirdən bir az əvvəl yazılmış tarix kitabında Yə’qubi yazır: Xalq Əbu Musa ilə
Əmrin sözünü eşitdikdən sonra səs-küy salıb hər iki hakimin Allah kitabının və
qoyulmuş şərtin əksinə rəy verdiklərini dedilər. Buradan aydınlaşır ki,
xəvaricin hakim məsələsinə olan ilk iradı hansı nəzərdən olmuşdur. Onlar
rəhbərlik məsələsini iki nəfərin öhdəsinə qoyulmasını qeyri-mümkün sayırdılar.
Xəlifə tə’yin etməyi ümumxalq işi hesab edirdilər. Elə bu səbəbdən də Əli (ə)-a
dedilər: Sən öz işində hakim tə’yin etməklə şəkkə düşüb günah işlətmisən. Əgər
xilafətə layiq idinsə, nəyə görə hakimləri seçib öz işini onlara tapşırdın? Əgər
özünün xilafətə layiq olmağın haqda şübhəyə düşmüsənsə, onda başqaları gərək
səndən artıq dərəcədə şəkk-şübhəyə düşmüş olsunlar. Bu danışıqlardan mə’lum olur
ki, xəvaric ilk dəfə hakim tə’yin olunmasına deyil, onların çıxardıqları rə’ylərə
irad tutmuşlar. Hər halda əgər onların sözü bu da olsa, gördüyünüz kimi, onlar
hakimlərin ölməsi haqda deyil, xilafət məsələsində hökm vermələrinə irad
tutmuşlar. Qeyd etmək lazımdır ki, həzrət Əli (ə) hakimlik məsələsini
məcburiyyət qarşısında, onların təhdid və təhqirləri müqabilində qəbul etmişdi.
Əgər əvvəlcədən onun sonu mə’lum olsaydı nəinki o, bəlkə heç bir müsəlman bu
məsələni qəbul etməzdi. Lakin o hakimlərin hər ikisi öz işlərində xəyanət
etdilər.
Bir şeyi də unutmaq olmaz ki, bir
dəstə adamlar nə hakimiyyətdən baş çıxara bilir, nə də xalqın gözündən yayınan
siyasi quruplaşmalardan xəbərləri var idi. Bunlar yalnız şüar verməklə
kifayətlənən, nə istədiklərini özləri də bilməyən adamlar idi.
Əli (ə) onlar haqqında
buyururdu: “Bunlar haqq söz əsasında batil arxasınca düşənlərdir.” Hər halda
başlanğıcda irad məhdud olmuşdur. Qeyd etdiyimiz kimi, xəvaric Əli (ə)-la döyüşə
qalxdılar, çoxlu tələfat (itki) verdikdən sonra dağıldılar. Arada sağ qalmış
bir-iki nəfər yayınaraq ucqar yerlərdə gizləndilər. Ancaq zaman ötdükcə kiçik
sayılan bu mübahisə (münsiflər məhkəməsi) yeni ixtilafların doğmasına, bu məsələ
ətrafında çoxlu sorğu-sualların meydana gəlməsinə səbəb oldu. Xəvaric Əli (ə)-ın
münsiflər məhkəməsinin hakimliyini qəbul etməkdə kafir olduğunu deyirdilər
(Allaha pənah aparırıq). Düzgün olmayan bu nəticədən yeni mübahisələr və
e’tiqadi suallar ortaya çıxdı. Məsələn, bir müsəlman kafir olub tövbə etməsə
Allah-təala onunla necə rəftar edəcək? Bunun ardınca Əli (ə)-la Osmandan söz
açıb onların günah iş gördükdən sonra tövbə edib-etmədiklərini müzakirə
edirdilər. Bu məsələ yenidən ayrı bir mübahisəni də doğurdu. Günah edən xəlifə
tövbə etməzsə, müsəlmanlar yenidən ona tabe olmalıdırlar, yoxsa yox? O vaxtlar
Kufə və bütövlükdə İraq (uzun illər boyu) belə mübahisələrin açıq meydanına
çevrilmişdi. Mübahisə və müzakirələr “nə etmək lazımdır” ətrafında deyil, “nələr
etmişlər” üzərində dolanırdı.
