ƏLİ (Ə)-IN XİLAFƏTİ
Vəziyyət sakitləşdikdən və
qiyamçılar işlərini sona çatdırdıqdan sonra Mədinə əhalisi müsəlmanların başsız
qaldığına nəzər yetirib xalqa xəlifə tə’yin edilməsini düşündülər. Peyğəmbərin
səhabələrindən bə’ziləri. o cümlədən Təlhə və Zübeyr hakim olmaq sevdası ilə
yaşayırdılar. Lakin bütün işləri öz əllərində mərkəzləşdirən qiyamçılar onların
rəhbər olmasına tərəfdar deyildilər. Müsəlmanların əksəriyyətinin, xüsusilə
Mədinə əhalisinin (mühacir və ənsar) diqqəti Əli (ə)-a tərəf yönəlmişdi. Bə’zi
tarixçilər yazırlar ki, elə həmin gün Əlidən (ə) xilafəti qəbul etməsini istəyib
onunla bey’ət etdilər. Ancaq bə’zilərinin dediyinə görə, gediş-gəliş və
danışıqlar üç gün çəkdi. Hər halda xalq Əliyə (ə) bey’ət etdikdən sonra o həzrət
müsəlmanların imamı tə’yin olundu. Lakin Peyğəmbərin (s) vəfatından 25 il
keçdikdən sonra ictimai baxımdan ədalətin icrası üçün münasib bir şərait yox idi.
O həzrət qarşılaşacağı problemlərdən xəbərdar idi və ona görə də xilafəti qəbul
etməyərək belə deyirdi: Məndən əl çəkin, bu məs’uliyyəti başqasının öhdəsinə
qoyun.
Əmirəl-mö’minin (ə) geniş əraziyə
malik bir ölkə, müxtəlif soylardan olan xalqlar, küncdə-bucaqda fürsət güdən
iddiaçılar, ən başlıcası isə Mədinənin daxilində xilafəti əldə etmək
istəyənlərlə üz-üzə durmuşdu. Peyğəmbər (s)-ın şəriəti, bə’zi səhabələrin əxlaqi
rəftarları bu 25 il ərzində alt-üst edilmişdi. O, bu dəyişiklikləri aradan
qaldırmalı, məhvə doğru gedən peyğəmbər sünnəsini dirçəltməli idi. İllər boyu
sərvət toplamaq və özünə qulluq etməklə məşğul olanlar, bə’zi üstünlüklər əldə
edənlər, Hicazın və islam ərazilərinin siyasi idarəsini əllərində
mərkəzləşdirənlər yenidən sadəlik, bərabərlik və ədalət tələb edən həyat tərzinə
qayıtmaq istəmirdilər. Onlar ifrat dərəcədə səxavətli və tələbkar olmayan
müvafiq xəlifə istəyirdilər. Aydındır ki, Əli (ə) islamı öz həqiqi mehvərinə
qaytarmaq istəyirdi, lakin bu iş heç də Hicaz dövlətlilərinin ürəyincə deyildi.
Çünki o, beytül-malın bölünməsində hamıya bir gözlə baxırdı. Artıq 25 il ərzində
məxsus yaşayışa alışmış adamlar üçün bu üslub həddindən artıq çətin və
xoşagəlməz sayılırdı.
Əmirəl-mö’minin (ə) bey’ət sona
çatdıqdan sonra öz nümayəndələrini islam əyalətlərinə yolladı. Osman ibni
Huneyfi Bəsrəyə, Əmmarət ibni Şəhabı Kufəyə, Abdullah ibni Abbası Yəmənə, Qeys
ibni Sə’d ibni Ubadəni, ondan sonra Məhəmməd ibni Əbu Bəkri, ondan sonra isə
Malik Əştəri Misirə yolladı. Səhl ibn Huneyfi isə Şama vali tə’yin etdi. Bu
valilərin heç biri öz işlərində lazımi müvəffəqiyyət əldə edə bilmədilər, çünki
bütün şəhərlərdə ikitirəlik meydana gəlmişdi. Qeyd etdiyimiz kimi, bu
ixtilafları Osmanın tərəfdarları vücuda gətirmişdilər. Osmanın iş üslubundan
narazı olanlar Əli (ə)-ın göndərdiyi hakimlərdən razı olsalar da, Əməvi
tərəfdarları, bir sözlə Qüreyşə bağlı olanlar İmamın valiləri ilə münaqişə
yaradırdılar. Hətta onların bə’zələrini Müaviyənin adamları qətlə yetirdilər.
