DataLife Engine > Islam > Imam Mehdi 2
Imam Mehdi 220 äåêàáðÿ 2006. Ðàçìåñòèë: Ismail |
|
İMAM MEHDİ (ə) (ikinci hissə) Uzun ömür barəsindəki elmi araşdırmalar həqiqətdə fiziologiyanın qocalıq və zəiflik (insan bədənində olan toxuma və hüceyrələrə aid olan təbii qanunun nəticəsi kimi qocalıq və əldən düşmək) barədə təqdim etdiyi anlayışdan asılıdır. Şəkk yoxdur ki, insan bədəni inkişafın son mərhələsinə çatdıqdan sonra yavaş-yavaş geriləməyə başlayır və həyatın davam etdirilməsi üçün daha az qüdrətə malik olur. Tədricən başlayan zəifləmə prosesi getdikcə dərinləşir və nəhayət bədən öz fəaliyyətini dayandırır. Görəsən bu qanun hətta hər növ xarici tə`sirlərdən uzaqda qalan bir bədən barəsində də doğrudurmu? Yoxsa qocalıq və bədən qüvvələrinin işdən düşməsi bədənin xarici amillərlə mübarizəsinin nəticəsidirmi ki, onlar insanın bədəninə yol tapırlar? Bu sual barəsində müasir elm dərindən maraqlanır və ona cavab verməyə çalışır. Müasir elmi nailiyyətlər çərçivəsində bu sual dərindən araşdırılmış və ona müxtəlif cavablar verilmişdir. Qeyd olunur ki, əgər qocalıq və zəiflik bədənin xarici amillərlə mübarizəsindən yaranırsa, onda nəzəri cəhətdən mümkündür ki, insan bədənini təşkil edən toxumalar onda tə`sir qoyan amillərdən uzaqda qalsın, nəticədə insanın ömrü uzun olsun. Amma əgər başqa bir cəhətdən araşdırsaq, bu nəticəyə çatarıq ki, qocalıq bir təbii qanundur və hər bir toxuma və hüceyrənin öz daxilində labüd və qaçılmaz «yoxluq» amili gizlənmişdir ki, zamanın keçməsi ilə canlı varlığı istər-istəməz qocalıq və ölümə çatdırır. Məsələni bu baxımdan da araşdırsaq zəruri deyildir ki, bu təbii qanunda heç bir istisna olmasın; əgər belə bir qanun danılmaz və həqiqi surətdə mövcud olarsa, yenə də onda istisna xarakteri daşıyan hal ola bilər. Çünki həm biz öz adi həyatımızda, həm də mütəxəssislər öz elmi təcrübələrində müşahidə edirlər ki, qocalıq bir fizioloji varlıq və fenomendir və zamanla heç bir rabitəsi yoxdur. Bə`zən yaxın, bə`zən də uzaq zaman fasiləsi ilə aşkar olur. Bə`zi şəxslər yaşlarının ötməsinə baxmayaraq gec qocalır və onlarda qocalıq əlamətləri çox gec müşahidə olunur. Bə`ziləridə isə bunun tamam əksi aşkar olur. Həkimlər və mütəxəssislər də bu qanunun müstəsna hallara malik olmasını təsdiq edirlər. Hətta alimlərdən bə`ziləri bir sıra mütəxəssislərin iddiasının xilafını sübuta yetirmiş və dəyişməz hesab olunan bu qanuna istisnalar gətirərək heyvanlardan bə`zilərinin ömrünü təbii ömürlərindən bir neçə yüz qat artıra bilmişlər. [12] Onlar gözə çarpacaq müvəffəqiyyətlər əldə etməklə təbii qocalmaq qanununu pozdular və sübut etdilər ki, qocalığın tə`xirə salınması müəyyən amil və şəraitlərin yaradılması ilə elmi cəhətdən mümkün olan bir işdir. Müasir elmin bu kimi təcrübələri insan üzərində aparmaqda aciz olması yalnız insanın heyvanla müqayisədə daha mürəkkəb quruluşa malik olması ilə əlaqədardır. Buna əsasən, elm özünün mütərəqqi fəaliyyətləri ilə göstərir ki, nəzəri baxımdan insan ömrünün uzun olmasının mümkünlüyünü inkar etmək üçün heç bir dəlil mövcud deyildir. İstər qocalığı bədənin xarici amillərlə mübarizə aparıb onlardan tə`sirlənməsinin nəticəsi, istərsə də canlı varlıqlara hakim kəsilən və onları ölümə doğru sürükləyən təbii bir qanunun nəticəsi hesab edək. Qeyd olunanların nəticəsi kimi Həzrət Məhdi əleyhissalamın uzun ömrü barəsində araşdırma aparırıq və bu barədə yaranan suallara cavab veririk. Uzun ömürlülüyün məntiqi və elmi mümkünlüyü aydın olduqdan sonra, habelə elmin bu nəzəriyyəni əməli olaraq həyata keçirmək barədə sə`y apardığını nəzərə alsaq, təəccüb üçün heç bir yer və dəlil qalmaz. Yeganə