İMAM MEHDİ (ə) (ikinci hissə)
Uzun ömür barəsindəki
elmi araşdırmalar həqiqətdə fiziologiyanın qocalıq və zəiflik (insan bədənində
olan toxuma və hüceyrələrə aid olan təbii qanunun nəticəsi kimi qocalıq və əldən
düşmək) barədə təqdim etdiyi anlayışdan asılıdır. Şəkk yoxdur ki, insan bədəni
inkişafın son mərhələsinə çatdıqdan sonra yavaş-yavaş geriləməyə başlayır və
həyatın davam etdirilməsi üçün daha az qüdrətə malik olur. Tədricən başlayan
zəifləmə prosesi getdikcə dərinləşir və nəhayət bədən öz fəaliyyətini
dayandırır. Görəsən bu qanun hətta hər növ xarici tə`sirlərdən uzaqda qalan bir
bədən barəsində də doğrudurmu? Yoxsa qocalıq və bədən qüvvələrinin işdən düşməsi
bədənin xarici amillərlə mübarizəsinin nəticəsidirmi ki, onlar insanın bədəninə
yol tapırlar? Bu sual barəsində müasir elm dərindən maraqlanır və ona cavab
verməyə çalışır.
Müasir elmi nailiyyətlər
çərçivəsində bu sual dərindən araşdırılmış və ona müxtəlif cavablar verilmişdir.
Qeyd olunur ki, əgər qocalıq və zəiflik bədənin xarici amillərlə mübarizəsindən
yaranırsa, onda nəzəri cəhətdən mümkündür ki, insan bədənini təşkil edən
toxumalar onda tə`sir qoyan amillərdən uzaqda qalsın, nəticədə insanın ömrü uzun
olsun. Amma əgər başqa bir cəhətdən araşdırsaq, bu nəticəyə çatarıq ki, qocalıq
bir təbii qanundur və hər bir toxuma və hüceyrənin öz daxilində labüd və
qaçılmaz «yoxluq» amili gizlənmişdir ki, zamanın keçməsi ilə canlı varlığı
istər-istəməz qocalıq və ölümə çatdırır. Məsələni bu baxımdan da araşdırsaq
zəruri deyildir ki, bu təbii qanunda heç bir istisna olmasın; əgər belə bir
qanun danılmaz və həqiqi surətdə mövcud olarsa, yenə də onda istisna xarakteri
daşıyan hal ola bilər. Çünki həm biz öz adi həyatımızda, həm də mütəxəssislər öz
elmi təcrübələrində müşahidə edirlər ki, qocalıq bir fizioloji varlıq və
fenomendir və zamanla heç bir rabitəsi yoxdur. Bə`zən yaxın, bə`zən də uzaq
zaman fasiləsi ilə aşkar olur. Bə`zi şəxslər yaşlarının ötməsinə baxmayaraq gec
qocalır və onlarda qocalıq əlamətləri çox gec müşahidə olunur. Bə`ziləridə isə
bunun tamam əksi aşkar olur. Həkimlər və mütəxəssislər də bu qanunun müstəsna
hallara malik olmasını təsdiq edirlər. Hətta alimlərdən bə`ziləri bir sıra
mütəxəssislərin iddiasının xilafını sübuta yetirmiş və dəyişməz hesab olunan bu
qanuna istisnalar gətirərək heyvanlardan bə`zilərinin ömrünü təbii ömürlərindən
bir neçə yüz qat artıra bilmişlər.
[12]
Onlar gözə çarpacaq
müvəffəqiyyətlər əldə etməklə təbii qocalmaq qanununu pozdular və sübut etdilər
ki, qocalığın tə`xirə salınması müəyyən amil və şəraitlərin yaradılması ilə elmi
cəhətdən mümkün olan bir işdir. Müasir elmin bu kimi təcrübələri insan üzərində
aparmaqda aciz olması yalnız insanın heyvanla müqayisədə daha mürəkkəb quruluşa
malik olması ilə əlaqədardır.
