Hicrətin on üçüncü ili baş vermiş
Cisr (körpü) döyüşü Mədinə ordusunu çox narahat etmişdi. Ancaq bu hadisdən bir
il sonra Musənnanın qoşunu Buvəybə məntəqəsində qələbə çalaraq Cisrdəki
məğlubiyyətin əvəzini çıxdılar. Buvəybə döyüşündən sonra Qadisiyyə müharibəsi
baş verdi. Bu müharibədə müsəlmanların başçısı Sə’d ibni Əbi Vəqqas, İran
ordusunun başçısı isə Rüstəm Fərroxzad olmuşdur. Tarixçilər hər iki qoşunun
sayını həddən artıq çox yazmışlar. Ancaq bir şey aydındır ki, İran qoşununun
sayı ərəb ordusundan çox olmuşdur. Qədim tarixçilərdən olan Bəlazori İran
ordusunun 120000, ərəblərin isə 9000-dən 10000-ə qədər olduğunu qeyd etmişdir.
Halbuki ibni Əsir ərəblərin sayını 30000-dən artıq, İran ordusunun isə Qadisiyyə
döyüşündə 100000-dən artıq olduğunu qeyd etmişdir.
Təbiidir ki, o vaxtlar belə
hadisələri nəql etdikdə rəqəmlərin düzgünlüyünə çox diqqət yetirilməmişdir.
(Təəssüflər olsun ki, bu gün də belədir). Bu yürüşdə hər iki tərəfin coğrafi
mövqeyinə, hərbi əməliyyat qərərgahına, qüdrət və imkanına nəzər saldıqda
aydınlaşır ki, iranlıların sayı ərəb qoşunundan artıq olmuşdur.
Müasir tarixçilər hələ mübarizə
başlamazdan əvvəl hər iki qoşun başçıları arasında baş vermiş danışıqlar və ərəb
nümayəndələrinin Yəzdəgürdün yanına gedərkən onun əsəbləşməsi və nümayəndələrin
ona cavab vermələri haqqında dastanlar qoşmuşlar. Danışıqların olması haqda
şübhə yoxdur, lakin sonradan əsas mətnə əlavələr olunmuşdur. Aydındır ki, bu
danışıqlar Sə’d ibni Vəqqasın nümayəndəsi ilə Rüstəmin göndərdiyi nümayanədə
arasında olmuşdur, lakin ərəb nümayəndəsi Tisfuna gedərək Yəzdəgürdlə
görüşməmişdir. Firdovsi “Şahnamə” əsərində Rüstəmin Sə’də, onun da öz növbəsində
Rüstəmə verdiyi cavabını nəzmə çəkmişdir. Təbii ki, Rüstəm ölkənin və əhalinin
vəziyyəti ilə Yəzdəgürddən daha yaxın tanış idi və o, ilk əvvəl müharibə
tərəfdarları olmayıb, ərəbləri İrana hücum etmək fikrindən yayındırmaq
istəyirdi. Lakin həmin şəraitdə gələcəkdən daha çox, özü haqda düşünüb öyünürdü.
Bu danışıqlarda müsəlmanların sərkərdəsi iki şeydən birini - ya islamı qəbul
etməyi, ya da vergi verməyi istəyirdi. Rüstəm isə deyirdi: Sizin hamınızı
öldürməyincə əl çəkən deyilik. Müsəlmanların nümayəndəsi deyirdi: Bizim heç bir
qorxumuz yoxdur, bizdən ölənin yeri cənnət, sizdən ölənin yeri isə cəhənnəmdir.
Bizdən sağ qalanlar mütləq sizə qalib gələcəklər. Sülh danışıqları nəticəsiz
qaldığından döyüş başlandı. Tarixçilər İran ordusunun məğlubiyyətini çətin hava
şəraiti ilə əlaqələndirməyə çalışmışlar. Deyilənlərə görə döyüş gecəsi Rüstəm
yuxuda olarkən göydən bir mələyin gəlib İran əsgərlərinin kamanlarını möhürləyib
yenidən geriyə döndüyünü görür. Və ya döyüşün son gecəsində külək əksinə əsərək
iranlıların məğlubiyyətinə səbəb olur. Lakin ölkədə və ordunun öz içərisində
əsən külək o günkü əsən əks küləkdən daha da tə’sirli və güclü idi. İllər boyu
ən yaraşıqlı paltarlarını geyib ən dəyərli qılınc qalxanını taxıb döyüşə gedən
Sasani sərkərdə və əsgərləri əynində köhnə paltarları, əlində qırıq nizə və
paslı qılınc götürmüş ərəb qoşunu ilə üzləşdikdə heyrətləndilər. Onlar ona görə
təəccübləndilər ki, görəsən belə bir qoşun bu günə qədər İraqın yarısını necə
tutub, demək onlara səmavi bir qüvvə kömək edir.