Xəvaricin mübahisələrinin son
nəticəsi bu oldu ki, Əli və Osman heç biri xilafətə layiq olmamışlar. Rəhbər
tə’yin olunmasında bütün müsəlmanların haqqı var, bu iş məxsus bir dəstəyə
(mühacir və ənsardan ibarət şura) aid edilmir. Qüreyşdən əlavə də hər bir şəxs
xəlifə ola bilər. Belə ki, onlar “İmamlar Qüreyşdəndir” hədisini qəbul
etmirdilər. Yavaş-yavaş məxluq barəsində yaranmış söz-söhbətlər həddini aşaraq
xaliqə də şamil edildi ki, görəsən Allah mükafat və cəzanı hansı ümumi qayda
əsasında verir. Mübahisə və müzakirələr genişləndikcə xəvaric çoxlu sayda
firqələrə bölünürdülər. Şəhristani öz kitabında bu dəstəyə aid olan 22 firqə
saymışdır.
Nəhrəvan döyüşü qurtardıqdan sonra
Əli (ə) Şama gedib Müaviyəni məğlub etmək üçün hazırlıq görürdü. Lakin o həzrət
hicri tarixi ilə 40-cı il Ramazan ayının 19-da sübh vaxtı namaz üstündə bəni
Murad qəbiləsindən olan Əbdürrəhman ibni Mülcəmin vasitəsilə yaralanaraq həmin
ayın 21-də vəfat etdi. Əbdürrəhmanın məqsədi barədə hekayələr yazılmışdır ki,
onların bir hissəsi dastan yazanların uydurmasıdır. Bütövlükdə tarixçilər bu
qətli xəvaricin işi olduğunu qeyd etmişlər, lakin xəvaric firqəsinin
ardıcıllarından sayılan müasir tarixçilər Əbdürrəhmanı bəni Murad qəbiləsindən
və xəvaricdən olmadığını iddia edirlər. Tarixi faktlardan aydın olur ki, İmamın
şəhadəti ilə nəticələnən bu sui-qəsddə Kində qəbiləsinin rəisi Əşə’s ibni Qeysin
də əli olmuşdur. Əşə’s təhlükəli bir münafiq idi, Əli (ə)-ın qoşununda olmasına
baxmayaraq onunla düşmən olmuş və Müaviyə ilə gizli əlaqələr yaratmışdır.
Təəccüblü deyil ki, Əşə’sdən əlavə başqaları da İmamın şəhid edilməsində iştirak
etmişlər. İmama edilən sui-qəsd planının Müaviyə tərəfindən
hazırlanıb-hazırlanmaması sualına cavab vermək çətindir. Bu günlər Əlcəzairdə
yaşayan Əbaziyyə firqəsindən olan (xəvaric) bir tarixçi öz kitabında (onun bir
nüsxəsini mənə də göndərmişdir) Əli (ə)-ın qətlində xəvaricin iştirak etməsini
təkzib etmişdir! Onun nəzərinə görə, Əli (ə)-ın qətli planını Müaviyənin
göstərişi ilə Əşə’s hazırlamışdır. O, hətta xəvaricdən olan üç nəfərin məşvərət
edib Əli (ə)-ı, Müaviyəni və Əmr ibni Ası öldürmək qərarını da qəbul etmir və
ümumiyyətlə tarixdə belə şəxslərin olmadığını yazır. Əli (ə)-ın qatili
Əbdürrəhman bəni Murad qəbiləsindən olmuş və bu qəbilənin də xəvaricdən
sayılmadığını qeyd etmişdir. Təəccüb doğuran bu nəzərin ikinci tərəfidir və onu
heç bir şəkildə qəbul etmək olmaz, çünki bütün tarixi mənbələrdə Əli (ə)-ın
qatilinin xəvaricdən olduğu yazılmışdır. Ancaq məsələnin birinci tərəfi-yə’ni
Əli (ə)-ın qətlində Əşə’sin iştirak etməsi düzgün nəzərə çarpır.
