OSMANIN XİLAFƏTİ
Ömər hicrətin 23-cü ili zil-hiccə
ayında vəfat etdi. Lakin vəfat etməmişdən qabaq peyğəmbərin səhabələrindən altı
nəfəri: Əli (ə), Osman, Zubeyr, Sə’d ibni Əbi Vəqqas, Əbdürrəhman ibni Ouf və
Təlhə ibni Ubeydullaha tapşırıq verir ki, üç gün ərzində əyləşib məşvərət edərək
öz aralarından birini xəlifə seçsinlər.
Əvvəldə mə’lum idi ki, xilafət Əli
(ə)-a, ya da Osmana yetişəcək, ancaq Əməvi tayfası Əli (ə)-ın xəlifə olmasına
razı deyildilər. Şura üzvlərindən biri olan Əbdürrəhman, Osmanla qohum olduğuna
görə ona tərəfdar çıxdı.
Danışıqlar və get-gəllər başlandı.
Sonda Əbdürrəhman Əli (ə)-a belə dedi: Əgər sənə bey’ət etsəm Allahın kitabına,
Peyğəmbər sünnəsinə və Əbu Bəkrlə Ömərin əxlaqına əsasən rəftar edəcəyini qəbul
edirsənmi? Aydındır ki, Əli axırıncı şərti qəbul etməmşdir. Çünki on iki il
ərzində peyğəmbər sünnəsində elə dəyişikliklər baş vermişdi ki, onlarla barışmaq
olmazdı. Beləliklə o Həzrət, Əbdürrəhmana belə cavab verdi: Mən Allah kitabına,
peyğəmbər sünnəsinə və öz ictihadıma əsasən rəftar edəcəyəm. Əbdürrəhman bu
şərti Osmana təklif etdikdə isə o, qəbul etdi və şura üzvləri onu xəlifə
seçdilər. Ancaq görəsən Osman sona qədər bu şərtlərə riayət etdimi? Gələcək bu
acı həqiqəti üzə çıxartdı ki, belə bir şərti dildə demək asan, lakin yerinə
yetirmək qeyri mümkün idi.
Osmanın bu tərzdə xəlifə seçilməsi
o günə qədər görünməyən bir hadisə idi. Bildiyiniz kimi, bəni Saidə eyvanı
altında (mühacir və ənsar) Əbu Bəkri xəlifə seçdi, Öməri isə Əbu Bəkr məktub
yazaraq xəlifə tə’yin etmişdir. Belə yazırlar ki, Osman Əbu Bəkrin yazdığı
məktubu müsəlmanların toplandığı yerə aparıb dedi ki, bu məktubda adı yazılmış
Ömərlə bey’ət edəcəksiniz və onlar da qəbul etdilər. Lakin altı nəfərdən ibarət
şura bir növ vəkalət xarakteri daşıyırdı. Bu şura hər hansı bir nəfəri seçməli,
müsəlman icması da naçar onu qəbul etməliydi. Osmanın xəlifə seçilməsi də bir
dəstə səhabələrin (mühacirlərin) arasında yalnız altı nəfərin rə’yi ilə həyata
keçdi. Görəsən niyə belə etdilər? Öz düşüncülərinə əsasən müsəlmanların xeyrini
bunda görürdülər. Mərkəzi hökumətə xələl gəlməsin deyə xilafət məsələsi tezliklə
həll edilməli idi. Lakin əgər xəlifə şura vasitəsilə tə’yin olunmalı idisə,
görəsən şura üzvlərinin sayını niyə artırmadılar? Görəsən nəyə görə ənsardan bu
məclisdə bir nəfər də olsun belə iştirak etməyirdi? Məgər Əbu Bəkr deməmişdi ki,
ənsar vəzirdilər? Xatırlamaq lazımdır ki, tarix boyu belə oxşar suallar ortaya
çıxmış və bu barədə çoxlu sayda kəlami mübahisələr doğurmuşdur və bə’ziləri də
bunlara cavab vermişlər. Ancaq bir şeyi unutmaq olmaz ki, bə’zi kiçik məsləhətli
fikirlər bir tərəfdən müsəlmanların xeyrinə olsa da belə, digər cəhətdən böyük
problemlər üzə çıxarırdı. Qeyd etmək lazımdır ki, bu problemlər ölçülüb-biçilmədən,
tələsik atılan addımların nəticəsi idi. Hər halda belə bir addımın sonluğu bu
nəticəni verməli idi.
Osman şərtləri qəbul edərək
müsəlmanların xəlifəsi oldu. Ancaq xilafət ilk günlərdən Peyğəmbər (s)
səhabələrinin bir dəstəsinin narazılığı ilə üzləşdi. Ömərin oğlu Ubeydullah, Əbu
Lö’löünün Öməri qətlə yetirdiyi xəncəri əlində tovlayaraq müsəlman olmuş iranlı
əsir Hörmüzan və Cufeynə Nəsrani ilə bir yerdə olması xəbərini eşitmişdi.
