İSLAMIN ZÜHURU
Əllərindəki Tövrat və İncildə
(adının vəsfini və əlamətlərini) yazılmış gördükləri rəsuli-ümmiyə (heç kəsin
yanında oxuyub elm öyrənməmiş və ya Məkkəli) Peyğəmbərə tabe olurlar. (O
Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz
(pak) ne’mətləri halal, murdar (napak) şeyləri haram edər, onların ağır yükünü
yüngülləşdirər və üzərindəki buxovları açar (şəriətin çətin hökmlərini götürər.)
İSLAM PEYĞƏMBƏRİNİN
UŞAQLIĞI VƏ CAVANLIĞI
Peyğəmbər (s)-ın doğum ili dəqiq
mə’lum deyildir. İbni Hişamın və başqalarının yazdığına görə o, Amul-fildə (fil
ilində) yə’ni Əbrəhə fillərlə Kə’bəni viran etməyə gələn ildə anadan olmuşdur. O
hadisəni öz gözləri ilə görənlərə əgər bu tarix aydın olsa da belə, başqaları
üçün mə’lum deyildir, çünki hələ də o hadisənin hansı ildə baş verməsi müəyyən
edilməmişdir. Tarixçilər Peyğəmbərin vəfatını 632-ci miladi ilinə aid edirlər.
Peyğəmbər dünyadan köçəndə 63 yaşı varmış, deməli onun anadan olma tarixi
569-570-ci illərə təsadüf edir.
Tarixçilər onun həyatı barəsində
müxtəlif hekayələr nəql etmişlər. Ancaq mö’təbər sənədlərə istinad etməklə
tarixi həqiqəti dastan və hekayələrdən ayırmaq olar. O illərin hadisələrini
aydınlaşdıra biləcək yeganə sənəd Qur’ani-kərim və Peyğəmbərin sünnəsidir. Lakin
Qur’ani-kərimdə o hadisələrə çox qısaca işarə edilmişdir. Bu kiçik işarələrə və
tarixçilərin verdiyi mə’lumata istinad edərək demək olar ki, Məhəmməd (s)
uşaqlıqdan yetim qalmışdır.
Atası Abdullahh bəni Zöhrə
tayfasının başçısı Vəhəbin qızı Aminə ilə ailə həyatı qurduqdan bir neçə ay
sonra, ticarət səfərlərinin birində, Şamdan geri dönərkən Yəsrib şəhərində vəfat
etmişdir. Bə’zi tarixçilər isə onun Həzrətin (s) dünyaya gəlişindən bir neçə ay
sonra vəfat etdiyini yazmışlar. Həzrəti Peyğəmbər (s) hələ körpə ikən (südəmər
vaxtı) bəni Sə’d qəbiləsindən olan Həlimə adlı qadının yanında olan zaman anası
dünyadan köçmüş və babası Əbdül Müttəlib onun himayəsini öz üzərinə götürmüşdür.
Səkkiz yaşında isə Əbdül Müttəlib dünyadan köçür və ondan sonra əmisi Əbu
Talibin qəyyumluğu altına düşür. Tarixçilərin yazdığına görə həzrəti Peyğəmbər
(s) hələ uşaq ikən əmisinin Şama etdiyi ticarət səfərlərinin birində onunla
getmişdi. Yolda Busra adlanan yerdə Bəhira adlı xristian keşişi ilə rastlaşmış
və keşiş onda peyğəmbərliyin əlamətlərini görmüşdü. Keşiş onu əmisinə bərk-bərk
tapşırmış, xüsusilə bu uşağı onunla düşmən olan yəhudilərdən qorumağı tövsiyə
etmişdi. Deyilənə görə karvanla gələnlər Bəhiranın ətrafından dağıldıqdan sonra
o, Həzrəti saxlamış və onu Lat və Uzzaya (büt adlarıdır) and verərək bir neçə
sualına cavab verməyi istəmişdi.
Həzrət (s) cavabında demişdi ki,
məni Lat və Uzzaya and vermə, çünki dünyada ən xoşuma gəlməyən şey bu iki
bütdür. Sonradan Bəhira onu Allaha and vermişdi.
FİCAR MÜHARİBƏSİ
Həzrət Məhəmməd (s)-ın cavanlığında
baş vermiş hadisələrdən biri də Ficar müharibəsi olmuşdur. Ficar haram aylardan
birində baş verdiyi üçün belə adlanmışdır. (Onu da qeyd etmək lazımdır ki,
islamdan əvvəl ziqə’də, zihiccə, məhərrəm və rəcəb aylarında müharibə etmək
haram olub, islamın zühurundan sonra da bu qanun öz qüvvəsində qalmışdır).
