PEYĞƏMBƏR (S)-DAN SONRA XİLAFƏT
ƏBU BƏKRİN XİLAFƏTİ
Əli (ə) və Haşim övladları Peyğəmbərin (s) dəfninə məşğul ikən bə’zi qəbilə
başçıları Peyğəmbərin iki ay bundan əvvəl dediklərini unudaraq ümmətə hakim
tə’yin etmək (seçmək) fikrinə düşdülər. Məkkə (mühacir) və Mədinə (ənsar)
əhalisindən bir dəstə adam bəni Saidə adlı məşhur eyvanın altında toplaşdılar.
Onlar tezliklə müsəlmanların hakimini seçmək istəyirdilər. Ancaq bu vəzifəyə
kimi seçəydilər? Söhbətlər və mübahisələr başladı. Peyğəmbər (s) sağlığında onun
də’vətini ilk gündən qəbul edənlər (mühacir) və onu Məkkədən Mədinəyə də’vət
edənlərlə (ənsar) böyük problemin həlli məsələsində məşvərət edərdi. Eyvan
altına toplaşanların fikri bu idi ki, müsəlmanların hakimi və ya xəlifəsi bu iki
dəstənin arasından seçilməlidir. Hər iki dəstə – mühacir və ənsar özlərini
digərindən ləyaqətli hesab edirdilər. Məkkə əhalisi deyirdi ki, islam bizim
aramızda və bizim şəhərdə meydana gəlib. Peyğəmbər bizim əhalidəndir, biz də
onun qohumlarıyıq. Biz sizdən qabaq dini qəbul etmişik, beləliklə müsəlmanların
hakimi gərək mühacirlərdən olsun. Ənsar isə deyirdi: Məkkə bütövlikdə Məhəmməd
(s)-ın də’vətini qəbul etmədi. Onunla mübarizə və düşmənçilik apardılar. Ona
olmazın əzab-əziyyətini verdilər ki, məcbur olub Məkkəni tərk edib bizim
yanımıza, Yəsribə gəldi. Bizlər ona yardım göstərib islama rövnəq verdik, bəs
müsəlmanların hakimi gərək ənsardan seçilsin. Ənsardan bir dəstə adam hökumətin
hər iki dəstənin nümayəndələrindən təşkil olunması razılığını əldə edərək
dedilər: Bir nəfər sizdən, bir nəfər də bizdən hakim seçilsin. Lakin Əbu Bəkr bu
təklifi qəbul etmədi və dedi: Belə bir addım müsəlmanların birliyinə xələl
gətirər. Sonda peyğəmbərdən bu hədisi söylədi:
“İmamlar Qüreyşdəndir.” Doğrudur ki, bu hədisin sənədi və ibarəsi barədə ixtilaf
mövcuddur. Lakin onun belə mühüm bir toplantıda söylənilməsinin böyük tə’siri
oldu və ənsarın iddiasına son qoyuldu.
Əbu Bəkrin söylədiyi hədisdən əlavə, bu işdə Ous və Xəzrəc qəbilələri arasında
olan keçmiş düşmənçiliklərin də mühacirlərin qələbə çalmasında az tə’siri
olmamışdır. Belə ki, əgər ənsar hakimiyyətə sahib olsaydı bu iki qəbilədən heç
biri digərinin hakim olmasına razı olmayacaqdı.
Xəzrəc qəbiləsindən olan Bəşir ibni Sə’din Əbu Bəkrin sözünü təsdiq etməsi,
mühacirlərin hökumətinə razılıq verməsi bu narazıçılığın ən bariz nümunəsidir.
Qüreyşin (mühacirlərin) hakimiyyəti aydınlaşdıqdan sonra hakim olacaq şəxs
barədə söhbət ortaya çıxdı. Bu məclisi idarə edən iki-üç nəfər bu işi
bir-birinin üzərinə qoydular. Lakin sonda Ömər və Əbu Ubəyyə Cərah Əbu Bəkri
hakimiyyətə qəbul edib onunla bey’ət etdilər. İştirak edənlərnin əksəriyyəti
onların gördüyü işi qəbul etdilər.
Səhərisi gün Əbu Bəkr peyğəmbər məscidinə gəldi. Ömər Əbu Bəkrin fəzilətli
olması haqda, islamı ilk vaxtlar qəbul etməsi, dinə yardımçı olması və
Peyğəmbəri Məkkədən Mədinəyə gələn zaman müşayiət etməsi haqda xütbə oxuyaraq
xalqın onunla bey’ət etməsini istədi. Toplantıda iştirak edənlər ənsardan kiçik
bir hissəsi və peyğəmbərin yaxın qohumlarını çıxmaq şərti ilə qalanlar onunla
bey’ət etdilər. Beləliklə Əbu Bəkr xəlifə seçildi. Mühacir və ənsarın toplanıb
Əbu Bəkri xəlifə tə’yin etməsi, başqalarının da bunu qəbul etməsi işi gələcək
üçün bir ən’ənəyə çevrildi.
Əbu Bəkr həmin məclisdə çıxış edərək dedi: Məni hakim tə’yin etməyinizə
baxmayaraq sizin içərinizdə ən yaxşısı deyiləm, bu məs’uliyyəti öhdəmdən
götürməyə hazıram. Mən müsəlmanların işinin idarə olunmasında Allah kitabına və
peyğəmbər sünnəsinə istinad edəcəyəm.