Rüstəm Sə’din göndərdiyi
nümayəndələrdən hər dəfə birinin gəldiyini soruşduqda onlar cavab verdilər ki,
bizim əmirimiz əsgərlər arasında bərabərliyə riayət edir və bu məs’uliyyətin
ağırlığının bir nəfərin üzərinə düşməsini bəyənmir. Orada olanlar ordu
içərisində olan bu bərabərliyə hakimin rəiyyətlə rəftarında ədalətə riayət
etməsinə təəcüb etdilər. Qadisiyyə müharibəsi dörd gün çəkərək müsəlmanların
qələbəsi ilə sona yetdi. (Hicri qəməri 14-cü il Məhərrəm ayı). Bu mühribədə Sə’d
xəstə idi, birbaşa döyüşdə iştirak etməsə də uzaqdan qoşuna rəhbərlik edirdi.
Bu hekayəni nəql edənlər görünür
adlı-sanlı sərkərdə olan Rüstəmin ölümünü adi ərəb sərkərdəsi ilə bir cərgədə
çəkmək istəməmişlər. Həmin döyüşdə İranın məğlubiyyəti qətiləşdi, müsəlmanların
Sasanilərin qışda paytaxtı olan Tisfun şəhərinə irəliləməsini daha da
asanlaşdırdı.
Bir neçə sərkərdə Sə’din qoşunun
qarşısını almaqda mübarizəni davam etdirməyə çalışsalar da, müsbət nəticə əldə
edə bilmədilər. Onlardan biri Nəhavəndə, o birisi isə Əhvaza qaçdı, bir neçəsi
də elə yoldaca qətlə yetirildi.
Tisfun şəhərinə girməklə
müsəlmanlar Sasanilərin sarayını ələ keçirdilər. Bu qələbə nəticəsində əldə
olunmuş qənimətlər şişirdilmiş olsa da, az da olmamışdır. Dastan qoşanlar
sarayları ələ keçirmək haqqında həqiqətə uyğun olmayan çox şeylər söyləmişlər.
Görəsən bu hadisələr doğrudanmı baş verib, yoxsa hücum edənləri təhqir etmək
məqsədi ilə söylənilib. Doğru və düzgününü Allah bilir! Beləki deyilənlərə görə
ərəblər duz əvəzinə kafur tökərdilər və ya itlərə qızılı suya çəkilmiş qablarda
yemək verərmişlər. Və ya Bəharistan xalçasını parçalayıb öz aralarında
bölüşdülər (Xosrovun yazı xalçası). Bunların əksəriyyəti, xüsusilə də sonuncu
söz qondarmaya oxşayır. Guya xəlifə o qədər sadəlöhv olub ki, müşavirlər və
tacirlər xalçanın parçalanmasının müsbət hal olduğunu ona çatdırmışlar. Belə
olduqda xalçanın dəyəri aşağı düşmüş olar və əsgərlər arasında onun əsl
dəyərinin əvəzinə sıradan çıxmış olan dəyərini bölmək lazım gələcəkdir. Hər
halda döyüşlərdə belə hadisə və faktların meydana çıxması danılmazdır.
Yəzdəgürd Tisfundan qaçıb İranın
qərbinə getmişdir. O, güman edirdi ki, ərəbləri İranın qərbindəki dağlıq
ərazinin ətəklərinə çəkib sonradan qüvvə toplayaraq onlara zərbə endirib ötən
məğlubiyyətin əvəzini çıxacaqdır. Lakin belə olmadı. Müsəlmanlar bir tərəfdən
Xuzistana tərəf irəliləyib oranı ələ keçirdilər. Digər tərəfdən də qərbdə
Cəlaulada baş verən müharibə nəticəsində İran qoşunu ağır məğlubiyyətə uğradı.
Yəzdəgürd son səyini göstərmək qərarına gəldi. Nəhavəndə də böyük qoşun
toplandı, ancaq bu qoşun da darmadağın edilərək müsəlmanların qələbəsi ilə sona
yetdi. Bu müharibə (Nəhavənd) hicri qəməri tarixi ilə 21-ci ildə baş vermişdir.
Bu müharibə iranlıların ərəblər
müqabilində sonuncu müqaviməti olduğuna görə islam tarixində fəthlər fəthi
adlanmışdır. Nəhavənd müharibəsindən sonra Yəzdəgürd arvadları, qohumları,
keşikçiləri və qoşunu ilə birlikdə Fars əyalətinə, oradan Xorasana getmiş və
nəhayət 31-ci ildə Mərvdə qətlə yetirilmişdir.
Ərəblərin dinə və özlərinə inamdan
əlavə, 10 ildən az bir müddət ərzində belə bir böyük imperiyanı süquta
uğratmalarının səbəblərindən bir neçəsi aşağıdakılardan ibarət olmuşdur:
1.Sonuncu Sasani sülaləsindən
xalqın narazı olması;
2.Hakim təbəqənin xalqı təzyiqə
mə’ruz qoyması;
3.Təbəqələr arasında olan
ayrı-seçkilik, müəyyən təbəqənin üstünlüklərə malik olması ilə yanaşı
əksəriyyətin bu imtiyazdan məhrum olması;
4.Şahqubadın dövründən bu yana
zərdüşt dininin əsas e’tibarilə aradan getməsi;
5.İslam göstərişlərinin İranda
yayılması, bu dinin çox sadə və məntiqi olması; Xüsusilə xalqın öz gözləri ilə
müşahidə etdikləri bərabərlik, ədalət ki, onlar bu xüsusiyyətləri bir-birlərinə
müjdə verirdilər.