Hiyrədən Məkkəyə bir karvan gəlir,
onlar özləri ilə müşk gətiribmişlər. Bəni Kinanə tayfasından olan bir kişi
karvanın Həvazin qəbiləsindən olan qoruqçusunu yatmış görüb onu öldürmüş və
bütün yükləri götürüb aparmışdı. Bu vaxt Qüreyş və Həvazin qəbiləsi Ukkaz
bazarında toplanmışdı. Bu xəbər Qüreyş qəbiləsinə yetişdikdən sonra onlar şəhərə
qayıtdılar. Həvazin qəbiləsi də onların ardınca düşdü, lakin Qüreyşlilər Kə’bə
evinə sığındılar. Bunun ardınca bu iki qəbilə arasında müharibə başlandı və bu
müharibə bir neçə dəfə təkrar olundu. Həzrət Məhəmməd (s) bu müharibələrin
birində iştirak etmişdi. Bə’zi tarixçilərin nəzərinə görə bu müharibə Kinanə və
Qeys qəbilələri arasında baş vermişdir.
HİLFUL-FUZUL
(ƏLAHİDDƏ AND VƏ YA
ƏHD-PEYMAN)
Peyğəmbərliyə yetişmədən əvvəl
Məhəmməd (s)-ın həyatında baş vermiş mühüm hadisələrdən biri də onun
hilful-fuzul da iştirak etməsi olmuşdur. Hilful-fuzul hekayəsi belədir: Məkkədə
yaşayan qəbilələr arasında bir-birinə təcavüz etməmək barəsində müqavilə
bağlanmışdı. Ancaq əgər şəhərə qərib bir adam gəlsəydi, heç bir qəbilə və ya
müqavilə yox idi ki, onu müdafiə etsin. Yazılanlara görə bəni Əsəd qəbiləsindən
bir nəfər Məkkəyə ticarət etməyə gəlir. Bəni Səhm qəbilsindən olan bir nəfər
onun mallarını alaraq pulunu ödəmir. Həmin tacir Qüreyş qəbiləsinin yanına gedib
köməklik istəyir. Qüreyşlilər ona cavab verirlər ki, bəs sən bizimlə əhd-peyman
(müqavilə) bağlamadığından biz səni müdafiə edə bilmərik. Tacirin hər yerdən
ümidi kəsildikdən sonra Əbu Qubeys dağına çıxaraq ona zülm edildiyi haqda şe’r
oxumağa başlayır. Və Qüreyşdən yardım diləyir. Qüreyş qəbiləsi bu hadisədən
peşiman olaraq Abdullahh ibni Cəda’nın evinə toplaşaraq əhd-peyman bağlayırlar
ki, bundan sonra hər hansı bir qəribə zülm olunmasının qarşısını alsınlar. Bu
müqavilə əvvəldə bağlanmış əhd-peymanlar və and içmələrdən əlahiddə olduğu üçün
ona hilful-fuzul adı verilmişdir. Bu adın ona verilməsi barədə başqa rəvayətlər
də nəql olunmuşdur.
Məhəmməd (s) peyğəmbərliyə
yetişdikdən sonra deyirdi: “Cahiliyyət dövründə Abdullahh ibni Cəda’nın evində
bir müqavilə məclisində iştirak etdim. Əgər onun əvəzində mənə qızılı tüklü
dəvələr versəydilər o qədər sevinməzdim. Əgər bizi yenidən belə bir məclisə
də’vət etsələr. biz orada iştirak etməyə hazırıq.”
XƏDİCƏ İLƏ EVLƏNMƏSİ
Həzrət Məhəmmməd (s) iyirmi beş
yaşında ikən əmisi Əbu Talib ona belə dedi: “Qüreyş qəbiləsinin Şama gedən
ticarət karvanı hazırdır. Xuvəylidin qızı Xədicə sənin qohumlarına pul verib ki,
ticarət etsinlər və gəlirə də şərik olsunlar. Əgər istəsən səni də qəbul edər.”
Sonradan o Həzrət, Xədicə ilə bu barədə söhbət etdi və o da bu təklifi qəbul
etdi. İbni İshaqın yazdığına görə Xədicə Məhəmməd (s)-ın əmanətdar və şərəfli
bir insan olduğunu bilərək ona xəbər göndərir ki, əgər bu ticarət səfərində
iştirak etməyə razılıq versən sənə düşən payı artıqlaması ilə verəcəyəm.
Bu ticarət səfərindən Xədicə çoxlu
sayda gəlir əldə etdi, çünki şərəfli, əmanətdar, düz danışan və düzgünlükdə
məşhur olan bir şəxsi bu ticarətə yollamışdı. Elə bu ticarət səfərindən sonra da
Xədicə Məhəmməd (s)-la ailə həyatı qurdu. Bu zaman Məhəmməd (s)-ın iyirmi beş
yaşı, deyilənə görə isə Xədicənin 40 yaşı varmış. Ancaq onun dünyaya gətirdiyi
övladlara nəzər saldıqda isə, təxminən demək olar ki, onun yaşı qırxdan aşağı
olmuşdur. Ərəb tarixçiləri bəlkə də 40 rəqəmini mükəmməl rəqəm olduğundan
seçiblər.