Əbu Bəkrə bey’ət etməklə müsəlmanlara rəhbər tə’yin edilməsi demək olar ki, sona
yetdi. Ancaq belə seçki sonralar pis nəticə versə də peyğəmbərin vəfatından az
bir müddət keçdiyi üçün çox nəzərə çarpmışdı. Lakin o illər ötdükcə bu ilin
xoşagəlməz tə’sirləri üzə çıxırdı. Şəhristani “Millətlər və təriqətlər” adlı
əsərində yazır: “İslamda heç bir dövrdə imamət üstündə axıdılan qan başqa bir
şey üstə tökülməyib.” Ənsar və mühacir arasında hakimiyyət üstündə olmuş ixtilaf
demək olar ki, sona yetdi, lakin bu ixtilafın kökləri kiçik bir dəstənin
ürəyində qalaraq bir əsrdən sonra aşkar oldu və onun şö’ləsi şərqi islam
ölkələrini, bəlkə də bütövlükdə islam dünyasını bürüdü.
ÇƏTİNLİKLƏRİN BAŞLANMASI
Keçmiş fəsillərdə qeyd etdik ki, islam Məkkədə ikən din olaraq qalmış, Mədinədə
isə din əsasında hökumət də qurulmuşdu. Müsəlmanların bir çox ictimai işlərdə
azad olmalarına baxmayaraq hökmlərin əsasını Qur’ani-kərim və vəhy müəyyən
edirdi. Əgər bu quruluş (din əsasında qurulmuş hökumət) səfa və səmimiyyəti,
güzəşti ən əsası təqva və ədaləti əldən verməsəydi bu gün müsəlmanların tarixi
gözəl surətdə formalaşardı.
Peyğəmbər (s)-ın vəfatı günü qəbilə başçılarının hakim seçilməsində tələsmələri,
rəhbərin mümkün qədər tez seçilməsi fikrindən irəli gəlmişdir, lakin onlar
hökumətin necə idarə olunması haqqında heç bir şey fikirləşməmişdilər.
Doğrudur ki, bizim bu kitabımız qısaca da olsa islam tarixi haqqındadır, lakin
bir məsələyə heç göz yummaq mümkün deyildir. Görəsən müsəlmanların taleyini həll
edən belə bir məşvərət məclisinə nəyə görə Peyğəmbər (s) ailəsindən adam
çağırılmadı? Nəyə görə Haşimin övladlarından birini və ya bir neçəsini o məclisə
də’vət etmədilər? Əsl həqiqətdə bu tələsgənlik nə üçün idi?
Peyğəmbər (s) cənazəsi Aişənin evində idi. Yaxın adamları onun ətrafında
toplanmışdılar. İslam fiqhinə (şəriət elmi) əsasən meyidin yuyulması və ona
namaz qılınması gərək tez yerinə yetirilə. Müsəlmanın hər hansı bir müsəlman
qardaşına namaz qılıb dəfnində iştirak etməsi bəyənilmiş əməllərdən hesab
olunur. Bu ayin hər bir müsəlmana şamildir, həzrət Peyğəmbərə gəldikdə isə onun
dəfninə biganə olmaq və bu mərasimdə iştirak etməməyə heç cür haqq qazandırmaq
olmur. Bəs görəsən bu böyüklər nəyə görə özlərini belə bir fəzilətli işdən
məhrum etdilər? Bəlkə fitnə baş verəcəyindən qorxub tezliklə müsəlmanlara rəhbər
seçmək istəyirdilər. Lakin dəfn mərasimi nə qədər vaxt aparcaqdı?
Bəlkə də o günlər bə’ziləri din əsasında qurulmuş islam hakimiyyətinin yalnız
bir tərəfinə - hökumət tərəfinə diqqət yetirmişlər. Ənsar tayfasının başçısının
və digərlərinin söylədikləri bizim bu sözümüzü təsdiq edir. Orada söylənilənlər
ilahi qanunlarla deyil, qəbilə quruluşu ilə uyğun gəlir. O toplantıda və ya
ondan kənarda peyğəmbər ailəsidən olan rəhbərliyə səlahiyyəti çatan şəxslər nəyə
görə hakim olmamalı idilər. Bunlar bir sıra suallardır ki, hələ də cavabı
verilməmişdir. Verilən cavablar da həqiqəti aydınlaşdırmaq üçün deyil, höcət
edənə qələbə çalmaq üçün verilən cavaba oxşayır.
O gündən 14 əsr ötüb keçmişdir. Orada toplaşanlar bilmirəm islamın qayğısına
qalmış və ya müsəlmanların dağılmasından qorxub belə bir yolu seçmişlər. Hər
halda onlar haqq dünyadadırlar və onların hesabı artıq Allahladır. Lakin elə o
gündə müsəlmanlar arasında elə bir ayrılıq baş verdi ki, onlar hələ də
birləşməyə müvəffəq bilmirlər.
Əbu Bəkrə bey’ət etməyənlərdən biri də Xəzrəc qəbiləsinin başçısı Sə’d ibni
Ubadə olmuşdur. Ömərin xilafəti zamanı Şama gedərək Hauranda yaşamış, günlərin
bir günündə gecə yarısı onun ox yarasından öldüyünü görmüşlər. Deyirdilər ki,
onu cinlər öldürüb, hətta onun naməlum ölmü haqda şe’r də qoşdular.