ŞİMAL VƏ QƏRBDƏ
İRƏLİLƏYİŞ
Ötən fəsildə Qeyd etdiyimiz kimi,
hicrətin səkkizinci ili baş vermiş Mu’tə müharibəsində müsəlmanlar məğlub
oldular və peyğəmbərin əmisi oğlu Cə’fər ibni Əbi Talib bu döyüşdə şəhid edildi.
Bu qüdrətli Rum imperiyası ilə baş verəcək müharibə üçün müqəddimə oldu.
Peyğəmbər (s) həyatının son
günlərində Usamə ibni Zeydin başçılığı ilə Mu’təyə qoşun göndərməyi əmr etmişdi,
lakin o həzrətin vəfatı nəticəsində bu iş təxirə düşmüş və Əbu Bəkrin
xilafətinin əvvəllərində qoşun hərəkət etmişdi. Usamə 40 və ya 70 günlük uzun
sürən səfərdən çoxlu sayda qənimət əldə edərək geri dönmüşdü.
On ikinci ilin sonu dindən
çıxmışlarla (mürtədlər) mübarizə sona yetdikdən sonra Əbu Bəkr İordaniya və
Fələstinə qüvvə yolladı. Müsəlmanların qoşunu Rum sərhədçiləri ilə döyüşdə
qələbə çaldılar. Şərqi Rum imperatoru Heraklyus (610-641 miladi) böyük bir qoşun
toplayaraq müsəlmanlarla döyüşə hazırlaşdı. Hər iki qoşun Yərmuk adlı yerdə
üz-üzə gəldilər. İlk anda müharibənin taleyi mə’lum deyildi, Əbu Bəkr qoşuna
şücaətli bir sərkərdəni başçı tə’yin edilməsini düşünürdü. Elə buna görə də
İraqda olan Xalid ibni Vəlidi Şama göndərdi. Xalid kiçik bir dəstə ilə quru və
susuz Şam çölünü qət edərək özünü müsəlmanların qoşununa çatdırdı. Belə quru
səhranı qət etmək böyük dözüm və iradə tələb edirdi. Xalidin o gün gördüyü iş
bir igidlik sayılırdı. Belə səfərə çıxmaqla o, qoşunun gözündə daha da ucaldı.
Xalidin Yərmuka gəlməsiylə qoşunda canlanma əmələ gəldi və onlar misilsiz bir
şücaətlə Rumluları məğlub etdilər. Rumlular Dəməşqə geriyə çəkilməyə məcbur
oldular. Bu ərəfədə Əbu Bəkr vəfat edir və Ömər xəlifə seçilir. Məğlub olmaq
istəməyən Heraklyus yenidən böyük bir qüvvə topladı, ancaq bu qoşun da məğlub
oldu. Məüsəlmanlar İordaniya və Suriya şəhərlərini ardıcıq olaraq ələ
keçirdilər.
Bu münaqişələr içərisində Ömərin
xilafəti zamanı baş vermiş ən başlıca hadisə 17-ci ildə Fələstinin və 19-cu ildə
isə Qeysəriyyənin fəthi olmuşdur. Fələstinin fəthi istər hərbi, istərsə də
təbliğat baxımından böyük əhəmiyyət kəsb etmişdir. Çünki müsəlmanların ilk
qibləsi olan Əqsa məscidi bu məntəqədə yerləşmişdir. Elə bu səbəbdən də Ömər
şəxsən özü Dəməşqin 80 kilometrliyində yerləşən Cabiyə kəndinə səfər edərək
xaçpərəstlərlə möhtərəm davranmış və onların hüquqlarını müəyyyən edə biləcək
bir saziş bağlamışdı. Şam və Fələstin əhalisi illər boyu Rum hökumətinin
cah-cəlalını gördükdən sonra islam ordusunun adiliyi, sadəliyi və müsəlman
xəlifəsinin mülayim rəftarı ilə üzləşdikdə heyrətə gəldilər.
QƏLƏBƏNİN SƏBƏBLƏRİ
Yarmadanın şərq nahiyəsində əldə
edilən qələbənin (İranın fəthi) ən başlıca amili olan iman və dini əqidədən
əlavə, mövcud vəziyyət və şəraitin də bu qələbədə oynamış müstəsna rolunu qeyd
etdik. Ərəbistanın şimalında baş vermiş döyüşdə də bir neçə səbəbin xüsusi rol
oynadığına rast gəlinir ki, onlar aşağıdakılardır:
1.Bu ərazidə yaşayan əhalinin ərəb
olmasalar və ərəb dilində danışmasalar da belə, adət ən’ənə və dil baxımından
Rumlılardan daha çox ərəblərə yaxınlıq və bağlılıq əlaqələri olmuşdur.
