XƏNDƏK MÜHARİBƏSİ
Qeyd edildiyi kimi Əbu Süfyan hicri
tarixi ilə dördüncü ildə bir dəstə ilə Məkkədən çıxaraq yolda peşiman olub geri
dönür. Onun bu hərəkəti Qüreyş başçılarının nəzərində nüfuzdan saldığına görə
yenidən böyük təchizatlı bir qoşun düzəltmək qərarına gəlir. Nəhayət ki, beşinci
ildə yeddi mindən on iki min arasında olan bir qoşun düzəldir ki, onun 600
nəfərini süvarilər təşkil edirdi. Bu qoşun Mədinəyə tərəf yollanır. Ordu
müxtəlif ərəb qəbilələrindən təşkil olunmasına görə bu müharibə dəstələr
müharibəsi (əhzab) də adlanmışdır. Bundan əlavə Xeybərdə yaşayan bəni Nəzir
yəhudilərindən bir dəstə və Ğətəfan qəbiləsi Qüreyşlə birləşərək bu müharibədə
Peyğəmbərə (s) qarşı vuruşmağa hazırlaşdılar. Mədinə kənarında məskunlaşmış bəni
Qurəyzə yəhudiləri Qüreyşə kömək etməyəcəklərinə söz verdikləri halda, sazişi
pozaraq Məkkə əhalisi ilə əlbir oldular. Belə böyük bir qoşun müqabilində
Peyğəmbərin (s) qoşunu üç min nəfərdən ibarət idi ki, bir neçə atlıdan savayı
hamısı piyada idi.
Ühüd müharibəsinin əksinə olaraq
Mədinə əhalisi şəhərdə müdafiə mövqeyi tutmağı qərara aldı. Bu müharibədə Salman
Farsinin təşəbbüsü ilə şəhəri düşməndən qorumaq üçün xəndək qazıldı. Mədinə üç
tərəfdən xurma bağları və tikililərlə əhatə olunduğu üçün düşmənin bu üç səmtdən
şəhərə daxil olma imkanı yox idi. Şimal tərəfdə xəndək qazılması süvarilərin
hücumunun qarşısını almışdı. Məkkə qoşunu Mədinəyə çatmamış xəndək qazılmışdı.
Düşmən ora çatan kimi təəccübləndi ki, hələ bu günə kimi irəliləyiş üçün belə
bir maneyə rast gəlməmişdir. Süvarilər atlanıb xəndəki keçə bilmir və irəli
gəldikdə isə ox atanlar onlara macal vermirdilər.
Əmr və İkrimət ibni Əbi Cəhl qərara
gəldilər ki, xəndəkdən ötüb keçsinlər. Şücaətli və şöhrətli pəhlivan olan Əmr
ibni Əbduvəd həzrət Əli (ə) vasitəsi ilə öldürüldü. Zahiri görünüşdə Xəndək
müharibəsi Mədinə üçün zərər gətirdi. Müsəlmanların kiçik bir qoşunu böyük bir
qoşun müqabilində nə edə bilərdi? Peyğəmbər (s) başda Ğətəfan qəbiləsini düşmən
qoşunundan ayırmaq istədi. Onlara xəbər göndərdi ki, Qüreyşlə əlbir olmasanız
Mədinənin məhsulunun üçdə biri sizə veriləcək. Ənsar Peyğəmbərdən (s) soruşdu:
Bu saziş vəhyidirmi? Dedi: Xeyr. Dedilər: Onda biz belə bir məğlubiyyətə razı
deyilik. Allah bizi islama, dinə hidayət etmədiyi vaxtlarda belə, bu kimi
zəlalətə razı olmamışıq, indi isə Allah sənin vasitənlə bizə nicat verdiyi zaman
özümüzü necə aciz saya bilərik. Sonda bu saziş (sülh) baş tutmadı.
Öz əqidəsini aşkar etməyən bir-iki
müsəlman bir tərəfdən bəni Qurəyzə, digər tərəfdən isə Ğətəfan tayfasının
içərisinə girərək onları bir-birinə qarşı bədbin etdi. İlahi təqdirin burada
köməkliyi oldu. Külək əsərək havanı soyutdu. Məkkəlilərin işi daha da ağırlaşdı.
Əbu Süfyan geriyə dönmək əmrini verdi. On beş gün mühasirədə qalan Mədinə
təhlükədən yaxa qurtardı.
Xəndək müharibəsinin sonu
müsəlmanlar üçün ümidverici olsa da məkkəlilər üçün həddən artıq sarsıdıcı oldu.
Qüreyş tacirləri üçün aydın oldu ki, artıq Mədinə bazarlarını birdəfəlik əldən
verdilər. Bundan əlavə Mədinə Məkkə tacirlərinin Suriyaya gedən ticarət
yollarını təhlükə altına almaqla yanaşı, onların rahat öz işləri ilə məşğul
olmalarına da imkan verməyəcəyini bilirdilər. Əbu Süfyanın rəhbərlik mövqeyi də
Qureyşin nəzərində alçaldı. Ümumiyyətlə Qüreyş qəbiləsinin əzəməti digər
qəbilələrin nəzərində nüfuzdan düşdü. Gözlənilməz hadisənin baş verməsi bə’zi
bədəvi ərəblərin islama olan meylini artırdı və onlar artıq yəqin etdilər ki,
qeyri-adi bir qüvvə müsəlmanlara yardım edir. Elə bu müharibədən sonra bütün
hadisələr müsəlmanların xeyrinə tamamlandı.
