ĞƏSSANİLƏR
Bu qəbiləni bə’zi vaxtlar Ali Cəfnə
də (Babalarının adıdır) adlandırırlar. Onlar Yəməndən şimala tərəf hicrət edərək
Rum imperiyasının sərhədlərində məskunlaşanlardırlar. Deyilənə görə bu əhali ilk
dəfə Məkkəyə yollanmış, sonra onlardan bir qol ayrılaraq badiyətuş-şama (Şam
çölünə) getmişdir. Ğəssan adlı çayın sahilində yerləşdiklərinə görə onları
Ğəssani çağırırmışlar. Ğəssanilər Ərəbistanın şimalında məskunlaşdıqları ilk
vaxtda Səlih qəbiləsinə tabe olmuşlar. Ancaq onlara qalib gəldikdən sonra Rum
imperiyasında baş verən müharibələrdə Rumluları himayə edirdilər. Sasani
şahlarının tərəfdarları olan Ləxmilər ilə də müharibə edirdilər.
Justiyanın imperator olduğu dövrdə
Ğəssani dövləti daha da gücləndi. O, bu qəbilənin əmiri olan Haris ibni Cəbləni
padşahlıq rütbəsinə qaldırdı. O, bu işdən Ğəssanilərin Ləxmilər müqabilində daha
da qüdrətlənməsi məqsədini güdürdü. Ğəssani dövləti islamın şimaldakı ilk
qələbələrinə və Suriyanın müsəlmanlar tərəfindən fəth olunmasına qədər mövcud
olmuşdur. Yərmuk müharibəsində Rum imperiyasının qoşunu məğlub edildikdən sonra,
bu əhalinin bir hissəsi öz yerlərində qalaraq müsəlmanlarla həmkarlıq etmiş və
başqa bir hissəsi isə Ruma və ya Kiçik Asiyaya getmişdir.
LƏXMİLƏR
Ləxmilər və ya Ləxm (bə’zən onlara
sonuncu padşahlarının adı ilə bağlı olaraq ali Münzir də deyirlər) üçüncü əsrin
sonundan Hiyrə və onunla qonşu olan torpaqlara hakim olmuşlar. Hiyrə şahları
Sasani dövlətinə tabe olmuş, Rum imperiyası ilə müharibədə onlara kömək
etmişlər.
Görünür Hiyrə əhalisi (Qəhtani
qəbiləsindən) cənubdan mühacirət etmiş və onlar Ədnani qəbiləsi ilə bir yerdə
məskunlaşmışlar. Ləxm qəbiləsinin nüfuzu Hiyrə və onun ətrafında genişlənib
qüvvətləndi. Onlar Fərat çökəkliyindən əlavə, Ərəbistanın daxilinə də nüfuz
etdilər. Hiyrə dövləti bir sədd kimi səhra ilə İranın işğal etdiyi ərazilər
arasında yerləşmişdir. Bu dövlətin şahları bir tərəfdən səhrada yaşayanların
Sasani torpaqlarına hücumunun qarşısını alır, digər tərəfdən isə İranın
köməkliyi ilə Rum imperiyasının müttəfiqi olan Ğəssanilərlə müharibə edirdilər.
Ləxmilərin dövləti 7-ci əsrin əvvəlinə qədər davam etmişdir. Bu qəbilənin ən
məşhur şahlarından biri Nə’man ibni Qeyeydir ki, 5-ci əsrin əvvələrində
hakimiyyət etmişdir. O, Sədir və Xuvərnəç saraylarını tikdirmişdir. Nə’man
Sasani şahı Yəzdəgerdin atası Bəhramla dost olmuşdur. Deyilənə görə o, bu
sarayları Bəhramın istirahət etməsi üçün tikdirmişdir. Mə’lumata görə tikinti
qurtardıqdan sonra, sarayın me’marlıq sirrləri öyrənilməsin deyə, Sinimmar adlı
me’mar öldürülmüşdür. Nə’man ibni Münzir bu ailənin sonuncu adlı-sanlı
şahlarından olmuşdur. Deyilənə görə Xosrov Pərviz (Sasani şahı) qəzəblənərək onu
yanına çağırıb öldürmüşdür. Hər halda islam dini zahir olan zaman bu ailənin heç
bir qüdrəti qalmamışdı. Bu qəbilənin sonuncu başçısı Münzər ibni Nə’mandır ki,
onun hakimiyyət dövrü Xalid ibn Vəlidin Hiyrəyə gələn vaxtına təsadüf edir.
SƏHRA SAKİNLƏRİ
Qeyd etdiyimiz kimi, Ərəbistan
yarmadasının cənubunda yağışların yağması və torpağın məhsuldar olması ilə
əlaqədar olaraq hələ qədim zamanlardan bəri, abadlaşmış və şəhərlər salınmışdır.