Ubeydullah öz başına Hörmüzanın yanına gedərək onu öldürür. Sonra isə Cufeynəni
qətlə yetirir. Nəhayət Əbu Lö’löünün evinə gedərək onun qızını öldürür. Təbiidir
ki, Peyğəmbər (s)-ın zahid səhabələri belə yaramazlığa göz yuma bilməzdilər.
Osmanın xilafətinin ilk günlərində xəlifədən Ubeydullahı qanunsuz olaraq adam
öldürməsinə görə cəzalandırmasını istədilər. Qocalığı ilə mülayimləşən yumşaq
təbiətli Osman, hakimiyyətin ilk başlanğıcında onun boynunda böyük haqqı olan
bir şəxsin oğlunu öldürmək istəmirdi. Həmçinin öz qohum-qəbiləsinin tərəfini
saxlayaraq belə dedi: Heç rəvadırmı ki, dünən atasını bu gün də onun (Ömərin)
oğlunu öldürsünlər. Mən Ubeydullahın yerinə beytül-maldan qan bahasını ödəyirəm.
Osman zahirdə bu ictihadı ilə bir müsəlmanı ölümdən xilas etdi. Lakin bir dəstə
səhabə Osmanın islam qanunlarını pozaraq Allahın tə’yin etdiyi müəyyən cəza
tədbirlərini yerinə yetirmədiyini gördülər. O məclisdə iştirak edənlər islam
hökmlərinin icrası zamanı ayrı-seçkilik etmək, qəti ilahi hökm müqabilində şəxsi
təfsir və ictihada istinad etməklə razılaşa bilməzdilər.
Ubeydullahın cəzasız qalmasının
islam fiqhi baxımından münaqişə doğurması çox əhəmiyyət kəsb etməsə də, ictimai
qurluşu həddindən artıq sarsıtdı. Əgər iş bununla qurtarsaydı Osmanla müxalif
olan dəstənin gələcəkdə onunla müvafiq olan dəstənin sırasına qoşulmaları mümkün
olardı. Lakin təəssüflər olsun ki, xəlifənin müşavirləri (Əməvilər və Qüreyş),
yə’ni Ömərin sərt nəzarəti altında olanlar get-gedə ölkənin idarə olunmasına və
siyasi işlərinə qarışmağa başladılar. Onların bu dəxaləti ənsarın siyasi
səhnədən uzaqlaşması ilə nəticələndi.
Osmanın Ömər tərəfindən tə’yin
edilmiş vali və hakimləri vəzifələrindən çıxarmayacağını qəbul etməsinə
baxmayaraq, çox keçmədən onların hamısını işdən kənar edərək yerlərinə öz
qohum-əqrəbasını tə’yin etdi. Görəsən bu iş onun öz istəyi, yoxsa onun Əməvi
qəbiləsindən olan müşaviri Mərvanın təklifi ilə baş vermişdir? Allah bilir!
Ancaq bir şey aydındır ki, iş başına gələnlər arasında dini, siyasi və iqtisadi
təqvaya malik olmayan şəxslər də var idi.
Ötən bəhslərəmizdə İraqın cənub və
şimalında məskunlaşmış ərəblər haqda söhbət açmışdıq. Ərəbistan yarmadasında
müxtəlif ərəb tayfalarının və qəbilələrinin yaşaması barədə şərh verdik.
Sinələri dolaşaraq yaddaşlara həkk olunmuş nəsəbnamələrə əsasən onlar iki
dəstəyə - Ədnanilə və Qəhtaniyə - bölünmüşlər. Sonrakı dövrdə isə cənublular
Yəmani, şimallılar isə Qeysi adlandırılmışlar. Qəbilələr arasında düşmənçilik və
ixtilaf təbii bir hal sayılmış, bu düşmənçilik hələ islamın zühurundan bir neçə
əsr qabaq da mövcud olmuşdur. Dinin yayılması, Peyğəmbər (s) tə’limləri xüsusilə
o həzrətin göstərişi ilə ənsar ilə mühacir arasında qardaşlığın bərpa edilməsi,
islami bərabərlik, tayfa üstünlüklərinin ləğv edilməsi sayəsində özünü öymə və
fəxr etmə halları müvəqqəti də olsa aradan getdi. Ancaq zaman keçdikcə,
xüsusilə, Qüreyş qəbiləsinin müsəlmanlara hakim olacağı aydın olduqdan sonra bu
öyünmə və fəxr etmək yenidən dirçəldi. Lakin Ömərin hakimiyyətinin sadəliyi,
səhabələrin güzəştə getməsi və ən başlıcası sərvət toplamağın rövnəqsiz olması
da öyünməyə imkan vermirdi. Osmanın xilafətinin ikinci yarsında hər şey yeni
rəngə boyandı. Bir tərəfdən əhali peyğəmbər zamanından və Əbu Bəkr dövrünün
sadəliyindən uzaqlaşmalarından artıq iyirmi il ötmüşdü, digər tərəfdən isə
Ömərin Qüreyşə qarşı olan sərt rəftarı yox idi. Başlıca məsələ budur ki, belə
dövrlərdə rəhbərlik etmək hər əzab-əziyyətə qatlaşmaq, Allaha xatir məs’uliyyət
hiss etmək tələb etdiyi bir halda təmtəraqlı və cah-cəlallı mənsəbə malik olmaq
adi hala çevrilirdi ki, bunu da əldə etmək istəyənlər həddindən artıq çox idi.