bəhanə yeri bu ola bilər ki, Məhdi əleyhissalamın elmində şəkk edək və onun elminin bəşər elmindən irəlidə olmasını qəbul etməyək! Əgər «İslam bu rəhbərin həyat və sağlamlığının qorunub saxlanmasında bəşər elmindən necə qabağa keçə bildi?» - deyə soruşsalar, cavabında demək lazımdır: Bu yeganə hal deyildir ki, İslam bəşər elminin inkişafından qabağa düşmüş olsun; əksinə çoxlu hallar vardır ki, İslam bəşəriyyətin çata bilmədiyi elmi zirvələri uzun illər bundan öncə fəth etmişdir. Məgər İslamın şəriət məcmuəsi öz elmi hərəkətində və insani əndişələrin təbii inkişafında misilsiz nailiyyətlər əldə etməmişdirmi? Məgər bu müqəddəs amal insana düzgün rəhbərlik barəsində möhkəm və tutarlı proqramlar təqdim etməmişdirmi ki, bəşər övladı öz müstəqil hərəkətində yüz illər addımladıqdan sonra o proqramlara çatmağa ləyaqət tapmışdır. Məgər İslam düzgün və möhkəm qanunlar gətirməmişdirmi ki, son əsrlərdə o qanunların fəlsəfə və sirlərinin yalnız müəyyən bir hissəsini dərk edə bilsin? Məgər İslam Peyğəmbəri yaradılış sirlərini bəyan etmirdimi? Hansı ki, o sirlər heç bir insanın xatirindən silinməmiş və yalnız elmi təkamül yolunu qət etdikdən sonra bunlar isbat olunmuşdur.? Əgər bütün bunlara inanırıqsa, onda İslam şəriətini göndərən qadir Allahın Məhdi əleyhissalamın elmini zamandan qabağa salmasını necə çətin hesab edə bilərik?! Biz burada İslamın elmdən qabağa düşməsinin yalnız bir hissəsini özümüz üçün istinad nöqtəsi seçirik ki, birbaşa onları dərk edə bilək. Mümkündür ki, İslamın qabaqcadan xəbər verdiyi başqa nümunələri də ona əlavə edək ki, hələ bəşər elmi təkamüldə ona çatmamışdır. Misal üçün, Allah-təala bizi agah etmişdir ki, öz Peyğəmbərini (bir gecədə) Məkkə evindən Məscidul-əqsaya doğru aparmışdır. Bu aparılmanın necəliyini əgər təbii qanunlar sərhədlərində araşdırsaq, onun təbiət qanunlarına hakim olan qanunlardan bəhrələndiyini görəcəyik. Belə ki, elm hələ də onun xüsusiyyətlərini araşdıra bilməmişdir. Hətta onun keyfiyyəti və necəliyinin bəyan olunması üçün yüz illərlə vaxt lazımdır. Allah-təala Peyğəmbəri işıq sür`əti ilə hərəkət etdirmək qüdrətini xəbər vermişdi. Allah-təala əməldə mümkün olmayan belə arzuları Peyğəmbərin axırıncı canişininə müqəddər etmiş və bəşər elmi belə arzulara çatmamışdan əvvəl ona uzun ömür bəxş etmişdir. Böyük Allah tərəfindən insanların xilaskarına, intizarı çəkilən belə bir şəxsə uzun ömür əta edilməsi bə`zi insanlar üçün onun varlığında qəti elm hasil etdikləri sərhədlərdə təəccüblü bir iş kimi görünür. Amma bu rəhbərin dünyanı dəyişdirib yenidən quracağı camaatın qəbul edəcəyi sərhədlər daxilində, həmçinin keçmiş tarixi dəyişikliklərin baş verməsi zamanı təəccüblü deyildimi? Məgər dünyanın dəyişdirilməsi və onun bünövrəsinin yeni mədəniyyət əsasında yenidən qurulması onun öhdəsinə qoyulduğu halda həyatının qeyri-adiliyi böyük bir qəribəlik sayılıb təəccüb doğurmalıdır?! Bəs nə üçün böyük tapşırığın başlanğıc işləri bizim qəbul edə biləcəyimiz çərçivədən xaricdə olan varlıqlarla qarşılaşdıqda (İmam Zaman əleyhissalamın uzun ömrü kimi) təəccüb edirik? Çünki bu işlərin xüsusiyyətlərindən yaranan təəccüblər o böyük vəzifənin və`də verilən Məhdi tərəfindən yerinə yetirməsindəki təəccübdən heç də böyük deyildir. İndi əgər bəşər tarixində belə bir yeganə işin baş verəcəyini qəbul etsək (halbuki keçmiş insanların tarixində belə bir şey görməmişik) onda nə üçün tarixdə buna oxşar bir şeyi görmədiyimizi bəhanə edərək onun uzun ömrünü qəbul etməyək? Bəlkə də bu yalnız bir təsadüfi iş ola bilər ki, insan tarixində baş vermiş olsun. Yalnız iki nəfər insan mədəniyyətini və tarixini