Ancaq şimal ərazilərində və səhralarda cəmiyyət yox idi. Lakin belə deyil ki,
orada abadlıqdan əsər-əlamət olmasın. Qırmızı dənizin sahilləri və Nəcddə –
oradakı yer altı su mənbəsindən su quyuları meydana gəlmişdi – əhali yaşayırdı.
Məsələn, Hicaz əyalətinin 200 dərəcə şimal zolağında Yəsrib şəhəri
salınmışdır ki, sonralar Mədinətün-nəbi adı ilə əvəz olunmuş, daha sonra isə
sadəcə olaraq Mədinə adlanmışdır. Bu şəhərdə su quyuları və kəhrizlər
olduğundan, həmçinin torpağın əkinə yararlı olması əhalinin burada
məskunlaşmasına səbəb olmuşudur. Şimal ərazisinin ucqar nöqtəsində Təbuk və
Dumətul-cəndər kimi şəhərlər də mövcuddur. Burada Qırmızı dənizə yaxın olan bir
sahədə Məkkə şəhərini qeyd etmək olar ki, onun barəsində ətraflı danışacağıq. Bu
kiçik şəhərləri, suyu və yaşıllığı olan ərazini keçdikdən sonra həmin ərazinin
əksəriyyətini geniş səhralar təşkil edir. Bə’zən qış və yaz mövsümündə Aralıq
dənizindən gələn buludlar bu geniş səhranın üzünü örtür və yağışlar yağır. Gur
yağan yağışların ardınca sel gələrək vadilərə axıb gedir. Ondan sonra otlar
göyərir və torpaq bir müddət yaşıl çəmənə bürünür. Bə’zən də illər keçir, ancaq
orada yağışdan heç bir əsər-əlamət görünmür. Bu nahiyənin yay günlərində havası
isti, hətta çökək ərazilərdə istiliyin hərarəti 50-dərəcəyə çatır – gecələri isə
mülayim olur. Hərdən qışda Şəmmər sıra dağlarının başına qar da yağır. Belə bir
şəraitdə səhrada yaşayan əhali çətinliklə həyat sürürdü. Çöl ərəbi - dildə ona
bədəvi deyilir – bu səhranın ətrafında yaşayırdı. Xariclə əlaqəsi olmadığından
buranın yaşayışı uzun müddət dəyişilməmişdir. Səhra sakini yazın ikinci ayından
payızın ikinci ayına qədər özünə və qəbiləsinə məxsus olan su nohurunun
ətrafında yaşayırdı. İlk yağış yağdıqdan sonra isə səhraya tikanlı otlar
toplamağa gedərdi.
Beləliklə cənub ərazisində əhalinin
çox və sıx olmasının əksinə olaraq, şimal və mərkəzdəki geniş səhralarda əhali
çox az idi. Bu günün özündə də orada ərazi azlıq təşkil edir. Belə bir yaşayış
tərzi olan yerdə ev tikib daimi məskunlaşmağın heç bir mə’nası yox idi. Ona görə
də səhra sakinin evi gərək yüngül olaydı ki, onu istədiyi vaxt söküb özü ilə
apara və başqa bir yerdə qura biləydi. Belə bir ev keçi yunundan əyirilmiş iplə
toxunmuş çadırlar, dirəyi isə xurma ağacının budaqları idi.
Köçəri halda yaşayan səhra
sakinləri çalışırdı bu yer dəyişmələrdə hər zaman zəruri olan şeyləri özü ilə
aparsınlar. Çadır (alaçıq), yatmaq üçün ev ləvazimatları, su tuluğu, su
qızdırmaq üçün qab, ərzaq, ara-sıra kobud bir döşək, yük daşımaq üçün dəvə və bə’zi
hallarda da qoyun onların əmlakı hesab olunurdu. Əlbəttə işlərin ağırlığı
qadının üzərinə düşürdü, ancaq övladların barəsində təbiidir ki, çöldə yaşayan
ərəb qız övladından daha çox oğlan uşağına meyl göstərirdilər. Çünki, oğlan
uşağı uşaqlıqda dəvəyə göz qoyar, atanın işlərinə kömək edərdi. Böyüdükdə isə
ailəni əsgər kimi düşmənin zərərindən qoruyardı. Belə şəraitdə qız uşağı əl-ayağa
dolaşırdı və gərək daim onu qoruyan olaydı. Elə buna görə də çöl ərəbləri qız
uşaqlarını sevmirdilər. Eşidəndə ki, onların qızları olub çox narahat olurdular.