Bəni Saidə eyvanı altında Yəmani tayfasından sayılan Ənsarın xilafət barəsindəki
öz iddialarını mühacirlərin xeyrinə geri götürmələrinə baxmayaraq, onların
övladları və yeni müsəlman olmuşlar Misir, Bəsrə, Kufə və Şamın da
hakimiyyətindən əl çəkib bütün bu şəhərlərin gəlirlərini Qeysi tayfasına təslim
etməyə razı olmazdılar. (Ömərin vəfatından sonra islamda Qeysi ilə Yəmani
arasındakı düşmənçilik yenidən baş qaldıraraq onun əhatə dairəsi daha da
genişləndi. Bütün münaqişələrdə, Süffeyn, Nəhrəvan müharibələrində, Əməvilər və
Abbasilər dövrünün müharibələrində də bu düşmənçiliyin acı tə’sirləri gözə
çarpırdı. Hətta iş o yerə çatdı ki, Mö’təsimin hakimiyyəti zamanı türk hakimi
islam hökumətində mühüm rol oynayaraq ərəbin siyasətə qarışmasına imkan
vermədi).
Ömərin xilafəti zamanı başqa bir
problem də yaranmışdı ki, bu məsələ onun sərt nəzarəti, bə’zi vaxtlar ədalətli
rəftarı sayəsində çox nəzərə çarpmırdı. Onun acı nəticələri Osmanın xilafəti
dövrü üzə çıxdı.
VƏZİFƏ SINAĞI
Bildiyimiz ki, islam dininin əsas
ictimai prinsiplərindən biri də bərabərlik olmuşdur. Mədinə sazişi bağlanan
gündən bəri qərara alındı ki, bir müsəlmanın hər hansı bir şəxslə bağladığı
sazişə bütün müsəlmanların riayət etməsi vacib sayılsın. Peyğəmbər (s) dövründə
ərəb dilində ərəblər kimi kamil surətdə danışmağı bacarmayan qaradərili Bilal
Həbəşi müsəlmanların azan deyəni olmuşdur. O, qul övladı olmasına baxmayaraq
islam qoşununa rəhbərlik etmiş, ənsar və mühacirdən olan böyük mənsəbli şəxslər
onun başçılığı ilə döyüşə getmişlər. Dünənə qədər islam əleyhinə qılınc çalan
şəxs Allahın təkliyinə və Məhəmməd (s)-ın peyğəmbərliyinə şəhadət verdikdən
sonra ictimai hüquq nöqteyi nəzərdən ağır günlərdə Peyğəmbərə yardım göstərən
ilk müsəlman olmuş şəxslərlə bərabər hüquqa malik olurdu.
Məkkə fəth olunan günün axşamı
peyğəmbərin əmisi Abbas Əbu Süfyana sığınacaq verərək oun müsəlmanların
düşərgəsinə gətirir. Həmin günün səhərisi Əbu Süfyan müsəlman oldu, canı və malı
toxunulmaz sayıldı, hətta bir müddətdən sonra hakimiyyətə də yetişdi. Bu islam
ədalətinin ən parlaq nümunəsi sayılır. Bu bərabərliyin başqa bir nümunəsini biz
İran və Ərəb müharibəsində müşahidə edirik. Dediyimiz kimi, İran əhalisi hələ
ərəblərə məğlub olmamışdın əvvəl islam dininə məftun olmuşdu. İranın fəthini
asanlaşdıran əsas səbəb islamın bərabərliyi və müsavatı olmuşdur. Əgər dinə
qarşı eşq və məhəbbət, həmçinin Sasani hökumətindən narazıçılıq hissləri
olmasaydı kiçik bir qoşunun belə bir böyük imperiya üzərində qələbəsi bəlkə də
mümkün olmazdı. Xatırlatdığımız kimi Mədinədə Peyğəmbər (s) mühacirlərlə (Ədnani)
ənsar (Qəhtani) arasında qardaşlıq bərpa etdiyi gündən bəri bu iki dəstə
arasındakı düşmənçilik və münaqişə birdəfəlik məhv oldu. Hətta Yəmanilər
özlərini Ədnanilərlə bərabər səviyyədə nəzərə alır, yeri gəldikdə isə onları
özlərindən üstün hesab edirdilər. Əgər bu güzəştli mərama hər iki tayfa riayət
etmiş olsaydı, onların islami qardaşlığı davam edər və ya ən azı onlar
arasındakı kin-küdurət atəşi yenidən alovlanmazdı. Ancaq belə davam etməyəcəyi
təbii ki, mə’lum idi. Peyğəmbər (s)-ın vəfatından sonra Yəmanilər islamın
inkişafında böyük rol oynadıqları üçün xilafət məqamını ələ keçirmək üçün baş
qaldırdılar, hətta onlar bu vəzifəni şərikli surətdə idarə etməyə razı idilər.