paklaşdırmaq, fəsad və tüğyançılığın kökünü kəsmək, insan cəmiyyətini yenidən qurmaq üçün əmr olunmuşdu. Onların hər ikisi adi bir insanın ömründən on dəfələrlə artıq ömür sürmüşdülər. Birincisi həzrəti Nuh idi ki, öz vəzifəsini keçmişdə yerinə yetirərək başa çatdırmış və Qur`anın aşkar buyurduğu kimi 950 il öz ümməti arasında təbliğ etmişdir. Nəticədə Nuhun tufanının ardınca dünya mədəniyyəti yenidən quruldu. Digəri isə Məhdi əleyhissalamdır ki, öz rolunu gələcəkdə ifa edəcəkdir və indiyə qədər öz qövmünün arasında 1000 ildən artıq ömür sürməkdədir. Allahın təqdiri belə olmuşdur ki, o, və`də verilən gündə zühur edib dünyanı yenidən qursun. Bəs necə ola bilər ki, Nuhun uzun ömürlülüyünü qəbul edək, amma eyni şeyin Həzrəti Məhdiyə aid olunmasında şübhəyə düşək?! 2 – UZUNÖMÜRLÜLÜK VƏ MÖCÜZƏ Mə`lum oldu ki, uzun ömürlülük elmi cəhətdən mümkün bir işdir. Amma burada, gətirdiyimiz dəlil-sübutları nəzərə almırıq və elmi nöqteyi-nəzərdən isə uzun ömürlülük məsələsini qeyri-mümkün, qocalığı isə elə bir qətiyyətli qanun hesab edirik ki, bəşər nə müasir dövrdə, nə də gələcəkdə bu təbii qanuna üstün gəlmək bacarığına malik deyildir. Amma həmin fərzdən alınan nəticə yalnız bu ola bilər ki, yüz illərlə ömür sürmək təbii qanunlarla uyğun gəlmir və bu məsələni elm, müasir texnoloji təcrübələr və statistka təsdiq etmir. Görəsən bundan başqa bir nəticə almaq olmazmı? Belə olan halda uzun ömürlük mö`cüzə hesab olunmalıdır, yə`ni Allah-təala belə bir təbii qanunu müəyyən şəraitlərdə tə`sirdən salır ki, səmavi də`vətin keşikçisini məhv olmaq təhlükəsindən qoruyub saxlasın. Və bu, Qur`an ayələri və Peyğəmbər sünnətinin aşkar bəyan etdiyi kimi, müsəlmanların mö`cüzəyə olan e`tiqadıdır. Bu isə öz növbəsində təbii qanunlardan istisna xarakteri daşıyır və burada təəccübə səbəb olacaq heç bir şey yoxdur. Çünki qocalıq qanunu «isti cisimdən soyuq cismə istiliyin nəql olunması və onların hərarətinin bərabərləşməsi» qanunundan heç də üstün deyildir. Halbuki bu qanun İbrahim əleyhissalamın həyatını qoruyub saxlamaq üçün tə`sirdən düşdü. İbrahimi oda atdıqda onun məhv olunmamasının yeganə yolu yalnız bu qanunun qüvvədən, tə`sirdən düşməsi idi. Allah-təala tərəfindən oda əmr olundu ki, «İbrahim üçün sərin və sağlamlıq vasitəsi ol!» Odun içərisinə sağlam şəkildə atıldığı kimi, sağlam halda da qırağa çıxdı və ona heç bir zərər və xəsarət dəymədi. Bundan əlavə çoxlu təbii qanunlar peyğəmbərlərə və yer üzündəki ilahi höccətlərə kömək olsun deyə, qüvvədən və tə`sirdən düşmüşdü. O cümlədən: Böyük Nil çayı Musa əleyhissalam üçün yarıldı. Romalıların casusu oxşar qiyafəyə düşdü, səhv salındı və İsanın tutulması təsəvvür olundu, halbuki onu tutmamışdılar. Həzrət Muhəmməd (s) Qureyş kafirlərinin mühasirəsində olan zaman kafirlər pusquda durmuşdular ki, onu tutsunlar, lakin o çıxıb getdi və onu heç kəs görmədi. Çünki Allah istəyirdi ki, öz Peyğəmbərini onların gözündən gizli saxlasın. Bunların hər biri təbii qanunlardan hansı birininsə tə`sirdən düşməsini göstərir ki, bununla Allahın hikməti onların sağ qalmasını və onlar üçün dayaq olmasını göstərir. İndi bu məsələnin, qocalıq qanununun pozulmasının həmin nümunələrdən olmasının nə kimi iradı vardır? Keçən bəhslərdən ümumi bir nəticə alaraq demək olar: hərgah Allahın höccətlərindən birinin həyatının qorunub saxlanması, onun işinin davam etdirilməsi və islahatçılıq vəzifəsinin sona çatdırılması zəruri olarsa Allahın lütfü məsələyə müdaxilə edir və onu qoruyub saxlamaq üçün təbii qanunlardan birini tə`sirdən salır. Bunun əksinə olaraq, onun risaləti və müəyyən olunmuş ilahi vəzifələr sona çatdırılmış