2.Qeyd etdiyimiz kimi, qədim
zamanlardan bəri (islamdan əvvəl) cənubdan bir dəstə əhali ticarət və ya işləmək
məqsədilə bu torpaqlara gəlmiş və burada yaşayan əhali ilə qaynayıb-qarışmışdır.
Təbii haldır ki, baş verən müharibələrdə onlar Rumlularla deyil, ərəblərlə birgə
olmuşlar.
3.Qalib gəlmiş ordu imperiyanın
nümayəndəsi ilə müqayisədə xalqla daha mülayim rəftar etmişdir. Əhali bunun ən
bariz nümunəsini müsəlmanların xəlifəsinin Beytül-müqəddəsə gəlişində görmüşlər.
4.Müsəlmanların tutulmuş
ərazilərdəki əhalidən aldıqları vergi onların öz hökumətlərinə verdikləri
vergidən qat-qat az olmuşdur. Bütövlükdə bütün bu fəthlərin əsas səbəbini
islamın ədalətində və sadəliyində axtarmaq lazımdır.
5.Başqa bir səbəbi də diqqətdən
yayındırmaq olmaz. Əvvəldə Qeyd etdiyimiz kimi, bu günkü Suriya, İordaniya və
Fələstində məskunlaşmış əhali xaçpərəstliyi qəbul etmişdilər. Misir əhalisi də
xristian idilər. Lakin zaman ötdükcə xristianlıqda kəlami (sxolostika)
mübahisələr meydana gəlmiş, müxtəlif e’tiqadi məktəblər və firqələr zühur etmiş,
onların arasında münaqişə get-gedə şiddətlənmişdir. Katolik kilsəsi əqidə
ixtilafına səbəb olan bütün firqələri sıxışdıraraq şiddətli mübarizə
apardığından onlar da kilsədən üz döndərmişlər. Belə kəlami mübahisələr beşinci
əsrdə özünün ən uca zirvəsinə çatmışdı. İslam dininin zühuruna yaxın bir vaxtda
şərqi Rum imperatoru Heraklyus bu firqələri birləşdirməyə çalışmış, müsbət
nəticə əldə edə bilməmiş və sonda özünə qarşı güclü nifrət hissi yaratmışdı.
Müsəlmanlar bu torpaqları ələ keçirdikdən sonra xaçpərəstlərdən vergi alaraq öz
din və ayinlərini yerinə yetirməkdə azadlıq verdilər. Onlar katolik kilsəsinin
təzyiqləri altından çıxaraq azad nəfəs aldılar. Yenidən Rum istilası altına
düşməmək üçün onları devirməkdə ərəblərə kömək etdilər.
Suriya ərazisi fəth olunduğu ilk
gündən ərəblərin rumlularla müqayisədə yerli əhali ilə daha mülayim rəftar
etmələri haqda sənəd mövcuddur. Ömər tərəfindən ordu başçısı tə’yin edilmiş Əbu
Ubeydə Cərrah Heraklyusun qoşun toplayıb onlarla döyüşə hazırlaşdığını
eşitdikdən sonra fəth olunmuş şəhərlərdəki nümayəndələrinə göstəriş verdi ki,
xaçpərəstlərdən aldıqları vergini özlərinə qaytarsınlar. Eyni zamanda onlara
desinlər ki, biz bunu sizləri qorumaq üçün almışdıq. Ancaq indi bizim aqibətimiz
mə’lum deyil, ola bilsin döyüşdə məğlub olub üzərimizə götürdüyümüz öhdəçiliyə
əməl edə bilməyək. Lakin xristianlar onların ərazilərini tutmuş adamların
ədalətli rəftarını görcək belə cavab verdilər: Biz sizin rumlular üzərində
qələbə çalmağınızı istəyirik, onların zülmündənsə sizin ədalətli rəftarınızı
daha çox xoşlayırıq, Heraklyusun ordusu ilə döyüşdə sizinlə bərabər olacağıq.
MİSİRİN FƏTHİ
On doqquzuncu ildə
Beytül-müqəddəsdə olan Əmr ibni A’s Misirə hücum etmək üçün Ömərdən izn istəyir.
Deyilənlərə görə o, icazə almadan Misirə hücum etmişdir. Misirdəki vəziyyət də
eynilə Suriya və İrandakı mövcud olan vəziyyət kimi idi. Bu ölkə miladi
tarixinin ilk əsrində Rum imperiyasının tərkibinə daxil olmuşdur. Bol məhsul və
çoxlu gəlir verən bu ölkə onlar üçün böyük əhəmiyyət kəsb etmişdir. Şərqi Rum
imperiyası yarandıqdan sonra paytaxtın Konstantinopola köçməsi ilə xaçpərəstlik
bu diyarda geniş surətdə yayılmışdı. Digər tərəfdən isə yüz illər əvvəl
Fələstini tərk etmiş yəhudilər də Misirdə məskunlaşmışdılar. Beləliklə Misirdə
qibtilər, xaçpərəstlər və yəhudilər arasında ixtilaf üçün zəminə yaranmışdı.