Beləliklə zahid bir xəlifə, ümmətin
qayğısını çəkən bir imam, Allah kitabı və Peyğəmbər (s) sünnəsini kamil surətdə
bilən, islama artırılmış bid’ətləri təmizləyib mə’nəvi dəyərləri yenidən
dirçəltmək istəyən bir şəxs nadan müsəlmanların əli ilə şəhadətə yetirildi.
Müaviyə hakimiyyəti ələ aldı, Qüreyş fürsəttələbləri, xüsusilə Əməvi tayfası öz
keçmiş arzusuna çatdı. Bununla da müsəlman cəmiyyətində varislik prinsipinə
əsaslanan və Rum imperatorluğundan götürülmüş bər-bəzəkli hakimiyyət meydana
gəldi.
Əbu Bəkrin xilafətindən Əli (ə)-ın
şəhadətinə qədər ötən 30 illik dövrü “Raşidin xəlifələri” dövrü adlandırmışlar.
Çünki bu illər ərzində az-çox peyğəmbər sünnəsinə riayət edilir və hakimiyyət
irsən əldən-ələ ötürülmürdü.
HƏZRƏT ƏLİNİN (Ə)
ŞƏHADƏTİNİN ƏKSÜL-ƏMƏLİ
Qeyd etdiyimiz kimi, həzrət Əli (ə)
hicri tarixi ilə 40-cı il Ramazan ayının 19-da bəni Murad qəbiləsindən olan
Əbdürrəhman ibni Mülcəmin əli ilə yaralanaraq Ramazanın 21-də şəhid olmuşdur. O
həzrətin şəhadəti ilə islam hökumətinin idarə olunmasında problemlər yarandı.
İraqda olan həyacan və təhlükə əvvəlkindən daha da artdı. Aydındır ki, islam
hökumətində 5 il müddətində iki xəlifənin öldürülməsi hadisəsinə bütövlükdə
e’tinasız yanaşmaq olmazdı, onda bəs görəsən bu qətillərin əksül-əməli nədən
ibarət idi? Onun açıq-aşkar tə’sirlərinə Şam və İraq ərazilərindən kənar
yerlərdə rast gəlinmir.
Gördüyünüz kimi, Osmanın qətlinin
ardınca idarəçilik məsələsində rəhbər tə’yin edilməsi çox tez bir zamanda
aydınlaşdı. Şam, Hicaz və İraqda aşkara xilafət iddiasında olanlar üzə çıxmadı.
Yalnız bir neçə nəfər Əli (ə)-a bey’ət etməkdən boyun qaçırdılar. Bəsrə (Cəməl)
döyüşünü qaldıranlar da hakimlik iddialarını gizli saxlayaraq, ancaq şəriət
hökmünün icrasını (məzlum xəlifənin intiqamını almaq) əldə və dildə şüar
etmişdilər. Müstəqillik arzusunda, hətta bütün müsəlmanlara hakim olmaq
iddiasında olan “Şam” hakimi də Osmanın ölmündən sonra bu iddianı açıq-aşkar
bəyan etmirdi. Lakin Əli (ə)-ın beş illik xilafəti zamanı çox dəyişikliklər
meydana gəldi. Şam qoşunu tərəfindən müəyyən olunmuş hakim öz rə’yini
söylədikdən sonra Müaviyə özünü xəlifə e’lan etdi, ancaq bundan əvvəl ona yalnız
əmir deyirdilər. Lakin bə’zi tarixçilər yazırlar ki, Əli (ə)-ın şəhadətindən
sonra ona əmirəl-mö’minin deyilib.
İbni Əsir yazır ki, imam Həsən
(ə)-la Müaviyə arasında sülh müqaviləsi imzalandıqdan sonra Müaviyənin işləri öz
qaydasına düşdü. Sə’d ibni Əbi Vəqqas onun yanına gedərək belə dedi: “Salam
olsun sənə ey şah.” Müaviyə gülərək dedi: Niyə mənə əmirəl-mö’minin demədin?