Xəndək müharibəsi qurtardıqdan
sonra Peyğəmbər (s) bəni Qureyzə qəbiləsinin üzərinə yürüş etdi. Qeyd etdiyimiz
kimi, onlar Mədinə sazişinə əsasən müsəlmanlar əleyhinə qiyam etməsəydilər
amanda qalacaqdılar, lakin onlar Xəndək müharibəsində islam düşmənləri ilə
birləşdilər. Aydındır ki, belə təhlükəli bir dəstə ilə xoş rəftar etmək olmazdı.
Peyğəmbər (s) onları mühasirəyə aldı və onlar iyirmi beş gün keçdikdən sonra
təslim oldular. Bəni Qurəyzə ilə həmsaziş olan Ous qəbiləsi Peyğəmbərə (s) dedi:
Bəni Qurəyzə bizim həmpeymanımızdır, gördükləri işdən də peşiman olublar.
Onlarla Xəzrəc həmpeymanlarıyla davrandığın kimi rəftar et. Göründüyü kimi, bəni
Qəynuqa yəhudilərinin əsirlərini onların həmsazişi olan Abdullah ibni Ubəyyəyə
bağışladı. Peyğəmbər (s) bəni Qurəyzə əsirləri haqda hökm çıxarmağı Ous
qəbiləsinin başçısı Sə’d ibni Muaza tapşırdı. Bəni Qurəyzə bu işə razı oldular.
Elə ki, Sə’d məclisə daxil oldu Peyğəmbər (s) əyləşənlərə öz başçılarına ehtiram
etmək üçün ayağa qalxmalarını dedi və onlar da ayağa qalxdılar. Məclisdə
əyləşənlərdən biri dedi: Peyğəmbər (s) “öz başçınız” dedikdə mühacirləri deyil
ənsarı nəzərdə tutmuşdur. Sə’d bəni Qurəyzədən soruşdur ki, onun hakim olmağına
razıdırlarmı? Onlar dedilər: Bəli. Sonra Peyğəmbər (s) o tərəfə üz tutaraq
ehtiram əlaməti olaraq onun adını çəkmədən dedi: Burada iştirak edənlər necə
razıdırlarmı? Peyğəmbər (s) dedi: Bəli! Sə’d dedi: Mənim nəzərimcə onların
kişiləri öldürülməli, qadın və uşaqları əsir götürülməlidir. Sə’din çıxardığı
hökmə əsasən xəndəklər qazaraq bəni Qurəyzənin kişilərini ora aparıb başlarını
bədəndən ayırdılar.
İbni İshaq bəni Qurəyzə əhvalatının
sonunu eynilə belə yazmış, Təbəri də həmçinin onun yazdıqlarını öz kitabında
qeyd etmişdir. Lakin 207-ci hicri ilində vəfat etmiş Vaqidi (tarixçi) bu
hadisəni çox həyacanlı bir ifadə ilə yazmışdır. Bir tərəfdən o yazır: Bir xəndək
qazıldı və əsirləri dəstə-dəstə xəndəyin yanına gətirdilər. Əli (ə) və Zübeyr
ibni Əvvam onların boynunu vurdular. Digər tərəfdən isə belə yazır: Sə’d ibni
Ubadə və Hubab ibni Munzər Peyğəmbərin (s) yanına gəlib dedilər: Ous qəbiləsi
bəni Qurəyzə ilə həmsaziş olduğundan onların öldürülməsi onları narahat edir.
Sə’d ibni Məaz isə dedi: Belə deyildir. Əgər Ous qəbiləsindən hər kim bu işdən
narahat olsa Allah ondan razı qalmaz. Sonra Peyğəmbər (s)-a dedi: Bu əsirləri
Ous qəbiləsinin arasında bölüşdür. Hər ailə öz payına düşən əsiri özü öldürsün
və birinci olaraq mənim evimə göndər və Peyğəmbər (s)-da belə etdi. Əlli birinci
hicri ilində anadan olub 124 hicri ilində vəfat etmiş İbni Şəhab Zöhri də Sə’din
hökm çıxarmasına işarə etmiş, lakin məhkumların sayı barəsində mə’lumat
verməmişdir. Yalnız ibni Əxtəbin ölümünü qeyd etmişdir. Bildiyiniz kimi,
müəmmalarla əhatələnmiş bu əhvalat son əsrlərdə şərqşünaslar, xüsusilə yəhudi
islamşünasların əlində bəhanəyə çevrilmişdir.
Görəsən bu əhvalat necə olmuşdur,
doğrudanmı Əli (ə) bir günün ərzində 700 nəfərin boynunu vurub? Hadisənin bu
tərzdə düzgün olduğunu qəbul etmək çox çətindir. İlk əvvəl bizi şübhəyə salan
ölənlərin sayıdır ki, onların sayını 600-dən 900-ə qədər qeyd etmişlər. Bu
doqquz yüz nəfəri Əli (ə)-la Zübeyr bir gün ərzində necə qətlə yetirə
bilərdilər. Bəni Qurəyzə qəbiləsinin ümumi əhalisi nə qədər imiş ki, onun 900
nəfərini həddi-buluğa çatmış kişi təşkil edib? Məgər o dövrdə Mədinədə və onun
ətrafında nə qədər əhali yaşayırmış ki, onun dörd minini bəni Qurəyzə əhalisi
təşkil edib? Gördüyünüz kimi, bəni Qurəyzə qəbiləsinin qətli hekayəsi Ousla
Xəzrəc arasında qurulmuşdur. Belə ki, Ous qəbiləsi Peyğəmbərə deyir: Bizim
həmpeymanlarımızla Xəzrəc qəbiləsinin həmsazişləri ilə davrandığın kimi rəftar
et, yə’ni onları bizə bağışla! Lakin Peyğəmbər bağışlamayıb onlara hakimlik
etməyi Sə’d ibni Muazın öhdəsinə qoydu. Bu hekayəti söyləyən bəlkə də Xəzrəc
tayfasından olmuşdur və o, bu əhvalatı öz qəbəlisini xeyrinə söyləmişdir.