“QARA DAŞ”IN YERİNƏ
QOYULMASI
Peyğəmbərliyə yetişməzdən əvvəl
Məhəmməd (s)-ı Məkkə əhalisinin gözündə uca edən mühüm hadisələrdən biri də qara
daşın yerinə qoyulması hadisəsi olmuşdur. Bildiyiniz kimi, Kə’bə evi cahiliyyət
dövründə də ərəblər tərəfindən möhtərəm sayılırdı. Bir dəfə sel Kə’bə evinin
içərisinə axaraq divarlarını uçurmuşdu. Qüreyş qəbiləsi divarları yenidən
tikdikdən sonra qara daşın yerinə qoyulması məsələsində qəbilələr arasında
ixtilaf düşür. Hər qəbilənin rəisi bu şərafətli işi öz üzərinə götürmək istəyir.
Nəhayətdə ixtilaf özünün ən yüksək zirvəsinə çatır. Belə ki, hər qəbilənin rəisi
içi qanla dolu olan bir qab gətirərək onun içinə əllərini salırlar. Bu and
içmənin mə’nası o deməkdir ki, onlar qalib müəyyən edilənə qədər
vuruşmalıdırlar. Ən nəhayətdə razılıq əldə etdilər ki, hər kim bəni Şəybə
qapısından məscidə daxil olsa onu hakim tə’yin etsinlər və o, nə hökm etsə ona
əməl etsinlər. Məscidə birincə daxil olan şəxs Məhəmməd (s) oldu. Qüreyş
qəbiləsinin ağsaqqalları dedilər ki, o əmanətdar (əmin) adamdır hər nə desə
qəbul edəcəyik. Sonradan əhvalatı ona söylədilər. Məhəmməd (s) dedi: Yerə parça
sərin. Onlar bu işi gördükdən sonra Həzrət qara daşı parçanın ortasına qoyub
yenidən dedi: Hər qəbilənin rəisi parçanın bir ucundan yapışaraq qaldırsın. Bunu
etdikdən sonra özü qara daşı yerinə yerləşdirdi. Bu hakimliyi ilə o, böyük bir
qan tökülməsinin qarşısını almış oldu.
PEYĞƏMBƏRLİK
Məhəmməd (s) hələ peyğəmbərliyə
yetişməzdən əvvəl Ərəbistan əhalisinin dağınıq və pis olan vəziyyətindən
narahatlıq hissi keçirirdi. Xüsusilə onların bütpərəst olması başqa şeylərə
nisbətdə onu daha çox narahat edirdi. Çünki qabaqda da qeyd etdik ki, xristian
rahibi Bəhira onu Lat və Uzzaya and verərkən Məhəmməd (s) ona deyir ki, onların
adını çəkmə, çünki mənim xoşuma gəlməyən ən pis şeylər bu bütlərdir. Bəhira onu
sonradan Allaha and vermişdi.
İSLAMIN ZÜHURU
Məhəmməd (s) peyğəmbərliyə
yetişməzdən bir az əvvəl əhalidən uzaq gəzərək yeganə Allaha ibadət edərdi. İldə
bir ay Həra dağına çəkilərək ibadətlə məşğul olardı. Bu müddət ərzində onun
yanına gələn ac-yalavacları yedirdərdi. İbadət müddəti başa çatdıqdan sonra
Məkkəyə dönər, Kə’bə evini yeddi dəfə təvaf edib sonradan evə gedərdi. Həra
dağına çəkildiyi illərdən birində peyğəmbərliyə çatır. Məhəmməd (s) belə deyir:
Cəbrayıl mənim yanıma gəlib dedi: Oxu! Dedim oxumaq bilmirəm. Yenidən dedi: Oxu!
Dedim nə oxuyum?
Dedi:
(Ya Peyğəmbər! Qur’ani-kərimi bütün
məxluqatı) yoxdan yaradan Rəbbin adı ilə (bismillah deyərək) oxu!
O Həzrət peyğəmbərliyə yetişən
dövrdə 40 yaşı varmış.
