DataLife Engine > Islam > İslam tarixi 3.1
İslam tarixi 3.125 äåêàáðÿ 2006. Ðàçìåñòèë: Ismail |
MÜHARİBƏLƏRİN BAŞLANMASIPeyğəmbər (s)-ın Əqəbədə Mədinə əhalisi ilə bağladığı ikinci sazişdən sonra Qüreyşlə müsəlmanlar arasında münaqişə baş verəcəyi təsəvvür edilirdi. Onun Yəsribə gəlişindən bir il keçmişdi ki, bu münaqişələr başlandı. Məkkədən gəlmiş mühacirlər Mədinə əhalisinin onlara göstərdiyi qonaqpərvərliyə baxmayaraq həmişəlik olaraq orada qala bilməzdilər. Qeyd etdiyimiz kimi, Mədinə əhalisi əkinçiliklə məşğul olduqları halda, Məkkəlilər bu peşəyə yiyələnməmişdilər. Onların peşəsi ticarət və alış-verişdən ibarət idi. Onlar keçmiş peşələrini davam etdirmək üçün bir tərəfdən Yəsrib Məkkəni əvəz etməli, digər tərəfdən isə Məkkə tacirlərinin yolunu (ticarət) kəsməli, bununla da Məkkəlilərin ticarət yolunu təhlükə altına salmalı idilər. Əgər yəsriblilər bu yeniliyi əldə etməsəydilər, məkkəlilər keçmişdə olduğu kimi çox asanlıqla öz karvanlarını bir tərəfdən Qəzzə və Əqəbə körfəzinə, digər tərəfdən isə Babül-məndəb və Hind okeanına çatdıraraq hər iki ticarət yolunu əldə saxlamış olardılar. Əgər iş bununla bitmiş olsaydı, bəlkə də çox təhlükə hesab olunmazdı. Lakin Məkkəlilər buna da razı deyildilər, onlar Yəsribi gələcəkdə nəzarətsiz buraxmaq istəmirdilər. Onlar hələ Peyğəmbər (s) Məkkədə ikən və müsəlmanların sayının az olduğu vaxtda iqtisadi hegemonluqlarının təhlükə altına düşdüyünü hiss etmişdilər. İndi isə lazımi potensiala malik və islamı qəbul etmiş bir şəhər müqabilində təhlükədən necə amanda qalacaqdılar. Yəsriblilər də çox gözəl bilirdilər ki, Məkkəlilərin onların şəhərinə göz tikməsinin qarşısını almaq üçün tə’cili tədbirlər görməli idilər. Hicrətin ilk ilində Məkkə karvanları ilə vuruşmaq üçün dəstələr yola düşdü. Əgər Peyğəmbər özü qoşunla birlikdə bu döyüşlərdə iştirak etsəydi ona “ğəzvə”, yox əgər özü Mədinədə qalıb düşmən üzərinə qoşun göndərmiş olsaydı o döyüşlər “səriyyə” adlanardı. İlk ğəzvə hicri tarixi ilə ikinci il səfər ayında baş verdi ki, o Əbva və ya Vəddan ğəzvəsi adlanıb. Lakin bu yürüşdə heç bir savaş olmadı. Bundan sonra rəbiul-əvvəl ayında Buvat ğəzvəsi irəli gəldi ki, yenə hər şey münaqişəsiz qurtardı. Cəmadiul-əvvəl ayında xəbər yetişdi ki, Qüreyş Əbu Süfyanın rəhbərliyi ilə Məkkədən Şama tərəf yollanır. Peyğəmbər onlara hücum etmək məqsədi ilə zatul-əşirəyə qədər getdi, lakin karvan ötüb keçmişdi. İbni Hişam Əmmar Yasərdən nəql edir ki, əşirə ğəzvəsində mən Əli (ə)-la yoldaş idim. Peyğəmbər (s) ora yetişərək atdan düşdü. Bəni-mudləc əhalisinin xurma bağında və bulaq başında işləmələri bizim diqqətimizi cəlb etdi. Əli (ə) mənə dedi: Ey Əmmar, gedək görək onlar nə işlə məşğuldurlar. Biz bir saat onları seyr etdikdən sonra yuxumuz gəldiyindən elə xurmalıqda yatdıq. Peyğəmbər (s) bizi tapandan sonra Əli (ə) belə dedi: Əbu Turab qalx ayağa. Çünki biz quru torpaq üzərində yatmışdıq. Sonra isə belə buyurdu: Sizə ən bədbəxt adamın kim olduğunu deyimmi? Biri Saleh peyğəmbərin dəvəsinin ayaqlarını qılıncla üzən, o birisi isə sənin saqqalını al-qana boyayan şəxsdir. Bu ğəzvənin ardınca bir səriyyə də baş verdi ki, Sə’d ibni Əbi Vəqqas Xərrar adlanan məkana qədər irəlilədi, lakin o səriyyədə də döyüş olmadı. Zatul-əşirə ğəzvəsindən