Bununla da o, öz qəbiləsinin Peyğəmbər nəzərində Ous qəbiləsindən hörmətli
olduğunu nümayiş etdirmək istəyib.
Əsirlərin qətlə yetirilməsindəki
müxtəlifliyə diqqət yetirilməlidir. İbni İshaqın dediyinə görə əsirləri
xəndəklərin yanında qətlə yetirdilər. Vaqidi isə deyir: Əsirləri Ousdan olan
ailələrə payladılar ki, onları qətlə yetirməklə Peyğəmbərin əmrinə tabe
olduqlarını göstərmiş olsunlar. Bu məşhur əhvalat tarixi ziddiyyətlərə görə
təhqiqatçı olan hər bir kəsi tərəddüdə salır.
Bundan əlavə biz, Peyğəmbərin (s)
qabaqkı müharibələrində olan rəftarı ilə tanışıq. O, həmişə mehribançılığı,
güzəştə getməyi intiqam və qətldən üstün tutmuşdur. Fərz edək ki, bəni
Qurəyzənin sazişi pozduqları onu çox narahat etmişdir və onları bağışlamamışdır
(belə bir fərziyyə təsəvvür edilməzdir). Ancaq Mədinəyə daxil olduğu ilk gündən
hər iki Ous və Xəzrəc qəbiləsi ilə rəftarı eyni dərəcədə olmuş, onların hər
ikisinin istəklərinə bərabər səviyyədə cavab vermişdir. Belə bir məsələdə
Peyğəmbər (s)-ın onlar arasında ayrıseçkilik salması ağıla sığmır. Bu işin
hakimliyini Ous qəbiləsinin başçısına tapşırmağın özü təqdirə layiq bir
hadisədir.
Həqiqət budur ki, Peyğəmbərin
Yəsribə gəlişi ilə Ousla Xəzrəc arasında olan rəqabət aradan getdi və yalnız o
həzrətin vəfatından sonra bu məsələ yenidən baş qaldırdı. Gələcək bəhslərdə
görəcəksiniz ki, ixtilafın ilk nişanələri bəni Saidə adlanın məkanda baş
vermişdi. Müaviyə hakimiyyəti ələ keçirdikdən sonra Qüreyş və mühacirlər keçmiş
arzularına çatdılar. Onun göstərişi ilə tarixçilər və şairlər Mədinə əhalisini
və ənsarı təhqir edən əsərlər yaratdılar. Ənsarı əzmək yollarından biri də Ousla
Xəzrəc arasında olan keçmiş kin-küdurətləri oyatmaq olmuşdur. Ondan sonra bəni
Üməyyə hökumətinin bütün ərazisində Peyğəmbər dövrünün bütün müharibələri,
xilafət dövründə hicri qəməri tarixinin qırxıncı ilinə qədər olan mə’lumatlara
əl gəzdirilmiş, ənsarın xeyrinə olan mə’lumatlar isə dəyişdirilmişdir. 172 hicri
tarixində vəfat etmiş Zübeyr ibni Bəkar “Əl-müvəffəqiyyət” adlı kitabında Əbban
ibni Osmandan bizim sözümüzü təsdiqləyən bir əhvalat nəql etmişdir ki, onun
xülasəsi belədir:
Süleyman ibni Əbdül-məlik vəliəhd
olduğu dövrdə Mədinəyə gedərək Peyğəmbər (s)-ın müharibə etdiyi meydanlara
tamaşa etdikdən sonra Əban ibni Osmana Peyğəmbərin (s) müharibələri haqda bir
kitab yazmasını tapşırır. Əban isə belə bir kitabın onda olduğunu deyir.
Süleyman həmin kitabın üzündən köçürülməsini istəyir. Lakin kitabı oxuduqdan
sonra ənsarın vəsfini görərək bəyənmir və onun yandırılması əmrini verir. Şama
döndükdən sonra bu məsələni atası Əbdül Məliklə müzakirə etdikdə deyir: Çox
düzgün iş görmüsən, Şam əhalisi belə sözləri eşidib ənsarın fəzilətindən
xəbərdar olmasalar yaxşıdır.
Əgər bu əhvalat da düzgün olmasa
demək olar ki, Abbasilər dövləti zamanı Zübeyr Müvəffəq və onun atası
Mütəvəkkilin xoşuna gəlmək üçün bunu yazmışdır. Bunların heç biri düzgün olmayan
surətdə bilmək lazımdır ki, birinci və ikinci əsrdə (yazılı sənəd olmayan dövr)
ravilərin söylədiklərinə istinad etmək olmaz. Bəlkə hər rəvayəti digər şahid və
uyğunluqlarla müqayisə və ya tutuşdurmaq lazımdır.
Görünür bəni Qurəyzə əhvalatı o
hadisədən neçə illər sonra, mühasirəyə düşənlər öldükdən sonra Xəzrəc
qəbiləsindən olan yazıçı tərəfindən təhrif edilmişdir. Bununla o, istəmişdir
Ousla Xəzrəcin Peyğəmbər (s) nəzərində bərabər səviyyədə olmadığını göstərsin.