615-ci ildə Xosrov Pərviz
tərəfindən göndərilmiş Şəhrburaz 619-cu ildə Misiri bütövlükdə ələ keçirdi. Bu
hücum nəticəsində Misir əhalisinin vəziyyəti daha da ağırlaşdı.
Digər tərəfdən bu ərazidə yaşayan
xaçpərəstlərlə katoliklər arasında kəlami mübahisələr baş verirdi. O cümlədən,
İsa (ə)-ın ilahiliyi və insani xüsusiyyətlərinin insan bədənində bir yerə
sığması, hələ dünyaya gəlməmişdən əvvəl Məryəmin bətninə daxil olan ruh barədə
mübahisələr gedirdi?
Belə mübahisə məclislərinin təşkil
olmasına baxmayaraq problemlər həll olunmurdu. Təssübkeş başçıların oraya hakim
tə’yin edilməsi ilə katolik kilsənin təzyiqi daha da güclənirdi. Məzhəb və əqidə
cəhətdən kilsə başçıları ilə müxalif olanlar işgəncəyə məruz qalır və ya sürgün
olunurdular. Məsələn, Benyamin Mətran katolik kilsəsi ilə müxalif olduğuna görə
13 il gizli bir daxmada yaşamış, İsgəndəriyyənin fəthindən sonra üzə çıxmışdır.
Beləliklə soylar və məzhəblər arasında baş qaldırmış ixtilaf və vergi təzyiqləri
iqtisadiyyatı dağılmış Misiri böhrana düçar etmişdi.
Əmr ibni As bir məsələni anlamışdı
ki, Misir özünü müdafiə etmək qüdrətinə malik deyil. 19-cu il Rəcəb ayında Əmr
Misirə yollandı və müqavimətə rast gəlmədən Bilbisə qədər irəlilədi. Orada yerli
qoşunla kiçik bir döyüş oldu və ondan sonra Ummu Dunəyn adlı məşhur yerə qədər
irəlilədi. Burada onunla imperiya qoşunları arasında toqquşma baş verdi. Lakin
Əmr köməkçi qüvvə gəlincə qoşunla üzləşmədən vaz keçdi. Ömər on dörd min
nəfərlik bir qoşunu onun köməyinə göndərdi. Bu qoşuna böyük səhabələrdən Zübeyr
ibni Əvvam, Miqdad və Ubadə ibni Samit kimiləri da daxil idi. Əmr bu qüvvə ilə
imperiya qoşunlarını məğlub etdikdən sonra orada onunla sülh müqaviləsi
imzaladı. Lakin Herakl bu sazişi bir xəyanət kimi qəbul etdi. 641-ci ildə
Heraklın ölümündən bir neçə ay sonra oğlunun da ölümü ilə 11 yaşlı nəvəsinin
hakimiyyətə gəlməsi nəticəsində Misirin müdafiəsi daha da zəiflədi. Əmr Eyn
Şəmsi və Babilyunu ələ keçirdi, lakin İsgəndəriyyə möhkəm qala divarları və 5000
nəfər əsgər vasitəsilə müdafiə olunduğundan hələ fəth olunmamışdı. Lakin Əmr
12000-dən artıq qoşunu olmasına baxmayaraq şəhəri mühasirəyə aldı və on dörd
hücum cəhdindən sonra İsgəndəriyyə şəhəri də müsəlmanların əlinə keçdi. Misirin
istər xaçpərəst, istər qibti, istərsə də yəhudi əhalisi imperiya qoşunlarının
getməsindən qəmgin olmadılar. Müsəlmanlar onları dini vəzifələrini yetirməkdə
azad buraxdıqlarına görə çox şad idilər. 645-ci ildə (25 hicri) rumlular
İsgəndəriyyəyə hücum etdikdə Misir əhalisi müsəlmanlara kömək edərək onları
qovdular.
QƏLƏBƏLƏRİN ÇOXALMASI VƏ
PROBLEMLƏRİN MEYDANA ÇIXMASI
Hadisələrin təhlilində dəfələrlə
qeyd etmişik ki, müsəlmanlar əvvəllər qeyri müsəlmanlarla döyüşdə (Bədr
döyüşündə) elə də yüksək təchizata malik deyildilər. Qoşuna daxil olmayan
müsəlmanlar da çox sadə həyat tərzi sürür, bə’ziləri isə hətta çətinlikdə
yaşayırdılar. Sonrakı dövrlərdə də (Əbu Bəkrin, Ömərin xilafəti dövrü) bu sadə
həyat tərzi davam edirdi. Peyğəmbər (s), Əbu Bəkr və Ömərin dövründə baş vermiş
müharibələrdə müsəlmanların hədəfi təkallahlığı yaymaqdan ibarət olub. Ancaq
yaddan çıxarmaq olmaz ki, bə’zilərinin hədəfi dünyəvi mənfəət əldə etmək də
olub. Təqribən 25 il müddətində Qur’ani-kərimin tə’limləri və Peyğəmbərin (s)
müsəlmanlara verdiyi islami tərbiyə (mühacir və ənsar) elə tə’sir bağışlamışdı
ki, onlar Allahdan başqa heç nə düşünmür və islamın adını ucaltmaqdan başqa bir
şey haqda fikirləşmirdilər. Qur’ani-kərimdə bu iki dəstənin tə’rifi haqda çoxlu
sayda ayələr görmək olar. Mə’lumdur ki, Peyğəmbər (s) dünyadan köçərkən onların
bir neçəsindən narazı idi. İslamı ilk olaraq qəbul etdiklərinə görə bu dəstə
adamlara müsəlmanlar tərəfindən ehtiram olunurdu. Lakin onların özlərini
başqalarında üstün sayma hallarına rast gəlinməmişdi. Qoşuna başçılıq etmək
(sərkərdə) və ya islam hökmlərini başqalarına öyrətmək onlar üçün rütbə deyil,
dini vəzifə sayılırdı.