sonra Kurz ibni Cabir Fehri Mədinənin qoyun sürüsünə hücum edib oğurluq etmişdi. Peyğəmbər (s) Mədinədən çıxaraq onun ardınca Bədr yaxınlığında yerləşən Səfəvan nahiyəsinə qədər gedib çıxdı, lakin artıq Kurz gözdən itmişdi. Bu ğəzvələrin nəticəsiz olması ona görə idi ki, Mədinədə olan casuslar Peyğəmbərin niyyətindən xəbər tutaraq, qoşun yola düşməzdən qabaq özlərini Qüreşy karvanına çatdırır onları üzləşəcəkləri təhlükədən agah edirdilər. Buna görə də karvan ya yolunu dəyişir ya sür’ətlərini artırırdılar. Hicri tarixinin ikinci ili rəcəb ayında Peyğəmbər (s) Abdullahh ibni Cəhşə bir məktub təqdim edərək səkkiz nəfər mühacirlə yola saldı və tapşırdı ki, iki gün yol getdikdən sonra məktubu açıb oxusun və orada yazılanlara əməl etsin. İki gün yol getdikdən sonra Abdullahh məktubu açaraq göstərişi oxudu. Məkkə və Taif arasında yerləşən xurmalığa çatana qədər yol get! Orada Qüreyşliləri gözlə və onlar barəsində bizə mə’lumat göndər. Abdullahh onunla birgə gələnlərə verilən əmri çatdırdı, sonra özünün əmrə tabe olacağını bildirdi. Sonra isə əlavə edərək dedi: Sizlərdən kim şəhid olmaq istəyirsə gəlsin, ölümdən qorxan hər bir kəs geri dönsün. Onunla gələn şəxslərin hamısı onun əmrinə tabe oldular. Abdullahh Əmr ibni Xəzrəminin başçılıq etdiyi karvan ora yetişənə qədər pusquda durdu. Sonra öz adamları ilə birlikdə karvana qoşularaq yola düşdülər. Karvandakılar elə bildilər ki, bunlar umrə ziyarətinə gedirlər. Hərəmə az qalmış Abdullahh dedi: Bunlar əgər hərəmə daxil olsalar haram ayda (rəcəb) onlarla vuruşmaq bu aya olan ehtiramı sındırmaq sayılar, bəs nə edək? Nəhayətdə karvana hücum edərək onların mallarını və özlərindən də iki nəfəri əsir götürüb Yəsribə gətirdilər. Ancaq bu döyüş müsəlmanlar üçün ağır başa gəldi, Abdullahha tə’nə vurdular ki, niyə haram ayda döyüşübdür. Lakin bu tə’nələr aşağıdakı Qur’an ayəsi nazil olana qədər davam etdi. (Ya Məhəmməd!) Haram ayda vuruşmaq haqqında səndən soruşanlara söylə: “O ayda vuruşmaq böyük günahdır, lakin Allah yolunu (insanların üzünə) qapamaq, onu inkar etmək Mscidül-hərama girməyə mane olmaq və oradakıları kənara çıxarmaq Allah yolunda daha böyük günahdır. (Din naminə) fitnə salmaq isə (həmin ayda) vuruşmaqdan daha pisdir.” (Ey mö’minlər!) onlar (Məkkə müşrikləri) əgər bacarsalar dininizdən döndərənə qədər sizinlə vuruşmaqda davam edəcəklər. Bu ayənin nazil olması ilə müsəlmanlar Abdullahı və onunla gedənləri məzəmmət etməkdən əl çəkdilər. BƏDR MÜHARİBƏSİElə bu əsnada Peyğəmbərə (s) xəbər verdilər ki, Əbu Süfyan çoxlu mal ilə yüklənmiş böyük bir karvanla Şamdan Məkkəyə dönür. Deyilənlərə görə karvanda min dəvə, 500 dinar dəyərində də mal var imiş. Peyğəmbər 313 nəfərdən ibarət (onun dörddə birini mühacirlər, qalanını isə ənsar təşkil edirdi) bir qoşunla Məkkə ilə Mədinə yolunun üstündə yerləşən Bədr quyusu ətrafında pusqu quraraq karvanın yolunu gözləməyə başladılar. Əbu Süfyan xəbərdar oldu ki, müsəlmanlar pusqu quraraq karvanın yolunu gözləyirlər, ona görə də bir tərəfdən Məkkəyə xəbər yollayıb yardım istədi, digər tərəfdən isə yolu dəyişərək karvanı sağ-salamat Məkkəyə çatdırdı. Karvanın təhlükəyə düşməsi xəbəri Məkkəyə çatınca Əbu Cəhl qəzəblənərək 900 nəfərdən ibarət bir qoşunla yola düşdü. Yolda təhlükənin