Təlhə və Zübeyr Kufə ilə Bəsrə
şəhərlərinə hakim olmaq, xilafət işlərində başçılıq etmək arzusunda idilər,
lakin Əli (ə) müsbət cavab vermədiyindən onlar Mədinədən getmək üçün icazə
istədilər.
Müaviyə çoxdan idi ki, Şamda
hakimiyyətini möhkəmləndirmişdi. Ağır günlərdə Osmana yardım etmək əvəzinə onu
tənha qoydu, qətlə yetirildikdən sonra onu məzlum xəlifə adlandıraraq qisasını
almaq üçün ayağa qalxdı. O, yaxşı bilirdi ki, xalqa Əli (ə)-ı Osmanın qatili
kimi təqdim edə bilməyəcək, çünki müsəlmanlar o həzrətin imanına, sədaqətinə və
təqvasına yaxşı bələd idilər. Müaviyə mühacir və ənsarın onunla bey’ət
etdiklərini gördükdən sonra aşkar şəkildə vəzifədən əl çəkmək istəmirdi, digər
tərəfdən də səbəbsiz olaraq açıq müxalifətə cür’ət etmirdi. Ona görə də zahirdə
ehtiram əlaməti olaraq o həzrətə məktub yazır ki, Osmanın qatilləri sənin
yanındadır, onları cəzalandırmaq üçün buraya göndərsən şəhərin hakimiyyətini
istədiyin şəxsə təhvil verməyə hazıram.
Peyğəmbər zövcəsi Aişə Osmanın qatı
müxaliflərindən idi. Xalqın Əli (ə)-la bey’ət etməsini eşitdikdə narazıçılığını
bildirib Osmanı məzlum adlandırdı. İlk baxışdan, narazı insanların dünən bey’ət
etdikləri xəlifə ilə üz-üzə duracaqları və işlərində ciddi olacaqları təsəvvür
edilmirdi. Lakin Təlhə, Zübeyr və Əməvilərin bir neçəsi Əlinin (ə) ədalətindən
təngə gələrək Aişəni də özləri ilə birgə Bəsrəyə apardılar və orada döyüş üçün
hazırlıq görməyə başladılar. Bunların Bəsrəyə toplanması mərkəz üçün təhlükə
sayılırdı. Xəlifə Hicazdan İraqa yollandı, müxalifləri danışıq yolu ilə özünə
tabe etməyə çalışsa da bu iş mümkün olmadı, nəticədə iki dəstə arasında döyüş
baş verdi. Düzdür müharibənin sonu xəlifənin qələbəsi ilə qurtardı, lakin bu
müsəlmanlar arasında baş verən ilk daxili müharibə oldu. Rəddə müharibələrindən
(mürtədlərlə döyüş) bu günə qədər ərəblər hər zaman ərəblər yaşamayan ölkələrdə
müsəlman olmayanlarla vuruşmuşdular. Müharibə qurtardıqdan sonra Bəsrədə
müvəqqəti sabitlik bərpa edildi. Əli (ə) böyük şəhərlərə öz nümayəndələrini
göndərdi. Cəməl müharibəsində tamaşaçı rolu oynayan Müaviyə yavaş-yavaş tədarük
görürdü. O, bir tərəfdən Rum imperiyası ilə sülh sazişi bağlamış, digər tərəfdən
isə qüvvə toplamağa məşğul idi. Cəməl müharibəsindən sonra Şamla İraqın
vəziyyətini diqqətlə araşdırmaq lazımdır. Qeyd edildiyi kimi, bu müharibədə on
min nəfər həlak olmuşdu. Bu qədər döyüşçü qüvvəsinin azalması (bütövlükdə İraq
sakinlərindən ibarət olmuşdur) əhalinin iqtisadi vəziyyətinə də böyük tə’sir