olsa, onda həyatın təbii qanunlarına müvafiq olaraq ya təbii ölümlə, ya da şəhadət vasitəsi ilə həyatını başa çatdırır. Burada bir sual qarşıya çıxır ki, görəsən hər hansı bir təbii qanunun tə`sirdən düşməsi necə mümkün ola bilər? Və təbiət varlıqlarının və hadisələrin arasında olan sabit qanunauyğunluqlar necə pozula bilər? Sualın cavabında deməliyik ki, təbiət qanunlarının sabit və zəruri olmasını bəyan edən elmin özü bu qanundan bir addım geridədir və məhz bu məsələ yuxarıdakı suallara cavab verir. Təcrübə və müşahidələr bir təbii bağlılığı kəşf edib iki müxtəlif hadisə və varlıq arasında bir növ qanunauyğunluq olduğunu göstərir və bu vəziyyəti təbii qanun adlandıraraq bildirir ki, istənilən vaxt və şəraitdə bu hadisə meydana gəlsə, həmin qanun yenidən təkrarlanacaqdır. Amma heç vaxt bir təbii qanun hadisələrin zatından və dərinliklərindən nəş`ət tapan zəruri və labüd peyvəndlə bağlanmamışdır, çünki labüd və zəruri olmaq aşkar bir şey deyildir, elmi və təcrübi araşdırmalarla onu zəruri saymaq olmaz. Buna görə də müasir elm və məntiq e`tiraf edir ki, hər hansı təbii qanunun elm üçün müəyyən bir formada mə`lum olması heç də labüd bir bağlılığın göstəricisi deyil, sadəcə olaraq iki hadisənin müdavim olaraq bir-birinin ardınca gəlməsini və bir-birinin yanında olmasının təzahürüdür. [13] Deməli, əgər mö`cüzə baş verərsə və iki hadisənin arasında olan təbii bağlılıq qırılarsa, deməli bu rabitənin qırılmaması labüd deyildir. Doğrudan da mö`cüzənin dini mə`nası yeni elm və məntiq sayəsində keçmişdəkilərdən daha böyük mə`na kəsb etmişdir və «mədrəsə səhabələrinin» səbəb-nəticə arasındakı bağlılıqdan dərk etdiklərindən daha geniş səviyyədə irəli çəkilir. [14] Qədim alimlərin nəzəriyyələrindən mə`lum olur ki, əgər iki hadisə biri digərindən sonra baş verirsə, onların arasında labüd və qaçılmaz bir bağlılıq mövcuddur. «Labüd» dedikdə məqsəd budur ki, o iki hadisə bir-birindən ayrı təsəvvür oluna bilməz. Amma müasir elm məntiqində bu labüd bağlılıq prinsipi öz yerini iki hadisənin bağlılığı, bir-birinin ardınca gəlməsi və yanaşı olması kimi ifadələrlə dəyişmişdir. Amma bu iki hadisənin arasında lübüd və qaçılmaz bağlılıq zəruri hesab olunmur. Bununla belə, mö`cüzə o iki hadisənin həmişə yanaşı gəlməsi zərurətindən istisna xarakteri daşıyır və heç də məntiqdə deyilən «labüd» proseslərlə qarşılaşmır ki, qeyri-mümkün hesab olunsun. Müasir elm nəzərindən baxdıqda, habelə istiqranın məntiqi əsaslarını araşdırdıqda anlayırıq ki: «İstiqra iki hadisənin arasında labüd zəruri bir bağlılıq üçün dəlil ola bilməz», əksinə bu yalnız o iki hadisənin arasındakı müdavim rabitənin dəlili ola bilər. Halbuki bu müdavim hadisə və bağlılıq ilahi hikmət əsasında iki şeyin arasında yaranmışdır. Başqa sözlə desək, kainatı Yaradanın nəzm hikməti tələb edirdi ki, hadisələr arasında müəyyən bağlılıq müdavim şəkildə olsun və bir-birinin ardınca, yanaşı baş versin. Məhz hikmət əsasında bə`zən bu bağlılıq pozulur və Allah hikmət əsasında təbii bir qanunu təşkil edən hadisələrin arasındakı bağlılığı qırmaqla istisna şəraiti yaradır və mö`cüzə göstərir. 