Lakin Əbu Bəkrin sözü, ələlxüsus o günkü durum onların iddiasına son qoydu.
Ömər özünün xilafəti zamanı bu iki
tayfa arasında ədalətə riayət etməyə çalışırdı. Əgər bir şəhərə Yəmanilərdən
hakim tə’yin etsəydi, digər şəhərə Ədnanilərdən göndərərdi. Osman xəlifə olanda
Ömər kimi davranacağına və onun tə’yin etdiyi hakimləri işdən kənar etməyəcəyinə
söz vermişdi. Lakin çox keçmədi ki, öz qohumlarını iş başına gətirərək mümkün
qədər Yəmaniləri hakimiyyətdən uzaqlaşdırdı.
O, Yəmaniləri hakimiyyətdən
uzaqlaşdırmaqla yanaşı bəni Uməyyədən savayı digər qəbilələrdən olanları da
mühüm şəhərlərə hakim tə’yin etməzdi. Belə ki, Kufənin hakimi Sə’d ibni Əbi
Vəqqası vəzifədən kənar edib yerinə Vəlid ibni Uqbəni tə’yin etmişdi.
Yazılanlara əsasən hətta iş o yerə çatdı ki, bəni Uməyyədən olan bir nəfər Bəsrə
şəhərinin hakimi Əbu Musa Əşə`rinin Yəmani olduğunu gördükdən sonra Osmanın
yanına gedib dedi: Məgər sizin aranızda bir cavan yoxdurmu Bəsrəyə hakim
gördərəsiniz? Bu qoca nə vaxtacan Bəsrədə qalacaq?
Peyğəmbər (s) sünnəsi, Əbu Bəkr və
Ömərin davranışındakı baş vermiş bu dəyişikliklər müsəlmanların əksəriyyətini
narahat edirdi. Xüsusilə də ərəb olmayan islam ədalətinə heyran olmuş yeni
müsəlman olanları daha artıq narahat edirdi. Bunlar islamın şüarı olan
bərabərliyin aradan getdiyini, Ərəblərin arasında layiq olmayan bir tayfanın
hakimiyyəti əlinə keçirməsini müşahidə edirdilər. Qüreyşin müsəlmanların malını
öz şəxsi mülkü hesab etmələri bu malı qanı bahasına, çətinliklərə qatlaşıb əldə
etdikləri halda sahiblərindən alınma hallarına rast gəlirdilər. Cahiliyyət
dövrünün öyünmə, fəxr etmə hallarının dirçəlməsi, xüsusi bir dəstənin xalqa
zorla hakim olması halı müşahidə edilirdi.
İstər Mədinədə, istərsə də oradan
xaricdə məzəmmətlər və tə’nələr eşidilməyə başladı. Nəhayət xəlifə vəziyyətin
ağır olduğunu hiss etdi. Əgər xəlifənin xeyirxah və uzaqgörən müşavirləri
olsaydı, bu problemlərin bə’zilərini həll etmək mümkün olardı. Lakin onun
ətrafına toplaşanların gözünü qohumluq təəssübü tutmuşdu. Ona, yersiz bəxşiş və
hədiyyələrin qarşısını almağı, gəliri ehiyacı olanlara paylamağı və Yəmaniləri
də hakimiyyətə gətirməyi tövsiyə etmək yerinə, narazı insanların bir dəstəsini
müharibə meydanlarına göndərməyi, oranın hakimlərinə onlara macal verməməyi
tapşırırdılar. Xalq arasında böyük narazıçılığa səbəb olan bu kimi xoşagəlməz
rəftarlar artıq çaxnaşmanın ilk zəminələri hazırlayırdı.