Elə buna görə də o, Peyğəmbər (s)-ın Xəzrəc həmpeymanlarını öldürməməsini, Ous
qəbiləsinin həmsazişlərini isə qətlə yetirdiyini yazmışdır. Həmçinin Ous
qəbiləsi rəhbərinin həmsazişlərinin hüquqlarına riayət etmədiyini göstərmək
istəmişdir.
AŞKAR QƏLƏBƏ VƏ YA
HÜDEYBİYYƏ SÜLHÜ
Xəndək savaşından, bəni Qurəyzə
yəhudilərinin təslimindən sonra altıncı hicri ilində müsəlmanların qələbəsi ilə
bir neçə müharibə baş verdi. Müharibədə əldə olunan qənimətlərlə yanaşı islamın
qüdrəti yarmada əhalisinin nəzərində daha da ucaldı. Belə ki, bə’zi qəbilələr
müsəlman olmağa, bə’ziləri isə islam hakimiyyəti altında yaşamağa razılıq
verdilər.
Artıq islamın qüdrətini məkkəlilərə
göstərməyin və onları islama də’vət etməyin vaxtı gəlib çatmışdı. Qüreyş
müqavimət göstərmədən müsəlman olsaydı həm özləri, həm də müsəlmanlar üçün
xeyirli olardı. Bir tərəfdən onların nicatı müsəlman olmaqda idi, layiqli və
təcrübəli Məkkə əhalisinin bu dini qəbul etməsi də gələcək üçün böyük əhəmiyyət
kəsb etmiş olardı. Altıncı hicri ili zi-qə’də ayında Peyğəmbər (s) 1500 nəfərlə
ümrə ziyarətinə yollandı. Qüreyş həzrət Peyğəmbərin (s) məqsədindən agah olub
onun qarşısını almaq üçün hazırlıq gördülər. Əvvəlcə Xalid ibni Vəlidlə İkrəmət
ibni Əbi Cəhli yolladılar ki, onu Məkkəyə girmək fikrindən daşındırsınlar.
Peyğəmbər (s) toxunulmaz ərazi sayılan Hüdeybiyyə adlanan yerdə dayanıb Məkkə
əhalisinə xəbər göndərdi ki, müharibə etməyə deyil, ziyarət üçün gəliblər.
Qüreyş isə qəbul etmədi. Nəticədə onunla Qüreyş nümayəndələri arasında on il bir-birləri
ilə müharibə etməyəcəkləri haqda sülh müqaviləsi imzalandı. Həmin müqaviləyə
əsasən müsəlmanlar həmin il Məkkəyə daxil ola bilməzdilər, lakin bir il sonra
Məkkə əhalisi şəhəri üç günlüyə tərk edərək ziyarət etmək üçün şəhəri
müsəlmanların ixtiyarına qoymalı idilər. Bu sülh sazişinin bəndlərindən biri də
bundan ibarət idi ki, Məkkə ahlisindən hər kim Mədinəyə gedib müsəlmanlara
qoşulsaydı Məkkəyə qaytarılmalı idi, ancaq bir nəfər Mədinə əhalisindən Məkkəyə
getmiş olsa Qüreyş onun geri qaytarılmasına cavabdeh deyildir. Sazişin digər bir
maddəsi belə idi: Hər bir qəbilə Qüreyşlə və ya həzrət Məhəmməd (s)-la saziş
bağlamaqda azaddır.
Peyğəmbər (s)-ın bə’zi səhabələri
bu sazişin əhəmiyyətinə və nəticəsinə varmadan narahatçılıq yaradıb onu özləri
üçün bir məğlubiyyət hesab etdilər. Lakin bu sazşin imzalanması müsəlmanlar üçün
böyük qələbə demək idi. Çünki bu günə qədər müşriklər Peyğəmbər (s)-ı və
səhabələrini saya salmayaraq onların kökünü yer üzündən silmək istəyirdilər. Bu
gün isə ancaq onu rəsmi tərəf müqabil kimi tanıyıb onunla müqavilə
bağlamışdılar. Həmçinin bu sazişdə qəbilələrin azad surətdə ya Məhəmməd (s)-la,
ya Qüreyşlə saziş bağlamaq imkanı da qeyd edilmişdi. Belə olan halda əgər
müsəlmanlar və ya Qüreyş hər iki tərəfin həmpeymanları ilə müharibə etmiş
olsaydı bu saziş ləğv olunmalı idi. Belə ki, görəcəyik Məkkənin fəthi Qüreyşin
bu şərti pozmağından irəli gəlmişdi. Bu sazişin imzalanmasından az bir müddət
ötmüşdü ki, müsəlman olmuş bir Məkkəli Hüdeybiyyə sazişinə əsasən Məkkəyə təhvil
verilməli idi. Lakin o yolda qoruqçuların əlindən qaçıb Mədinəyə dönmək əvəzinə
Qüreyşin Şama gedən karvan yolunun üstündə özünə mövqe hazırladı. Get-gedə Məkkə
müsəlmanları ona qoşularaq Qüreyşin karvan yolunu təhlükə altına saldılar. Bu
dəstəni geri qaytarmaq üçün heç bir qanun olmadığından məcbur olub onları bir
neçə müddətdən sonra Mədinəyə çağırdılar. Beləliklə də qaçqınların geri
qaytarılması ləğv olundu. Lakin ən maraqlısı budur ki, Qüreyş tərəfindən sazişin
bir bəndinin pozulması Məkkə şəhərinin fəthinə səbəb oldu.