Peyğəmbər (s)-ın dostları arasında
mənsəb, məqam hərisliyi mövcud deyildi, hansı ailədən və soydan olması mühüm
sayılmazdı. Hətta ictimai baxımdan islamı tez və ya gec qəbul etmək də fəzilət
sayılmazdı. Keçən fəsildə Gördüyünüz kimi, yeniyetmə cavan olan Usamə ibni Zeyd
qocalardan, əsirlikdən azad olunmuşlardan və islamı ilk əvvəl qəbul edənlərdən
təşkil olunmuş bir qoşuna başçı seçilir. Peyğəmbər (s) dövründə müsəlmanların
əhəmiyyət verdikləri şey təqva olmuş və onun da mükafatını xalqdan deyil, yalnız
Allahdan istəmişlər. Qur’ani-kərim belə müsəlmanlar haqda buyurmuşdur:
“Allah onların qəlblərini imanla
imtahana çəkmişdir.”
Lakin Peyğəmbər (s) Ərəbistan
yarmadasını müsəlman edib bu fani dünyanı tərk edən zaman müsəlmanların hamısı
belə bir əxlaqa malik deyildilər. Sınaqdan çıxmış müsəlmanların sayı çox az idi.
Bəli, tarixdə həmişə belə olmuşdur (sınaq meydanında dindarlar həmişə az
olmuşdur).
Yenicə müsəlman olmuş səhra
sakinləri, həyatlarında Peyğəmbəri görməyib onun əxlaqı və davranışı ilə tanış
olmayanlar və ya ömründə yalnız bir-iki dəfə Peyğəmbəri görən müsəlmanlar
özlərini islam əxlaqı ilə nə dərəcədə ziynətləndirə bilərdilər? Bir gün onlar
təsəvvür etmədikləri sərvətə malik olduqda, Qur’anın xəbərdar etdiyi kimi, necə
tüğyan etməyəydilər?! İslam dini onların qəlblərində hələ kök salmadığı bir
surətdə öz nəfsləri ilə necə mübarizə apara bilərdilər? Allah bilir!
Əbu Bəkrin xəlifə olduğu dövrdə
əskərlər bir tərəfdən dindən xaric olmuşların üsyanını yatırtmağa məşğul olmuş,
digər tərəfdən də xəzinəyə (beytül-mala) az gəlir gəldiyindən müsəlmanların
ictimai həyatında köklü dəyişklik meydana gəlmişdi. İctimai problemlər Ömərin
dövründə meydana çıxmasına baxmayaraq, o, onun qarşısını müəyyən qədər ala
bildi. Ən mühüm problemlər aşağıdakılardan ibarət idi:
1.Ömərin on illik xilafəti dövründə
müxtəlif millətlər islam dinini qəbul etdilər. Mədəniyyət və adət-ən’ənə
baxımından təkcə ərəbistan əhalisi deyil, müsəlman olmuş bütün xalqlar bir-biri
ilə kəskin şəkildə fərqlənirdilər. Nəticədə bu adətlər yavaş-yavaş əhalinin sadə
həyatına daxil olmağa başladı. Ömər çalışırdı ki, ərəblərin əcnəbi
adət-ən’ənələrini öyrənməsinin qarşısını alsın və o, bu məsələdə yeri gəldikdə
onlarla sərt rəftar edirdi. Bə’zən Qüreyş qəbiləsinin böyüklərindən bir neçəsi
onun yanına gəlib cihad etmək bəhanəsi ilə (bəlkə də doğrudan cihad etmək
məqsədi ilə olub) Ərəbistandan xaricə səfərə getmələrini istəmişlər. Ömər
onların rəftar və əxlaqlarının dəyişməsindən ehtiyat edərək belə demişdi:
Peyğəmbər (s) zamanı etdiyin cihad sənin üçün kifayət edər, yaxşısı budur ki,
evində otur, nə sən bir nəfəri gör və nə də bir kəs səni görsün.