3 – HƏZRƏT MƏHDİ (Ə)-IN UZUN ÖMÜRLÜ OLMASININ SİRRİ İkinci sualda soruşulurdu ki, nə üçün Allah həzrət Məhdi əleyhissalam barəsində bu qədər maraqlıdır və ona uzun ömür bağışlamaq üçün hətta təbiət qanunlarını tə`sirdən salır? Nə üçün və`də verilmiş zamanın rəhbərliyini gələcəkdə doğulacaq bir şəxsə vermir ki, cəmiyyətdə mövcud olan mühit və zəminələr onu yetişdirib səhnəyə gətirsin və o, da öz ədalət və islahatçılıq işinə başlasın? Bir sözlə, görəsən Həzrət Məhdi əleyhissalamın uzun ömürlülüyü və qeybə çəkilməsinin nə kimi faydası vardır? Uzun ömürlülük və qeyb dövrü fəlsəfəsi çoxlarının verdiyi sualdır. Əlbəttə, onlar qeybə iman gətirmək əsasında verilən cavabları qəbul etmirlər və istəyirlər ki, cəmiyyətə hakim olan mövcud dəyərlər əsasında cavablar alsınlar. Nəticədə Həzrəti Məhdi əleyhissalamın inqilabının və və`də verilən günün necəliyini qeybət dövrünün fəlsəfəsi və səbəbləri baxımından dərk edə bilsinlər. Buna görə də hal-hazırda imanımızda mövcud olan əqidə yönlərini nəzərə almadan aşağıdakı üslubda lazımı cavabı təqdim edirik: Uzun ömürlülük və qeybət gələcək üçün ehtiyatda saxlanılan bir rəhbərin və`də verilən gündə intizarını çəkdiyimiz inqilabı gözəl və layiqli şəkildə yaratması, öz rəhbərliyini, fəaliyyət və hədəflərini sona çatdırması üçündür? Belə bir dərin və əsaslı inqilab xüsusi ruhi hazırlıq tələb edir ki, dünyanı tamamilə dəyişdirə biləcək bir rəhbər ona malik olmalı, bütün vücudu ilə öz ideologiyasının üstünlüyünü, habelə məhv etmək üçün qiyam etdiyi müxtəlif sistemlərin kiçik və əhəmiyyətsiz olduğunu hiss etməlidir. İnqilab rəhbəri fəsad baş vermiş cəmiyyətin puçluğu ilə nə qədər çox ünsiyyətdə olsa, həmçinin öz zəmanəsində mövcud olan mədəniyyətlərin təkamülü yolunda çox zəif və kiçik olmasından agah olsa, o mədəniyyətlərlə qarşılaşıb onunla mübarizə aparmaqda və qələbə çalmaqda bir o qədər də ruhi cəhətdən qüdrətli olacaqdır. Aydındır ki, bu ruhi qüdrətin səviyyəsi o rəhbərin rastlaşdığı müxtəlif eniş-yoxuşlar və dəyişikliklərlə bağlıdır. Nəzərə almaq lazımdır ki, həddindən artıq nəhəng və eyni zamanda yaramaz olan mədəniyyəti məhv etmək böyük bir qüvvə, ruhi və mə`nəvi bacarıq tələb edir. İndi belə bir nəticəyə çatırıq ki, Həzrəti Məhdi əleyhissalamın vəzifəsi və`də verilən gündə zülm ilə dolmuş dünyanı dəyişdirmək olduğundan və bu dəyişiklik bütün yönlərə aid edildiyindən, habelə bütün ictimai sistemləri, dəyərləri əhatə edəcəyindən, təbiidir ki, o bu dünyaya hakim olan ruhi duyğulardan böyük bir sərmayə almalı və özü də məhv etmək üçün qiyam etdiyi dünyanın yetirmələrindən olmamalıdır. Çünki hər kəsin təfəkkürü müəyyən bir mədəniyyətin əsasında möhkəmlənib tərbiyə alarsa və o mədəniyyət bu cəmiyyətin bütün yönlərinə hakim olarsa, həmin şəxsin qəlbinə qorxu hissi düşür. Çünki o, doğulduğu zamanda və uşaqlıq dövrlərində mühiti və mədəniyyəti qalib, amansız və inadkar tanımış, dünyaya göz açdığı zamandan e`tibarən o mədəniyyətin müxtəlif təzahürlərindən başqa bir şey görməmişdir. Amma o, bir tarixin qəlbinə nüfuz edərsə və mövcud mədəniyyətin formalaşmasından qabaq o dünyada yaşayıb və ondan başqa böyük mədəniyyətləri görmüş olsa, bundan da əlavə, bütün bu mədəniyyətlərin aqibətini tarixin səhifələrində oxumaqla deyil, öz gözləri ilə müşahidə edərək bu mədəniyyətin yaranması, inkişafı və genişlənməsini görmüşsə, gərək və`də verilmiş gündən əvvəl bəşər dastanının son hissəsi olsun. O, dərinliklərində üzmək istədiyi bütün mədəniyyətlərin içərisində çox ayıqlıq və huşyarlıqla yaşamış, onlarla birgə irəliləmiş, tarixin səhifələrində yazılan sətrlərin arasında deyil, əksinə tarix boyu və tarixlə eyni zamanda bu hadisələrə baxmış və tanımışdır. Məhz bu dəlilə əsasən cəmiyyətdə mövcud olan hakim mədəniyyətin qələbəsini və onun labüd olmasını qəbul etməyəcək. Və ona Rosonun nəzərindən baxmayacaq. O (Roso) Fransada səltənət və padşahlığı labüd bir məsələ kimi qeyd edirdi. [15] Məgər «Kəhf» surəsini oxuyaraq ondakı cavanların sərgüzəştini mütaliə etmədinmi? ...Onlar öz Pərvərdigarına sığındılar və Allah onları hidayət etdi. Onlar böyük bir bütpərəstlik sistemi ilə üzbəüz idilər. O sistem