SƏRVƏT (MAL) SINAĞI
Peyğəmbər (s) Məkkədən Mədinəyə
gələn zaman müsəlmançılıqda qabaqcıl olanların bir dəstəsi əliboş olmasına və
hətta əyinlərində münasib paltar olmamasına baxmayaraq, o qədər vəfalı və
güzəştə gedən insanlar olmuşlar ki, özləri yoxsul olduqları halda müsəlman
qardaşlarını özlərindən üstün tutmuşlar. Sonradan ümumi vəziyyətləri yaxşılaşsa
da öz həyat tərzlərini dəyişməmiş, peyğəmbər yaşayışını həmişə özlərinə nümunə
götürüb onun kimi həyat sürmüşlər. Ömərin xilafəti dövründə müsəlmanların
xəzinəsinə külli miqdarda gəlirin axmasına, əhaliyə müəyyən miqdarda məvacib
tə’yin edilməsinə baxmayaraq, bir tərəfdən xəlifənin sadə həyat tərzi, digər
tərəfdən də onun Qüreyşin böyüklərinə və dini ilk əvvəl qəbul edənlərə nəzarət
etməsi onların külli miqdarda sərvət toplamalarına imkan vermirdi.
Lakin Osmanın dövründə bu davranış
və rəftar da unuduldu. Qeyd etdiyimiz kimi, Osman mülayim təbiətli və
qohum-əqrəbasını sevən bir adam idi. Əvvəlki xəlifələrdən fərqli olaraq xəzinəni
xəlifənin şəxsi mülkü və malı saymış, onun harada və necə xərclənməsində özünü
tam ixtiyar sahibi bilmişdir. Ümumi büdcədən yüksək miqdarda sərvətin ona-buna
hədiyyə verilməsi yoxsulların qəzəbini artıraraq e’tiraz dalğalarının
genişlənməsinə səbəb oldu.
Ömər məvacib paylanması üçün idarə
təsis edən zaman, bir tərəfdən əskərlərin hüququnu onların neçə müharibədə
iştirak etdiklərinə əsasən müəyyən edər, digər tərəfdən isə ənsarla mühacirləri
başqalarından üstün tutardı. Demək olar ki, ilk dəfə bu addım vasitəsilə islami
bərabərliyə zərbə dəydi. Lakin Ömər mə’nəvi şərəf sahiblərinə (dini ilk əvvəl
qəbul edənlər) nəzarət edirdi ki, onlar həddindən artıq varlanıb sərvət
üstünlüyünə sahib olmasınlar. Bacardıqca onların var-dövlətləri barədə hesabat
aparırdı. Ömər vəfat etdikdən sonra Qüreyş rahat nəfəs almağa başlayıb yenidən
sərvət toplamağa məşğul oldu. Bir müddət ötdükdən sonra əskərlər gördülər ki,
onlar daim din düşmənləri ilə ön cəbhədə döyüşdükləri halda, bir dəstə adam
Mədinədə xoşgüzəran keçirərək beytül-maldan yüksək məbləğdə məvacib alırlar.
Həmçinin yeni müsəlman olmuşlar, onlardan yalnız bir neçə il qabaq müsəlman
olduqlarına görə, ümumi büdcədən əlavə yardımlar da alırlar.
Hicri tarixinin 30-cu ilində Osman
öz şəxsi fikrinə əsasən müsəlmanların xeyrinə ola biləcək bir addım atdı. Mədinə
əhalisi onun bu işindən razı qalsa da sonrakı hadisələr göstərdi ki, zahirdə
gözəl görünən bu iş çoxlu çətinliklər yaratdı və o zaman xəlifə və onun
müşavirləri bu məsələyə diqqət yetirməmişdilər.
Ötən fəsillərdə işarə olunduğu və
islam fiqhində də qeyd edildiyi kimi müsəlman olmayan ölkələr müsəlmanlarla
barışıq (sülh) sazişi bağlamış olsalar onlardan vergi (cizyə) alınaraq xəzinəyə
təhvil verilirdi. Lakin qoşunun döyüşərək əldə etdiyi ölkənin ərazisi fatehlər
arasında bölünür.
Hicazdan kənarda yerləşən fəth
olunmuş ərazilərin məhsulunu toplamaq müsəlmanlar üçün çətin idi. Onlar həmin
ərazilərə şəxsən nəzarət etmək istəsəydilər və ya məhsulu toplamaq üçün oraya
səfər etməli olsaydılar bu iş orada çoxlu sayda əhali toplaşmasına səbəb olardı.