Peyğəmbər (s) ilk dəfə ona nazil
olan “Ələq” surəsinin əvvəl ayələrini aldıqdan sonra öz sığınacağını tərk edərək
Məkkəyə gəldi. O gecə bənzəri olmayan baş verən hadisədən sonra təbiidir ki,
Peyğəmbər hər işdən qabaq bir başa evə getmişdi. Bu zaman onun evində üç nəfər
yaşayırdı; şərəfli həyat yoldaşı olan Xədicə, əmisi oğlu Əli ibni Əbi Talib və
Zeyd ibni Haris. Təbiidir ki, kişilər arasında isə Əli (ə), qadınlar arasında
isə Xədicə ilk əvvəl Peyğəmbərə iman gətirmişlər. Nəzərə çarpacaq dərəcədə
aydındır ki, bu mövzuda hansısa mübahisə və rəvayətlərin tədqiqinə lüzum
görünmür. Bundan əlavə Əli (ə) bir çox xütbələrində bu mövzuya açıq-aydın işarə
edərək deyir: “Peyğəmbər (s)-a ilk iman gətirən şəxs mən olmuşam.” Lakin
bunlardan sonra kimin ilk növbədə müsəlman olması barədə Peyğəmbər (s)-ın həyatı
barədə yazan tarixçilər arasında ixtilaf mövcuddur. Və təbiidir ki, bu ixtilaf
səhabə dövründən sonra, yə’ni tabein dövrünün ilk başlanğıcında meydana
çıxmışdı. Hər bir ailə çalışırdı ki, öz müsəlmanlığını islamın ilk çağları ilə
əlaqələndirərək bu mə’nəvi məziyyətdən istifadə etsin. Bundan əlavə başqa
hədəflər də güdülürdü ki, tarixlə tanışılığı olanlara bu məsələ aydındır.
Yazılana görə Məhəmməd (s) peyğəmbərliyə yetişdikdən sonra, üç il müddətində
onun haqqa də’vəti gizlin olmuşdur. Ancaq bə’ziləri Qur’an ayələrini sıra
qayadası ilə nazil olmasına əsaslanaraq ümumi də’vətin az müddətdə olduğunu qeyd
etmişlər.
İlk əvvəl Peyğəmbər (s) xalqı
bütlərə ibadət etməkdən çəkindirib, yeganə Allaha ibadət etməyə də’vət edərdi.
İlk başlanğıcda namazlar iki rük’ət olub. Sonralar isə səfərdə olmayanlar üçün
dörd rük’ət, səfərdə olanlar üçün isə iki rük’ət namaz qılmaq vacib olmuşdur.
Müsəlmanlar Allaha ibadət etmək və namaz qılmaq üçün camaatın gözündən uzaq
yerlərə – məsələn dağlara və ya camaatın çox az gəlib-getdiyi yerlərə
çəkilərdilər. Get-gedə müsəlmançılıq Məkkədə yayılmağa başladı.
Peyğəmbərlik dövrünün üç ili başa
çatdıqdan sonra Allah-təala ona əmr edir ki, xalqı aşkar şəkildə yeganə Allaha
tərəf də’vət etsin.
Və ən yaxın adamlarını qorxut! (İlk
növbədə ən yaxın qohumların olan Haşim və Müttəlib oğullarını yalnız Allaha
ibadət etməyə çağır və əks təqdirdə müdhiş bir əzaba düçar olacaqlarını
xatırlat!)
Sənə tabe olan mö’minləri qanadın
altına al! (Onlarla mehriban davran, nəzakətlə rəftar et, köməklərinə çat!)
Əgər (yaxın qohumların) sənə qarşı
çıxsalar, onlara belə de: “Şübhəsiz ki, mən sizin əməllərinizdən uzağam!”
İbni İshaqın yazdığına görə bu
ayələr nazil olduqdan sonra Peyğəmbər Əliyə buyurdu: Ey Əli, Allah mənə buyurub
ki, öz yaxın qohumlarımı Ona ibadət etməyə də’vət edəm; bir qoyun kəs, bir qədər
çörək və bir kasa süd hazırla. Əli (ə) bütün deyilənləri hazırladı. Həmin gün
Əbdül-Müttəlib övladlarından qırx nəfəri məclisə toplaşdılar. Hamısı yeyib
doyduqdan sonra sevimli Peyğəmbər (s) söhbətə başlamaq istədi. Əbu Ləhəb dedi:
“O, sizi sehirləmişdir.” Bu minvalla məclis dağıldı. Peyğəmbər (s) səhəri gün
onları yenidən toplayaraq dedi: “Ey Əbdül-Müttəlib övladları güman etmirəm
ərəblərdən biri mənim sizə gətirdiyim şeydən gözəl bir şey öz qəbiləsi üçün
gətirmiş olsun. Mən sizə həm dünyanı, həm də axirəti gətirmişəm.
İbni İshaqdan nəql edən Yunis ibni
Bəkir (bilmirəm) bilərəkdən, ya bilməyərəkdən Peyğəmbərin sözlərini ancaq
buracan nəql etmiş və ardını yazmamışdır. Bəkai vasitəsi ilə ibni İshaqdan nəql
edən ibni Hişam yalnız ayəni yazmaqla kifayətlənmiş və başqa bir şey
artırmamışdır.