rəhmsizliklə cəmiyyətə hökmranlıq edir və yeganəpərəstləri öldürüb məhv etməkdə, müşriklik uçurumundan xilas olmaq təfəkkürünün kökünü kəsməkdə heç nəyi əsirgəmirdi. Onların ruhları qəm-qüssəyə düçar oldu və bu qəm-qüssə xora xəstəliyi kimi ruhlarını tutdu. Ümid qapıları gözlərinin önündə bağlandı. Müxtəlif çıxış yollarını sınaqdan keçirdikdən sonra orada qalmaqdan cana doydular. Batilin həmişə hökmranlıq və zülm etməsinə, haqqa qalib gəlməsinə, mühiti qəlbləri haqq yolunda döyünən kəslərin hamısından təmizləmək istədiyinə görə heç vaxt, heç bir vəchlə dözə bilmirdilər. Bu zaman Allahın onlarla nə etdiyini gördünmü? Onlara sığındıqları mağarada 309 il şirin yuxu verdi və sonra həyat səhnələrini göstərmək üçün ayıltdı. Onlar yuxudan ayıldıqda, yaşadıqları dövrdə cəmiyyətə hakim olan zorakılıq və zülm artıq məhv olub aradan getmişdi. Həmin hadisələr yalnız tarix kitablarında bir tarixi hadisə kimi qeyd olunurdu, heç kəs onu eşitdikdə qorxmur, bədəni lərzəyə düşmür və qəlbi qorxudan döyünmürdü. Bütün bunlar bu məqsədlə edilmişdi ki, pak təfəkkürlü mağara cavanları zülmün, batilin uzun müddət bacarıqlı və qüdrətli halda qaldıqdan, onlar üçün böyük cilvələndikdən sonra məhv olmasını görsünlər. Nəhayət bunu öz gözləri ilə gördülər və batilin heybəti onların qəblərində daha da kiçildi. «Əshabi kəhf» üçün baş verən bu hadisə intizarı çəkilən rəhbər üçün də baş verəcəkdir ki, onun üçün tə`yin olunmuş uzun ömür əsnasında: dərin okeanlara sadəcə kiçik bir çala olduğu bir vaxt; böyük bir ağaca toxum halda, dənə olduğu bir vaxt; uzun müddətli ruzigara yalnız canlıların yaşadığı bir şey kimi baxsın. Məhdi əleyhissalam şəxsən tarix boyunca yaşamış, onun dərinliklərinə nüfuz etmiş və öz heybəti ilə tarixə nur saçıb qüvvə vermişdir. Buna görə də onun qəlbi aşağıda gətirilən hiss ilə doludur: Ətrafda olan sistemlər və mədəniyyətlər tarixin müəyyən dövründə baş vermiş hadisələrdən irəli gəlmişdir; Bunlar onu quran şəxsin məqsədi əsasında vücuda gəlmiş, onu məhv etmək fikrində olan şəxsin məqsədi ilə də aradan getmişdir; Mədəniyyətlərin davam gətirmə müddəti nə qədər uzun olsa da tarixlə müqayisədə çox qısa bir prosesdən başqa bir şey deyildir. Digər tərəfdən, müxtəlif mədəniyyət və hərəkatlarla qarşılaşmaq, onları görmək nəticəsində yaranan təcrübələr və sınaqdan keçməsi həzrəti Məhdi əleyhissalama nəsib olmuşdur və bu onun və`də verilmiş gündə rəhbərlik üçün ruhi hazırlığı deməkdir. Belə təcrübələr Həzrət Məhdi əleyhissalamı tarixin müxtəlif mərhələlərində qərar verir, onu ictimai hadisələri qiymətləndirməkdə, tarixin rəng və hiylələrini, amillərini və səbəblərini düzgün dərk etməkdə hazırlayır. Bunlardan əlavə, zülm ilə dolmuş dünyanı tamamilə, büsbütün dəyişdirmək həmin islami-asimani risalət əsasında qurulmuşdur. Aydındır ki, bu ilahi vəzifənin yerinə yetirilməsi islami vəhy qaynağına yaxın olan bir İmamın varlığını tələb edir ki, o yetkin, kamil və müstəqil şəxsiyyətdən bəhrələnsin və və`də verilmiş gündə mübarizə aparmalı olduğu mədəniyyətlərin tə`sirindən amanda qala bilsin. Amma həmin mühitlərdə doğularaq böyüyüb boya-başa çatan, habelə düşüncə və təfəkkürü o mühitlərin çərçivəsində formalaşan şəxslər kimi olmamalıdır. Belə bir şəxs adətən, cəmiyyətə hakim olan qayda-qanunlardan, dəyər və me`yarlardan uzaqda qalır. Deməli, intizarı çəkilən rəhbər bir tərəfdən kökündən dəyişdirməli olduğu həmin mövcud mədəniyyətlərin tə`sirindən amanda qalmalı, digər tərəfdən də vücud və şəxsiyyəti kamil şəkildə, əvvəlki mədəniyyətlərin bütün mərhələlərində elə qurulmalıdır ki, istər əsli yöndən, istərsə də ruhi cəhətdən öz rəhbərlik edəcəyi və gerçəkləşməsi üçün qiyam edəcəyi bir mədəniyyətə daha yaxın olmuş olsun. 