Sə’d cavabında belə dedi: Müaviyə! Bu sözü sevindiyindən deyirsən. And olsun
Allaha, mən heç vaxt bu yolla qazandığın xilafəti əldə etmək istəməzdim.
Göründüyü kimi, Süffeyn
müharibəsindən sonra Müaviyə özünü son təşəbbüsə hazırladı. Əli (ə)-ın şəhadəti
zamanı Şamda ona heç bir kəs müxalif olmamış, bəlkə bu nahiyənin əhalisi
yekdilliklə ona tabe olmuşlar. O, iyirmi iki il, yə’ni hicri tarixinin 18-ci
ilindən 40-cı ilinə qədər olan müddət ərzində bu əyalətə hakim olmuşdur. Uzun
sürən hakimiyyət bir tərəfdən xalqın ona tabe olub istəklərinə cavab verməsinə,
digər tərəfdən də onun işini asanlaşdırılmasına gətirib çıxarmışdır. Yersiz
deməmişlər ki, Şamlılar öz hakiminə ən layiqli itaət edən xalq olmuşlar. Əli (ə)
öz ətrafındakılara belə buyurur: Müaviyənin bir sirdaşı ilə sizin on nəfərinizi
dəyişməyə hazıram.
İRAQDA MÖVCUD OLAN
SİYASİ VƏ DİNİ TƏŞKİLATLAR
Ötən fəsillərdə qısaca da olsa
İraqdakı ictimai vəziyyət barədə izah verdik. İndi isə bu ərazidə mövcud olan
siyasi və dini təşkilatları tanıtdırmağa çalışacağıq. Əli (ə)-ın şəhadəti zamanı
İraqda üç dəstə mövcud idi:
1.Osmanilər və ya bəni Uməyyə
tərəfdarları;
2.Şiələr, Əli (ə) tərəfdarları və
Peyğəmbər (s) ailəsini sevənlər;
3.Xəvaric;
OSMANIN TƏRƏFDARLARI
Bunlar Əməvi hakimiyyətinin
tərəfdarları idilər. Bə’ziləri bu ürək bağlılığını aşkar etməsələr də, Peyğəmbər
(s) ailəsinin rəhbərliyinə də tabe olmaq istəmirdilər. Bunun ən parlaq
nümunəsini Osman öldürüldükdən sonra yazılan şe’rdə gördük.
İraqdakı Osman tərəfdarları Bəsrə
şəhərində yaşayırdılar. Bu şəhərin sakinləri əsasən Ədnani (şimal) ərəblərdən
təşkil olunmuşdur. Bunun əksinə olaraq Kufə əhalisini əsasən Qəthanilər (cənub
ərəbləri) və ərəb olmayanlar təşkil edirdi.
Gördüyünüz kimi, Aişə, Təlhə və
Zübeyr Bəsrəni özlərinin müqaviməti üçün mərkəz seçmişdilər. Müsəlmanlar
arasında ilk daxili müharibə “məzlum xəlifənin” intiqamı bəhanəsi ilə bu şəhərdə
baş vermişdi. Bəsrə şəhəri orada Muzərilərin (şimal ərəbləri) yaşamasına əsasən,
qiyamçılar üçün böyük əhəmiyyətə malik idi. Bu iki qəbilə arasındakı münaqişələr
haqda izah vermişdik, sonradan isə bu münaqişənin bütövlükdə islam dairəsində
qoyduğu acı tə’sirlər haqda mə’lumat verəcəyik.