Ancaq keçmiş tarixçi və mö’təbər
kitab sahibi olan Təbəri belə yazır: Peyğəmbər (s) öz də’vətini yaxın
qohumlarına çatdırdıqdan sonra belə dedi: “İndi kimdir mənə bu işdə yardımçı
olan, belə ki, mənim qardaşım, vəsim və məndən sonra sizin aranızda xəlifəm
olsun?” Hamı susdu və Əli (ə) dedi: Ey Allahın elçisi, o şəxs mənəm. Peyğəmbər
(s) buyurdu: Bu sizin aranızda mənim vəsim və xəlifəmdir, onu eşidin və əmrinə
tabe olun.
Bu rəvayəti başqa tarixçilər və
yazarlar da həmin məzmunda nəql etmişlər və bu islami mənbələrdə məşhur
hədislərdən sayılır.
Həmçinin Təbəri ibni Abbasdan
rəvayət edir ki, bir gün Peyğəmbər (s) Səfa dağına gedərək Qüreyşliləri yanına
çağıraraq belə demişdir: Əgər mən sizə desəm ki, düşmən sizə basqın edəcək mənim
sözümə inanarsınızmı? Dedilər: Bəli. Dedi: Mən sizi böyük bir əzabdan xəbərdar
etmək istəyirəm. Əbu Ləhəb dedi: Elə buna görə bizi bura çağırıbsan “Təbbət”
surəsi də Əbu Ləhəbi məzəmmət etmək üçün nazil olmuşdur.
İbni Hişam yazır: Peyğəmbər (s)
Qüreyşliləri Allaha ibadət etməyə də’vət etdikdə ona e’tiraz etmədilər. Onların
bütlərinə tə’nə etdikdən sonra düşmənçilik meydana çıxdı.
Qur’ani-kərim bu düşmənçiliyə işarə
edərək buyurur:
(Ya Məhəmməd!) Kafir olanlar səni
gördükləri zaman ancaq məsxərəyə qoyaraq (bir-birinə); “Sizin tanrılarınızı
tə’nə edən budurmu?” – deyərlər. Halbuki onlar, məhz Rəhman Allahın
öyüd-nəsihətini (Qur’anı) inkar edirlər. (Əl-Ənbiya 36).
Müsəlmanların sayı günbəgün
artdıqca Qüreyş başçılarının nigarançılığı daha da çoxalırdı. Onlar Əbu Talibin
yanına gedərək, ondan qardaşı oğlunun başladığı bu də’vətin qarşısını almağı
istədilər.
Bir gün ona dedilər ki, sən
Məhəmməd (s)-ı bizə təslim et, biz də onun əvəzində Əmmarə ibni Vəlidi sizə
verək (onların nəzərində bu şəxs ağıllı bir cavan idi). Əbu Talib dedi: Oğlumu
sizə verim ki, öldürəsiniz, əvəzində sizin övladınızı böyüdüm? Çox ağır
təklifdir.
Diqqət yetirmək lazımdır görəsən
camaat nəyə görə Peyğəmbər (s)-ın əleyhinə idilər? Demək olar ki, Əmr ibni Hişam
(Əbu Cəhl), Əbu Süfyan ibni Hərb, Vəlid ibni Müğəyrə ərəblərin bütlərinə və
onları düzəldən sənətkarlara ehtiram bəsləyirdilər. Peyğəmbər (s)-ın rəis
olmasından da qorxuları yox idi, çünki onlar o Həzrətin rəhbərliyini qəbul
etməyə razı idilər. Sevimli Peyğəmbərin təbliği ondan ibarət idi ki, bütlərə
ibadət edib onları müqəddəs cilvələndirməkdən əl çəksinlər. Yeri, göyü, sizi və
bütün aləmi yaradan yeganə Allaha tərəf üz döndərmələrini istəyirdi. Özü
barəsində belə deyirdi: Mən Allah tərəfindən göndərilmişəm ki, sizi zülmətdən,
nadanlıqdan, düzgün və aydın dinə tərəf çıxaram. Nə böyüklük, nə də hakimiyyət
iddiasında idi, əgər belə bir şey istəsəydi, onun istəyini dərhal yerinə yetirər
və onun bütün əmrlərinə itaət edərdilər. Ancaq o deyirdi: Əgər günəşi sağ əlimə,
ayı isə sol ovcuma qoysanız belə, öz risalətimdən əl çəkən deyiləm. Mən sizdən
bir kəlmənin deyilməsini istəyirəm – “Allah təkdir” və bu bütlər sizin əlinizin
məhsuludur və heç bir bacarığa malik deyillər. Burada mühüm bir sual meydana
çıxır, nəyə görə onlar Peyğəmbərin də’vətini qəbul etmirdilər? Mümkündür deyək,
onlar ulu əcdadlarının dinindən əl çəkib yeni dini qəbul etməkdə çətinlik
çəkirdilər.