Qur’ani-kərimdə oxuyuruq: Onlardan birinə qızı olması ilə müjdə verdikdə
qəzəbdən üzü qap-qara qaralardı. Verilən xəbərin pisliyi üzündən öz tayfasından
qaçıb gizlənərdi. Gərəsən o körpəni zillət içində saxlayacaq, yoxsa torpağa
basdıracaq? Bir görün onlar necə pis mühakimə yürüdürlər! (oğlanları özlərinə
götürüb qızları Allaha isnad edirlər) (Ən-Nəhl 58-59)
Bu narahatçılığın başqa bir səbəbi
də var idi. İslamdan qabaq çadırda yaşayanlar, müharibə və münaqişə dolu bir
həyat sürürdülər. Bu müharibələrdə qalib olan dəstə qadınları və qızları əsir
götürüb aparırdılar. Qadın və qızın əsir düşməsi məğlub olan dəstə üçün ən böyük
təhqir sayılırdı, çünki bununla nəslin namusu (təmizliyi) aradan gedirdi. Buna
görə də biz ərəblərin nəsəblər kitabında görürük ki, onlar çalışıb öz
nəsəbnamələrini qorumuşlar. Bununla onlar yad bir adamın onların öz nəsil və
soylarına daxil olmamağını və soylarının təmiz qaldığını göstərmək istəyirlər.
Əvvəldə Qeyd etdiyimiz kimi, bədəvi
ərəblər daim su tapmaq üçün hərəkətdə olmuşdur. Bu gediş-gəlişdə arvadı və
övladı onunla birgə olmuş, çünki səhra çalışma səhrasıdır. Onu da qeyd edək ki,
qarşıya çıxa biləcək bə’zi çətinliklərin öhdəsindən bir ailə belə təklikdə gələ
bilmir. Çarəsizlikdən bu səfərlərdə bir neçə ailə birlikdə getməyə məcburdur.
Ancaq bu ailələri bir-birinə yaxınlaşdıran səbəb (nəsəb-nəsil) olmalıdır. Belə
ki, ya qardaş, ya əmi oğlu və ya qız alıb-verməklə bir-birləri arasında qohumluq
əlaqəsi olmalıdır. Belə yaxınlıq əlaqəsi olan birliyə “qövm” deyilir. Bir neçə
qövmün birliyindən isə qəbilə meydana gəlir. Qəbilələr çox vaxt “bəni Hərb, bəni
Təyyim, bəni Ədiy” və s. bu kimi adlarla adlanırdılar. Alaçıqda yaşayanlar
(yə’ni səhra sakinləri) heç vaxt kənar qəbilənin hökmranlığını qəbul etmirdilər.
Səhranı gəzmək, mənzil başında
dayanmaq, ixtilaf düşdükdə hakimlik etmək, “şeyx” adlı rəhbərin üzərinə düşür
ki, yaşca hamıdan böyük olurdu. Şeyx qəbiləni keçmiş ata-babalarından miras
qalmış adət-ən’ənələrlə (sünnətlərlə) idarə edir. Bu vəzifəyə seçilən şeyx gərək
lazım olan şərtləri və xüsusiyyətləri özündə toplaya bilən şücaətli, səxavətli,
güzəştə getməyi bacaran, əlinin altındakılara təsəlli verən və qəbilənin
marağını qorumağı bacaran şəxs olmalı idi. Düşmənçilik zamanı hakimlik etmək,
müharibə əmrini vermək hansısa bir qəbiləyə birləşmək və ya ondan ayrılmaq kimi
məsələlər də şeyxin öhdəsinə düşür. Hətta hansısa əqidəni və ya dinin qəbul
edilib edilməməsində şeyxin rə’yi əsas rol oynayırdı. Əgər qəbilənin şeyxi hansı
dini və ya ən’əni qəbul etsəydi, təbii olaraq qəbilənin üzvləri də o dini və
adət-ən’ənəni qəbul edirdilər. Əlavə edək ki, islam dininin gəlişi ilə başqa
sünnətlər kimi, qəbilənin bu adət-ən’ənənəsi də pozuldu. Belə ki, üzvlər islam
dinini qəbul etdiyi halda, qəbilənin şeyxi ona meyl göstərmirdi.
Belə bir mühitdə həyat sürmək üçün
daim gərək təbiət və insanla mübarizə aparasan. Elə ona görə də ardıcıl
münaqişələr baş verirdi. Dəvə və qoyun onun mal-dövləti, su və ot isə onun
dirilik mənbəyi idi. Qeyd etdiyimiz kimi, bu səhrada su və ot az tapılan bir
şey, onu axtaranlar isə çox idi. Bunları əldə etmək üçün onlar bir-biri ilə
üzləşməli və ya vuruşmalı idilər.