2.Fəth olunmuş ölkələrin hər birisi
özünəməxsus məhsuldar əraziyə malik olduğundan bu torpaqlardan lazımınca
istifadə etmək zərurəti meydana çıxırdı. Bu ərazilərdən faydalı surətdə
bəhrələnmək üçün təcrübəli və iş bacaran insanlara ehtiyac duyulurdu, lakin
Mədinədə belə təcrübəli adamlar yox dərəcəsində idi və ya olsaydı da onların
sayı çox az idi.
3.Sülh yolu ilə əldə olunmuş
ərazilərin idarə olunması (sülh müqaviləsinə əsasən onlar islam hökumətinə vergi
ödəyirdilər) hökumət üçün heç də çətinlik törətmirdi, lakin əsgərlərin hücum
edərək işğal etdikləri ərazilərin idarə olunması yeni problemlər doğururdu. Belə
ki, fəth olunmuş belə ərazilər əsgərlər arasında bölünməli idi. Aydındır ki,
Hicazda yaşayan müsəlmanların hər il gəlib bu əraziləri əkib-becərib məhsulunu
toplaması və sonradan geri dönməsi mümkün deyildi. Ömərin məsləhəti ilə həmin
ərazilər orada çalışan əkinçilərin öhdəsinə verildi və onlarla bunun müqabilində
hər il müəyyən vergi ödəmələri haqda müqavilə bağlandı. Mə’lum deyil ki, bu onun
şəxsi fikri ilə və ya böyük səhabələrin məşvərəti ilə həyata keçirilmişdir.
İlk başlanğıcda belə bir addımın
problem doğuracağı elə də nəzərə çarpmadı, lakin sonralar Osmanın xilafəti
dövründə bu məsələnin böyük bir tufana səbəb olacağını görəcəyik.
4.Hakimlərin, şahzadələrin,
zadəganların və torpaq sahiblərinin qoyub qaçdıqları ərazilər, beytül-mal adı
ilə zəbt olundu və ondan əldə olunan gəlir də xəzinəyə daxil edildi.
Ömər məsləhət gördü ki, fəth
olunmuş ərazilərin siyasi cəhətdən idarə edilməsi əvvəldən orada hakim olan
məmurların öhdəsində qalsın, lakin onlar da öz növbəsində xəlifə tərəfindən
göndərilmiş hakimin nəzarəti altında bu vəzifəni yerinə yetirməli idilər.
On dörd əsrdən sonra dünyanın
müxtəlif siyasi quruluşlarını təhlil etdikdən sonra bu hadisələri araşdırarkən
bəlkə də belə bir addımın atılması bizim üçün çox da əhəmiyyətli olmasın. Lakin
bir az diqqət yetirsək o vaxta qədər məhdud mühitdən kənara çıxmayan, öz
ailəsinə və ya tayfa və qəbiləsinə başçılıq etməkdən başqa bir şey bacarmayan
məs’ul şəxslərin böyük ölkələri idarə etmələrinə, Afrika və Asiyanın yarısını
necə də bacarıqla idarə etməsinə nəzər salsaq bizdə heyrət və təəccübdən başqa
bir şey doğurmayacaqdır.
İrandan Mədinəyə yetişən qənimətin
miqdarı o qədər çox idi ki, müsəlmanlar o günəcən o miqdarda mal görməmişdilər.
Ömər nə edəcəyi barədə dostları ilə söhbət etdi. Bə’ziləri Peyğəmbər sünnəsinə
əsasən əldə olunmuş malın xalq arasında birdəfəlik bölünməsi prinsipini
dəstəklədi. Nəhayət qərara gəldilər ki, idarə yaradılsın və buradan müsəlmanlara
müəyyən miqdarda pul ayrılsın. Bu addım məntiqi və düzgün bir iş idi, lakin
gəlirin bölünməsindəki ayrı-seçkiliyin gələcəkdə problem doğuracağına diqqət
yetirmədilər.
Bəlkə də o gün xəlifə və
müsəlmanlar belə bir məsləhətin nə ilə nəticələnəcəyindən xəbərsiz idilər. Bəlkə
də onların ağlına gəlmirdi ki, bir neçə böyük adamlara müəyyən edilmiş pul
onların məxaricindən daha artıq idi.
Xəzinədən maaş alan adamların sıra
sayı ilə müəyyən edilməsi haqda tarixçilər arasında ixtilaf mövcuddur. Bir şey
aydındır ki, məvacibin miqdarının tə’yin olunmasında müsəlman olma müddətinin
birbaşa tə’siri var idi. Döyüşçülərin məvacibi onların iştirak etdikləri
döyüşdən asılı idi. Misal üçün Bədr döyüşündə iştirak edənlərin məvacibi
Hüdeybiyyə sülhündən sonrakı müharibədə iştirak edən şəxslərin məvacibindən
artıq idi. Şamın və Mədinənin fəthindən bir il keçmişdi ki, Ömər özünün və
müsəlmanların böyük bir təhlükə ilə üzləşdiyini hiss etdi.