göstərmişdi. Bunun əksinə olaraq Müaviyə isə rifah içində yaşayan müsəlman və
xristinlara hakim idi. Əli (ə)-ın qoşunun tərkib hissəsi Kufə və bir sıra Bəsrə
əhlisindən təşkil olunmuşdu. Bunlar islam müharibələri zamanı Hicaz
səhralarından bu iki şəhərə yollanmış insanlar idi. Bu əhalinin əksəriyyətində
islam tərbiyəsi və dini nizam-intizam tə’sir qoymamışdı. Şam əhalisindəki birlik
və vəhdətdən fərqli olaraq İraq əhalisində hər cəhətdən müxtəliflik nəzərə
çarpırdı. Bu xüsusiyyətlərə malik olan insanları qayda-qanuna tabe etmək
həddindən artıq çətin idi. Bu məntəqə sakinlərinin müxtəlif əhval-ruhiyyədə
olmaları barədə biz İmamın söylədiyi xütbələrdə rastlaşırıq. Hər halda Müaviyə
böyük bir qoşun toplayaraq Osmanın qisasını almaq bəhanəsi ilə İraqa tərəf üz
tutdu. Süffeyn səhrasında Şam qoşunu ilə İraq qoşunu üzləşdilər. Müharibənin son
günlərində İraq qoşunlarının qələbəsi tam qətiləşəndən sonra Müaviyənin müşaviri
Əmr As hiyləyə əl atdı. Şamlılara Qur’anları nizələrə taxıb İraq qoşununu ilahi
hökmə tərəf çağırmağı tapşırdı. Əli (ə)-ın qoşununda olan bir neçə münafiq bu
təklifi qəbul etdilər. O həzrət onlara bunun Müaviyənin öz xilası üçün əl atdığı
hiylədən ibarət olduğunu nə qədər başa salsa da qəbul etməyərək dedilər: Əgər
şamlıların təklifini qəbul etməsən səni öldürəcəyik. Əli (ə) məcburiyyət
qarşısında qalıb onların təklifini qəbul etdi. Nəhayət növbə hər iki tərəfdən
hakim tə’yin edilməsinə yetişdi. Bu iki hakim Dumətul-Cəndələ getməli, ilahi
kitaba və peyğəmbər sünnəsinə əsasən Əli (ə)-la Müaviyənin hansı birinin
müsəlmanlara layiqli rəhbər olmasını seçməli idilər!
Mə’lumdur ki, Şamın hakimi Əmr ibni
Ası, Əli (ə) isə əmisi oğlu Abdullah ibni Abbası hakim seçmək istəyirdi, lakin
elə həmin İraqlı münafiqlər nə Abdullahın, nə də başqa layiqli bir şəxsin hakim
seçilməsinə razı olmadılar. Bu iş üçün Əli (ə)-ı sevməyən, Bəsrə döyüşündə
iştirak etməyən sadəlöhv bir şəxsin - Əbu Musa Əşə’rinin adını çəkdilər. Onlar
öz sözlərini Əli (ə)-a məcburi qəbul etdirdilər. Bu hakimliyin nəticəsində Şamın
nümayəndəsi İraq nümayəndəsinə qalib gəldi. Bu iki nəfər əvvəlcə qərara aldılar
ki, Əli (ə)-la Müaviyə xilafətdən kənar edilsin və müsəlmanlar özlərinə yenidən
xəlifə seçsinlər. Nəzərdə tutulmuş gündə öz rəylərini elan etmək istəyən zaman
Əmr As Əbu Musadan istəyir ki, minbərə birinci o çıxıb öz qərarını söyləsin. Əbu
Musa minbərə çıxdıqdan sonra barmağındakı üzüyü çıxararaq belə dedi: Mən bu
üzüyü barmağımdan çıxartdığım kimi Əli və Müaviyəni də xilafətdən kənar etdim.