4 – HƏZRƏT MƏHDİ (Ə) RƏHBƏRLİYİ ÖZ ÖHDƏSİNƏ ALMAĞA NECƏ HAZIRLANIR? Üçüncü sualda qeyd olundu ki, Həzrət Məhdi əleyhissalam tam rəhbərlik üçün necə hazırlıqlı ola bilər? Halbuki o, atası ilə yalnız 5 il yaşamışdır və təbiidir ki, beş yaş bir rəhbərin şəxsiyyətinin formalaşması üçün heç də kifayət deyildir. Cavabda qeyd edirik ki, həzrəti Məhdi əleyhissalam atasının vəfatından sonra dərhal müsəlmanların rəhbəri oldu. Yə`ni həyatının ilk çağlarında, beş yaşında ikən rəhbər oldu və rəhbərlik üçün lazım olan fikri və ideoloji sərmayələr onun üçün hazırlandı. Uşaqlıq yaşlarına xas olan rəhbərlik o həzrətin babalarından ikisi üçün də təsadüf etmişdir. [16] Amma ən kiçik yaşında rəhbərlik hadisəsi Həzrəti Məhdi əleyhissalamın zamanında özünün ən yüksək mərhələsinə çatır. Biz rəhbərlik məsələsini bir hadisə kimi qiymətləndirməkdə aşağıdakı səbəbləri nəzərdə tuturuq: 1-Əhli-beyt İmamlarının rəhbərliyi Abbasi, Fatimi və sair xəlifələrin üslubu kimi deyildir ki, şahlıq üsul-idarəsi əsasında olsun, atalarından onlara irsən keçsin və varislik məsələsi onun arxasında dursun; əksinə imamətin yüksək səviyyədə qəbul olunması təkcə camaatın qəlblərində onların nüfuz yolu ilə olmuşdur. (Əlbəttə, yalnız Əhli-beyt İmamlarının imamətə ləyaqətlərini isbat etdikdən sonra.) 2-Bu insani bünövrələr elə islamın əvvəllərindən e`tibarən ümumxalq kütlələri arasında kök atmış, İmam Baqir və İmam Sadiq əleyhiməssəlamın dövranlarında özünün ən yüksək inkişaf mərhələsinə çatmışdır. Bu iki imamın, əsasını təşkil edərək idarəçiliyini öhdəsinə aldıqları elm mərkəzləri İslam dünyasında geniş səviyyəli ideoloji dalğa yaratdı, yüzlərlə fəqih, mütəfəkkir, müfəssir, həmçinin dini və dünyəvi sahələrdə çoxlu alimlər yetişdirdi. Həsən ibni Əli Hişam deyir: «Kufə məscidinə gəldiyim zaman orada 900 ustadın Cə`fər ibni Məhəmməddən hədis nəql etdiyini gördüm.» 3-Bu şərtlə ki, həmin elm mərkəzlərində, onun insani dayaqlarında, nümayəndəliklərində və İslam cəmiyyətlərində İmamın tanınması və onun rəhbərlikdəki ləyaqətlərini tanımaqda lazım olan şərtlər çox ağır idi. Çünki belə bir e`tiqad vardır ki, İmam o vaxt rəhbər ola bilər ki, öz dövrünün bütün insanlarından daha alim, daha bacarıqlı olsun. 4-Bu elmi mərkəzlərin və onun dayaqlarının yolunda çoxlu insanlar canlarını imamətə əqidə bəsləmək xatirinə əldən vermişdilər. Çünki onlarla müasir olan xilafət üsul-idarəsi ona hətta nəzəri cəhətdən də olsa belə, özləri ilə müxalif olan ideologiya kimi baxırdılar və bu işin nəticəsi də tə`qiblər və işgəncələr idi: o dövrün hakimləri ardıcıl olaraq öz yolları üzərində maneələri götürmək üçün bunlardan istifadə edirdilər. Bir çoxları xilafət üsul-idarəsinin əli ilə öldürülmüş, yaxud qaranlıq quyularda, zindanlarda ömürlük olaraq işkəncələrə mə`ruz qalmışdılar. Əhli-beyt imamlarının rəhbərliyinə e`tiqad bəsləmək insanlar üçün çox ağır başa gəldi. Bu işə təşviq etməyin faydası yalnız bu oldu ki, inamlı şəxslər öz ruhlarında xüsusi aramlıq hiss etdilər, yaxud bu işi Allah təalanın dərgahına yaxınlaşmaq səbəbi ilə vacib bildilər. 5-Belə bir dayaqlar əsasında rəhbərliklərini möhkəmlədən imamlar cəmiyyətdən ayrı deyildilər və dövrün zalım hakimləri kimi göydələn qəsrlərdə yaşayaraq özlərini camaatın gözündən məxfi saxlamırdılar. İmamlarla camaat arasında heç bir pərdə, ayrılıq yox idi. Amma bə`zi hallarda hakim qüvvələr təhqir etməklə, təzyiq göstərməklə, sürgün etmək və didərgin salmaqla imamlarla camaatın arasında maneə icad edirdilər. Bu məsələlər imamlardan hədis nəql edən çoxlu mənbələrdə, habelə onlarla imamların arasında olan məktublarda gəlib çatmışdır və hal-hazırda kitablarda da mövcuddur. Həmçinin imamlarla ayrı-ayrı şəxslərin görüşləri, səfərləri, onlarla şəhərlərdəki nümayəndələrin rabitələri bu məsələni tam aydınlaşdırır. İmamlarla xalq kütlələrinin müxtəlif siniflərindən olan şəxslərin, alimlərin rabitə və rəftarları aşkardır. 