Sə’d, Əli (ə) və Haşim övladlarından başqa bir neçə səhabə də bir müddət Əbu
Bəkrə bey’ət etmədilər. Bə’zi tarixçilərin yazdığına görə Əli (ə) peyğəmbərin
vəfatından 6 ay sonra, yə’ni Fatimə (s)-nın vəfatına qədər Əbu Bəkrə bey’ət
etmədi. Lakin bu deyilənlər heç də həqiqətə yaxın deyil. Birincisi Fatimə (s)
altı aydan tez olaraq vəfat etmiş, ikincisi Əli (ə) ümmət arasına düşə biləcək
təfriqədən ehtiyat edərək bey’ət etməyi gecikdirməmişdir. Bundan əlavə qövm
başçıları hakimiyyəti möhkəmləndirmək xatirinə onu bu müddət ərzində öz başına
qoymadılar.
Əbu Bəkrə bey’ət etməkdə tərəddüddə qalmış Abbas, Zübeyr və başqalarını müxtəlif
yollarla bey’ətə vadar edib hakimiyyəti möhkəmləndirdilər. Xəlifənin seçilməsi
ilə Mədinə sakitləşdi, ancaq bundan sonra həm xəlifə, həm də müsəlmanlar böyük
çətinliklərlə üzləşdilər.
DİNDƏN ÇIXANLAR
Qeyd etdiyimiz kimi, yarmadada yaşayan bir çox qəbilələr, həmçinin Məkkə, Mədinə
və Taif ətrafında məskunlaşmış tayfalar Məkkənin peyğəmbər müqabilində təslim
olmasından və o günün böyük və güclü qəbiləsi olan Qüreyşin məğlubiyyətindən
sonra müsəlman oldular. Qüreyş qəbiləsinin təslimindən sonra onlar islamın
qüdrəti müqabilində davam gətirə bilməyəcəklərini başa düşdülər. O andan
peyğəmbərin vəfatına qədər çox da uzun müddət ötməmişdi.
Mə’lum olduğu kimi öz qəbilələrinin müqəddəratını həll edən bir dəstə şeyxlər
qorxudan və ya tamahdan müsəlman olmuşdular. Onların bə’ziləri peyğəmbərlə
görüşmüş, əksər qəbilələrin əhalisi isə peyğəmbəri şəxsən görməmiş və onun
dediklərini eşitməmişdilər. Bu az vaxt ərzində fürsət olmadığından peyğəmbər
tərəfindən müəllim göndərilməmişdir ki, onları Allahın kitabı və islam hökmləri
ilə tanış etsin. Beləliklə onlar islam şəriətinin əsas mahiyyəti ilə tanış
deyildilər. Bir çox qəbilələr islamın vacib qanunlarından sayılan zəkatı
ödəməkdə çətinlik çəkirdilər. Belə ki, heç bir qayda-qanuna baş əyməyən səhra
sakinləri zəkatı bir növ bac hesab edirdilər. Onlar peyğəmbərin vəfat xəbərini
eşitdikdən sonra baş qaldırıb əmrdən çıxmağa başladılar. Qeyd olunduğu kimi
peyğəmbərin həyatının son illərində bir neçə yalançı peyğəmbərlər də xalqı
aldadaraq öz ətrafına toplamışdılar. Bir dəstə adamlar Əbu Bəkrin əmrinə tabe
olmaqlarından əsla xəbərləri yox idi.
Məkkədə yaşayan Qüreyş, Taifədə yaşayan Səqifə qəbiləsi islam dinində qaldılar.
Peyğəmbərin vəfatı xəbəri Məkkəyə çatdıqda şəhərin hakimi Əttab ibni Usəyd
qorxusundan qaçıb gizləndi. Şəhər böyük bir nigarançılıqla üzləşdi, hamı
qorxurdu ki, Məkkə əhlisi də dindən üz döndərəcəkdir. Elə bu an Süheyl ibni Əmr
Kə’bə evinin qapısı qarşısında dayanıb ucadan qışqırdı: Ey Məkkə əhalisi! Məbada
siz sonuncu müsəlman və ilk olaraq dindən üz döndərənlərdən olasınız! And olsun
Allaha ki, islam dininin işləri düzələcək Peyğəmbərin və’dəsi yerinə yetəcəkdir.
Süheylin bu çıxışı Məkkənin islam dinindən üz döndərməməsinə səbəb oldu. Bu
həmin Süheyl idi ki, 5 il əvvəl Hüdeybiyyədə sülh sazişi imzalandıqda
“Bismillahir-rəhmanir-rəhim” kəlməsini gördükdə demişdi: Mən Rəhman, rəhim
tanımıram. Mən Məhəmməd (s)-ı peyğəmbər saymıram. Lakin bu qısa müddət ərzində
başa düşmüşdü ki, yeni dinin müqabilində müqavimət göstərmək faydasız və qəbilə
hakimiyyətini bərpa etmək isə imkansızdır. Qüreyşdən olan bə’ziləri imanlı
müsəlman olmuş, qəbilə başçılarının bir çoxu isə öz xeyirlərini müsəlmançılıqda
görüb xəlifə ilə həmkarlıq edirdilər. Nəcd, Yəmamə və bəni Təğləb qəbilələri
yalançı peyğəmbərlərin ətrafına toplaşdıqdan sonra bu peyğəmbərin fəaliyyəti
rövnəq tapmışdı.