Bundan əlavə başqa dəstələrə hücum
edərək var-yoxlarını qarət etmək, bununla da öz rahatlıqlarını tə’min etmək
səhra sakinlərinin adi işlərdən biri sayılırdı. Elə bu səbəbdən də onların
tarixində islamdan qabaq kiçik məsələlər üstündə çoxlu qanlar tökülmüş və
adamlar öldürülmüşdür. Belə münaqişələr illər boyu davam etmişdir. Bu barədə
daha ətraflı mə’lumat almaq üçün “Əyyamül-ərəb” kitablarına müraciət etmək
lazımdır.
Biz burada yalnız nümunə olaraq
Təğləb ilə Bəni-bəkr qəbiləsi arasında baş vermiş Bəsus müharibəsinə işarə
edəcəyik. Bu qəbilənin hər ikisi Rəbiə tayfasındandır. Bunlar arasında baş verən
müharibə 40 il davam edib. Səbəbi da bir qəbilənin otluq sahəsinə o biri
qəbilənin dəvəsinin girməsi olmuşdur.
İslamdan qabaq ərəblər baş vermiş
müharibələrə və münaqişələrə dair şe’rlər və qəhrəmanlıq dastanları qoşaraq
iftixar hissi ilə oxuyurdular. Belə şe’r və dastanlar sinələri dolaşaraq
nəsildən nəsilə ötürülürdü. (Elə bu səbəbdən idi ki, şe’r ərəblər arasında
rövnəq tapmış, qəhrəmanlıq ədəbiyyatı isə güclənmişdi.)
Səhra övladı sağlam mühitdə
böyüdüyü üçün gümrah və sağlam bədənə malik idi. Digər tərəfdən də heç bir
qayda-qanuna tabe olmayaraq azad və lovğa yaşamaq istəyirdi. Şəhər yaşayışına,
adət-ən’ənə və qoyulmuş qayda-qanunlarına e’tinasız və rişxəndlə yanaşırdı. Əgər
zərurətdən bir neçə günlüyə şəhərə getmiş olsaydı belə, ürəyi səhra və
alaçığının yanında qalırdı. Onun ömür sürdüyü ocaq ilk növbədə ailəsi, sonra qan
qohumları idi ki, bir yerdə yaşayır, bir yerdən başqa yerə də birlikdə
gedərdilər. Özünə və ona bağlı olan hər bir şeyə hörmət edər, onların müdafiəsi
üçün canından keçməyi belə hazır olardılar. Onu bu müdafiyəyə təhrik edən yeganə
amil nəsil cəhətdən bir-birlərinə bağlılıq idi. O, öz qohumuna arxa çıxan zaman
kimin günahkar olmasını soruşmazdı. Qəhtani və Ədnani qəbilələrinin öz daxilində
çoxlu sayda münaqişə və müharibələr baş verməsinə baxmayaraq, kənardan əgər
onlara hücum etsəydilər bütün ixtilafları kənara qoyub birləşərək düşmənə qarşı
birgə vuruşardılar. Məsələn, Həmdan və Qəzaə qəbilələri uzun müddət bir-birləri
ilə müharibə etdiyi zaman, qəfildən Rəbiə qəbiləsi onlardan birinin üzərinə
hücuma keçərdi. Bu vaxt onlar öz aralarındakı münaqişəni kənara qoyub bir yerdə
Rəbiə qəbiləsi ilə vuruşardılar. Bu yaxın qohumların qeyrətini çəkmək hissidir
ki, Qur’an bunu cahiliyyət dövrünün qeyrəti və şərəf hissi kimi qələmə
vermişdir.
İsti və quru səhrada həyat sürmək,
sərtliyi və rəhimsizliyi onlara təlqin edirdi. Əgər əlverişli şərait olsaydı,
bəlkə də sərtlikdən istifadə etmək özünün son həddinə çatmazdı.
Bu döyüşkənlik, dözümlülük səhra
sakininin hərəkət-tərzi idi. Ancaq onların təbii həyatlarında başqa şeylər də
nəzərə çarpırdı.
Onunla bağlılığı olan bir nəfərin
və ya bir neçə nəfərin yolunda fədakarlıq göstərməyə, malından, hətta canından
da keçməyə hazır idi. Bə’zən belə fədakarlıq divanəlik həddinə gəlib çatardı.