sovuşması xəbərini eşitməsinə baxmayaraq yoluna davam edərək dedi: Gərək Yəsrib camaatına elə bir dərs verəm ki, bir də belə özbaşınalıq etməsinlər. Müsəlmanlarla məkkəlilər Bədrdə üzləşdilər, artıq döyüşün baş tutmayacağı mümkün deyildi. Müsəlmanlar özlərini Bədr quyularına çatdıraraq onları ələ keçirdilər. Məkkə qoşunu təpənin arxasında gizlənmələrinə baxmayaraq susuzluqdan məcbur olub oradan üzə çıxdılar. Təkbətək döyüş başlandı. Məkkəlilər Yəsrib əhalisindən üç qat artıq olmalarına baxmayaraq məğlubiyyətə uğradılar. Əbu Cəhl və yetmiş nəfər digər Qüreyş başçıları bu döyüşdə həlak edildi və elə həmin sayda da əsir götürüldü. Müsəlmanlardan yalnız 14 nəfər şəhid edildi. Döyüşdə Əmirlə-mö’minin Əli (ə) Peyğəmbərə (s) göstərdiyi yardımı ilə yanaşı fədakarlığı ilə islam ordusunun sütunu sayılırdı. Bu müsəlmanların ilk qələbəsi idi. Döyüşdən əldə edilən qənimət yetərincə çoxlu idi. Bu müharibə hicri tarixi ilə ikinci il ramazan ayının 17-də baş vermişdi. Şübhə yoxdur ki, müsəlmanların müharibədə qələbə çalmalarının əsas səbəbi onların imanı olmuşdu. Lakin bə’zi avropa tarixçiləri qələbənin əsas səbəbini mədinəlilərin cismi cəhətdən məkkəlilərdən qüdrətli olmalarında görməsi əsassızdır. Ola bilsin ki, bu da qalibiyyətdə rol oynasın, ancaq qələbəyə bir başa tə’sir göstərməmişdir. Bədr döyüşü hərbi qələbədən əlavə olaraq dini və ruhi cəhətdən Yəsrib əhalisinə böyük tə’sir bağışladı. Onlar başa düşdülər ki, yalnız islama olan imanla, ilahi yardıma arxalanmaqla belə bir güclü düşmən üzərində qələbə çalmaq olar. Bu döyüşün mə’nəvi tə’siri o qədər çox olmuşdu ki, hətta Peyğəmbərin vəfatından sonra da bə’zi alimlər atalarının Bədr müharibəsində iştirak etmələri ilə fəxr edirdilər. Yəsrib ətrafında yaşayan qəbilələr Məkkə qoşunundan dəfələrlə az olan müsəlmanların qələbəsini görüb dedilər: Məhəmməd (s)-a onun Allahı yardım etdi ki, düşmənə qalib gəlsin, onun dini haqdır. Ancaq digər tərəfdən Qüreyş fikirləşirdi ki, Məhəmməd (s) və Yəsribi zəif və gücsüz hesab etmək olmaz. Məkkə əhalisindən bu döyüşdə ölənlər bacarıqlı tacirlər idi ki, şəhərin iqtisadi müqəddəratı onlardan asılı idi. Qüreyşlilər heç vaxt təsəvvür edə bilməzdilər ki, Əbu Talibin qardaşı oğlu bir dəstə əkinçinin köməyi ilə onları məğlub edə bilər və onlar başa düşdülər ki, Peyğəmbərin (s) işi fikirləşdikləri qədər də asan deyil. Onlar Peyğəmbəri məğlub etmək və ya Yəsribdən qovmaq məqsədi ilə yenidən müharibəyə hazırlaşdılar. YƏHUDİLƏRLƏ MÜBARİZƏQeyd etdiyimiz kimi, Peyğəmbərin (s) Yəsribə gəlişindən bir neçə ay keçməmiş yəhudilər müxalifət etməyə başladılar. Hətta iş o yerə çatdı ki, Qur’an onlara çatdırdı ki: İslam dininin əsası İbrahim (ə)-ın dinidir və İbrahim nə yəhudi, nə də xaçpərəstdir, bəlkə o, Hənif müsəlman olub. İslam dini də Hənifdir. Qiblənin dəyişməsi ilə (Beytül-müqəddəsdən Məkkəyə tərəf) müsəlmanlarla yəhudilər arasında əlaqə kəsildi. Bu səbəbə görə onlar bərk narahat olaraq müsəlmanları incitməyə hazırlaşdılar. Yəhudilərlə ilk toqquşma Bədr döyüşündə müsəlmanların qələbəsindən bir neçə həftə sonra baş verdi. Mədinənin kənarında bəni Qəynuqa’ yəhudilərinin bazarı var idi ki, orada zərgərlik və dəmirçiliklə məşğul idilər. Yazırlar ki, bir gün ərəb qadını bəni Qəynuqa’ bazarına gedib əşyasını