Buna əsasən, elm özünün
mütərəqqi fəaliyyətləri ilə göstərir ki, nəzəri baxımdan insan ömrünün uzun
olmasının mümkünlüyünü inkar etmək üçün heç bir dəlil mövcud deyildir. İstər
qocalığı bədənin xarici amillərlə mübarizə aparıb onlardan tə`sirlənməsinin
nəticəsi, istərsə də canlı varlıqlara hakim kəsilən və onları ölümə doğru
sürükləyən təbii bir qanunun nəticəsi hesab edək.
Qeyd olunanların
nəticəsi kimi Həzrət Məhdi əleyhissalamın uzun ömrü barəsində araşdırma aparırıq
və bu barədə yaranan suallara cavab veririk. Uzun ömürlülüyün məntiqi və elmi
mümkünlüyü aydın olduqdan sonra, habelə elmin bu nəzəriyyəni əməli olaraq həyata
keçirmək barədə sə`y apardığını nəzərə alsaq, təəccüb üçün heç bir yer və dəlil
qalmaz. Yeganə bəhanə yeri bu ola bilər ki, Məhdi əleyhissalamın elmində şəkk
edək və onun elminin bəşər elmindən irəlidə olmasını qəbul etməyək!
Əgər «İslam bu rəhbərin
həyat və sağlamlığının qorunub saxlanmasında bəşər elmindən necə qabağa keçə
bildi?» - deyə soruşsalar, cavabında demək lazımdır:
Bu yeganə hal deyildir
ki, İslam bəşər elminin inkişafından qabağa düşmüş olsun; əksinə çoxlu hallar
vardır ki, İslam bəşəriyyətin çata bilmədiyi elmi zirvələri uzun illər bundan
öncə fəth etmişdir.
Məgər İslamın şəriət
məcmuəsi öz elmi hərəkətində və insani əndişələrin təbii inkişafında misilsiz
nailiyyətlər əldə etməmişdirmi?
Məgər bu müqəddəs amal
insana düzgün rəhbərlik barəsində möhkəm və tutarlı proqramlar təqdim
etməmişdirmi ki, bəşər övladı öz müstəqil hərəkətində yüz illər addımladıqdan
sonra o proqramlara çatmağa ləyaqət tapmışdır.
Məgər İslam düzgün və
möhkəm qanunlar gətirməmişdirmi ki, son əsrlərdə o qanunların fəlsəfə və
sirlərinin yalnız müəyyən bir hissəsini dərk edə bilsin?
Məgər İslam Peyğəmbəri
yaradılış sirlərini bəyan etmirdimi? Hansı ki, o sirlər heç bir insanın
xatirindən silinməmiş və yalnız elmi təkamül yolunu qət etdikdən sonra bunlar
isbat olunmuşdur.?
Əgər bütün bunlara
inanırıqsa, onda İslam şəriətini göndərən qadir Allahın Məhdi əleyhissalamın
elmini zamandan qabağa salmasını necə çətin hesab edə bilərik?!
Biz burada İslamın
elmdən qabağa düşməsinin yalnız bir hissəsini özümüz üçün istinad nöqtəsi
seçirik ki, birbaşa onları dərk edə bilək. Mümkündür ki, İslamın qabaqcadan
xəbər verdiyi başqa nümunələri də ona əlavə edək ki, hələ bəşər elmi təkamüldə
ona çatmamışdır.
Misal üçün, Allah-təala
bizi agah etmişdir ki, öz Peyğəmbərini (bir gecədə) Məkkə evindən
Məscidul-əqsaya doğru aparmışdır. Bu aparılmanın necəliyini əgər təbii qanunlar
sərhədlərində araşdırsaq, onun təbiət qanunlarına hakim olan qanunlardan
bəhrələndiyini görəcəyik. Belə ki, elm hələ də onun xüsusiyyətlərini araşdıra
bilməmişdir. Hətta onun keyfiyyəti və necəliyinin bəyan olunması üçün yüz
illərlə vaxt lazımdır.
Allah-təala Peyğəmbəri
işıq sür`əti ilə hərəkət etdirmək qüdrətini xəbər vermişdi. Allah-təala əməldə
mümkün olmayan belə arzuları Peyğəmbərin axırıncı canişininə müqəddər etmiş və
bəşər elmi belə arzulara çatmamışdan əvvəl ona uzun ömür bəxş etmişdir.