Ərəblərin zərbül-məsəllərində rast gəlirik:
Məsələn deyirlər ki, bir kişi səhər
tezdən öz alaçığından bayıra çıxıb görür ki, bir dəstə adam onun xeyməsinin
ətrafında toplanıb. Səbəbini onlardan soruşduqda deyirlər ki, dünən axşamdan bir
dəstə çəyirtkə sənin alaçığının ətrafına toplaşıblar ki, biz də istəyirik onları
ovlayaq. O kişi çadıra dönərək, nizəsini çiyninə alıb gəlir və onların
qarşısında dayanaraq belə deyir: Çəyirtkələr mənim alaçığımın kölgəsinə
sığınıblar, siz də istəyirsiniz onları ovlayasınız? Belə bir işə əsla icazə
vermərəm. Əgər bir nəfər çəyirtkələrə yaxınlaşsa mənim nizəmin qurbanı olacaq.
O, günəşin doğub çəyirtkələrin uçub getməsinə qədər müqavimət göstərdi. Sonra
dedi: İndi çəyirtkələr mənim himayəmdə deyil, siz gedib onları ovlaya
bilərsiniz.
Qeyd etdiyimiz kimi, beşinci
yüzillikdən Ərəbistan yarmadasının ictimai həyatında dəyişikliklər baş verdi.
Xalqın yaşayış tərzində də müəyyən yeniliklər hiss olunurdu. Karvan yolunun
dəyişməsi yeni şəhərlər və şəhər tipli qəsəbələrin salınmasına səbəb oldu. Bu
kiçik şəhərlər səhra sakinlərini özünə cəlb edirdi. Onlardan bir dəstəsi şəhərdə
muzdurluq edər, başqa bir dəstə isə karvan yolunu qorumaq və ticarət mallarının
limanlara çatdırılması vəzifəsini yerinə yetirirdilər. Karvanlara bələdçilik
edən bədəvilərə kömək edən amil onların məharətli at minib-sürmələri idi.
Dediyimiz cənubda Mə’rəb səddinin dağılması ilə əkinçiliyin ağır vəziyyətə
düşməsi, bütövlükdə Ərəbistan yarmadasının ümumi vəziyyətinə tə’sir etmişdi.
Ancaq həmin vaxtlar sahil boyu – İran körfəzindən tutmuş Qəzzə limanına qədər və
Əqəbə körfəzi – ticarət əhəmiyyəti kəsb etdiklərini qoruya bildilər. Bu uzun yol
boyunca cəzb olunan yerlərdə əhali cəmləşirdi. Belə ki, xaçpərəstlərin bir
dəstəsi Hərrana, yəhudilər isə Yəsribə gedərək əkinçiliklə məşğul oldular.
DİN VƏ E’TİQADLAR
Ərəbistanın cənubunda səma
cismlərindən günəşə, aya, ulduza pərəstiş (ibadət) etmək çox qədim zamanlardan
bəri rəvac tapmışdı. Səba qövmünün günəşə pərəstişinə Qur’ani-kərimdə işarə
olunmuşdur. Ərəbistanın şimalında da bu e’tiqadın ardıcıllarına rast gəlmək
olurdu.
Səhra bədəviləri demək olar ki,
hamısı bütpərəst idilər. Onlar şəhərlərdə məskunlaşmalarına baxmayaraq
bütpərəstlikdən əl çəkməmişdilər. Qəbilənin bütün bütləri üçün məxsus ibadətgah
yeri yox idi. Bə’zi qəbilələr öz bütlərini elə bir yerə qoyurdular ki, hamı onun
ziyarətinə getsin. Ancaq bir çox qəbilələr bütləri özləri ilə birlikdə
gəzdirirdilər. Bu bütlər taxta və ya daşdan, bə’zən isə xurma ağacından düzəlir
və lazım olan vaxtda ondan istifadə edilirdi. Qur’ani-kərimdə bu bütlərin bir
neçəsinin adı çəkilib.
1.Lat.
2.Uzza – Kəlbinin dediyinə görə
Latdan sonra bu bütə ibadət olunub.
3.Mənat – Ous və Xəzrəc
qəbilələrinin hörmət bəslədiyi bir büt olub.
4.Vədd – Kəlb qəbiləsinin bütü idi.
5.Suvay – Hüzeyl qəbiləsinin
bütüdür, Yənbu’da yerləşmişdir.
6.Yəqus – Məzcih qəbiləsinin bütü
idi.
7.Yəuq – Xəyvan qəbiləsinin
bütüdür, Səna’da yerləşmişdir.
8.Nəsr – Himyər qəbiləsinin bütü
idi.
Qüreyş qəbiləsinin də Kə’bə
daxilində və ətrafında bütləri var idi ki, onların ən böyüyü Hubəl idi.