Əbu Bəkr hakimiyyətə çatdıqdan sonra hər an dindən çıxan üsyankarların Mədinəyə
hücumu gözlənilirdi. O, səy göstərib Usamənin qoşununu Mu’təyə göndərmək
istəmədi, lakin Usamə və bə’zi böyük səhabələr ona e’tiraz edib cavab verdilər
ki, nəyin bahasına olursa-olsun gərək bu iş yerinə yetirilə. Çünki Peyğəmbər
ömrünün son günlərində bu qoşunu yola salmaq istəyirdi. Mən onun sünnəsinin
əksinə çıxa bilmərəm. Nəhayət Usamənin qoşunu hərəkət etdi. Sonrakı hadislərdə
üsyançıların yerinə oturdulmasında bu işin nə qədər tə’sirli olduğunu göstərdi.
Onlar öz-özlərinə dedilər ki, əgər islam böyük qüvvəyə malik olmasaydı Əbu Bəkr
bu çətin şəraitdə qoşunu uzaq bir səfərə göndərməzdi.
Usamənin qoşununu yola saldıqdan sonra xəlifə və dostları iğtişaşları
bir-birinin ardınca yatırtmağa çalışdılar. Ərəbistanda sakitlik yaratmaq üçün
Xalid ibni Vəlidin böyük rolu olmuşdur. Ancaq o, cəsarətli insan olmasına
baxmayaraq heç də təqvalı bir müsəlman deyildi. Nəhayət peyğəmbərlik iddiası
edənlər, o cümlədən Tuleyhə, Səcah, Müsəyləm, Əyas ibni Abdullah bir-birinin
ardınca ya tutuldular, ya da qaçıb aradan çıxdılar. Cənub və şərqdə yerləşən
şəhər və qəbilələr yenidən Mədinənin hakimiyyətinə tabe oldular. Həzrəmaut
sakitləşdi, Yəmən də kiçik münaqişədən sonra təslim oldu.
İğtişaşlar yatırıldıqdan sonra baş vermiş ən mühüm hadisə bu oldu ki, artıq
bədəvilər və qəbilə başçıları başa düşdülər ki, müqavimət göstərməyin və daxili
münaqişələrin sonu gəlib çatmışdır. İslam hökumətinə tabe olub Əbu Bəkrə itaət
etmələrinin onların xeyrinə olduğunu hiss etmişdilər. Nəticədə əqidəvi ictimai
vəziyyətin dəyişməsi ilə tarixdə “Rəddə” müharibəsi adı ilə məşhurlaşmış daxili
çəkişmələr sona yetdi. Qəbilələrdən təşkil olunmuş qüvvələr meydana gəldi ki,
islam adı ilə Mədinədə əyləşmiş xəlifəylə müharibə etməyə başladılar. Daxili
çəkişmələrin alovu yatırıldıqdan sonra təşkil edilmiş döyüşkən dəstələr özlərini
iki böyük imperiyaya qarşı döyüşə hazırladılar (Rum və İranla). Çox həssas bir
şərait yaranmışdı, – müsəlman ərəblərin İran və Rumla döyüşəcəkləri qəti bir
məsələyə çevrilmişdi.
İRANDA İSLAM
Səhra sakinlərinin xislətlərini sadaladıqda yaşadıqları mühitin icbari olaraq
onlara daimi münaqişədə olmaq və döyüşkənlik əxlaqını öyrətdiyini qeyd etdik.
İslamı qəbul etdikdən sonra isə onlar dini tə’limlər nəticəsində öz aralarındakı
kin-küdurəti kənara qoyub onu qardaşlıqla əvəz etmişdilər. İslam dini yolunda
döyüşməyi özləri üçün vəzifə sayırdılar. Keçmişdə dəvə və qoyun mübahisəsinə
görə qan tökülürdüsə, indi artıq Allah yolunda fədakarlıqlar göstərilirdi.
Beləliklə təşkil olunmuş qüvvə İran sərhəddində yerləşdi. Artıq ya qələbə, ya da
ki, şəhadət şüarı ilə dinə möhkəm bağlı olan bir qüvvə müharibə meydanına qədəm
qoyurdu.
Keçən fəsillərdə qeyd etdik ki, cənub dövlətləri dağıldıqdan sonra bir dəstə
əhali yarmadanın ayrı-ayrı məntəqələrinə hicrət etmişdilər. Onlar Ərəbistanın
şimalında və ya şərqində yaşamağa münasib yer tapıb məskunlaşdılar. Xarici
qüvvələrin (İran və Rum) nüfuzu Ərəbistanın daxilində genişləndikcə bu iki
imperiyanın sərhəddinə yaxın ərazidə yaşayanlar onlara qoşularaq iki imperiya
arasında müharibə baş verəndə yaxın olduğu qüvvəni müdafiə edərək ona köməklik
göstərirdilər. O vaxtlar bu günkü İraq ərazisi Sasani hökumətinə tabe idi.
