İSLAM ALƏMİNDƏ İLK SAZİŞ
Peyğəmbər (s) Yəsrib şəhərində bir
müddət qaldıqdan sonra əhalinin ictimai vəziyyətini sahmana salmağı lazım gördü.
Əvvəldə Qeyd etdiyimiz kimi, bu şəhərdə bir çox ərəblər yaşayırdı ki, onlar da
öz növbəsində ayrı-ayrılıqda qüdrətli olan Ous və Xəzrəc qəbilələrinə bağlı
idilər. Ərəblərdən əlavə şəhərin özündə və ətrafında yaşayan yəhudilər də var
idi ki, onlar bu iki qəbiləyə bağlı idilər. Mövcud durum hər qəbilə və
dəstələrin hüququnu müəyyənləşdirən (əhd-peyman, saziş) başqa sözlə desək, qanun
tərtib edilməsini tələb edirdi. Bu nəzəriyyəyə əsasən məşhur Mədinə müqaviləsi -
onu sonralar “ilk konstitusiya” adlandırmışlar - Peyğəmbərlə (s), yəhudilərin və
qəbilələrin başçıları arasında imzalandı.
Bu saziş Peyğəmbərin (s) Mədinəyə
daxil olduğu ilk aylarda imzalanmışdır. Çünki birincisi ibni Hişam və ibni İshaq
bu sazişin mətnini Peyğəmbərin Mədinədə söylədiyi ilk xütbənin ardınca rəvayət
etmişlər. Digər tərəfdən isə bu sazişdə yəhudilərin ictimai hüququna da yer
verilmişdir. Qiblənin də (beytül-müqəddəslə Məkkənin əvəz edilməsi)
dəyişdirilməsi Peyğəmbərin (s) Mədinəyə gəlişindən 17 ay sonraya təsadüf edir.
Bu məsələ yəhudilərin Peyğəmbər və müsəlmanlara qarşı düşmənçiliklərini üzə
çıxarandan sonra meydana çıxmışdır. Həmçinin bəni Qəynuqa savaşı Bədr
müharibəsindən sonra baş vermişdir. Onda bə’zi islam alimlərinin bu sazişin (əgər
məqsəd həmin sazişdirsə) hicrətin beşinci ilindən tez olmayaraq imzalanması
fərziyyəsini irəli sürmələri düzgün deyildir.
İndi isə sazişin tərcüməsi:
Bu, Məhəmməd peyğəmbərlə (s) onun
yolunu davam etdirib onunla birgə cihad edəcək hər bir Qüreyş və Yəsrib mö’minləri
və müsəlmanları arasında imzalanan bir sazişdir. Bunlar digər xalqlardan
fərqlənən bir ümmətdirlər. Qüreyş mühacirləri adət-ən’ənəyə əsasən verilən qan
bahasını öz aralarında bölərək öz əsirlərini azad etmək üçün təqdim olunan
məbləği mö’minlər arasında qəbul olunmuş ədalətə əsasən ödəməlidirlər. Bəni Ouf
həmçinin öz adət-ən’ənələrinə əsasən qan pulunu öz aralarında bölərək, hər tayfa
öz əsirlərini azad etmək üçün verilən məbləği mö’minlər tərəfindən qəbul edilmiş
ədalətə əsasən ödəməlidir. Bəni Saidə, bəni Hərs, bəni Cuşəm, bəni Nəccar, bəni
Əmr ibni Ouf, bəni Nəbit, bəni Ous və hər bir tayfa, keçmişdə aldıqları qan
pullarını və əsir azad olunmaq üçün verilən məbləği ədalətlə və günün tələbinə
əsasən mö’minlər arasında bölsünlər. Çox uşaqlı mö’min ailələr qan pulu və əsir
azad etmək üçün ödəniləcək məbləğ verilməsə belə, öz borclarını verməlidirlər.
Heç bir mö’min onun icazəsi olmadan
başqa bir mö’minin ağası ilə saziş bağlamır. Təqvalı mö’minlər zülm edən,
müsəlmanlar arasında zülm, günah və pozğunçuluq yayana qarşı birləşmədir.