Kəlbi ərəblərin bütlərə sitayiş
etməsi barəsində belə deyir: Məkkədən keçən hər bir karvan Kə’bənin həyətindən
bir daş götürüb özləri ilə aparır, Kə’bəni xatırlayaraq o daşın ətrafına
dolanırdılar. Bu daşa tə’zim etdikdən sonra başqa ibadətləri yerinə
yetirirdilər.
Yazılanlara görə Əmir ibni Luhəy
bütpərəstliyi Şam əhalisindən öyrənmiş və oradan özü ilə bir büt gətirərək Kə’bə
evinin yaxınlığında yerləşdirmişdi.
Əgər Kəlbinin bu tə’biri doğru olsa
da belə, bütövlükdə ərəblərin bütpərəstliyini deyil, bəlkə məxsus qəbilələrin
bütpərəst olmağını xatırladır. Çünki ərəblərin hamısı Məkkəyə gəlmirdilər,
gəlsəydilər də onu özləri ilə aparmırdılar. O zaman ağaca pərəstiş, Qeyd
etdiyimiz kimi, aya, günəş və ulduzlara pərəstiş səhra sakinləri arasında rövnəq
tapmışdı. Onu da qeyd etmək lazımdır ki, onlar xeyir və bərəkət mənbəyi
bildikləri bə’zi şeylərə pərəstiş edir, təsəvvür etdikləri tərzdə ona oxşar
bütlər düzəldirdilər. Necə ki, onlar bə’zi şeyləri şər mənbəyi kimi qəbul
edirdilər.
Onların təsəvvürünə görə cin zərər
və ziyan mənbəyi, bə’ziləri üçün isə faydalı bir şey sayılırdı. Belə ki, bə’zi
şairlərin təblərinə uyğun cinləri var idi ki, şe’rləri onun zehninə salırdı.
Qeyd olunduğu kimi, islam dinindən
əvvəl səmavi dinlərdən olan yəhudi dininə, xristianlığa və zərdüştliyə itaət
edənlər Ərəbistan yarmadasında var idi. Hətta Hicazda bir neçə nəfər Mani dini
ilə də tanış idi və ona e’tiqad bəsləyirdilər. Xristianlıq cənubdan Həbəşistan
vasitəsi ilə oraya daxil olmuşdu. Deyilənə görə, şimalda ilk dəfə Təğləb, Quza’ə
və Ğəssan qəbilələri Rum imperiyası vasitəsi ilə qüvvətlənərək bu dini qəbul
etmişdilər. Hiyrə İrana yaxın olduğuna görə orada zərdüştlik yayılmışdı, ancaq
bununla yanaşı bir dəstə xristianın olması da tarixdə qeyd olunmuşdur.
Kəlbinin yazdığına görə islamdan
əvvəl bir dəstə ərəb Məkkəyə həcc ziyarətinə gedər, həcc, ümrə, Ərəfatda qalmaq
və qurban kəsmək kimi işləri yerinə yetirərdilər.
İlin dörd ayını, o cümlədən
ziqə’də, zihəccə, rəcəb və məhərrəm ayları haram sayılır və bu aylarda
bir-birləri ilə müharibə etməzdilər.
İslamın zühuruna yaxın vaxtlarda
Məkkə və Mədinə ətrafında bir qurup adamlar da var idi ki, onlar bütpərəstliyə
e’tinasız yanaşır, qan tökməkdən və zülmdən uzaqlaşaraq, o dövrdəki səmavi
dinlərə e’tiqad bəsləmirdilər. Onların dini ayinləri yox idi. İslam ilahiyyət
alimləri onları Hünəfa adlandırmışlar. Onun tək forması hənifdir ki, mə’nası
batil olan dindən dönmək deməkdir. Ancaq Qur’ani-kərimdə Hənif və ya Hünəfa
kəlməsi İbrahim peyğəmbərin (ə) dinində olanlara şamil edilmişdir.
İbni Hişam Zeyd ibni Əmr ibni
Nufeyldən bir neçə beyt şe’r nəql edilmişdir ki, o bu beytlərdə “Lat”, “Uzza” və
digər bütləri tənqid etmiş, onlardan əl üzərək yeganə Allaha üz çevirdiyini
ifadə etmişdir. Əgər doğrudan da bu beytlər Zeyddən olsa, onda onu Hünəfa
qrupunun üzvündən saymaq olar. Deyilənlərə görə Peyğəmbər (s) onun bağışlanması
üçün dua etmişdir.
Ancaq ibni Hişamın nəql etdiyi
şe’rin üslubu, islamdan qabaqkı ərəblərin yazdıqları şe’rlərlə fərqlənir.