Həmçinin çöldə yaşayan qəbilələrin İrana daxil olmağın qarşısını almaq üçün bir
mane sayılırdı. Xosrov Pərviz buradakı yerli hökuməti məhv etdikdən sonra
qəbilələrin qarşısında artıq mane gözə çarpırdı.
Xosrov Pərvizin hakimiyyəti dövrü Bəkr ibni Vail ilə Şəyban tayfalarının ərəb
tarixində zi-qar adı ilə məşhur olmuş münaqişədə onlar İran qoşununu məğlub
etdikdən sonra yarmadanın şərq nahiysində məskunlaşmış ərəblər belə bir fikrə
düşdülər ki, Sasani qoşununa qalib gəlmək çox da çətin deyilmiş.
Keçmiş tarixçilərin yazdığına
əsasən Bəkr ibni Vail qəbiləsinin rəhbəri Musənna ibni Haris Şəybani hicri
tarixi ilə doqquzuncu ildə müsəlman olaraq öz qəbiləsi ilə birlikdə Fərat çayı
sahilində yaşayırdı. Fürsət düşdükcə o İranla həmsərhəd ərazilərə hücum edərdi.
Əbu Bəkrə məktub yazıb İranın daxili vəziyyətinin korlanmasından, ölkənin idarə
olunmasında Sasani şahlarının zəifləməsindən xəbərdar edərək bu dövlətin işğal
etdiyi ərazilərə hücum etmək üçün icazə istədi. Xəlifə icazə verərək Xalid ibni
Vəlidi qoşuna əmir tə’yin etdi. Tutaq ki, verilən mə’lumat düzgündür və ya
Musənnanın özünün Mədinəyə gedib İranın daxili vəziyyəti haqda mə’lumat verməsi
də həqiqətdir. Amma mə’lumdur ki, ilk əvvəl nə xəlifə, nə sərkərdələr və nə də
peyğəmbərin yaxın adamları İrana qoşun yürütmək fikrində olmamışlar. Bildiyiniz
kimi, islamdan əvvəl Ərəbistanın daxilində baş vermiş müharibələr kiçik
münqişələrdən ibarət olmuşdur. Bu münaqişələrdə bir qəbilə bir neçə qəbilə ilə
ittifaq bağlayıb öz düşmənlərinə hücum edərdilər. Belə müharibələrdə köməkçi
qoşuna, geniş və uzun müddətli planların qabaqcadan hazırlanmasına ehtiyac
duyulmurdu. Peyğəmbər (s) zamanı baş vermiş müharibələr də müəyyən hüdud və
müddət çərçivəsində olmuşdur. Demək olar ki, İrana qoşun yürütmək də müdafiə
xarakteri daşıyırdı. Cisr Yuvəyb və həmçinin Qadisiyyə döyüşlərində İran
ordusunun məğlubiyyətindən sonra məhz xəlifə və onun məsləhətçiləri ölkələri
fəth etməyi genişləndirmək fikrinə düşdülər. Çox tezliklə əldə edilən qələbələr
İrandakı məhəlli hökumətləri qorxuya saldı. Onlar artıq yəqin etdilər ki, belə
bir qüdrətli orduya müqavimət göstərmək gücünə malik deyillər və müsəlmanların
qorxusu onların ürəyinə elə hopmuşdu ki, silahın ərəb əskərlərinin bədəninə əsər
etmədiyini güman edirdilər. Bu yürüşdə ərəb qəbiləsinin ən başlıca amili onların
güclü imana malik olmasından əlavə, İrandakı ictimai-siyasi durumun da tə’sirini
nəzərdən qaçırmaq olmaz.
İranın o dövrdəki ictimai-siyasi
vəziyyətini təhlil etdikdə Zi-qar döyüşündən sonra ərəblərin bu ölkə barədə
düşündüklərinin həqiqətə uyğun olduğu aydınlaşır. Sasani hökmdarlarının son
dövrlərində xalq ağır vəziyyətlə üzləşərək bu durumdan yaxa qurtarmaq
istəyirdilər.
Xosrov Pərvizin ölümündən üçüncü
Yəzdəgürdün taxta əyləşməsinə qədər hələ dörd il ötməmişdi. Bu ötən dörd il
ərzində Buraz şəhərinin şahını hesaba almasaq, bir-birinin ardınca 11 nəfər
şahlıq taxtına əyləşmişdi. Hakimlərin bu sür’ətlə bir-birini əvəz etməsi son
illərdə siyasi durumun nə qədər qeyri sabit olduğunu göstərir. Bu hadisələr belə
bir geniş imperiyanın yalnız şah sarayını qorumaqdan başqa heç bir qüdrətə malik
olmamasından xəbər verir. İlk illəri çıxmaq şərtilə İranla Rum arasında iyirmi
il müddətində baş vermiş müharibələrdə həmişə zərər çəkmiş və xalq da təzyiqlərə
məruz qalmışdı. Bu müharibələrdə çoxlu sayda insan tələfatı olmuş, neçə şəhər və
kəndlər viran edilmiş, müharibənin xərcini ödəmək üçün uzun illər boyu xalqdan
nə qədər vergilər tutulmuşdur! Şəhər yollarının qorxulu olması, ticarətin
pisləşməsi, iqtisadi böhran və ümumiyyətlə hər bir amil təklikdə xalqın
dövlətdən giley-güzar edib narazı qalmaları üçün kifayətdir, o ki qalmışdı bu
problemlərin hamısı meydana çıxmış olsun.