Ondan sonra növbə Əmr Asa yetişdi. O, dedi: Mən də Əlini o deyən kimi xilafətdən
kənar etdim, əvəzində isə Müaviyəni xilafətə seçdim. Əbu Musa hirslənib dedi:
Axı bu bizim qərarımızın əksidir, lakin artıq gec idi və iş-işdən keçmişdi.
İraqlılar elə buradaca şamlılara aldandıqlarını anlayaraq Əli (ə)-dan Müaviyə
ilə döyüşə hazır olmağı tələb etdilər. O həzrət isə belə buyurdu: Biz şamlılarla
bir il döyüşməyəcəyimiz haqda müqavilə bağlamışıq. Gizlində Müaviyə ilə əlaqədə
olan bu münafiqlər, bir dəstə təqvalı lakin sadəlövh müsəlmanı Əli (ə)-la
Müaviyəni Allah dinində hakim seçmələrinin nahaqq olduğuna görə müxalifətə
qaldırdılar. Onlar “Hakimlik yalnız Allaha məxsusdur, Əlinin və başqalarının ona
qarışmağa haqqı yoxdur” deyirdilər. İlk baxışdan çox da əhəmiyyət kəsb etməyən
bu söz sonradan böyük bir fitnənin yaranmasına səbəb oldu. Bir dəstə adam Əli (ə)
tabe olmaqdan boyun qaçırıb dedilər: Allah dinində hakim tə’yin etməklə kafir
olmusan, gərək tövbə edəsən və biz ondan sonra sənə tabe olarıq! Əli (ə)
dəfələrlə onlara nəsihət verdi, lakin faydası olmadı. İddiaçılardan bir dəstəsi
geri dönüb Müaviyəyə qoşuldu, başqa bir dəstə isə Nəhrəvan adlı yerdə toplaşaraq
dedilər: Əli (ə) Şama yollanan zaman biz Kufəyə hücum edərik. Əli (ə) məcbur
olub onlarla döyüşdü. Bu artıq, müsəlmanların üçüncü daxili müharibəsi idi.
Bunlar islam tarixində “xəvaric” (xaric olmuşlar) adlanmışlar. Xəvaric həddini o
qədər aşmışdı ki, hətta Əli (ə) minbərdə Qur’an oxuyan zaman yerdən qalxıb onun
sözünü kəsər və deyərdilər ki, sən Allah dinində hakim tə’yin etməklə müşrik
olmusan və sənin müşrikliyin parlaq keçmişini məhv edib.
Dəfələrlə Qeyd etdiyimiz kimi, o
dövrdə siyasi və məzhəbi dəstələr öz iddialarını sübuta yetirmək və düşməni
məğlub etmək üçün Qur’an ayələrinin yalnız zahiri mə’naları ilə
kifayətlənirdilər. Əli (ə) Abdullah ibni Abbası xavəricin yanına danışığa
göndərəndə belə buyurdu: Onlar üçün Qur’andan dəlil gətirmə, çünki ayələrin
müxtəlif mə’naları vardır, Peyğəmbər hədislərindən istifadə et!
Xəvaric (onlar Mariqin də
adlanmışlar) islam tarixində çox acı keçmişə malik olmuş və eyni zamanda bu
dinə həddindən artıq ağır zərbələr vurmuş siyasi-əqidəvi bir firqədir. İslam
tarixi, kəlam və fiqh elminin bir bölümünü xəvariclər özləri üçün ixtisas
vermişlər. Gördüyünüz kimi, onlar digər siyasi dəstələr kimi başlanğıcda məhdud
bir məsələyə toxunurdular, lakin sonradan başqa siyasi firqələr kimi fikir öz
əməl dairəsini genişləndirərək bir çox e’tiqadi məsələləri də irəli sürdülər.
Xəvaric o qədər qorxunc bir məslək
olmuşdur ki, hər iki məzhəb (şiə və sünni) peyğəmbərdən onlar barəsində və
Nəhrəvan döyüşündə onlara rəhbərlik edən şəxsin haqqında çoxlu sayda hədislər
nəql etmişlər.