satdıqdan sonra zərgər dükanı qabağında əyləşir. Yəhudilərdən biri onun paltarının ətəyini bir-birinə bağlayır və qadın ayağa qalxanda paltarı cırılır, yəhudilər isə ona baxıb gülürlər. Qadın haray salaraq müsəlmanları köməyə çağırır. Münaqişə baş qaldırır, həmin qadına köməyə gələn bir müsəlman, yəhudini öldürür. Yəhudilər hiddətlənərək o müsəlmanı öldürürlər və beləliklə fitnə son həddə çatır. Bu hadisədən sonra Peyğəmbər (s) Qüreyşin aqibətini yəhudilərə xatırladaraq onları qorxutmaq istəyir və onlara deyir ki, əgər burada qalmaq istəyiniz varsa gərək təslim olasınız. Bəni Qəynuqa’ tayfası cavab verdilər ki, Məkkə əhalisinin məğlubiyyəti səni aldatmasın, onlar döyüş bacarmırdılar. Əgər biz səninlə vuruşsaq öz bacarığımızı sənə göstərərik. Aşağıdakı ayə həmin yəhudilər haqqında nazil olmuşdur: (Ya Məhəmməd!) Kafir olanlara de ki: “Siz tezliklə məğlub olacaq və cəhənnəmə sürüklənəcəksiniz!” Cəhənnəm necə də pis yerdir! (Ey Məkkə müşrikləri və yəhudilər! İki dəstənin (Bədr müharibəsi zamanı) qarşı-qarşıya durması sizin üçün (Peyğəmbərin doğruluğuna) dəlildir. Bunlardan biri Allah yolunda vuruşanlar, digəri isə kafirlər idi. Peyğəmbər (s) məcbur olub onları mühasirəyə aldı və bu mühasirə on beş gecə-gündüz çəkdi. Onlar təslim olduqdan sonra Abdullahh ibni Ubəyy israr etdi ki, Peyğəmbər (s) onları öldürməsin. Peyğəmbər (s) güzəştə gedib onları Şama sürgün etdi. Yəhudilərin bu mühasirəsi hicrətin ikinci ili Şəvval ayında baş vermişdir. Həmin ilin zil-hiccə ayında Səviq ğəzvəsi baş verdi. Əbu Süfyan Bədr müharibəsindən sonra Peyğəmbərlə (s) vuruşmayınca yuyunmayacağına and içmişdi. Öz andına vəfa etmək xatirinə 200 atlı ilə Mədinəyə yollandı. Lakin bu yürüşdə o yalnız bir-iki nəfəri öldürüb bir neçə xurmalığı yandıra bildi. Peyğəmbər (s) bir dəstə ilə onun ardınca getdi. Əbu Süfyan qaçıb oradan çıxdı. Müşriklər döyüşdən qaçan vaxt öz yüklərinin azalması, həm də onları təqib edənlərin başını qarışdırmaq üçün unla dolu kisələri yerə tökürdülər. Elə ona görə də bu ğəzvə qovut adlanmışdır. Hicrətin ikinci ilinin sonunda (Ühüd müharibəsindən əvvəl) bir neçə ğəzvə və səriyyə də baş vermişdir ki, qısaca onların adını çəkməklə kifayətlənirik: Qərqətul-Kudur, Zi-əmər ğəzvələri və Qərədə səriyyəsi baş vermişdir. Qərədə səriyyəsində müsəlmanlar çoxlu sayda qənimət əldə etdilər, belə ki, hər bir nəfərə 800 dirhəm çatdı. ÜHÜD MÜHARİBƏSİƏbu Süfyan Bədr müharibəsindəki məğlubiyyəti yaddan çıxara bilmirdi, çünki Məkkə əhalisinin nəzərində onun hökumətinin nüfuzu aşağı düşmüşdü. Həmçinin artıq Suriya və digər bazarlar Məkkə tacirlərinin əlindən çıxmışdı. Əbu Süfyan böyük səylə çalışaraq qəbilələr arasında ittifaq yaradıb üç min kişi, iki yüz atlı və min dəvədən ibarət olan bir qoşun toplayaraq Mədinəyə tərəf yollandı. Qoşunun gəlişi xəbəri Peyğəmbərə yetişdi. Cümə günü məsciddə döyüş üçün şura təşkil etdi. Bu şurada Abdullah ibni Ubəyy də iştirak edirdi. Peyğəmbər müsəlmanlardan nə etmək barəsində sual etdi. Təcrübəli və yaşlı olan bir dəstə adam dedi ki, müharibəni şəhərin daxilinə çəkərək müdafiə olunaq. Lakin əksəriyyəti çılğın cavanlardan ibarət olan o biri dəstə şəhərdən çıxıb düşmənə hücum etmək təklifini irəli sürdülər. Abdullah da birinci dəstədən idi. Sonda çoxluq