6-İmamlarla müasir olan xəlifələr onların insanlara ruhi və mə`nəvi rəhbərliyini həm özləri, həm də hökumətləri üçün böyük bir təhlükə mənşəyi hesab edirdilər. Buna görə də var qüvvələri ilə çalışırdılar ki, bu rəhbərləri aradan aparsınlar və bu yolda heç bir şeydən çəkinmirdilər. Hətta öz varlıqlarını qoruyub saxlamaq üçün müntəzəm olaraq daşürəklilik və qəddarlıq göstərir, əsirlik, sürgün və bu kimi digər işlərlə müsəlmanların, imamların və onların dostlarının qəlblərini ağrıdırdılar. Qeyd olunan tarixi incəliklərə nəzər saldıqda, belə nəticə alırıq ki, kiçik yaşlarında imamətə çatmaq həqiqi və real bir hadisə sayılır. Çünki öz uşaqlıq yaşlarında müsəlmanların ruhi-mə`nəvi və fikri rəhbərliyinə çatan İmam, müsəlmanların bütün dağıdıcı hadisələr zamanı yenə də özlərini onlara tabe olmaqda vacib bildikləri halda, şübhəsiz, elm, bilik, uzaqgörənlik, fiqh, təfsir, əqaid və sair kimi məsələlərin yüksək dərəcələrindən bəhrələnməli idi. Çünki əks halda camaatı özünə tabe edə bilməzdi. Gördüyümüz kimi İmamlar elə şəraitdə yaşayırdılar ki, onların ardıcılları böyük-kiçikliyindən asılı olmayaraq onlarla qaynayıb-qarışır və onların nurlu vücudlarından bəhrələnirdilər. İndi belə bir sual yaranır: necə mümkün ola bilər ki, bir uşaq camaatı öz imamətini qəbul etməyə çağırsın və onu islami də`vət kimi təqdim etsin. Eyni zamanda ardıcıl olaraq hamının gözləri önündə öz rissalətini müdafiə etsin, camaat da aşkarda və ya gizlində ona inansınlar və öz inamları yolunda öz mallarından, canlarından keçməyə hazır olsunlar. Bütün bunlarla yanaşı, imamın vəziyyətindən agah olmasınlar və hadisənin həqiqətində axtarış aparmaq, uşaq yaşlarında olan imamın qədrini bilmək istəməsinlər və onun barəsində sorğu-sual aparmasınlar? Məgər mümkün ola bilərdimi ki, imamın rəhbərlikdə seçdiyi mövqeyi və onun camaatla olan həmişəlik əlaqəsindən illər ötsün, amma yenə də onun həqiqi siması, elm və biliyinin necəliyi istər böyük, istərsə də kiçiklər üçün aşkar olmasın? Qeyri bir mümkün fərzə əsasən deyirik ki, camaat bu işin həqiqətini və reallığını dərk edə bilmədilər. Onda imamlarla açıq-aşkar düşmənçilik edən qüvvətli və güclü hakimlər nə üçün e`tiraz etməyərək onların həqiqi simalarını aşkar etmədilər? Məgər onlar üçün bu iş mümkün deyildimi? Yaxud İmam sair uşaqlar kimi bir uşaq olsaydı və çox dərin səviyyəli təfəkkür və əndişəyə malik olmasaydı, bu, onun rəhbərlik üçün layiq olmadığını və dəyərsiz olduğunu bildirmək üçün xəlifələrin əlinə bəhanə verməzdimi ki, onlar bu bəhanəni imamların ardıcıllarına təqdim edərək o parlaq ulduzları tənqid etsinlər və belə şəxslərin camaatın ruhi, mə`nəvi və fikri rəhbərliyinə layiq olmadığını desinlər? Çünki əgər öz zəmanəsinin elm və biliyindən son dərəcədə bəhrələnən 40-50 yaşlı insanın rəhbərlik üçün layiq olmadığını sübuta yetirmək adi camaat üçün müşkül olsa da belə, bir uşağın rəhbərlik üçün layiq olmadığını isbat etmək heç də çətin deyildi. İmamı məhv edib aradan aparmaq və yaxud onun yüksək şəxsiyyətini sındırmaq üçün onun rəhbərliyə layiq olmamasını isbat etmək xəlifələrin bu yolda istifadə etdikləri qeyri-insani üslublardan daha qənaətbəxş olardı. Xüsusilə diqqət yetirmək lazımdır ki, şiələr İmamət məqamı üçün çox böyük xüsusiyyətlər nəzərə almışdılar. |