Belə bir fərziyyəni qapalı mühitdə
yaşayan və elə oradaca dünyadan köçən, xarici mühitlə heç bir əlaqəsi olmayan
əhaliyə bəlkə də şamil etmək olar, ancaq dünya görmüş, Ərəbistan yarmadasından
xaric olan mühitlə əlaqəli olan adam barəsində necə?!
Hədəfi mal-dövlət toplamaq olan və
bu yolda hər bir şeyə hazır olan şəxs üçün heç bir fərqi yoxdur ki, xalq günəşə
ibadət etsin ya aya, yaxud Allaha və ya istər Kə’bə evinin başına dolansınlar və
ya Lat və Uzzaya ehtiram etsinlər.
Deməli bu lovğalar (təkəbbürlü)
bütlərin və bütxanaların dağılmasından qorxmurdular, çünki onların əslində heç
bütə də etiqadları yox idi. Bütpərəstlik onların əlində nadan xalqa hakimiyyət
etmək üçün bir alətə çevrilmişdi. Bəs nədən qorxurdular? Əgər Peyğəmbərin
də’vəti yalnız “La ilahə illəllah” kəlməsini deməklə sona yetirdisə, bunlar
nədən qorxurdular. Məkkənin fəthindən sonra onların sonrakı nəsilləri gördüyü
işi niyə yerinə yetirmirdilər? Dildə deyirdilər ki, Allah təkdir, sən də Onun
Peyğəmbərisən, ancaq gizlində yeni dindən öz mənfəətləri üçün istifadə
edirdilər. Burada gərək çox tələsməyək. Düzdür ilk günlərdə Peyğəmbər onlardan
Allahın təkliyini təsdiq etmələrini istəyirdi, ancaq bunun ardınca digər ayələr
nazil olurdu. Lovğaları (təkəbbürlüləri) qorxuya salan və gələcəkləri barəsində
onları təşvişə salan o ayələr idi. Şübhəsiz ki, siz Qur’ani-kərimin 29-cu və
30-cu cüz’ündə yerləşmiş Məkkədə nazil olan o ayələri dəfələrlə oxumusunuz.
İcazə verin yenidən o ayələrin bə’zisini nəzərinizə çatdırıb onların əsl
mahiyyətinə diqqət yetirək:
O kimsə mal yığıb onu dönə-dönə
sayar (çoxaldar).
Və elə zənn edər ki, mal-dövləti
onu əbədi yaşadacaqdır.
Xeyr! (heç də onun güman etdiyi
kimi deyildir). O, mütləq (Cəhənnəmin alt mərtəbələrindən biri olan) Hütəməyə
atılacaqdır!
Bilirsənmi Hütəmə nədir?
O, Allahın yanar odudur.
Elə bir od ki, ürəkləri yandırıb,
yaxar.
(Əl-Huməzə 2-7).
Vay halına çəkidə və ölçüdə
aldadanların! O kəslər ki, özləri xalqdan bir şey aldıqları zaman onu tam ölçüb
alar.
Xalq üçün bir şey ölçdükdə və ya
çəkdikdə isə onu əskildələr.
Məgər onlar (öləndən sonra)
diriləcəklərini düşünmürlər?
Özü də dəhşətli bir gündə?!
(Ya Peyğəmbər!) Məni öz yaratdığım
kimsə ilə tək burax! (Vəlid ibni Müğeyrə kimi kafirin cəzasını yalnız Mənə
tapşır!)
Mən ona bollu
mal-dövlət əta etdim;
Yanında hazır duran
oğullar (verdim);
Ona (hər şeyi)
artıqlaması ilə müyəssər etdim.
(Sərvət və mənsəbi
ayağının altına döşədim).
(Bütün bunlardan)
sonra yenə də (var-dövlətini) artırmağımı istəyir.
Xeyr, (bu ola bilməz).
Çünki o, ayələrimizə qarşı inadkar oldu. (Əl-Muddəssir, 11-16).
(Allah dərgahından
belə bir nida gələcəkdir:)
“Onu tutub
qandallayın!
Sonra da Cəhənnəmə
atın!
Daha sonra onu yetmiş
arşın uzunluğunda zəncirlə bağlayın!
Çünki o, böyük olan
Allaha inanmırdı.
O (özü zəkat vermir,
acizə, kimsəsizə kömək etmir, xalqda da) yoxsulu yedirtməyə rəğbət oyatmırdı.
(Əl-Haqqə, 30-34).