Ərəblərin qüdrətli və zadəgan
qəbiləsi sayılan Qüreyş tayfası Mədinə qoşunu Məkkəyə daxil olduqdan sonra
müsəlman olmuşdular. Müsəlman olduqdan sonra başqaları kimi Rum və İran
imperiyaları ilə müharibələrdə iştirak edərək islam fiqhinə əsasən döyüşdə əldə
olunmuş qənimətlərə (sərvət, torpaq) yiyələnmişdilər. Keçən fəsillərdə Qeyd
etdiyimiz kimi, bu qəbilə islamdan əvvəl ticarət etmək səriştəsinə malik idilər.
İslam qoşunlarının fəthi genişləndikdən sonra əldə etdikləri sərmayə vasitəsi
ilə öz köhnə peşələrini davam etdirmək fikrinə düşdülər.
Təbəri bir rəvayətə əsasən belə
deyir: Ömər Qüreyşin böyüklərini Mədinədə bir növ həbs etmişdi, onların bu
şəhərdən kənara çıxmalarına izn vermirdi. Deyərdi: Qüreyş Allah malını öz işləri
üçün sərf etmək və başqalarını bu işdən məhrum etmək istəyirlər. Nə qədər ki,
Xəttabın oğlu sağdır, bu iş baş tutmayacaqdır. Mən Hərrə dərəsinin ağzında
dayanıb Qüreyşin boğazından yapışacağam ki, onlar cəhənnəmə düşməsinlər.
O, dəfələrlə dövlət məmurlarının
işini təftiş edər, onların özü üçün sərvət topladığını gördükdə deyərdi: Sən ki,
xəzinədən (beytül-maldan) maaş alırsan, bəs bu qədər malı haradan toplayıbsan,
dərhal onun əmlakını müsadirə edib xəzinəyə qaytarardı. Fəth olunmuş ərazi
sahiblərini (Qüreyşdən olan şəxsləri) Hicaz əyalətindən kənara çıxmalarına icazə
verməzdi.
Qüreyş başçılarından bir dəstə adam
həm Ömərin qətiyyətindən, həm də Peyğəmbərin təqvalı dostlarının nəzarətindən
ehtiyat edib bacardıqca qorunurdular. Lakin onlar Ömərin sərt rəftarından narazı
idilər. Ömər özü də islamı ilk əvvəl qəbul etmələrinə və müharibədə iştirak
etdiklərinə əsasən xəzinədən onlara xususi maaş ayrılmasının səhv addım olduğunu
artıq başa düşmüşdü. Elə bu səbəbdən deyirdi: Əgər indi başa düşdüyümü
əvvəlcədən anlamış olsaydım onların əlində olan sərvəti alıb xəzinəyə
qaytarardım. Aydındır ki, çoxlu sərvət toplayanların belə bir siyasətlə
barışacaqları mümkün olmazdı. Sonda xəlifə bu dəstə ilə etdiyi rəftarın
nəticəsini gördü.
Ərəb tarixçiləri Ömərin qətlə
yetirilməsinin əsas səbəbini iranlıların ərəblərə qarşı olan nifrəti ilə
əlaqələndirmişlər. Belə deyirlər ki, Əbu Lö’lö Ömərin əlindən zara gəlmişdi. Bir
tərəfdən ölkəsi Ömərin qoşunlarının əlinə düşdüyündən, digər tərəfdən isə o, öz
sahibindən Ömərə şikayət edərkən onun şikayətinə əhəmiyyət vermədiyindən ilk
əvvəl onu hədələmiş, sonra isə münasib fürsət əldə edərək öldürmüşdür. Əbu Lö’lö
ilə Ömər arasında belə bir danışığın olması mümkündür. Lakin bir şey daha
aydındır ki, Qüreyşdən olan bir sıra böyük adamlar Əbu Lö’lödən də artıq Ömərdən
incimiş və narazı idilər. Onun bir dəstə şəxslərlə sərt davranışı, o cümlədən
Əbu Lö’lönün sahibi Muğəyrə də bu dəstəyə daxil olmaq şərtilə, apardığı maliyə
siyasətindən peşiman olması bu dəstə insanları nigaran etməyə bilməzdi. Belə
nəzərə çarpır ki, Ömər başqa adamların qurduqları plan nəticəsində Əbu Lö’lönün
əli ilə qətlə yetirilmişdir. Ömərin xilafəti dövrü görülən mühüm işlərdən biri
də müsəlmanların tarixinin tə’sis olmunması olmuşdur. İbni Əsirin (tarixçi) nəql
etdiyinə əsasən bu iş hicrətin 16-cı ilində Əli (ə)-ın məşvərəti ilə
görülmüşdür. Tarixin başlanğıcı Peyğəmbərin hicrəti, ilin ilk ayı isə Məhərrəm
ayı tə’yin olunmuşdur. Bə’zi mənbələrdə hicrətin beşinci və on üçüncü ilinə aid
tarixi məktublara rast gəlinir. Lakin bu məktubların doğruluğunda şəkk vardır.
Hər halda dövlət işlərində tarixin rəsmiləşməsi on altıncı ildə (hicri) Əli
(ə)-ın göstərişi ilə qüvvəyə minmişdir.