təşkil edən ikinci dəstənin təklifi qəbul olundu. Peyğəmbər (s) yaraqlanaraq şəhərdən çıxmaq üçün hazırlaşdı. Amma cavanlar Peyğəmbərin onların təklifini qəbul etməsinə peşiman olaraq dedilər ki, biz öz təklifimizi geri götürürük. Peyğəmbər (s) gördü ki, qəti qərar çıxarmaq rəhbər və başçının vəzifələrindəndir və hər anda yeni bir qərar qəbul etmək olmaz. Ona görə dedi: “Müharibə zamanı əyninə geyinmiş döyüş paltarını yenidən çıxarmaq Peyğəmbərə yaramaz.” Məkkə qoşunu özünü Zil-huləyfəyə yetirərək oradan Yəsribin şimalına hərəkət edib Ühüd dağı ətrafında yerləşdilər. Bu yürüşdə Peyğəmbərin (s) qoşunu 1000 nəfərdən ibarət idi. Müharibə başlandı, əvvəl Abdullah e’tiraz əlaməti olaraq 300 nəfərlik dəstə ilə geri dönərək belə dedi: Məhəmməd (s) bizim təklifimizə əhəmiyyət verməyərək uşaqların sözünü qəbul etdi. Aşağıdakı ayə Abdullahın vəsfi haqda nazil olmuşdur: *******Və münafiqləri onlardan fərqləndirsin. Onlara gəlin Allah yolunda vuruşun, yaxud müdafiədə dayanın! (Düşmənin hücumunu dəf edin!) –deyirdi. Onlar: “Əgər biz vuruşa bilsəydik, sizin ardınızca gələrdik”-deyə cavab verdilər. Onlar o gün imandan çox küfrə yaxınlaşmışdılar, ürəklərində olmayan şeyi dillərilə deyirdilər. Abdullah öz dəstəsi ilə Peyğəmbərin qoşunundan ayrıldıqdan sonra yalnız 700 nəfər qaldı ki, onların nə dəvəsi, nə də atı var idi. Qoşun bölünüb mövqe tutduğu zaman Peyğəmbər ox atanların başçısı Abdullah ibni Cubeyrə dedi: Gözdə-qulaqda ol ki, düşmən arxadan bizə hücum etməsin. Döyüşdə bizim üstün olub-olmamağımızdan asılı olmayaraq sən öz durduğun mövqeni tərk etmə. İlk hücumda müsəlmanlar düşməni geriyə oturtdular. Lakin düşmən süvarilərinin irəliləməsinin qarşısını almaq vəzifəsinə götürmüş ox atanlar, qəniməti toplamaq ehtirası ilə öz mövqelərini tərk etdilər. Xalid ibni Vəlidin başçılıq etdiyi düşmən atlıları gözlənilmədən hücuma keçərək müsəlmanları məğlub etdilər. Bu müharibədə Peyğəmbər yaralandı, əmisi Həmzə isə vəhşi qul Cubeyr ibni Mutim tərəfindən şəhid edildi. Əbu Süfyan ucadan qışqırdı “Hubəl (büt adıdır, ucadır.” Peyğəbmər (s) durduğu mövqedən dedi: Ona cavab verin ki, “Cəlal sahibi və uca yalnız Allahdır.” Peyğəmbər dişinə və alnına dəyən zərbədən müşriklərin müsəlmanlar qarşısında qazdıqları qalaya düşmüşdü. Bu zaman müşriklər şüar verdilər ki, Məhəmməd (s) öldürüldü və müsəlmanlar dağıldılar. Təbərinin yazdığına görə bir nəfər dağın üstündə dayanaraq dedi: İndi ki, Məhəmməd (s) öldürüldü, bir nəfəri Abdullah ibni Ubəyyin yanına göndərək ki, Əbu Süfyandan bizə aman istəsin. Ey camaat, necə ki ölməyibsiniz evlərinizə dönün. Ancaq bu anda Ənəs ibni Nəzr ucadan dedi: Ey camaat, Məhəmməd (s) ölmüşsə də Məhəmmədin Allahı sağdır. İlahi! Mən bunların dediyi sözə görə üzr istəyirəm. Sonra isə düşmən üzərinə hücuma keçdi. Nəhayət o ağır vəziyyətdə Əli (ə) Peyğəmbərin əlindən tutaraq qaldırdı və Təlhət ibni Ubeydullah yaralı olmasına baxmayaraq onu çiyninə alıb yuxarı qaldırdı ki, müsəlmanlar onun ölmədiyini görsünlər. Əli (ə) Peyğəmbərin önündə dayanaraq yaxına gələni ya uzaqlaşdırır, ya da öldürürdü. Nəhayətdə müsəlmanlardan bir dəstə adam geri dönüb Peyğəmbərin ətrafına toplaşdılar və qoşun yenidən təşkil oldu. Əbu Süfyan döyüşdə qalib gəlməsinə baxmayaraq, Mədinəyə hücum