Zülmkarlar və təcavüzkarlar onların övladı olsa belə. Allaha xatir bağlanan
əhd-peyman birdir, əgər ən ləyaqətsiz müsəlman bir nəfərə sığınacaq versə belə
hamı onu qəbul etməlidir. Mö’minlər başqa əhalidən fərqli olaraq bir-birlərini
sevərlər. Bizə tərəfdar olan yəhudilər istər onlara zülm olunsun, istərsə də
yox, biz onlara köməklik göstərəcəyik. Bir mö’minin barışığı hamı tərəfindən
qəbul edilməlidir. Allah yolunda müharibə edən zaman bir mö’minlə baraşıq edib,
o birisi ilə barışıq etməməyə icazə verilmir. Barışıq mövzusunda hamı ilə ədalət
çərçivəsində davranmaq lazımdır. Vuruşanları (müharibədə) əvəz edəcək başqa
dəstələr də olmalıdır.
Allah yolunda döyüşdə həlak
olanların yerini tutacaq digər mö’minlər də olmalıdır. Təqvalı mö’minlər ən
düzgün və sarsılmaz yolda olacaqlar. Qüreyşdən olanlar heç bir müşriki və ya
onun malını qorumayacaq. Onunla mö’min arasında mane olmayacaqdır. Əgər biri
mö’mini günahı olmadan öldürsə və onun qatil olmağı sübuta yetirilsə, ölənin
sahibi onu bağışlamazsa ondan qisas alınmalıdır. Bütövlükdə mö’minlər o qatilin
əleyhinə qalxmalıdır, belə olmadıqda başqa hər bir hərəkət məqbul sayılmaz. Bu
sazişi qəbul edib, Allaha və axirət dünyasına imanı olan mö’min şəxs yaramaz
işlər görənlərə heç bir yardım göstərməməli və sığınacaq verməməlidir. Əgər bir
nəfər belə şəxsə yardım edib sığınacaq versə qiyamət gününə qədər ona Allahın
lə’nəti olsun! Yaramaz işlərin müqabilində o şəxsdən heç bir əvəz alınmayacaq.
(Bəlkə gördüyü işin layiqli cəzasını çəkməlidir). Siz müsəlmanlar bir məsələ
barəsində ixtilaf etsəniz bilin ki, sizin işinizdən Allah xəbərdardır və
hakiminiz də Məhəmməddir (s), müsəlmanlarla döyüşdə iştirak edən yəhudilərlə
mö’minlər həmrəydirlər. Yəhudilər öz dininə, müsəlmanlar da öz dininə tabedir.
Zülm edib, günah edənlər həm özlərini, həm də yaxınlarını həlak edirlər. Bəni
Nəccar tayfasının yəhudiləri (ictimai hüquq baxımından) bəni Ouf yəhudilərinə
verilən səlahiyyətə malikdirlər. Bəni Hərs, bəni Saidə, bəni Cuşəm, bəni Ous və
bəni Sə’ləbə yəhudiləri də bu hüquqa malikdirlər. Lakin zülm edib, günah edən
şəxs özü ilə ailəsini həlak etməkdən başqa bir iş görməyəcəkdir. Bəni Sə’ləbə
qəbiləsindən olan Cəfnə tayfası bəni Şutəybə bəni Ouf yəhudilərinin şamil
edildiyi hüquqa malikdirlər. Verdikləri əhdə vəfa etsələr saziş pozulmayacaqdır.
Sə’ləbə qəbiləsinin kölələri də özlərinin malik olduğu hüquqa malikdirlər.
Yədudilərin yaxınları da onlarla bərabər hüquqludurlar (yə’ni bu sazişin
hüqüqlarından bəhrələnə bilərlər). Məhəmməd (s)-ın icazəsi olmadan heç kəs
onları bu sazişdən kənarlaşdıra bilməz. Heç kəsi birini yaraladığına görə həbs
etmək olmaz. Qəfildən kimsəni öldürənlər özünü və yaxınlarını ölümə vermişdir.
(Yalnız zülm olunmuş olmazsa). Allah əhdinə vəfa edənlərlədir. Yəhudiləri məişət
ləvazimatı ilə (ev, yemək, geyim) tə’min etmək yəhudilərin, müsəlmanları tə’min
etməksə müsəlmanların öhdsinə düşür. Onlar (yəhudilər) bu sazişi imzalayanlarla
vuruşanlara qarşı vuruşmalı və onlara yardım edib xeyrxah olmalıdırlar.
Yəsrib daxilində bu sazişi imza
edənlər amandadırlar (yə’ni heç kəs başqa birisinə zərər yetirə bilməz). Zərər
vurmayıb, günah etməyən bir qonşu səninlə bərabər hüquqa malikdir.
Bu sazişi imzalayanlardan birinin
qanunsuzluğa yönəlmək qorxusu olsa onun barəsində hökm çıxartmaq Allah və
Peyğəmbərin öhdəsinə düşür. Allah bu sazişdə imzalanan təqva və gözəlliklərin
tərəfdarıdır. Qüreyşə və onlara yardım edənlərə sığınacaq verilməyəcək.