ŞİƏ
Bildiyiniz kimi, Peyğəmbər (s)-ın
vəfatından sonra mühacir və ənsardan olan bir dəstə adam bəni Saidə eyvanı
altında toplaşaraq müsəlmanlara rəhbər seçdilər. Oraya toplaşan mühacir və
ənsar, tam dəqiqliyi ilə desək Qəhtanilər və Ədnanilər hakimin onların arasında
seçilməsini istəyirdilər. Həmin gün Əli (ə) və peyğəmbər ailəsi Aişənin evində
peyğəmbəri dəfn etmək üçün hazırlıq görürdülər və onlardan heç biri yığıncaqda
iştirak etmirdi. Ancaq qeyd etdiymiz kimi, Peyğəmbər (s) son həcc ziyarətində
Cöhfədə Əli (ə)-ı özündən sonra müsəlmanara hakmi tə’yin etmişdi. Beləliklə
həmin gündən Mədinədə bir dəstə adam Peyğəmbər (s) xilafətinin etirazsız olaraq
Əli (ə)-a məxsus olmasını qəbul etdilər. Onlar bununla da “şiə” və ya “Əli
tərəfdarları” adını aldılar. Əli (ə) peyğəmbərdən sonra məcbur olub ümumi
müsəlmanların sülhü və asayişi xatirinə üç xəlifə ilə bey’ət etmiş, şiələr də
ona tabe olub sakit oturmuşlar. Osmanın ölümündən sonra mühacir və ənsarın
əksəriyyəti Əli (ə) xilafətə yetişdikdən sonra ona bey’ət etdilər. Fürsət güdən
Şam hökuməti üzdə xəlifəyə tabe olub öz müxalifətçiliyini aşkar etmirdi. Şamda
deyilirdi ki, Osmanı öldürənlər yeni xəlifənin ətrafındadırlar. Qur’an hökmünə
əsasən onlardan qisas alınmalıdır. Müaviyəni Osmanın qohumu və intiqamçısı hesab
edib onun qisas hökmünün icrasında haqlı olduğunu deyirdilər. Onlar iddia
edirdilər ki, guya Osmanın qatilləri lazımi cəzanı alsa Dəməşq Kufəyə tabe
olacaqdır.
Əli (ə) Kufədə şəhid edilən gün
yenidən şiə ilə qeyri-şiə dəstəsi müəyyən olundu. Şiələr onun böyük oğlu imam
Həsən (ə)-ın ətrafına toplaşaraq ona bey’ət etdilər. Haşimi tayfasını xoşlamayan
Osman tərəfdarları aydındır ki, yeni xəlifə ilə edilən bey’əti qəbul
etməyəcəkdilər.
Peyğəmbərdən sonra Əliyə (ə) və
peyğəmbər ailəsinə ürək bağlayanların əksəriyyəti ənsardan və ya Qəhtanilərdən
ibarət olmuşdur. Keçmiş bəhslərimizdə Qəhtanilərlə Yəmanilər arasındakı
düşmənçilikdən söhbət açmışdıq. Peyğəmbər (s) Məkkədən Mədinəyə gələrək
mühacirlərlə ənsar arasında qardaşlıq sazişi bağladıqdan sonra tarixi keçmişi
olan bu düşmənçilik müvəqqəti olaraq sakitləşdi. Osmanın dövründə bəni Uməyyə iş
başına gəldikdən sonra onlar yavaş-yavaş yenidən keçmiş adətlərinə qayıtdılar.
Əməvilərin dövlət işində özbaşnalıqları artdıqca Qəhtanilərin onlara qarşı
nifrət və düşmənçiliyi də çoxalırdı. Bunlar Peyğəmbəri öz şəhərlərinə də’vət
edib onunla çiyin-çiyinə durmuş, o həzrətin pak ailəsinə qarşı eşq və məhəbbət
bəsləmiş və onunla amansız düşmən olan Qüreyşlə vruşmuşlar. Onlar Süffeyn
müharibəsində Müaviyəyə deyirdilər: Dünənə qədər Peyğəmbərlə bir cəbhədə dayanıb
Qur’anın nazil olması barədə sizinlə vuruşurduqsa, bu gün onun təfsir və izah
edilməsi haqda sizinlə mübarizə edirik.