Aydındır ki, belə bir vəziyyətdə
hakimiyyəti xalq çevrilişindən qorumaq üçün casus şəbəkələrindən istifadə olunur
və əhali də onların təhlükəsindən amanda qalmaq üçün zahirdə bir cür, batində
isə bir ayrı cür olmalı idi. Onlar üzdə hökumətə vəfalı (tərəfdar), gizlində isə
narazı olub azad olmaq arzusu ilə yaşayırdılar. Belə bir cəmiyyətdə hökumət və
xalq bir-birlərini aldadır, öz həqiqi şəxsiyyətlərini gizlətməli olurdular.
Xosrov Pərvizin şahlıq dövrünün
ikinci yarsından üçüncü Yəzdəgürdün taxt-taca sahib olduğu dövrə qədər İran
xalqı iki əsas hissəyə bölünmüşdü: 1.Azlıq təşkil edən saray əyanları, onların
qohumları, ordu, ruhanilər və ümumiyyətlə varlı sinif və torpaq sahibləri;
2.Əksəriyyət təşkil edən kasıb və yoxsul əhali; Şübhəsiz, Turanduxtun şahlığı
ərəblərdə bu təsəvvürü yaratdı ki, artıq İranda kişi qalmamışdır, ona görə də
orada qadın şahlıq edir və bu səbəbdən də onlar İrana hücum etdilər. Bu səbəbdən
də İran əhalisi artıq təzyiqlərə dözməyib özləri üçün bir xilaskar axtarırdılar.
Belə bir həssas şəraitdə xilaskar müsəlmanlıq fəryadı idi ki, ilk dəfə İranın
işğal olunmuş cənub torpaqlarında, sonra isə qərb sərhədlərində eşidilməyə
başladı.
Əgər Muğəyrə ibni Şö’bənin İran
sərkərdəsi Rüstəmlə görüşü haqda deyilən dastan doğru olsa ərəb sərkərdəsinin bu
məclisdə dediklərinin tə’siri böyük bir ordunun vurduğu zərbədən ağır olmuşdur.
Təbəri yazır: “Muğəyrə Rüstəmin
sarayına daxil olarkən gəlib onun taxtının üzərində əyləşdikdə keşikçilər onu
oradan yerə salırlar. Muğəyrə deyir: Biz sizin haqqınızda çox dastanlar
eşitmişik, lakin ağılsız olduğunuzu bu gün dərk etdik. Biz müsəlmanlar bərabər
hüquqa malik insanlarıq, bizlərdən heç biri digərini özünə kölə etməz. Mən güman
edirdim ki, siz də bizim tək xalqla bərabər hüquqa maliksiniz, ancaq indi başa
düşdüm ki, sizin bə’ziləriniz digərlərinə Allahlıq edir. Sizin aqibətiniz
xeyirli olmayacaqdır. Həqiqətən də bərabərlik müjdəsi səbəb oldu ki, 25 il
ərzində ərəb qoşunları Fərat sahilindən Hirmənd çayı sahilinə qədər çata bildi.
İranın “Şahnamə” yazanları İran ordusunun Qadisiyyə müharibəsindəki
məğlubiyyətini yersiz olaraq havanın yaxşı olmaması ilə əlaqələndirmişlər.
(Keçmişdə İran ordusunun yürüşündəki məğlubiyyəti belə şeylə əlaqələndirmələri
nəzərə çarpır). Lakin heç bir tə’sir kiçik bir qoşunun az bir müddət ərzində
geniş bir ölkəni işğal etməsində xalqın öz vəziyyətindən narazı olması qədər
tə’sirli olmamışdır.
Hirədən İrana üz tutan qoşunun
sayını 8000-dən 10000-ə qədər yazmışlar. Lakin 8000-in özü də şişirdilmiş
rəqəmdir. Belə bir rəqəmin doğru olduğunu fərz etsək belə, onlar sərhəd
yaxınlığında yerləşmiş İran ordusundan yenə az idi. Əsgərlərin böyük əksəriyyəti
piyada olmuş və nizədən başqa silahları olmamışdır. Necə oldu ki, belə kiçik bir
qüvvə az bir zamanda böyük qələbələrə nail oldu. Danılmaz həqiqətdir ki, ərəb
ordusunu hərəkətə gətirib ona arxa olan dini qüdrət olmuşdur, yalnız çox kiçik
bir hissə qənimət üçün vuruşardı. Ancaq belə bir geniş ölkədə bə’zi
müqavimətləri çıxmaq şərti ilə bütövlükdə əhali (xalq) tərəfindən heç bir
əks-əməl göstərilmədi. Bu məsələ onların Sasani hökumətindən narazı olmalarını
göstərir.
Xalid və Musənna dindən çıxmışları
tənbih etdikdən sonra işləri Hirəyə və Fəratın qərb sahilində yerləşən şəhərlərə
tərəf irəliləməkdən ibarət idi.