XEYBƏR MÜHARİBƏSİ
Xeybər yəhudilərinin mövqeyi
müsəlmanların nəzərində şübhə yaratmışdı. Sonuncu nahiyədə toplaşmış yəhudi
dəstəsi ilə də münasibətləri aydınlaşdırmaq vaxtı gəlib çatmışdı. Belə ki, onlar
bəni Qurəyzə məsələsindən sonra fitnə törətməyə əl atmış, bə’zi tarixçilərin
israrına əsasən hətta Mədinəyə hücum etmək fikrinə düşmüşdülər. Hicrətin
yeddinci ili Peyğəmbər (s) onları mühasirəyə alır. Bir neçə gündən sonra onlar
təslim oldular. Amma Peyğəmbər (s) sürgün etmək əvəzinə onlarla saziş bağladı
ki, hər il əldə etdikləri məhsulun yarısını Mədinəyə göndərsinlər.
ALLAH EVİNİN ZİYARƏTİ
Hicri qəməri tarixinin yeddinci ili
zi-qə’də ayında Hüdeybiyyə sazişinə əsasən Peyğəmbər (s) Məkkəyə yollandı.
Peyğəmbərlə (s) müsəlmanların Məscidül-hərama daxil olması, ümrə ziyarətini
yerinə yetirmələri, müsəlmanların Peyğəmbərə (s) qoyduqları ehtiram, Qüreyşin
gözündə daha böyük cilvələndi. Onlara təqribən aydın oldu ki, artıq Peyğəmbərə
(s) müqavimət göstərmək iqtidarında deyillər. Uzaqgörənlər dərk etdilər ki,
qəbilə başçılarının, tacirlərin ağalığı dövrü sona çatmış, xalqın üzünə yeni
qapı açılmışdır. Elə buna görə də bu qəbilənin böyüklərindən olan Xalid ibni
Vəlid və Əmr ibni As özlərini Mədinəyə yetirərək müsəlman oldular.
MU’TƏ MÜHARİBƏSİ
Hicrətin səkkizinci ili Peyğəmbər
(s) Kə’b ibni Uməyr Ğəffarini Zat-ətlaha göndərir. Gedənlər orada bir dəstə
adama rast gəldilər və onları islama də’vət etdilər. Lakin onlar islamı qəbul
etməyib müqavimət göstərib ox atmağa başladılar. Onların içərisində yalnız bir
nəfər sağ qalıb gecə ikən qaçaraq özünü Mədinəyə çatdıra bildi.
Zat-ətlah Şam sərhədlərinə yaxın
bir yerdi. Müsəlmanlar yarmadadan kənara çıxdıqlarına görə bu səriyyə böyük
əhəmiyyət kəsb edirdi.
Hicri səkkizinci il
Cəmadiul-əvvəldə Peyğəmbər (s) Mu’təyə qoşun göndərdi. Mu’tə Rum imperiyasının
işğal etdiyi ərazidə yerləşirdi. Qoşuna Zeyd ibni Harisə başçılıq edirdi və
Peyğəmbər (s) dedi: Əgər Zeyd həlak olsa Cə’fər ibni Əbu Talib başçılığı
öhdəsinə götürsün və əgər o da öldürülsə Abdullah ibni Rəvahə qoşuna başçılıq
etsin. Qoşun Məad adlı yerdə düşmənin hazır olduğundan agah oldu. İbni Hişamın
yazdığına görə imperiya qoşunlarının sayı yüz min nəfər olmuşdur. Müsəlmanlar bu
xəbəri eşitdikdən sonra nə edəcəkləri haqda məşvərət etdilər. Abdullah ibni
Rəvahə onları döyüşə ruhlandırdı, çünki burada iki faydadan biri əldə ediləcəkdi
– ya şəhadət (şəhid olmaq) ya da qələbə. Bu döyüşdə qoşun başçılarının üçü də
şəhid oldular və qoşun Xalid ibni Vəlidi başçı seçdi. O da qoşunu hansı şəkildə
olursa olsun Mədinəyə çatdırdı.
MƏKKƏNİN FƏTHİ
Hüdeybiyyə sazişinin qərarına
əsasən hər bir qəbilə istər Qüreyş olsun, istərsə də müsəlmanlarla saziş bağlaya
bilərdi. Xuzaə qəbiləsi Məhəmməd (s)-la, bəni Bəkr qəbiləsi isə Qüreyşlə saziş
bağladılar. Hicrətin səkkizinci ili bu iki qəbilə arasında münaqişə baş verdi.
Qüreyş bəni Bəkr qəbiləsini müdafiə edərək münaqişəyə qarışdı. Beləliklə
Hüdeybiyyə sazişi pozuldu, çünki Qüreyş Peyğəmbər (s) həmsazişləri əleyhinə
döyüşürdü. Əbu Süfyan başa düşmüşdü ki, onların bu hərəkəti cəzasız qalmayacaq,
elə ona görə də özünü Mədinəyə çatdırdı ki, sazişi yenidən bərpa etsin, ancaq
iş-işdən keçmişdi.