Osman əhaliyə belə dedi: Mənim
nəzərim budur ki, sizin payınızı özünüzə qaytarım, belə ki, hər kəs öz evində öz
torpağına sahib olsun. Ondan bu işin necə mümkün olacağını soruşduqda belə dedi:
Əskərləri çıxmaq şərti ilə bu torpaqların sahibləri öz ərazilərini Hicazda,
Yəməndə və başqa yerlərdə əraziləri olanlarla dəyişdirə bilərlər. Mədinə əhalisi
bu sözü eşitdikdə çox sevindilər və elə təsəvvür etdilər ki, onların üzünə
xeyirli bir qapı açılmışdır. Çünki, belə olan halda hər bir kəs özünə yaxın olan
ərazidə qalacaqdı. Beləliklə ərazilərin dəyişdirilməsi prosesi başlandı. Təlhə,
Mərvan ibni Həkəm, Əşə’s ibni Qeys və başqaları öz torpaqlarını kiçik ərazi
sahibləri ilə dəyişdirdilər və çox keçmədən Hicazda böyük torpaq sahibləri
meydana gəldi. Onlar bir tərəfdən məhsuldar torpaqlardan kifayət qədər gəlir
əldə edir, digər tərəfdən isə islamı ilk əvvəl qəbul etdiklərinə görə
başqalarından çox məvacib alırdılar. Bundan əlavə onlar müntəzəm olaraq
xəlifənin də verdiyi bəxşişlərə yiyələnirdilər.
Bu sərvət sahiblərinin adını yazmaq
tarixçilərin vəzifəsi deyildir. Müsəlman cəmiyyətindəki bərabərliyi sarsıdan ən
mühüm tə’sir və amili də nəzərdən qaçırmaq olmaz. Həmin amil bundan ibarət idi
ki, bir dəstə müsəlman islamın ilk çağlarında Peyğəmbər (s)-la birgə olduqları
və Ömərin xilafəti dövründə islam dinini ucaltmaq üçün rəşadət və vəfadarlıq
nümunəsi göstərdikləri halda sonradan hər şeyi unutmağa başladılar. Həzrət
Peyğəmbərin vəfatından sonra, Ömərin sərt rəftarından qurtaran kimi dünya
onların gözündə ziynətləndi və nəfsani istəklər onlara qalib gəldi. Bunlar
Allahı yaddan çıxartdılar, müsəlmanların malını öz şəxsi əmlakları hesab etdilər
və hətta iş o yerə çatdı ki, hər tərəfdə e’tiraz səsləri eşidilməyə başlandı.
Osmanın ilk on illik xilafəti dövründə bir tərəfdən əskərlər İran və Afrikadakı
fəthlərlə məşğul olduqlarından, digər tərəfdən də bu təbəqə hələ tam surətdə
formalaşmadığından bu narazıçılıqlar yalnız şikayət formasında bildirilirdi.
Xəlifə əgər qohumlarına qarşı
məhəbbətini azaltsaydı, Ömər kimi Əməvilərlə Qüreyşin lovğalıqlarının qarşısını
alsaydı, Mərvan kimilərin yerinə özünə təqvalı və bacarıqlı müşavirlər seçsəydi
fitnə və alovu söndürmək bəlkə də mümkün olardı. Lakin tarixçilər heç də yersiz
yerə Osmanın xilafətinin son illərini sınaq illəri adlandırmamışlar. Peyğəmbər
(s)-ın səhabələri bu bir neçə ildə imtahan olundular və təəssüflər olsun ki, bu
sınağın öhdəsindən yalnız kiçik bir dəstə gələ bildi. Peyğəmbər (s) dövrünün
sadəliyini, bəzək-düzəksiz Ömər xilafətini görmüş zahid və təqvalı səhabə olan
Əbuzər Ğəffari, sonradan müsəlman olmuş məxsus bir dəstənin cah-cəlallı
yaşayışını gördükdə onlara irad tutmaya bilməzdi. O, belə deyərdi: Fəth edilmiş
ərazilərdən əldə etdiyimiz mal-dövlət sizin şəxsi mülkünüz deyil, o bütün
müsəlmanlara məxsusdur və dövlət xəzinəsinə verilməlidir. İslam dövləti üçün
işləyən şəxslər xəzinədən öz ehtiyaclarını ödəyə biləcək miqdarda pul almalıdır,
qalanı isə Allah yolunda xərclənməlidir. Əbuzər hamını Peyğəmbərlə və o həzrətin
sadiq dostları ilə müqayisə edirdi. O imtahan zamanı (qiyamət) dindarların
sayının az olmasını qəbul etmək istəmirdi. Qüreyş və Əməvilər onun bu iradlarına
dözməyərək xəlifəyə şikayət edib dedilər: Əbuzər xalqı sənin əleyhinə üsyana
qaldırır. Nəhayət xəlifənin tamahkar müşavirləri Əbuzərin sözlərinə əhəmiyyət
verməyib öz işlərini davam etdirdilər. Əbuzər Şama sürgün edilsə də orada da
Müaviyəni məzəmmət etməkdən çəkinmirdi. Buna görə də onu yenidən Mədinəyə, daha
sonra Rəbəzəyə sürgün etdilər. Əbuzər uzun sürən məşəqqətlərdən sonra orada
kimsəsiz və qərib halda vəfat etdi.