Lakin o, əqəbəni (sərt
yoxuşu, maneəni) keçə bilmədi (özünə verilən bu qədər ne’mətlərə şükr etmədi).
(Ya Peyğəmbər!)
Bilirsənmi, əqəbə nədir?!
O bir kölə azad
etməkdir;
Yaxud ağalıq zamanı
(günündə) yemək verməkdir – qohumluq əlaqəsi çatan bir yetimə.
Və ya (taqətsizlikdən)
torpağa sərilmiş bir miskinə!
(Əl-Bələd, 11-16).
Elə isə yetimə zülm
etmə!
Dilənçini də
(qapından) qovma!
(Əz-Zuha, 9-10)
(Ey insanlar!) Mən
sizi alovlanan bir atəşlə qorxutdum.
Ora ancaq azğın kafir
daxil olar.
O kimsə ki, (haqqı)
yalan sayar, (imandan) üz döndərər!
Allahdan qorxub pis
əməllərdən çəkinərsə, ondan uzaqlaşdırarlar (nicat tapar)
O kimsə ki, malını
(Allah yolunda) verib (günahlardan) təmizlənər.
(Əl-Leyl, 14-18).
Qüreyşin dövlətliləri
və sələmə pul verənləri bu hədələyici və ürək titrədən sözləri asanlıqla qəbul
edə bilmirdilər. Sələmdən əldə olunan gəlirdən əl çəkmək, qul azad etmək, yetim
malına toxunmamaq, əlsiz-ayaqsız (zəif) qohumları nəvaziş etmək, başqaları
müqabilində lovğalıq etməmək, özündən aşağı təbəqə ilə bir yerdə əyləşmək və
sair bu kimi dünyəvi məziyyətlərdən əl çəkmək onlar üçün çox ağır idi. Bu
ayələri eşitdikdə onların ürəkləri parçalanırdı və o ayələrin nə özləri nə də
başqalarının eşitməsini istəmirdilər. Ancaq zəif təbəqənin nümayəndələri
ürəklənir, imanları isə möhkəmlənirdi. İndi isə ikinci dəstəyə nəzər salaq. Əgər
müsəlmanların əsas özəyini yalnız qullar, fəhlələr və muzdurlar təşkil etsəydi,
birinci dəstə üçün elə baha başa gəlməzdi. Onları işdən qovmaq və əzab verməklə
susdurmaq olardı, lakin islam yalnız bu üç dəstə ilə məhdudlaşmırdı.
Müsəlmançılıq təkəbbürlü ailələrə sirayət edərək günbəgün çoxalmaqda idi.
Beləliklə lovğalar dəstəsi iki qorxu ilə üzləşmişdilər; var-dövlətin əldən
çıxması, bir də yaxın qohum və qonşularla üzləşmə qorxusu.
Məkkə əhalisinin
tərkibini tədqiq etdikdə mə’lum olur ki, islam Qüreyşin bir çox tayfasına nüfuz
etmişdi. Həbəşəyə hicrət etmişlərin siyahısını oxuduqda – İbni Hişam onları
“Sirə” də toplamışdır – Bəni Haşimdən başqa aşağıdakı sülalələrin də adına rast
gəlirik: Bəni Əbd Şəms, bəni Nofəl, bəni Əsəd ibni Əbdül-Üzza, bəni Əbdül-dar,
bəni Qusəyy, bəni Zuhrə, Huzeyl, Bəhra, bəni Təyyim ibni Murrə, bəni Məxzum,
bəni Cuməh, bəni Səhm ibni Əmr, bəni Ədiy ibni Kə’b, bəni Amir ibni Luvəyy və
bəni Haris ibni Fihr.
Bunların çoxu öz həyat
yoldaşları ilə birlikdə getmişdilər. Əgər bir nəfərlə müqavilə (əhd-peyman)
bağlamış başqa bir şəxs müsəlman olardısa, qəbilə adət-ən’ənəsinə görə onu
qoşunların təcavüzündən qorumalı idi. Bə’zən bir qəbilə bir neçə qəbilə ilə
əhd-peyman bağlayırdı ki, belə olan halda bir nəfərlə düşmənçilik yüzlərlə
adamla düşmənçiliyə səbəb olurdu.
Beləliklə Qüreyş
başçılarını təkcə var-dövlətin və ticarət meydanının əldən çıxması deyil,
günbəgün çoxalan müsəlman şəxsiyyətləri daha çox narahat edirdi. İndi isə bu
dəstənin tərkibinə nəzər salaq.
Peyğəmbər (s)-ın
də’vətinin ilk çağlarında müsəlmanlığı qəbul edənlərin adları ən mö’təbər
sənədlərdən – o cümlədən İbni İshaqın “Sirə”sində, (Yunis ibni Bəkir ondan
rəvayət etmişdir) İbni Hişam (Abdullah ibni Tufeyl Bəkai ondan nəql edib) -
nəzərə çarpır. Onlar 19-28 yaş arasında olan kişi və qadınlardan ibarətdirlər.