Hicərtin səkkizinci ili Ramazan
ayında Peyğəmbər (s) on min nəfərlik qoşunla Məkkəyə yollandı. Yürüşü elə
nizamlamışdı ki, heç kəs onun səfərindən xəbər tutmasın. Qoşun mərruz-zəhrana
çatdıqda Peyğəmbərin (s) əmisi Abbas çadırdan bayıra çıxıb Məkkə əhalisindən bir
şəxsi axtarırdı ki, Qüreyş həlak olmamışdan özünü Peyğəmbərə (s) çatdırmaq
xəbərini göndərsin. Həmin gecə Əbu Süfyanla rastlaşdı, sonra onu Peyğəmbərin (s)
yanına gətirdi. Əbu Süfyan müsəlman oldu. Səhəri gün Peyğəmbər (s) Abbasa
göstəriş verdi ki, Əbu Süfyanı münasib yerdə saxlasın ki, qoşunun gəlib
keçməsini müşahidə edə bilsin. Əbu Süfyan müsəlmanların qüdrətini görüb Abbasa
dedi: Qardaşın oğlunun şahlığı böyümüşdür. Abbas dedi: Vay olsun sənə, bu
peyğəmbərlikdir, şahlıq deyil! Dedi: Bəli belədir! Abbas Peyğəmbərə (s) dedi:
Əbu Süfyan elə bir adamdır ki, güzəşt əldə etmək istəyir. Peyğəmbər (s) dedi:
Hər bir şəxs evə girib qapını üzünə bağlasa amandadır. Hər bir şəxs Əbu Süfyanın
evinə sığınsa amandadır. Hər bir kəs Məscidül-hərama getsə amandadır. Qoşun
sakitcə Məkkəyə daxil oldu. İbni İshaqdan rəvayət edən ibni Hişam yazır: Xəzrəc
qəbiləsinin başçısı Məkkəyə daxil olan kimi dedi: Bu gün qırğın günüdür! Bu gün
ehtiramın alt-üst olan günüdür. Sə’d fikirləşirdi ki, Qüreyşdən və ya Ədnani
tayfasından intiqam alacaq və Yəsrib əhalisinin qisasını məkkəlilərdən çıxacaq.
Bu fikirin müsəlmanların arasında yayılmaması, eləcə də islam fəthinin qəbilə
kin-küdurətinə çevrilməməsi üçün Peyğəmbər (s) Əli (ə)-ı göndərib dedi ki,
bayrağı ondan al və bu günü Mərhəmət günü e’lan et. Müsəlmanlarla Məkkə əhalisi
arsında bir neçə münaqişə baş verib. Peyğəmbər (s) məscidə daxil oldu, yeddi
dəfə təvaf edib minikdən düşdü və Kə’bə evinin qapısı qarşısında dayandı.
Əhali hacılara su paylamaq və
qulluq göstərməkdən başqa hər şeyi unutmuşdular. Peyğəmbər (s) iki həftə Məkkədə
qaldı şəhərin işlərini qaydasına saldı. Məkkənin ətrafındakı bütxanaları viran
etmək üçün adam yolladı. Kə’bə evinə qoyulmuş bütləri isə sındırdı. Peyğəmbərin
(s) rəftarı islam güzəştinin ucalığını və bu dinin peyğəmbərinin alicənablığını
rəqiblər qarşısında aşkar etdi. İyirmi il müddətində Məhəmməd (s)-a və
müsəlmanlara heç bir işgəncəni əsirgəməyən Qüreyş bunun müqabilində cəza
alacaqlarından qorxurdular. Elə ki, peyğəmbərdən “sizin hamınızı azad etdim”
(bağışladım) cavabını eşitdilər, həmin gündən islam əleyhinə deyil,
müsəlmanlarla bir olub qeyri müsəlman əleyhinə vuruşmaq qərarına gəldilər.
HÜNEYN DÖYÜŞÜ
Məkkənin təslim olub Qüreyşin
müsəlman (istər razılıqla, istərsə də məcbur) olmasından sonra gərək münaqişə
baş verməyəydi və ya ən azı Məkkə yaxınlığında heç bir qəbilə ayağa qalxmayaydı.
Taifdə yaşayan Həvazin qəbiləsi ilə Səqif qəbiləsi Peyğəmbərin (s) qoşununa
hücum etmək üçün birləşdilər. Bu döyüşdə onların nə məqsəd güddükləri mə’lum
deyildir. Hər halda düşmənin qoşunu müsəlmanlar müqabilində çox az gözə
çarpırdı. Müsəlmanlar düşməni ilk əvvəl məğlub edəcəklərinə şübhə etmirdilər.
Belə ki, Qur’anda bu barədə xəbər verir”
Allah sizə bir çox yerlərdə,
həmçinin Hüneyn günündə kömək etdi. O gün çox olmağınız sizi valeh etsə də, bir
faydası olmadı.
Lakin belə olmadı. Döyüşün
başlanğıcında müsəlmanlar qaçdılar, lakin Peyğəmbər (s) və bir neçə mühacir və
ənsardan olanlar müqavimət göstərdilər. Qaçanlar yenidən geri döndülər, sonda
Həvazin qəbiləsi döyüşdən qaçdı. Arxada qalmış arvad uşaqlar əsir düşdülər,
Peyğəmbər isə onların azad edilməsi əmrini verdi.
Hüneyn döyüşündə əldə edilmiş
qənimətləri bölən zaman yeni müsəlman olmuş döyüşçülər qənimət əldə etmək üçün
tələsərək hətta Peyğəmbərin paltarını belə çiynindən oğurladılar. Peyğəmbər (s)
buyurdu: Ey camaat, mənim köynəyimi qaytarın! And olsun Allaha, Təhamə
ağaclarının sayı qədər dəvə olsa hamısını sizə verərəm. Mən paxıl, qorxaq və
yalançı deyiləm! Mən bu qənimətdən yalnız beşdə birini (xums) götürəcəm ki, onu
da sizə qaytaracam. Sonra qənimətləri böldü və Qüreyş başçılarına da pay verdi
ki, bəlkə islamı qəbul edələr. Fiqhdə muəlləfətun qulubuhum istilahı bu dəstəyə
şamil edilmişdir.