Qeyd etdiyimiz kimi, Musənnanın
istəyi ilə Əbu Bəkr bu günkü İraq ərazisinə irəliləmək əmrini verdikdə
müsəlmanların ilk növbədə nəzərini Hiyrə cəlb etdi. Hiyrə bu günkü Nəcəf şəhəri
ilə Kufə arasında yerləşən bir şəhər idi. Ərəb ordusu oraya yollandıqda şəhərin
hakimi barışıq edib doxsan min dirhəm ödəyərək tabeliyində olan ərazini hücumdan
qoruya bildi. Deyilənlərə görə bu islamda ilk dəfə olaraq sülhlə əldə edilən
müvəffəqiyyət olmuşdur. Hiyrədən sonra bə’zi şəhərlər, o cümlədən Abilə,
Eynüttəmr də döyüş və ya sülh müqaviləsi ilə təslim oldular.
Təbəri və Bəlazorinin (tarixçi)
yazılarında bir şəhərin bir neçə dəfə fəth olunmasında və ya müharibələrin
tarixində müxtəlifliyə rast gəlinir. Görünür keçmiş tarixçilər baş vermiş
hadisələrin tarixini dəqiq yazmağa əhəmiyyət verməmişlər. Bundan əlavə, ehtimal
olunur ki, fəth olunmuş şəhərlərdən bə’zisini yenidən İran qoşunu geri almış və
ya yerli əhali üsyan etdikdə ikinci dəfə qoşun üsyançıları yatırtmaq üçün
yenidən şəhərə daxil olmuşlar. Təbii ki, belə olduqda bir şəhər, kənd və ya
məntəqə bir neçə dəfə əldən-ələ düşmüşdür. Bununla da bir şəhərin fəth olunma
tarixi başqa-başqa formalarda yazılmışdır.
Hiyrənin fəthi sona yetdikdən sonra
Əbu Bəkr Xalidi İraqdan çağırıb Şamda yaşayan müsəlmanların köməyinə göndərdi.
Yazılanlara görə Xalid icazəsiz olaraq həccə getmiş, bu işə görə Əbu Bəkr onu
danlamış və cəzalandırmaq üçün İraq ordusuna rəhbərlik vəzifəsindən azad
etmişdir. Lakin bu heç də məntiqi səbəb ola bilməz. Çünki Əbu Bəkr və onun
müşavirələri çox uzaq görən olmuşlar və bilirdilər ki, belə çətin anda layiqli
sərkərdəni iş başından uzaqlaşdırmaq olmaz. Həqiqətə uyğun olan budur ki,
Hiyrədə bağlanan sülh Ənbar və Əynüttəmr şəhərləri tutulduqdan sonra
müsəlmanların şərq nahiyəsində mövqeləri möhkəmləndi. Digər tərəfdən də
göndərilmiş qoşunun Rum imperiyası tərəfindən məğlub edilməsi təhlükəsi
olduğundan Əbu Bəkr Xalidi Şama göndərir. Şamda baş verən hadisələrdən də mə’lum
olur ki, Xalidin vəzifəsinin dəyişlməsi müsəlmanlara üçün çox faydalı olmuşdur.
Xalidin İraqdan getməsi ilə Musənna
orduya başçılığı öz üzərinə götürdü. O, Hiyrədən Babilə (bu gün onun ətrafında
Hillə şəhəri tikilən yerə qədər) tərəf yollandı.
Təbəri yazır: Elə bu zaman
Şəhrburaz ona bu məzmunda məktub yollayır. Səninlə vuruşmaq üçün donuz otaran və
toyuq saxlayanları göndərəcəyəm. Musənna isə cavabında yazır: Bu iki haldan
xaric deyil: Sən ya zülmkar və təcavüzkar, yaxud da yalançısan. Bil ki, Allahın
və xalqın nəzərində ən yalançı və rüsvayçı adam şahlardır. Belə mə’lum olur ki,
çarəsizlikdən bu işi görürsən. Şükr olsun Allaha ki, sənin hiylən donuz otaran
və toyuq saxlayanlara sirayət edib.
Əgər belə bir məktubun Musənnaya
yazılması doğru olsa (qətiyyən doğru deyil), Şəhrburaz İran sərhədini qoruyan
qoşun başçılarından biri olub. İbni Əsir (tarixçi) onun adını Şəhiran Kəsra
yazmışdır ki, bu doğru deyil, çünki Sasani sülaləsinin arasında Şəhiran adına
rast gəlinməyib, onu da qeyd etmək lazımdır ki, müsəlmanlar İraqa hücum etməzdən
qabaq onu qətlə yetirmişdilər. Daha düzgünü budur ki, əgər belə bir məktub
yazılmışdısa da, Musənnaya deyil, Şəhburaz Tisfuna hücum edib üçüncü Ərdəşiri
öldürdükdən sonra İran imperiyası ərazisinə hərdən hücum edən ərəb
sərkərdələrindən birisinə yazılmışdır.
İraqdakı döyüşlər yavaş-yavaş
müsəlmanların xeyrinə sona yetməkdə ikən 13-cü il cəmadiul-axir ayında Əbu Bəkr
vəfat etdi. Tarixdən mə’lumdur ki, o, vəfat etməmişdən əvvəl Ömər ibni Xəttabı
xəlifə tə’yin etdi. İraq ərazisindəki müsəlmanların sür’ətlə irəliləməsi İran
müdafiəçiləri və sərkərdələrində belə bir təsəvvür oyatdı ki, ərəblərə qarşı
fikirləşdikləri qədər müqavimət göstərmək asan deyilmiş. Digər tərəfdən isə ərəb
ordusunu da Sasani hökumətinin əsas torpaqalarına hücum etməyə ruhlandırdı.