MƏKKƏDƏ QANUN VƏ DİN
Məkkə şəhərinin qanunu qəbilələr
arasında bağlanan əhd-peymandan ibarət idi. Bu qanun əsasında hər qəbilənin və
ona qohum olanların hüququna ayrı qəbilələr tərəfindən hörmət qoyulurdu. Əgər
bir nəfərin hər hansı bir qəbilə ilə qohumluğu və ya bağlılıq əlaqəsi olmasaydı,
heç bir qanun onu zülmkar qarşısında müdafiə və ya himayə etməzdi.
MƏKKƏNİN MƏRKƏZƏ
ÇEVRİLMƏSİ
Ərəbistanın cənubunda baş vermiş
dəyişiklik, əhalinin müxtəlif nöqtələrə səpələnməsi və səhra vasitəsi ilə
ticarət yolunun rövnəq tapmasından sonra, əhalinin böyük əksəriyyətinin
məskunlaşdığı yerlərdən biri də Məkkə şəhəri idi. Məkkə Qırmızı dənizə yaxın
olmaqla yanaşı, bir tərəfdən Şam və Fələstin ticarət yolunun üzərində yerləşmiş,
digər tərəfdən isə Yəmənin ticarət yolunun üzərində əlaqə vasitəsinə
çevrilmişdi. Bu şəhər ticarət üçün əlverişli mövqeyindən əlavə, başqa bir
əhəmiyyətə də malik idi. Yarımadanın müxtəlif nöqtələrindən əhali ilin müəyyən
mövsümündə bu şəhərə axışırdılar. Bildiyiniz kimi, Kə’bə evi Məkkə şəhərində
yerləşmiş, islamdan min illər əvvəl də ona ehtiram qoymuşlar. Qur’ani-kərim
deyir: İbrahim (ə) öz ailəsini Hicazın susuz və bitkisiz ərazisində
yerləşdirərək öz Allahına dua edir:
İbrahim zamanından Kə’bə evi yeganə
Allaha ibadət olunduğu məkana çevrildiyi üçün, bu yer böyük əhəmiyyətə malik
olmuşdur. Ancaq o dövrün əhalisinin hansı tərzdə yaşaması və ibadətlərinin növü
də mə’lum deyildir. Məkkənin tarixi demək olar ki, iki mənbədən aydınlaşır -
Qur’ani-kərim xəbər verdiyi ibtidai tarix və bir də Peyğəmbərin (s) dünyaya
gəlişindən yüz il qabaqkı dövr. Şübhə yoxdur ki, beşinci və altıncı əsrlərdə
Məkkə abad şəhər olmuşdur. Onun Qırmızı dənizə yaxın olması Afrikanın şimal
tərəfdən Suriya ilə ticarət yolunu birləşdirməsinə səbəb olmuşdur.
Kə’bə evinin ziyarətgah olması və
müəyyən mövsümdə həcc karvanlarının gəlişi də Məkkənin abadlaşmasına köməklik
etmişdir.
Qeyd etdiyimiz kimi, yarmadanın
cənubundakı durumun dəyişilməsi ilə əhali oradan başqa məntəqələrə köçd&;;;;;#252;lər.
Bunların arasından Curhum və Xuzaə’ qəbiləsi Məkkədə məskunlaşdı. Curhum
qəbiləsinin Yəməndə yaşamaları dövrü tarixi mə’lum deyildir. Bə’zi tarixçilər
onların İsmayıl (ə) peyğəmbərin dövründə yaşadıqlarını qeyd edirlər. Curhum
qəbilsi əvvəldə Məkkənin hakimiyyətini ələ keçirdilər. Ancaq Xuzaə’qəbiləsi
gəldikdən sonra onların arasında müharibə baş verdi ki, ondan sonra şəhərin
hakimiyyəti Xuzaə’ qəbiləsinin əlinə keçdi. Xuzaə’ qəbiləsinin Məkkə şəhərində
hakimiyyəti islam Peyğəmbərinin (s) ulu babası Qusəy ibni Kilabın dövrünə qədər
davam etdi. Qusəyin adı Zeyd və anası isə Səid ibni Səyəlin qızı idi. Zeydin
anası Kilabın vəfatından sonra Xuzaə qəbiləsindən olan Rəbiət ibni Huzamla ailə
həyatı qurmuş, sonra isə oğlu Zeydlə birlikdə ərinin qohumlarının yaşadığı Şam
şəhərinə getmişdir. Deyilənə görə Zeydə vətənindən ayrı düşdüyünə görə Qussəy
(yə’ni uzaq düşmüş) ləqəbi verilmiş, sonra isə ləqəbi onun adını əvəz etmişdir.
