PEYĞƏMBƏRİN SON HƏCC
ZİYARƏTİ
Hicrətin onuncu ili zi-qə’də ayında
Peyğəmbər (s) həcc ziyarətinə yollandı. Bu səfərdə həcc hökmlərini xalqa tə’lim
etdi. İslamdan əvvəl Qüreyşin özünəməxsus qanunu var idi. Kə’bə evinin pərdəsini
və açarını əldə saxlamaq, hacılara su verib xidmət etməklə yanaşı digər
qəbilələrdən fərqli olaraq ziyarət də edirdilər. Peyğəmbər (s) bu səfərdə
Qüreyşin tə’yin etdiyi qanunu ləğv etdi. Cahiliyyət dövründə tə’yin olunmuş
qanunlardan biri də bu idi ki, Kə’bə evini təvaf edərək pak paltar geyinmək
lazımdır və Qüreyşdən alınan paltar yalnız pak ola bilərdi. Əgər Qüreyş birisinə
təvaf paltarı verməsəydi o şəxs gərək paltarsız təvaf edəydi. Qüreyş digər
hacılar kimi Ərəfatdan yola düşməzdilər, bəlkə Muzdəlifədən köçərək bu üstünlüyü
özləri üçün fəxr sayırdılar. Qur’an aşağıdakı ayə vasitəsilə bu üstünlüyü ləğv
etdi:
SONRA CAMAATIN DÖNDÜYÜ YERDƏ SİZ DƏ
DÖNÜN
Camaat gördü ki, Məhəmməd (s)
Qüreyşdən olmasına baxmayaraq digər əhali ilə birgə Ərəfatdan köçür. Bu səfərdə
idi ki, o dedi: Ey camaat! Bilmirəm gələn il sizi görə biləcəm ya yox. Camaat!
Cahiliyyət dövründə tökülən hər qana göz yumuram. Qiyamət gününə qədər malınız
və qanınız bir-birinizə haramdır. Mədinəyə dönəndə Cöhfədə o yerdəki Misr, Hicaz
və İraq əhalisinin yolları ayrılır – “Ğədir-xum” adlı məkanda ona Allahdan əmr
gəldi ki, özünə canişin tə’yin et! Başqa sözlə peyğəmbərdən sonra islam
hökumətinin taleyi müəyyənləşməlidir. Peyğəmbər (s) sayı yüz min nəfər olan
müsəlmanların arasında dedi: “Mən hər kəsin ağasıyamsa (rəhbəri, hamisi) Əli də
onun ağasıdır. Ya Rəbbim, ona yaxın olana Sən də yaxın ol, ona düşmən kəsilənə
Sən də düşmən ol. Onu sevəni Sən də sev, onu xar edəni xar et. Harada olsa haqqı
ona rəva gör. Burada bu sözləri eşidənlər (eşitdiklərini) burada olmayanlara
çatdırsınlar.”
Həcc ziyarətindən
qayıtdıqdan sonra islamın əzəməti, vüqarı artır, Peyğəmbərin (s) sağlamlığı,
səhhəti isə ağırlaşırdı.
Movtə döyüşündəki məğlubiyyətin əvəzini çıxmaq üçün Usamə ibni Zeydin başçılığı
ilə qoşun topladı. Anacaq bu qoşun yola düşməzdən əvvəl artıq Peyğəmbər (s)
dünyasını dəyişərək Allah dərgahına qovuşdu. O həzrət vəfatından əvvəl Ərəbistan
yarmadasında islami birlik bərpa edərək Rum və İran kimi iki böyük imperiyanın
ortasında islam dinini meydana gətirdi.
PEYĞƏMBƏR (S)-IN VƏFATI
Bə’zi müsəlmanlar üçün Peyğəmbərin
(s) vəfatına inanmaq heç də asan deyildi. Bu ilahi şəxs Allah adı ilə qalxaraq o
günə kimi heç bir vəhdəti olmayan Ərəbistanda birlik və ittifaq yaratdı, bir-birlərinə
düşmən kəsilmiş öldürüb qarət etməkdən başqa bir iş bacarmayan ayrı-ayrı
qəbilələri birləşdirdi. Dini qanunlar əsasında hökumət qurdu. O ərazidə daxili
toqquşma və çəkişmələri ləğv edərək aradan apardı. Xalqı bir-birinə mehriban və
qardaş etdi. Qısası ondan əvvəl heç kəsin görə bilmədiyi bir işi yerinə yetirdi.
Necə mümkündür ki, belə bir işlər görmüş şəxs adi insanlar kimi yaşaya və sonda
ölə. Xeyr bu mümkün deyildir. O ölməzdir, həmişə yaşardır. Bu sözlər Məhəmməd
(s)-ın vəfatını eşidən bir dəstə adamların sözləridir.
Tarixçilər yazırlar ki, Ömər
Peyğəmbərin vəfat xəbərini eşidən kimi dedi: Yalan sözdür. O ölməyib, Rəbbinin
yanına gedib və tezliklə qayıdacaqdır. Kim “Peyğəmbər öldü” kəlməsini söyləsə
onu öldürəcəm. Əbu Bəkr tez özünü ona yetirib Qur’ani-kərimdən Peyğəmbərin (s)
adi bir insan övladı olmasına dəlalət edən bir ayə oxudu və onu bu iddiadan
çəkindirdi.
Sonra isə dedi: Məhəmməd (s)-a
pərəstiş edənlər bilməlidirlər ki, Peyğəmbər artıq vəfat edib, bir daha geri
dönməyəcək və yalnız Məhəmməd (s)-ın Rəbbi diridir və heç vaxt ölməyəcəkdir.
Müsəlmanlar çox tez bir zamanda acı həqiqətlə üzləşdiklərini anladılar.
Peyğəmbər (s) artıq Rəbbinə qovuşmuş idi. Bəs onda müsəlmanlar nə etsinlər? Bu
geniş bir ölkəni kim idarə etsin? Mə’lumdur ki, müsəlmanların bundan sonra dini
rəhbərləri – yə’ni peyğəmbərləri olmayacaq. Çünki Peyğəmbər (s) özü buyurub ki,
məndən sonra peyğəmbər yoxdur.
Qur’ani-kərim də müsəlmanlara
Məhəmmədin (s) sonuncu peyğəmbər olduğunu da çatdırıb. Bəs onda islam ümmətinə
rəhbərliyi kim öz üzərinə götürsün?