etmədən geri döndü, ancaq söz verdi ki, bir ildən sonra yenidən Bədrdə görüşəcək. Görəsən niyə Əbu Süfyan Mədinəni ələ keçirməkdən vaz keçdi, bu ancaq qeybdən olan köməklik vasitəsi ilə ola bilərdi. Allah-təala onun ürəyinə qorxu saldı ki, Mədinə şəhərini mühasirə etməkdən yayınsın. Bə’zi Avropa şərqşünasları deyirlər ki, Əbu Süfyan lazımi təchizatı olmadığından Mədinə şəhərini mühasirəyə almadı, lakin bu heç də düzgün izah deyildir. Düzgünü budur ki, Qur’ana istinad edərək deyək ki, Allah onların ürəyinə qorxu saldı. Ühüd müharibəsi üçüncü hicri ili Şəvval ayında baş vermişdir. Müharibədən bir gün sonra Peyğəmbər əhaliyə düşmənin ardınca getməyi əmr etdi. Bundan məqsəd o idi ki, düşmən güman etməsin ki, qoşun tamamilə dağılıb. Hər halda Məkkəlilər bu döyüşdən lazımi nəticəni əldə edə bilmədilər. Birincisi müsəlmanların verdiyi itkiləri də nəzərə alsaq bərabər səviyyədə idi. Hər iki tərəf iki müharibənin nəticəsində bərabər itki vermişdilər ki, qəbilə adət-ən’ənlərinə görə Məkkə Mədinəylə müqayisədə üstünlüyə malik deyildi. Bundan əlavə müşriklər söz verdikləri kimi (onlar söz vermişdilər ki, Mədinə əhalisinə elə bir dərs verəcəklər ki, bir də özbaşınalıq etməsinlər) Yəsrib şəhərinə ziyan vura bilmədilər. Deyilənlərə görə Əbu Süfyan məkkəlilərin ilk hücumda geri çəkilib qaçmalarını bir növ döyüş taktikası adlandırmış, amma ikinci dəfə geri çəkilib getmələrini isə düşməni çaşdırmaq üçün etdiyini iddia etmişdi. Hər halda belə böyük qələbədən sonra Əbu Süfyanın geri qayıtmasında məqsədəuyğunluq görünmür. Yalnız bir şey demək olar, Allah onun ürəyinə qorxu, vəlvələ saldı ki, Mədinə şəhərinə toxunmadan geri dönsün. Ühüd müharibəsində müsəlmanlar məğlub olsalar da, bu döyüş böyük mə’nəvi dəyərlərlə nəticələndi. “Ali-imran” surəsinin bə’zi ayələrini oxuduqda bu dəyərlər aydınlaşır. Siz Bədr müharibəsində zəif idiniz, Allah sizə yardımçı oldu. Allah sizə yardım edəcəkdir. Əgər sizə zərər dəymişsə, düşməniniz də ziyan görmüşdür. Məgər siz Allah yolunda ölmək (şəhid olmaq) istəmirsinizmi, indi öz arzunuza çatdınız. Bu səmavi nəsihətlər müsəlmanlara xatırlatdı ki, onlar Bədr müharibəsində xalis niyyətlə vuruşduqları üçün Allah onlara yardım etmişdir. Ancaq bu döyüşdə Peyğəmbərin (s) əmrindən çıxaraq qənimət və dünya malı dalınca getdikləri üçün məğlub oldular. Ühüd müharibəsində itkilərlə yanaşı ictimai problemlər də meydana çıxdı. Bir çox arvad və uşaq başsız qaldılar. “Nisa” surəsinin əvvəlində görürük ki, müsəlmanlara 4 qadın almaq icazəsi verilir. Və onlara tövsiyə olunur ki, yetimlərə qəyyumluq edib mallarını qorusunlar və ona əl uzatmasınlar. FİTNƏKARLARÜhüd şəhidləri barəsində nazil olan Qur’an ayələri ürəyi dağlı ailələrə təskinlik verdi və həmçinin müsəlmanların Peyğəmbərə olan imanları sayəsində Allah və din yolunda verdikləri qurbanları öz ailələri üçün fəxr hesab edirdilər. Lakin bununla yanaşı, Mədinədə işin sona yetəcəyini gözləyən münafiqlər də yaşayırdı. Müsəlmanların bu məğlubiyyətindən sonra onlar fitnəkarlıqlarını aşkar etmək üçün fürsət əldə etmişdilər. Bədr müharibəsindəki qələbədən sonra müsəlmanlarla saziş bağlamış qəbilələr tərəddüd keçirirdilər və Yəsrib ətrafında məskunlaşmış islam düşmənləri də bu məğlubiyyətdən istifadə etmək fikrinə