Xəlifənin müşavirlərinin
tamahkarlıqları, Əməvilərin böyük şəhərlərdə etdikləri özbaşınalıqlar və
beytül-malın şəxsi əmlak kimi tarac edilməsi əhalidə narazıçılıq yaradaraq
e’tiraz dalğasını artırdı. İlkin narazılıqlar əskərlər tərəfindən başlandı.
Deyirdilər: Mübarizə və ya sülhlə əldə olunmuş torpaqların gəliri bizə çatır.
Lakin Osmanın tə’yin etdiyi hakimlər sülhlə əldə edilən torpaqları şəxsi
mülkləri, fəth olunmuş əraziləri isə müştərək mal hesab edirdilər. Çoxlu sayda
baş vermiş münaqişələrdən birini ibni Əsir belə qeyd edir: Kufə hakimi Sə’d ibni
As bir gecə öz yaxın adamları ilə söhbət əsnasında dedi: Səvad (İraq ərazisi)
Qüreyşin bostanıdır. Yəmani tayfasından olan Əştər Nəxə’i dedi: Bu ölkəni biz
döyüşərək almışıq (qılınc gücünə), bura Qüreyşin bostanına necə çevrilə bilə?
Əbdürrəhman Əsədi isə belə dedi: Əmirin üzünə ağ olursan, onun müqabilində söz
deyirsən! Əştər yaxın adamlarına işarə etdikdən sonra, onlar Əbdürrəhmanın
üstünə tökülüb o qədər vururlar ki, o, özündən gedərək qəşş edir. Bu tarixdən
başlayaraq Yəmanilərlə Muzərilər arasında münaqişə yarandı.
Osmanın müşavirləri düzgün çıxış
yolu tapmaqdansa, onu beytül-malı acgözlüklə qohum-əqrəba arasında bölüşdürməyə
təhrik edir, yaxın qohumu olan əbu Muitə ailəsinin xalqa rəva gördükləri
zülmlərin qarşısını almaqdansa, nadanlıqdan və ya bilərəkdən təqvalı insanları
onun ətrafından uzaqlaşdırırdılar. Bə’ziləri peyğəmbər sünnəsini yaşatmaq üçün
dinə olunmuş əlavələri (bid’ətələri) sıradan çıxarmaq məqsədi ilə xəlifəni
nəsihət və ya məzəmmət edən zaman, Osmanı onları döyməyə, qovmağa və ya sürgün
etdirməyə məcbur edirdilər. Onlar bu bəlanı, hətta ibni Məs’ud, Əbuzər və Əmmar
Yasərlərin də başına gətirdilər. Xainlər ona məsləhət görürdülər ki, yeni
ölkələr fəth etmək üçün əskərləri uzaq diyarlara göndərsin. Əli (ə) bir neçə
dəfə xalqla onun arasında vasitəçilik etmiş, hər dəfə də Osman bu
rüsvayçılıqlara son qoyacağına söz vermişdi. Lakin həmişə onun ətrafındakılar,
xüsusilə də Mərvan ibni Həkəm bu işə mane olmuş və artıq e’tiraz dalğası uzaq
sərhədlərdən keçərək içəriyə, (mərkəzə) təcavüz etmişdi.
Artıq narazılar dəstəsi Mədinəyə üz
qoyub şikayətlərinə baxılmasını tələb edirdilər. Xəlifə onların şikayətinə
baxacağına söz versə də, müşavirləri buna yol vermədilər. Çox keçmədi ki, bu
narazılıqlar böyük bir iğtişaşa çevrildi. Bir dəstə adam bundan sonra çarə
fikrinə düşsələr də artıq gec idi. Yazılanlara əsasən, misirlilər Osmanın
dəyişiklik edəcəyi haqda verdiyi və’də ümidi ilə geri dönərkən yolda bir çaparla
rastlaşırlar. Onun üst-başını yoxladıqda Osmanın Misirin hakiminə yazdığı
məktubu tapırlar ki, orada bunların öldürülməsi əmri verilmişdi. Elə buna görə
də iğtişaşçılar geri dönürlər. Görünür ilahi qəza belə imiş, bu hadisədən sonra
islam xəlifəsi müsəlmanların əli ilə öldürüldü.