Bu müharibədə Təmim qəbiləsindən
bir nəfər Peyğəmbərə (s) dedi: Məhəmməd! Ədalətlə davran! Görürəm, ədalətdən
çıxmısan! Peyğəmbər (s) dedi: Vay olsun sənə! Əgər mən ədalətli olmasam kim
ədalətə riayət edər? Ömər ibni Xəttab dedi: İzn ver onu üzüağlığına görə
öldürüm. Peyğəmbər (s) dedi: Xeyr, onu azad burax, tezliklə onun ətrafına
adamlar toplaşacaq ki, öz dar düşüncələri sayəsində dindən çıxacaqlar.
Zulxuvəysirə ləqəbli bu kişi Əli (ə) xilafəti zamanı “xəvaricin” sərkərdəsi olub
və Nəhrəvan döyüşündə öldürülüb. Peyğəmbər (s) qənimətləri mühacirlər arasında
böldüyü üçün ənsar arasınada narazılıq yarandı. Sə’d ibni Ubadə Peyğəmbərin (s)
yanına gəlib dedi: Ey Allahın elçisi, ənsar sənin bu rəftarından razı deyillər.
Qəniməti öz qövminə verdin ancaq ənsara bir şey çatmadı. Peyğəmbər (s) buyurdu:
Sənin nəzərin nədir? Dedi: Mən öz qövmümdən biriyəm. Peyğəmbər (s) dedi: Öz
qövmünü səqifəyə topla. Ənsar toplaşdıqdan sonra Peyğəmbər (s) buyurdu: Ey
camaat, bu narazılıq sizdə mənə qarşı necə yarandı? Siz yoldan azmış
deyildinizmi? Allah mənim vasitəmlə sizi düz yola hidayət etdi. Ehtiyac içində
idiniz sizi varlı etdi. Bir-birinizlə düşmən idiniz, sizi mehriban etdi.
Dedilər: Bəli, Allahın və Onun peyğəmbərinin ne’mətləri bizim üçün bundan daha
artıqdır. Sonra dedi: Mənə cavab vermirsiniz? Dedilər: Ey Peyğəmbər (s) nə
deyək. Dedi: Deyin səni yalançı hesab etdikləri halda biz səni doğru danışan
bildik! Köməksiz idin sənə yardım etdik! Qovulduğun halda biz sənə sığınacaq
verdik! Dəvriş kimi tək qaldığın halda səni özümüzdən hesab etdik! Ey ənsar, mən
camaata azacıq dünya malı bağışladım ki, islama rəğbəti çoxalsın, ancaq siz öz
dininizə möhkəm bağlı olduğunuz halda bu işdən narazısınızmı? And olsun Allaha,
mən Məkkədən Mədinəyə gələn gündən özümü ənsardan biri hesab etmişəm. Əgər bütün
xalq bir yola, ənsar isə başqa bir yola üz tutsa mən ənsarla olacağam. İlahi
ənsarı bağışla! Ənsarın övladlarını bağışla! Ənsarın övladlarının övladlarını da
bağışla! Bu sözlərdən sonra bütövlükdə hamısı göz yaşı axıtdı, hətta ağlamaqdan
saqqalları belə islandı. Sonra isə dedilər: Allah Peyğəməbri bizim payımıza
düşdüyünə razıyıq.
TƏBUK MÜHARİBƏSİ
Hicri tarixinin doqquzuncu ilində
baş vermiş hadisələrdən biri də Təbuk ğəzvəsidir. Peyğəmbər (s)-a xəbər çatdı
ki, Rum imperiyası Bəlqa adlı yerdə böyük qoşun toplayıb müsəlmanlara hücum
etmək istəyir. İsti yay havası və meyvələrin təzə yetişən dövrü olduğundan əhali
evdə əyləşib itsirahət etmək istəyirdi. Xəzinədə (beytül-mal) də bir şey gözə
çarpmırdı. Peyğəmbər (s) adəti üzrə heç vaxt yürüş edəndə məqsədin nədən ibarət
olduğunu qabaqcadan deməzdi. Lakin Təbuk döyüşündə qarşıya çıxan çətinliklərə
görə e’lan etdi ki, Rumlular üzərinə döyüşə gedəcəyik. Bir dəstə əhali dedi:
İndi istidir, bu isti fəsildə getməyin! Bu dəstə aşağıdakı Qur’an ayəsi ilə
tənbih edildi:
“Bu istidə döyüşə çıxmayın!” –
dedilər. (Ya Peyğəmbər!) De ki, “Cəhənnəm odu daha istidir!” Kaş biləydilər!
Bu ğəzvədə islam qoşunun sayı 30000
nəfərdən ibarət olduğunu qeyd etmişlər. Müsəlmanlar bu günə qədər apardıqları
müharibələrdə bundan yuxarı sayda qoşuna malik olmamışlar. Bu yürüşdə Peyğəmbər
(s) Əlini (ə) öz yerinə canişin tə’yin edir ki, onun işlərini yerinə yetirsin.