Gözlənilmədən Yəsribə hücum edənlərlə vuruşmalı, əgər barışıq edənlər isə
bağışlanmalıdır. Əgər belə iş görsələr onlarla barışıq etmək mö’minlərin
ixtiyarındadır (yalnız mö’minlərin dini əleyhinə vuruşmasalar). Hal-hazırda bu
sazişə razı olanlar öz qəbiləsinin adından da bu sazişdəkilərə riayət etəməyə
cavabdehdir. Ous qəbiləsinin yəhudiləri və kölələri bu sazişdəki hüquqlardan
bəhrələnəcəklər. Bu sazişə vəfalı olan şəxslə çox gözəl davranılacaq. Allah bu
sazişə vəfalı olan kimsələrlədir. Bu saziş zalim və günahkarı müdafiə
etəməyəcəkdir. Günahkar və zülmkardan başqa hər kəs Yəsribdə qalsa və ondan
kənara çıxsa amandadır. Allah təqvalı və əxlaqlıların sığınacağı, Məhəmməd (s)
isə Allahın elçisidir.
MÜHACİR VƏ ƏNSARIN
QARDAŞLIĞI
Qeyd etdiyimiz kimi, islamın
zühurundan əsrlər qabaq yarmadanın əhalisi iki dəstəyə bölünürdü: Oturaq həyat
sürənlər və köçərilər. Cənublular şəhərdə, şimal və mərkəz əhalisi isə səhrada
alaçıqlarda yaşayırdılar. Köçərilər heyvandarlıqla məşğul olardılar, sonralar
isə dəniz sahilində yerləşən şəhərlərdə məskunlaşaraq ticarətlə məşğul oldular.
Məkkə və onun ətrafında yaşayan ərəblər (Qüreyş də bu dəstəyə daxildir)
çadırlarda yaşayırdılar və sonradan ticarətlə məşğul oldular. Yəsrib əhalisi
cənubdan köçən mühacirlər idi. Sonralar ticarətlə məşğul olan köçəri ərəblər
cənubdan hicrət edib əkinçiliklə məşğul olanlara təhqir gözü ilə baxırdılar,
çünki onlar əkinçiliyi ləyaqətsiz məşğuliyyət sayırdılar. Dəfələrlə qeyd etmişik
ki, cənub ərəbləri Qəhtani, şimal ərəbləri isə Ədnani adlanırdılar (sonralar
onlar başqa ad götürmüşlər). Qüreyş mühacirləri (Ədnanilər) Qəhtani ərəblərin
şəhərinə toplaşdıqdan sonra onlar arasındakı keçmiş düşmənçiliyin baş qaldırması
mümkün idi. Peyğəmbər (s) o iki dəstə (Mühacir və Ənsar) arsındakı birliyi daha
da sıx etmək üçün onlar arasında qardaşlıq əhd-peymanı bağladı və bununla da hər
bir mühacir bir Mədinəlinin qardaşı oldu. Lakin həzrət Əlini (ə) özünə
qardaşlığa götürərək dedi ki, sən dünyada və axirətdə mənim qardaşım olacaqsan.
Qabaqda Qeyd etdiyimiz kimi,
səhrada yaşayanların (köçərilərin) ən mühüm xüsusiyyətlərindən biri bağlı olduğu
hər bir kəsi himayə edib tam bərabər hüquqa malik olmaları idi. Peyğəmbər (s)
islami birliyə kömək etmək üçün belə bir ruhi xüsusiyyətdən məharətlə istifadə
etdi. Hətta bu qardaşlıq və bərabərlik o yerə çatdırdı ki, hər bir müsəlman
digər müsəlman qardaşını özündən üstün hesab edirdi. Belə ki, yazırlar bəni
Nəsirlə döyüşdə əldə olunan qənimətləri bölən zaman Peyğəmbər ənsara belə dedi:
İstəsəniz bu qəniməti böləndə mühacirləri özünüzə şərik edə bilərsiniz, yox əgər
istəməsəniz hamısı sizindir. Ənsar isə belə cavab verdi: Biz nəinki bu qənimətin
hamısını onlara veririk, hətta öz malımıza və mülkümüzə də onları şərik edərik.