Mə’lum idi ki, ənsar bəni Haşimdən
uzaqlaşmayacaqdı. Əli (ə) şəhid olduqdan sonra Kufədə yaşayan bu dəstədən olan
ərəblər onun böyük oğlu Həsən (ə)-ı imam qəbul etdilər. Təbəri yazır: Həsən
(ə)-la ilk bey’ət edən şəxs Qeys ibni Sə’d ibni Ubadə dedi: Əllərini irəli uzat
ki, Allah kitabı, peyğəmbərin sünnəsi, bid’ətçiləri məhv edən bir şəxsə – sənə
bey’ət edim. Bu Qeys Ənsardan olan Xəzrəc tayfasının rəisi Sə’d ibni Ubadənin
oğlu idi ki, onun haqqında ötən fəsillərdə mə’lumat vermişdik.
XƏVARİC
Süffeyn döyüşündən bəhs edən zaman
xəvaric adı ilə məşhurlaşmış dəstə haqqında qısaca da olsa mə’lumat verdik.
Əli (ə) şəhid olduqdan sonra yerdə
qalmış xəvaric yenidən öz fikirlərini təbliğ etmək və yaymaq üçün fürsət əldə
etmişdilər. Bunlar Əməvi hakimiyyətini bütövlükdə, Abbasiləri isə müəyyən dövrə
qədər narahat etmişlər. Onlar o qədər şücaətli idilər ki, kiçik bir dəstə ilə
böyük bir qoşunu məğlub edirdilər. Hicri tarixinin ikinci əsrində xəvaric
firqələrindən birinin başçısı Əbdürrəhman ibni Rüstəm cənub-şərqi İran
ərazisindən qiyam edib qərbdə Tahərt şəhərində 150 il ömür sürmüş və orada
Rüstəmilər hökumətini təsis etmişdir.
MƏNFƏƏT GÜDƏNLƏR
Məzhəb və soy əsasında təşkil
olunmuş bu üç dəstədən əlavə İraqda digər bir siyasi hərəkat da mövcud idi ki,
şiəliyi dini cərəyan gördüklərindən tarixçilər onlara e’tina etməmişlər. Ötən
fəsildə Ərəbistanın islamdan əvvəlki siyasi-ictimai durumunu şərh edərkən
Ərəbistanın şimal və şərqində yerləşən kiçik dövlətlərin iki böyük imperiya Rum
və İranın əlində alətə çevrildiyini də demişdik. Bu iki imperiya Asiyadan Avropa
və Afrikaya uzanan ticarət yolunu əldə etmək üçün bir-birləri ilə vuruşmuş,
ərəblər, daha doğrusu bu iki məntəqənin (Şam və İraq) sakinləri də onların
arxasınca düşmüşdülər. Hər iki məntəqənin hakimiyyətinin güclü və zəif olması
iki imperiya arasında əldə olunan qələbə və məğlubiyyətdən asılı idi. İki
qüdrətdən birinin məhv olması, o birinin isə zəifləməsi ilə islam dininin
yayılması sayəsində İraq islamın əhatə dairəsinə daxil olmasına baxmayaraq,
onlar arasındakı düşməçiliyi də unutmadılar. Lakin dini qəbul etdiklərinə və
müsəlmanların fəthlərə başları qarışdığına görə iraqlılarla şamlılar arasındakı
düşmənçilik müvəqqəti unuduldu. Əbu Bəkrin, Ömərin, həmçinin Osmanın xilafəti
zamanı hansı nahiyə və qəbilədən olmasından asılı olmayaraq ərəblər ərəb olmayan
ölkədə qeyri-ərəb və qeyri-müsəlmanlara qarşı vuruşar, bə’zən də şamlılarla
iraqlılar bir cəbhədə düşmənə qarşı döyüşərdilər. Əli (ə) öz xilafəti zamanı
İraqı özünə mərkəz seçdikdən sonra iraqlılar onun ətrafına toplaşaraq şamlılarla
qarşı döyüşdülər. İraq hakiminin Şam hakiminə aldanması ilə onlar yenidən Şama
tabe olacaqlarını anladılar. Aydındır ki, bu dəstə insanlar həmişə öz arzularına
yetişmək üçün dini əqidələrindən bir vasitə kimi istifadə etmişlər. Belə
insanlar təhlükə hiss etməyib işləri düyünə düşməyincə zamanın məsləhətinə uyğun
olaraq dini dəstələrin kənarında dayanmışlar. Xəvaric quru təfəkkürə malik
olduğundan, həmçinin saylarının az olmasına görə peşəkar siyasətçilər kimi öz
məsləhət və xeyirlərini şiələrin arxasında dayanmaqda, zahirdə Əli (ə)-ın
ailəsinə tərəfdar olmaqda görürdülər.