Ərəblərin irəliləməsində və
ölkələrin fəth olunmasında ən başlıca amil Peyğəməbərin tə’limləri ilə onlarda
yaranan iman hissi, bir də qeyri müsəlmanlarla döyüşdə iki qələbədən birini
(qalibiyyət ya da şəhadət) əldə edəcəklərinə e’tiqadlı oluduqları olmuşdur. İran
ordusunun müqavimət göstərməsi və ya ardıcıl olaraq məğlubiyyətə uğramaları
daxili səbəblərdən irəli gəlirdi. Tarix özü şahiddir ki, ölkə başçıları və
sərhədçilər nə qədər çalışsalar da əsgərləri müqavimət göstərməyə vadar edə
bilmirdilər. Görəsən bu ümidsizlik və soyuqluq nədən irəli gəlirmiş?
Ümumilikdə keçmişdə baş vermiş
münaqişələrə nəzər saldıqda bu nəticəyə gəlmək olur ki, məğlubiyyətə səbəb olan
amilin ən başlıcası hücum edənin qüdrətindən çox xalqın hakimiyyətdən narazı
qalmaları olmuşdur. Xüsusilə ərəblərin hücumu zamanı xalq sadə əsgərləri
yenilməz və qüdrətli bir qoşun təsəvvür edirlər. Digər tərəfdən isə xalq sinfi
bərabərsizliyin hakim kəsildiyi bir vaxtda islam ədaləti haqda xəbərlər
eşidirdilər. Əgər bu münaqişələrdə xalq həqiqətən dövlət və ordu başçıları ilə
həmrəy olub, islam əsgərlərinə yolu açmasaydılar, bəlkə də kiçik bir vaxt
ərzində ardıcıl məğlubiyyətə düçar olmazdılar. İran sərkərdələri, o cümlədən
Hörmüzan, Bəhmən Cadviyə və Rüstəm Fərroxzad feodal və sərhəd qoşunlarını ərəb
qüvvələrinin qarşısını almağa ruhlandırmalarına baxmayaraq ümumi kütlə onlardan
narazı idi. Hər halda Musənna Xalidin işini davam etdirirdi. Həmçinin Ömər Əbu
Ubeydə Səqəfinin başçılığı altında ona kömək üçün yenidən bir qoşun da göndərdi.
Bu dövrdə İranın şahı üçüncü
Yəzdəgürd idi. O, işgüzar, şücaətli və iradəli bir cavan idi. Az bir müddət
ərzində dağınıq Sasani sarayına əl gəzdirdi. Belə mə’ulm olur ki, ölkənin
daxilindən və xalqın vəziyyətindən düzgün surətdə mə’lumat əldə etməmiş və ya
əhalinin hökumətdən narazı olması haqda xəbəri olmamışdır. Ancaq xəbəri olsaydı
belə, bundan artıq bir iş görə bilməzdi. Yəzdəgürd xalqın islam dinini və ərəb
ordusunu ölkənin ayin və ordu başçılarından üstün saymalarının səbəbini öyrənmək
əvəzinə, böyük bir ordunu müsəlmanların hücumunun qarşısını almaq üçün
yollayırdı. Əlbəttə ki, o, bu addımı atanda riyakar müşavirlərdən də məsləhət
almışdı. Onun ordusunun başçıları layiqli olmalarına baxmayaraq, biri digərinin
ardınca məğlub edilib öldürülmüş və ya müsəlmanlarla sülh müqaviləsi
bağlamışlar. Yalnız Cisr döyüşündə iranlılar qələbə əldə edə bildilər. Qoşunun
başçısı Bəhmən Cadaviyə Fərat çayının şərqində mövqe tutdu. Bu döyüşdə onlar
özləri ilə bir neçə fil də gətirmişdilər. Ərəb atları bu iri cüssəli heyvanı
görüb hürkərək dağılışdılar. Qoşun başçısı Əbu Ubeydə qılınc çəkib döyüş
fillərinə hücum etdi, lakin fillərin ayaqları altında qalıb öldü. Ərəblər
başçının öldüyünü görcək qaçmağa başladılar. Müsəlmanlardan biri qoşunun düşmən
müqabilində qaçdığını görüb körpünü sındırıb onları hücum etməyə çağırdı. Ancaq
bunun da bir faydası olmadı. Qaçanlardan bir hissəsi özlərini çaya atdı, az
qalmışdı ki, qoşun bütövlükdə tələf olsun. Musənna böyük qırğının qarşısını
almaq üçün yeni körpü tikilməsi əmrini verdi. Bu şücaətli addımı ilə qoşunu tam
surətdə qırğından qoruyaraq sağ qalanları Fərat çayının o biri sahilinə
keçirtdi. İran qoşunu bu müharibədən qalib çıxmışdı. Onlar adət üzrə
irəliləyərək döyüşü davam etdirməli idilər, lakin Tisfunda vəziyyətin pisləşməsi
ilə əlaqədar məcbur olub geri döndülər.
Elə bu hadisənin özü sübut edir ki,
o günkü İran xalqı hökumətdən nə dərəcədə narazı imişlər, hakimin müharibə
meydanına getməsindən istifadə edərək ayağa qalxıb üsyan etmişlər.