Allaha dolğun şəkildə imanı olan, qəbilə adət-ənənələrinə və Məkkədəki mövcud
olan qurluşa e’tinasız olan şəxslər idi. İctimai nöqteyi-nəzərdən onlar
aşağıdakı xüsusiyyətlərə malik idilər:
1.Qəbilə qurluşu
silsiləsində ikinci və ya üçüncü sırada duranlar;
2.Kiçik ticarətlə
məşğul olanlar; onlar pulun azlığından dövlətlilərlə rəqabət apara bilmirdilər;
3.Fəhlələr, muzdurlar,
qullar və zalımların zülmündən təngə gəlmiş xalq;
Bunlar düşüncə
qabiliyyəti başqalarından üstün olan, xalqın dini və ictimai pozğunluğundan
narazı olan insanlar idilər. Doğru, düzgün müsəlman, sınanmış mö’minlər idilər
ki, Qur’an bir çox yerdə onları tərifləmişdir.
Qüreyşlilər qəbilə
müqaviləsinə görə Peyğəmbərə aşkar şəkildə zərər yetirə bilmirdilər. Belə olan
surətdə bəni Haşimlə münaqişə meydana gələr və başqa tayfalar da bu münaqişəyə
qoşularaq ixtilafı daha da kəskinləşdirə bilərdilər. Buna görə də onlar
Peyğəmbərə qarşı müxalifətçilik edib nalayiq sözlər deməkdən və cüzi zərərlər
yetirməkdən başqa heç bir iş görə bilmirdilər. Lakin yeni müsəlman olmuş
pənahsızlara əllərindən gələni edirdilər. Yavaş-yavaş münaqişələr üzə çıxırdı.
Qüreyşlilər yenidən Əbu Talibin yanına gedərək qardaşı oğlunu tutduğu yoldan
çəkindirməsini istədilər. Əbu Talib onların dediklərini qardaşı oğluna
çatdırdıqda Peyğəmbər (s) cavabında belə dedi: And olsun Allaha, əgər günəşi sağ
ovcuma, ayı isə sol ovcuma qoysalar belə, mən öz də’vətimdən əl çəkən deyiləm.
Əbu Talib isə dedi: Belə isə sən öz işini davam etdir, mən sənə zərər yetirməyə
icazə verməyəcəm. Qüreyşlilər Peyğəmbər
(s)-ın öz də’vətindən əl çəkməyərək Əbu Talibin də onu himayət etməsindən
xəbərdar olduqdan sonra, onun özünə və tabelərinə zərər yetirmək üçün fəaliyyət
dairələrini genişləndirməyə başladılar.
HƏMZƏNİN İSLAMI QƏBUL
ETMƏSİ
Günlərin bir günündə
Əbu Cəhl Səfa dağının yaxınlığında Peyğəmbər (s)-la üzləşərək ona nalayiq sözlər
deyir, lakin Peyğəmbər (s) ona çavab qaytarmır. Abdullahh ibni Cuda’nın kənizi
bu hadisənin şahidi olur. Çox keçmədən Həmzə ovdan Məkkəyə qayıdır. Həmzə adəti
üzrə ovdan qayıdanda Kə’bə evini təvaf edər, sonra isə Qüreyşlilərin
yığıncaqlarına gedib onlarla söhbət edərdi. Qüreyşlilər Həmzəni səxavətli
olduğuna görə çox sevərdi. Bu dəfə də adəti üzrə tanışları ilə söhbət etməklə
məşğul olan zaman bir kəniz onun yanına gedərək dedi: Kaş burada olaydın,
görəydin ki, Əbu Cəhl qardaşın oğluna nələr dedi. Həmzə Əbu Cəhlin ardınca gedib
onu məsciddə camaatın arasında gördü. Kamanını onun başına elə vurdu ki, başı
ağır yaralandı. Sonradan dedi: Sən Məhəmməd (s)-ı söyürsən, bilmirsən ki, mən
onun dinini qəbul etmişəm. O deyən şeyi mən də təsdiq edirəm. Bəni Məxzum Əbu
Cəhli müdafiə etmək üçün ayağa qalxmaq istədikdə o, dedi: Həmzəyə əl vurmayın!
Çünki mən onun qardaşı oğluna yaramaz sözlər demişəm. Bu hadisədən sonra Həmzə
də müsəlmanların sırasına daxil oldu. Qüreyşlilər bundan belə Məhəmməd (s)-ı
zərərdən qoruya biləcək Həmzə kimi müdafiəçisi olduğunu gördükdən sonra ona çox
mane olmadılar.