DİN ƏSASINDA QURULAN
HÖKUMƏT
Yəsrib müsəlmanların dayaq
mərkəzinə çevrildikdən, Qəhtanilərlə (Ənsar) Ədnanilərin (Mühacirlər) qardaşlığı
bərpa olunduqdan, yəhudilərin və müsəlmanların hüquqları müəyyən edildikdən
sonra artıq “İslam,” varlığının ikinci mərhələsini e’lan etməyin vaxtı gəlib
çatdı. Bildiyiniz kimi Məkkədə islamın ilk göstərişləri tək Allahlılığa çağırış,
bütpərəstlikdən əl çəkmək və azacıq ibadət etməkdən ibarət olub. Mədinədə isə
həm siyasi, həm də ictimai cəhətdən genişlənmə başlandı. Azan namazlara çağırış
şüarına çevrildi. Şəriət, alış-veriş hökmləri, vergilərin ödənilməsi, cəza
tədbirlərinin icrası və digər siyasi və ictimai hökmlər icra olunmağa başlandı.
Çox təbiidir ki, belə bir təşkilat hansısa dəstələrin mənafeləri ilə toqquşa
bilərdi. Bu dəstənin biri Peyğəmbər hələ Yəsribə gəlməmişdən şəhərə hakim olmaq
sevdası ilə yaşayanlar idi. O birisi isə özlərinin iqtisadi mənafelərinin
təhlükə altına düşdüyünü hiss edənlər idi. İndi görək bu iki dəstə kimlərdən
ibarət idi.
MÜNAFİQ VƏ YƏHUDİLƏR
Yəsrib əhalisinin əksəriyyətinin
müsəlman və ya Peyğəmbərə (s) müxalif olmamasına baxmayaraq, şəhər və onun
ətrafı təmamilə sakit mühit deyildi. Həzrətin (s) Yəsribə gəlişi ilə şəhərə
hakim olmaq planı puça çıxmış Abdullahh ibni Ubəyy qərar tuta bilmirdi. Zahirdə
özünü müsəlman adlandırmasına baxmayaraq, gizlində Məhəmməd (s) və müsəlmanlar
əleyhinə əks-təbliğat aparır və Mədinə yəhudiləri ilə gizlin məşvərət edirdi.
Mədinədə nazil olan ilk Qur’an
ayələri onları münafiq adlandırmışdır. Onlar Peyğəmbərə və müsəlmanlara
problemlər yaradırdılar. Bu dəstəylə davranmaq yəhudi və müşriklərlə müqayisədə
daha çətin idi. Çünki bunlar özlərini üzdə müsəlman kimi aparırdılar. Peyğəmbər
də islam hökmlərinə əsasən onlarla döyüşə bilməzdi. Bə’zi Qur’an ayələri onları
qorxudurdu ki, Allah və Peyğəmbər sizin ürəyinizdəkilərdən xəbərdardır. Siz
müsəlmanlıqdan yalnız öz yaşayışınız üçün bir alət kimi istifadə edirsiniz.
(Ya Peyğəmbər!) Münafiqlər sənin
yanına gəldikləri zaman; “Biz sənin, doğrudan da Allahın peyğəmbəri olduğuna
şəhadət veririk!”-deyirlər. Allah sənin həqiqi peyğəmbər olduğunu bilir, həm də
münafiqlərin xalis yalançı olduqlarına şəhadət verir.
Abdullahh islam dini ilə
müxalifətçiliyini ölənə qədər davam etdirdi. (Hicri qəməri 9-cu ilə qədər).
Yəhudilər Mədinə sazişinə əsasən müəyyən hüquqa malik idilər, hətta müharibədə
əldə edilən qənimətlərdən onlara da pay düşürdü. İlk əvvəl onların xoş üz
göstərmələrinə, hətta bə’zilərinin müsəlman olmasına baxmayaraq sonda narazı
olmağa başladılar. Bu narazılığın əsas səbəbi bundan ibarət idi ki, onlar
Yəsribin iqtisadiyyatını əldə saxlamaqla bərabər, Məkkə müşrikləri və səhra
sakinləri ilə də ticarət edirdilər. Bundan əlavə onlar Adullahh ibni Ubəyyin
Mədinəyə hakim olandan sonra iqtisadi nüfuzlarının genişlənməsinə ümid
bəsləyirdilər. Lakin Məhəmmədin (s) gəlişi və islam dinin yayılması onların bu
nüfuzunun qarşısını aldı. Bundan əlavə onlar yəhudi nəslindən olmayan bir şəxsi
peyğəmbər kimi qəbul etməyi özlərinə münasib iş saymırdırlar. Elə buna görə də
onlar bir müddət keçdikdən sonra Məhəmməd (s)-a qarşı e’tirazlarını üzə
çıxardılar. Qeyd edildiyi kimi Abdullahhın da onları təhrik etməsi bu işi
qüvvətləndirirdi. Yəhudilər deyirdilər ki, Məhəmməd (s) biz gözlədiyimiz
peyğəmbər deyil. Qur’an ayələri müqabilinə İncil və Tövratı çıxararaq deyirdilər
ki, Qur’anla bizim “kitab”larımız arasında böyük fərq vardır. Qur’anda çoxlu
sayda tarix boyu Tövrat və İncilin təhrif olunması, yəhudi alimlərinin öz
mövqelərini qoruması üçün ilahi kəlamı dəyişdirmələri barədə ayələr nazil
olmuşdur. Nəhayət Qur’an islam ilə yəhudi və xristian arasında olan əlaqəni bir
dəfəlik kəsərək, ərəblərin yəhudilərdən fərqli bir ümmət olmasını başa salaraq
deyir: Ərəb İbrahimin millətindəndir. İbrahim isə İsrailin ulu babasıdır.