Qusəy həddi-büluğa çatdıqdan sonra
Məkkəyə dönmüş, Xuzaə qəbiləsinin böyüklərindən olan Huləylin qızı ilə ailə
həyatı qurmuşdur. Və bu qadından onun Əbdud-dar, Əbd-Mənaf, Əbdül-Üzza və
Əbd-Qusəyy adlı dörd oğlu dünyaya gəlmişdir. Qusəyy Məkkə hakimiyyətini Xuzaə
qəbiləsinin əlindən alaraq, şəhərdən kənarda məskunlaşmış Qüreyş qəbiləsindən
olan qohumları şəhərin daxilinə gətirmişdir.
İslamın zühurundan əvvəl Məkkə
şəhərində yazıb-oxumaq üçün xüsusi bir məkan olmamışdır. Ancaq bə’zi ailələrdə
zəruri olaraq yazı-pozu və oxumaqla məşğul olan adamlar var idi.
Lakin səhra sakinlərinin yazmaq və
oxumaq bacarmaları haqda heç bir dəlil və sənəd yoxdur. Çox nadir hallarda
təsadüfən bir şair və ya kahin öz vətənini tərk edərək qonşu ölkələrə səfər edər
və orada yazıb-oxumaq öyrənərdi. Şairlərin yazdığı şe’rlər və kahinlərin öyüd-nəsihətləri
(xütbələri) xalq tərəfindən öyrənilərək sinələri dolaşırdı. İldə bir dəfə Taif
ilə Nəxlə arasında yerləşən Uxkaz bazarında, zi-qə’də ayında Mərrul-Zəhran
bazarında və ondan sonra isə zil-Məcazda (Ərəfə yaxınlığında yerləşən yer adıdır)
şairlər yazdıqları şe’rləri xalqa oxuyardılar.
Qüreyş qəbiləsi Məkkə hakimiyyətini
bəni Xuzaənin əlindən aldıqdan sonra get-gedə ticarətlə məşğul olmağa başladılar.
Onlar Ərəbistanın cənub və şərqindəki məhsulları Aralıq dənizinin limanlarına
daşıyar, Dəməşq bazarlarından isə Hicaza buğda, zeytun, ipək parça və başqa
məhsullar gətirərdilər. Qureyş karvanı ildə iki dəfə ticarət səfərinə çıxırdı –
qışda Yəmənə, yayda isə Şama (Suriya) tərəf. İbni Hişamın yazdığına görə, bu iki
səfər Peyğəmbərin (s) ulu babası Haşimin təşəbbüsü ilə yaradılmışdır.
Qur’ani-kərimdə bu iki ticarət
səfərinə işarə olunmuşdur.
Səhrada yaşayan maldarlıqla məşğul
olanlar da Məkkə şəhərində məskunlaşdılar. Topladıqları pullarla ya ticarət edər,
ya da sələminə borc verərdilər. Onlar şəhərdəki belə yaşayışın səhra həyatından
mənfəətli və zərərsiz olduğunu artıq dərk etmişdilər. Bundan əlavə başqa
qəbilələrlə müharibə etmək və ya qonaq evi düzəldib imkansızlara əl tutmağa
ehtiyac duyulmurdu. Məkkə şəhərinin tədrici inkişafı alaçıqda yaşayanları özünə
cəlb edirdi. Onlar heyvandarlıq və səhra gəzintisindən əl çəkərək şəhərə üz
tutdular və dövlətli təbəqəyə qulluq göstərməyə başladılar. Çox keçmədi ki,
Məkkədə iki ictimai sinif meydana gəldi. Azlıq təşkil edən varlı təbəqə -onlar
mal-dövlət toplamaqdan başqa heç bir şey haqda düşünmürdülər. Çoxluq təşkil edən
yoxsul təbəqə - onlar öz enerjilərini varlı təbəqəyə qulluq göstərməkdə sərf
edib müqabilində çox az bir gəlir əldə edirdilər.
İslamın zühuruna yaxın bir vaxtda
Məkkə şəhərində ictimai durum həddindən artıq gərgin idi. Qüreyş başçıları Məkkə
şəhərinin hakimiyyətini əldə etmiş və Kə’bə evinin nəzarətini özləri üçün
üstünlük hesab edirdilər. Ancaq bu üstünlük dini xarakter daşısa da, əsl
həqiqətdə zorakılıq və qəddarlıq sayılırdı. Fitri cəhətdən tək Allahlığa mayil
olan insan, şeytani meyillər tərəfindən məğlub edilmiş, zülm isə insani ədalətin
yerini tutmuşdu. Nə zalımı düz yola də’vət edən bir din, nə də zülm çəkənlərin
harayına yetişən bir qüvvə var idi. Qeybdən kiminsə gəlib bu işləri görməsinin
vaxtı artıq çoxdan yetişmişdi.