Təəccüblü burasıdır ki, Qüreyşdən
və Əməvi tayfasından olan bir neçə əsilzadələr fitnə odunun haradan
alovlanmasını bilmir və ya bilmək istəmirdilər. Müsəlmanların malını talan
etmələri, ədalətsizlikləri, özlərini üstün tutmaları ilə sərhəd ərazilərdə
yaşayan əhalinin mərkəzə hücum etməsi ilə nəticələnən prosesi qəbul etmək
istəmirdilər. Osmanın ölməsini tayfa ixtilafları ilə əlaqələndirir, bəni Haşimin
Üməyyə övladlarından intiqam almaları kimi qiymətləndirirdilər.
Osman iğtişaşçıların əli ilə qətlə
yetirildikdən sonra onun qardaşı (anadan bir qardaş) Vəlid ibni Üqbə matəm
mərasmində bəni Haşimə belə dedi:
Bəni Haşim! Bizdən nə
istəyirsiniz?! Osmanın qılıncı sizin əlinizdədir!
Bəni Haşim! Bacı oğlunuzun silahını
geri çəkin! Onu talan etməyin ki, bu sizə yaraşmaz!
Bəni Haşim! Bu necə mümkündür ki,
biz əxlaqlı davrandığımız halda Osmanın zirehi və atları sizin yanınızdadır!
Əgər bir nəfər həyatı boyu içdiyi
suyu unutsa belə, mən Osmanı və onun ölümünü unutmayacağam.
Bu məzmunda söylənmiş şe’rə diqqət
yetirin, onu söyləyən dövrün xəlifəsi Osmanın qardaşı - özü də xəlifə tərəfindən
Kufəyə hakim tə’yin olunmuş bir şəxsdir.
Peyğəmbərin (s) vəfatından bu
zamana qədər 25 il keçmişdi. Ancaq Gördüyünüz kimi, islam dininin zühur edib
yayıldığı bir məkanda, yə’ni Mədinə şəhərində müqəddəs ayinlər zahirdə müsəlman
olan bir kişinin dili ilə necə məhv edilir.
Bu beytlərdə Osmanın nə səbəbə
öldürülməsi haqda heç bir mə’lumat verilmir. Görəsən onun öldürlməsi ədalətsiz
bir iş idi, yoxsa həqiqət? Görəsən o, qətlə yetirilən gün peyğəmbər sünnəsinə və
özündən əvvəlki xəlifələrin rəftarına sadiq idi yoxsa yox? Göründüyü kimi, onlar
qiyamçıların xəlifəyə nə üçün hücum edib onu öldürməsini soruşmurlar və ictimai
fikri yayındırmaq üçün yalnız Üməyyə ilə Haşim övladları arasında olan keçmiş
ixtilafı xatırlayırlar.
Osmanın ölümündə Haşimilərin bir
başa və ya dolayı yolla da iştirakı olsaydı, bu sözləri yenə də üzürlü hesab
etmək olardı. Lakin o açıq-aşkar töhmət vuraraq müqəssirlərin həzrət Əlinin
evində və ya ətrafında olmasını iddia edir!
Bildiyiniz kimi, Osmanın ağır
günlərində Əli (ə) onu himayə etmiş və onların iddiasının əksinə olaraq heç də
onun əleyhinə döyüşə qalxmamış, qiyamçılara heç bir köməklik göstərməmişdir. Bu
töhmət Əməvilərin qəlbində bəni Haşimə qarşı dərin kök salmış tarixi nifrətdən
başqa bir şey deyildir. Çünki Peyğəmbər (s) Üməyyə övladlarından deyil, yalnız
bu qəbilədən çıxmışdır. Onlar Osmanın ölümündən sonra xəlifənin bəni Haşim
tayfasından seçilməsinə davam gətirə bilməzdilər. Burada sadəcə olaraq bir söz
deyə bilərik ki, bə’zi qəbilə və tayfa başçıları digər qəbilələrlə
olan düşmənçiliklərini də unutmamışdılar. Yalnız müvəqqəti olaraq başları ayrı
işə qarışdığından ona çox əhəmiyyət vermirdilər, fürsət tapan kimi yenidən
keçmiş adət-ən’ənələrinə qayıdırdılar.
Osman öz xilafəti dövründə bə’zi
mühüm işlər də görmüşdür. O işlərdən biri də Qur’anın tilavətində müxtəlifliyin
mövcud olması ilə ilahi kəlamın azalıb-artmasının qarşısını almaq üçün Əbu Bəkr
zamanı yazılmış Qur’an səhifələrini Ömərin qızı Həfsədən alıb onun bir neçə
nüsxəsini köçürməsi olmuşdur. Bu Qur’anları mühüm sayılan islam şəhərlərinə
göndərdikdən sonra yerdə qalan Qur’anları yandırdılar.
Osmanın xilafəti zamanı Müaviyə
böyük dəniz qoşunu təşkil edərək Kipr adasına hücum etdi. Sonra isə
Konstantinopolu ələ keçirmək fikrinə düşdü ki, buna nail ola bilmədi.