Münafiqlər dedilər ki, Peyğəmbər (s) Əlini (ə) özü ilə aparmaq istəmirdi. Bu
barədə Əli (ə) Peyğəmbərə (s) şikayət edir, Peyğəmbər (s) isə buyurdu: Mən səni
öz yerimə xəlifə tə’yin etdim. Səninlə mənim aramda olan münasibət Harunla Musa
(ə) arasında olan münasibət kimidir, sadəcə olaraq məndən sonra peyğəmbər
gəlməyəcək. Qoşun susuzluqdan əziyyət çəksələr də Təbuka çatdılar, lakin
Rumluların döyüşə hazırlaşmaları xəbəri yalan çıxdı. Təbuk müharibəsi Peyğəmbər
(s) hələ sağ ikən müsəlmanlarla qeyri-müsəlmanlar arasında baş vermiş sonuncu
döyüş idi. Bunun ardınca bütövlükdə Ərəbistan təslim oldu. Hər qəbilədən
nümayəndələr gəlib onların islamı qəbul etmələrini Peyğəmbərə (s) çatdırdılar.
Təxminən demək olar ki, bütün qəbilələr müsəlman olmuşdular. Ona görə də bu il
sənətul-vufud adlanmışdır, yə’ni həmrəylik, birlik ili.
ƏRƏBİSTANIN BİRLİYİ
Yarmadanın coğrafi və ictimai
mövqeyini şərh edən zaman şimal sakinləri ilə cənub sakinləri arasında ixtilaf
və qəbilələr arasındakı düşmənçilik haqda mə’lumat vermişdik. Qeyd etdiyimiz
kimi, belə bir mühitdə (şimalda) əsl mə’nada ictimai həyat tərzi mövcud deyildi.
Ərəblər hakimiyyət birliyinin nə olmasını təsəvvür belə edə bilmirdilər. Bu
ərazidə ən yüksək birlik bir nəsildən olan bir neçə qəbilənin birləşib digər bir
qəbilə ilə döyüşməsindən ibarət idi.
Onuncu ilin əvvəllərində tarixdə
yeni bir möcüzə baş verdi. Bütün həyatı boyu qan töküb, soyğunçuluqla məşğul
olan xalq vahid hakimiyyət altında yaşamağa razı oldular. Doğrudur ki, Şam
ətrafında bə’zi qəbilələr Rum imperiyasına tabe idilər. Qərbdə və cənubda bə’zi
qəbilələr bütpərəst, xəçpərəst və ya başqa dinlərə ibadət edirdilər. Lakin Qeyd
etdiyimiz kimi, Hüneyn müharibəsindən sonra bir çox qəbilələr müsəlman olmuş və
ya Məhəmməd (s)-la birlik yaratmışdılar. Beləliklə ərəb torpaqlarının daxilində
müharibə, qan tökmək öz yerini birliyə, sülhə və əmin-amanlığa vermişdi. Əvvəldə
Qeyd etdiyimiz kimi, Peyğəmbər (s) Mədinədə mühacirlə ənsar arasında qardaşlıq
telləri bağlayaraq bədəvilərin xislətlərindən birini cilovlamış, dinin inkişafı
naminə islam qardaşlığı yaratmışdı. Yarmadada vahid hakimiyyət yarandıqdan sonra
onların digər xislətləri olan məğrurluq və kobudluq islam yolunda, cihadda
fədakarlıq və qəhrəmanlığa çevrildi. Bunun əsasında cahiliyyətdə mal-qaranı
qorumaq və otlaqları ələ keçirmək üçün tökülən qanlar Allah yolunda və islamın
inkişafı yolunda mübarizə ilə əvəz olundu.
YALANÇI PEYĞƏMBƏRLƏR
Peyğəmbər (s)-ın həyatının son
illərinə aid olan tarixdə bir neçə yalançı peyğəmbərlərin adına rast gəlirik. O
cümlədən Yəmamədə bəni Hənifə tayfasından olan Musyləmə, bəni Əsəddən olan
Tuleyhə, Yəməndən olan Əsvəd Ənəsinin adını çəkmək olar. Bunlardan hər birisi öz
qəbilələri arasında ətrafına bir dəstə adam toplayıb peyğəmbərlik iddiasına
düşdülər. Lakin sonda biri-birlərinin ardınca məğlubiyyətə uğrayıb yoxa çıxdılar
Danılmaz faktlardır ki, tarixdə adı
çəkilənlərdən başqa peyğəmbərlik iddiasına düşənlər də olmuşdur. Burada belə bir
sual ortaya çıxır, görəsən meydana çıxmış bu peyğəmbərlər, islam peyğəmbərinin
13 il Məkkədə və 10 il Mədinədə xalqı islama də’vət etdiyi dövrlərdə öz
iddialarını aşkar etmədilər? Yuxarıda Qeyd etdiyimiz kimi, islamdan əvvəl ərəb
birliyi (vəhdət) mümkün olmadığından və ya müəyyən müddət ərzində birlik əldə
etdikdən sonra yenidən bir-birlərinə düşmən kəsildiklərindən onlar bu
iddialarını üzə çıxara bilmirdilər. Dini vəhdət sayəsində ərəb birliyi bərpa
olunan zaman hakimiyyət sevdasında olanlar hökmranlıq üçün yeni fürsətin mövcud
olduğunu hiss etdilər. Belə ki, onlar güman edirdilər ki, peyğəmbərlik iddiası
etməklə əsl peyğəmbər ola bilərlər. Bu yalançı peyğəmbərlər bir müddət
müsəlmanlar qarşısında maneçilik törətsələr də sonda məhv oldular.