Ey kitab əhli nə üçün İbrahim
barəsində mübahisə edirsiniz? Tövrat da, İncil də ancaq ondan sonra nazil
edilmişdir, məgər başa düşmürsünüz?
Bir baxın, siz o şəxslərsiniz ki,
bildiyniz şeylər barəsində mübahisə edirsiniz (bu aydındır). Bəs bildiyiniz
şeylər barəsində niyə mübahisəyə girişirsiniz. Əlbəttə (həqiqəti) Allah bilir,
siz bilməzsiniz!
İbrahim nə yəhudi, nə də xaçpərəst
idi. O, ancaq Hənifə (batildən haqqa tapınan, haqqa yönəlmiş olan) müsəlman
(Allaha təslim olan) idi və Allaha şərik qoşanlardan deyildi.
QİBLƏNİN DƏYİŞİLMƏSİ
Müsəlmanları birdəfəlik
yəhudilərdən ayıran qiblənin dəyişilməsi hadisəsi oldu. Peyğəmbər (s)-ın
Mədinəyə gəlişindən on yeddi ay keçirdi. Peyğəmbər (s) Əqsa məscidinə üz tutaraq
namaz qıldığı halda yəhudilər deyərdilər: Məhəmməd (s)-ın qibləsi yoxdur, biz
qibləni ona tanıtdırmışıq. Peyğəmbər (s) bu tə’nədən narahat idi və günlərin bir
günündə bəni Səlmə məscidində günorta namazı qılarkən (hicrətin ikinci ili
Şə’ban ayında) bu ayə nazil oldu:
(Ya Məhəmməd!) Biz sənin üzünün
göyə tərəf çevrildiyini görürük, ona görə də səni razı olduğun qibləyə tərəf
döndərəcəyik. İndi üzünü məscidül-hərama tərəf çevir! (Ey müsəlmanlar!) Harada
olsanız (namaz vaxtı) üzünüzü oraya döndərin! Kitab verilmiş ümmətlər bunun öz
Rəbbi tərəfindən bir həqiqət olduğunu yaxşı bilirlər. Allah onların əməllərindən
xəbərsiz deyildir.
Peyğəmbər (s) elə həmin halda üzünü
beytül-müqəddəsdən Kə’bəyə tərəf çevirdi. Bu məscid (bəni Sələmə məscidi) islam
tarixində iki qibləli məscid kimi məşhurlaşmışdır. Məscidül-əqsadan qiblənin
Məkkəyə tərəf yönəlməsi yəhudi və münafiqlər üçün çox baha başa gəldi. Onlar
müsəlmanlara irad tuturdular ki, nəyə görə indiyə qədər Əqsa məscidinə üz
tutaraq namaz qılırdınız, indi isə qibləniz dəyişildi. Aşağıdakı ayə onların tə’nələrinə
cavab olaraq nazil oldu.
(Mədinədəki yəhudi və münafiqlərdən)
ağılsız adamlar deyəcəklər: “Müsəlmanları (əvvəlcə) üz tutduqları qiblədən (Beytülmüqəddəsdən)
döndərən nədir?” (Ya Məhəmməd!) Onların cavabında de: “Şərq də, qərb də
Allahındır. O, istədiyi şəxsi doğru yola yönəldir.”
Qiblənin Beytül-müqəddəsdən Kə’bə
evinə tərəf dəyişilməsi ibni İshaq və ibni Hişam tərəfindən hicrətin on yeddinci
ayına aid edilmişdir. Son illərin yazılarında da bu tarix qeyd olunub.