Bu haqda yazdığımız mə’lumatlar
tarixi faktlara əsaslanır. Biz görürük ki, Əli (ə) qələbə çaldıqda (Cəməl döyüşü
və Süffeyn döyüşünün başlanğıcı) İraq əhalisi ondan uzaqlaşmırlar. Süffeyn
müharibəsində siyasi uğursuzluqları gördükdən sonra onun əleyhinə qalxdılar. Əli
(ə) onları döyüşə çağırdıqda bəhanə gətirirdilər. Əgər bunlar həqiqətən də Əli (ə)-ın
davamçıları olub, onu İmam hesab edir və ona tabe olmağı vacib bilirdilərsə
gərək həmrəy və müttəfiq olub onun arxasında dayanaydılar, ancaq belə etmədilər.
Zahirdə Əli (ə)-la birgə olsalar da gizlində öz mənfəətlərini güdürdülər. Əlidən
(ə) sonra övladları Həsən (ə), Hüseyn (ə) və nəvəsi Zeydlə də belə rəftar
etdilər. Bu çirkin üslub Əməvi hakimiyyətinin sonuna qədər davam etdi.
Başlarının üstünü qəddar və qüdrətli hakim aldıqda sakit oturar, siyasi
qarmaqarışıqlıq düşdükdə isə gizli yuvadan eşiyə çıxaraq dəstələr və cəmiyyətlər
təşkil edərdilər. Peyğəmbər övladlarından birinə arxa olub onu irəli verərdilər.
Müqavimət göstərə bilməyəcəkləri aydınlaşdıqda isə onu və onun doğru
ardıcıllarını düşmən müqabilində yalqız buraxıb yenidən yuvalarına dönər,
münasib bir şəraitin yaranmasını gözləyirdilər. Əgər bunlar həqiqətən saf əqidə
sahibləri olsaydılar xəvaric tək ölümdən qorxmamalı, dindar olsaydılar Hüseyn (ə)
köməkçiləri tək son nəfərə qədər düşmənlə vuruşmalıydılar. Lakin bunlar belə
deyildilər. Çünki din qayğısı çəkmirdilər, istədikləri əsas şey İraqın Şamın
müstəmləkəsinə çevrilməməsi məsələsi olmuşdur. Mə’lum olduğu kimi, orada yenidən
Ləxmililərlə Ğəssanilər arasındakı düşmənçilik başqa formada üzə çıxmışdı.
İraqda, xüsusilə də Kufədə başqa
bir dəstə mövcud idi ki, təşkilati quruplaşmya malik olmasalar da get-gedə
hökumətlərin qarşısında böyük bir problemə çevrilirdilər. Bunlar fəth olunmuş
ərazilərdən gətirilmiş yeni müsəlmanlar idilər ki, hər biri ayrı-ayrı ərəb
qurplaşmalarına bağlı idi. Bu səbəbdən də islam tarixində onları azad edilmiş
qullar və ya nökərlər adlandırmışlar. Bu nökərlər və onların hərəkatı haqda
söhbət açacağıq. Bunlar hansı siyasi qruplaşmalardan daha artıq mənfəət əldə
edəcəklərini bildikdən sonra ona yaxınlaşırdılar.
Böyük müsəlman əyalətlərinin dini,
siyasi və ictimai vəziyyətləri verdiyimiz qısa mə’lumatla aydınlaşdı. Bu üç
əyalət (Şam, Hicaz və İraq) müsəlmanların üç dairəsində həlledici rola malik
olduqları üçün böyük əhəmiyyət kəsb edirdilər. Gördüyünüz kimi, hicrətin 35-ci
ilindən bu yana islami ərazilərin idarə olunmasında ən başlıca rolu İraq və Şam
oynamışdır.