düşmüşdülər. ƏBU SƏLƏMƏ SƏRİYYƏSİBu səriyyə haqda Vaqidən (tarixçi) “Məğazi”də (kitab adıdır) yazmışdır. Bu əhvalat qısaca olaraq belədir ki, Peyğəmbər (s) Əbu Sələməyə dedi: Bəni Əsəd Mədinəyə hücum etmək qəsdindədir, onlar gəlməmiş sən gərək onlara hücum edəsən! Onunla birgə 150 nəfər yola salaraq onlara təqvalı olmalarını tövsiyə etdi. Bu dəstə düşmən xəbərdar olmasın deyə gecələr yol gedib gündüzlər gizlənməli idilər. Əbu Sələmə verilən göstərişə əməl edərək Nəcd ərazisində yerləşən Qətan dağına yetişdikdə düşmənin qaçıb ketdiyindən xəbərdar oldu. Əbu Sələmə qənimət əldə edərək Yəsribə döndü. Məğlubiyyətdən sonrakı bu qələbə müsəlmanların mövqeyini münafiq və yəhudilərin nəzərində dəyişdirdi. Onlar artıq bildilər ki, Peyğəmbər və onun silahdaşları hələ təsəvvür etdikləri kimi zəifləməyibdir. RƏCİ’ VƏ BE’R MƏUNƏYƏ HAZIRLIQÜhüd müharibəsindən sonra baş vermiş bu iki hadisə müsəlmanlara böyük zərbə vurdu və münafiqləri fəallaşdırdı. Rəci’ hadisəsi belə baş vermişdir ki, Əzəl və Qarə qəbiləsindən bir neçə nəfər Peyğəməbərin yanına gələrək onların tayfasından bir dəstə adamın müsəlman olduğunu dedilər. Onlar dedilər: Biz bir neçə nəfər istəyirik ki, onlardan dini hökmələri öyrənək. Peyğəmbər (s) 6 nəfər müsəlmanı oraya yolladı. Onlar Hicaz ərazisindəki bəni Huzeylə məxsus olan Rəci’ su hövzəsinə yetişdikdə müsəlmanlara hücum etdilər. Müsəlmanlar Huzeylə qəbiləsindən kömək istədilər, lakin heç kəs onlara yardım etmədi. Müşriklər altı nəfər müsəlmandan dördünü öldürərək ikisini əsir götürüb özləri ilə Məkkəyə apardılar. Məkkəlilər Bədr müharibəsində ölənlərin əvəzini çıxmaq üçün o iki nəfəri qətlə yetirdilər. Be’r Məunə hadisəsi Rəci’ hadisəsindən daha ürək ağrıdıcı olmuşdur. Bəni Amir qəbiləsindən bir dəstə adam Peyğəmbərin (s) yanına gəlib Nəcd əhalisinin müsəlman olması ümidi ilə öz səhabələrindən bir neçəsini oraya göndərməyini istədilər. Peyğəmbər (s) dedi: Mən qorxuram ki, Nəcd əhalisi müsəlman olmasın. Bu dəstənin rəhbəri Əbu Bəra dedi: Nəcdə gedən hər bir şəxsə mən cavabdehəm. Peyğəmbər (s) 40 nəfər seçilmiş müsəlmanı onunla göndərdi. Bu dəstə bəni Amirlə bəni Suləym arasında yerləşən Be’r Məunəyə yetişdilər, bir qasidlə Peyğəmbərin (s) yazdığı məktubu Amir ibni Tüffeylin yanına göndərdilər. O, məktubu oxumadan qasidi öldürdü. Bu zaman o bəni Amir qəbiləsinin bu dəstəyə hücum etməsini istədi, lakin onlar qəbul etmədilər. Amir bəni Suləym qəbiləsindən yardım istədikdə isə onlar qəbul etdilər. Bu hadisədə Kə’b ibni Zeyddən savayı bütün müsəlmanlar həlak edildi. Bu dəstənin arxasınca gələn iki nəfər o yerə çatdıqda öldürülənləri görüb qatillərlə vuruşmağa başladılar. O iki nəfərdən birini öldürüb o birisinə isə dağ basıb buraxdılar. O şəxs Əmr ibni Üməyy idi ki, Mədinəyə dönəndə bəni Amirdən iki nəfəri də qətlə yetirdi. Be’r Məunə hadisəsi Peyğəmbərə (s) çox tə’sir etmişdi. Tarixçilər bu hadisə haqda yalnız qısa mə’lumat vermişlər və onu doğuran səbəblərə isə toxunmamışlar. Görünür Ühüd müharibəsindəki müsəlmanların məğlubiyyətindən bir az sonra baş vermiş bu iki hadisə ona görə olmuşdur ki, Mədinə ətrafında, Hicaz və Məkkə ətrafında yaşayan qəbilələrin Qüreyşlə gizli əlaqələri olmuşdur. Onlar fikirləşirdilər ki, belə işləri görməklə Peyğəmbəri (s) və müsəlmanları zəiflədib Qüreyşi özlərindən razı sala bilərlər. Buna dəlil isə Rəci’ hadisəsində əsir götürdükləri iki nəfəri öz qəbilələrinə deyil, birbaşa Məkkəyə aparıb Qureyşə təslim etmələridir. BƏNİ NƏZİR YƏHUDİLƏRİNİN KÖÇÜRÜLMƏSİBe’r Məunə hadisəsində sağ qalmış Əmr ibni Üməyyə bəni Amirdən iki nəfəri qətlə yetirməsi yeni çətinliklər yaratdı. Bəni Amir Peyğəmbərlə (s) bağladıqları sazişə əsasən o iki nəfərin qan pulunu tələb etdilər. Bəni Nəzir yəhudilərinin bəni Amirlə sazişləri olduğundan Peyğəmbər (s) onlardan bu məsələdə vasitəçilik etməsini istədi. Bu bəni Nəzir yəhudilərinin müsəlmanlar qarşısında olan niyyətlərini aşkar etmək üçün çox münasib fürsət idi. Rəci’ və Be’r Məunə hadisələrindən sonra yəhudilər fəallaşaraq əks təbliğata başlayıb deyirdilər: Allahın göndərdiyi Peyğəmbər (s) belə məğlubiyyətə uğramaz. Peyğəmbər (s) onların yanına gedib vasitəçilik etmələrini istədikdə dedilər ki, sənə köməklik edəcəyik. Lakin onlar gizlində məşvərət etdilər ki, bundan münasib fürsət ələ düşməyəcək. Peyğəmbər (s) divarın kənarında dayandığı zaman bir nəfər göndərdilər ki, damdan onun başına bir daş salsın. Peyğəmbər (s) onların niyyətindən agah olub Mədinəyə dönərək bu qəbiləni Mədinədən çıxarmaq qərarına gəlir. Bəni Nəzir qəbiləsinin mühasirəsi 6 gün çəkdi, nəhayət onlar təslim oldular. Onlardan ikisi müsəlman olaraq öz mallarına sahib oldular, lakin yerdə qalanların hamısı öz əmlaklarından məhrum oldular. Peyğəmbər (s) onları Suriyada yerləşən Əzrua’t adlı əraziyə sürgün etdi. İbni Hişamın dediyinə görə şərabın haram olması haqda hökm bu dövrdə nazil oldu. ĞƏTƏFANLA MÜHARİBƏHicrətin dördüncü ili Cəmadiul-əvvəl ayında Peyğəmbər (s) Əbuzər Ğəffarini Mədinədə öz yerinə tə’yin edib qoşunla birgə bəni Müharib və bəni Sə’ləbə tayfasının üzərinə yürüş etdi. Ğətəfan qəbiləsindən olan bu iki tayfa Nəcddə məskunlaşmışdılar. Müsəlmanlar düşmənlə üz-üzə gəldilər, lakin döyüş baş tutmadı və onlar düşmənin hiyləsindən ehtiyat edərək xovf namazı qıldılar (Döyüş vaxtı düşmən qorxusundan 4 rük’ətli namazın əvəzinə 2 rük’ət namaz qılınmasına – xovf namazı deyilir). Şə’ban ayında Peyğəmbər (s) Ühüd müharibəsində Əbu Süfyanla gəldiyi qərara əsasən müharibə etmək üçün Bədrə gəldi. Əbu Süfyan öz qoşunu ilə Məkkədən çıxaraq gəldiyi zaman yolda peşiman olub geri dönür. Hicri tarixinin beşinci ilində Dumətul-cəndəl və bəni Əl-müstələq ğəzvələri də oldu. Dumətul-cəndəl ğəzvəsində döyüş olmasa belə, digər cəhətdən çox mühüm sayılırdı. Ühüd müharibəsindəki məğlubiyyətdən sonra bu ilk ğəzvədə (Dumətul-cəndəl) hərbi nizam-intizam gözə çarpırdı. Bildiyiniz kimi, bu yer Suriyanın yaxınlığında yerləşən ərazidir ki, oradan Dəməşqə 5 günlük yoldur. İsti ayda bir belə məsafəni qət etmək elə bir şey deyildi ki, qəbilələrin nəzərindən qaçsın. Onlar fikirləşirdilər ki, artıq Qüreyşdən qorxmaq lazım deyil. Digər tərəfdən müsəlmanların dalbadal qələbələri bəni Nəzir yəhudilərini sürgün etmələri, çoxlu sayda qənimət əldə etmələri, ən əsası isə Dumətul-cəndəl ğəzvəsində Peyğəmbər (s)-ın hərbi qüdrət nümayiş etdirməsi Qüreyşi narahat və nigaran etmişdi. Onların ticarəti sarsılmış, yetmiş nəfərdən artıq böyük adamları həlak olmuşdu. Ən əsası isə Məkkə başçıları arasında ixtilaf meydana gəlmişdi. |