Böyük Allah tərəfindən
insanların xilaskarına, intizarı çəkilən belə bir şəxsə uzun ömür əta edilməsi
bə`zi insanlar üçün onun varlığında qəti elm hasil etdikləri sərhədlərdə
təəccüblü bir iş kimi görünür. Amma bu rəhbərin dünyanı dəyişdirib yenidən
quracağı camaatın qəbul edəcəyi sərhədlər daxilində, həmçinin keçmiş tarixi
dəyişikliklərin baş verməsi zamanı təəccüblü deyildimi? Məgər dünyanın
dəyişdirilməsi və onun bünövrəsinin yeni mədəniyyət əsasında yenidən qurulması
onun öhdəsinə qoyulduğu halda həyatının qeyri-adiliyi böyük bir qəribəlik
sayılıb təəccüb doğurmalıdır?!
Bəs nə üçün böyük
tapşırığın başlanğıc işləri bizim qəbul edə biləcəyimiz çərçivədən xaricdə olan
varlıqlarla qarşılaşdıqda (İmam Zaman əleyhissalamın uzun ömrü kimi) təəccüb
edirik? Çünki bu işlərin xüsusiyyətlərindən yaranan təəccüblər o böyük vəzifənin
və`də verilən Məhdi tərəfindən yerinə yetirməsindəki təəccübdən heç də böyük
deyildir.
İndi əgər bəşər
tarixində belə bir yeganə işin baş verəcəyini qəbul etsək (halbuki keçmiş
insanların tarixində belə bir şey görməmişik) onda nə üçün tarixdə buna oxşar
bir şeyi görmədiyimizi bəhanə edərək onun uzun ömrünü qəbul etməyək?
Bəlkə də bu yalnız bir
təsadüfi iş ola bilər ki, insan tarixində baş vermiş olsun. Yalnız iki nəfər
insan mədəniyyətini və tarixini paklaşdırmaq, fəsad və tüğyançılığın kökünü
kəsmək, insan cəmiyyətini yenidən qurmaq üçün əmr olunmuşdu. Onların hər ikisi
adi bir insanın ömründən on dəfələrlə artıq ömür sürmüşdülər. Birincisi həzrəti
Nuh idi ki, öz vəzifəsini keçmişdə yerinə yetirərək başa çatdırmış və Qur`anın
aşkar buyurduğu kimi 950 il öz ümməti arasında təbliğ etmişdir. Nəticədə Nuhun
tufanının ardınca dünya mədəniyyəti yenidən quruldu.
Digəri isə Məhdi
əleyhissalamdır ki, öz rolunu gələcəkdə ifa edəcəkdir və indiyə qədər öz
qövmünün arasında 1000 ildən artıq ömür sürməkdədir. Allahın təqdiri belə
olmuşdur ki, o, və`də verilən gündə zühur edib dünyanı yenidən qursun. Bəs necə
ola bilər ki, Nuhun uzun ömürlülüyünü qəbul edək, amma eyni şeyin Həzrəti
Məhdiyə aid olunmasında şübhəyə düşək?!
2 –
UZUNÖMÜRLÜLÜK VƏ MÖCÜZƏ
Mə`lum oldu ki, uzun
ömürlülük elmi cəhətdən mümkün bir işdir. Amma burada, gətirdiyimiz
dəlil-sübutları nəzərə almırıq və elmi nöqteyi-nəzərdən isə uzun ömürlülük
məsələsini qeyri-mümkün, qocalığı isə elə bir qətiyyətli qanun hesab edirik ki,
bəşər nə müasir dövrdə, nə də gələcəkdə bu təbii qanuna üstün gəlmək bacarığına
malik deyildir. Amma həmin fərzdən alınan nəticə yalnız bu ola bilər ki, yüz
illərlə ömür sürmək təbii qanunlarla uyğun gəlmir və bu məsələni elm, müasir
texnoloji təcrübələr və statistka təsdiq etmir. Görəsən bundan başqa bir nəticə
almaq olmazmı?
Belə olan halda uzun
ömürlük mö`cüzə hesab olunmalıdır, yə`ni Allah-təala belə bir təbii qanunu
müəyyən şəraitlərdə tə`sirdən salır ki, səmavi də`vətin keşikçisini məhv olmaq
təhlükəsindən qoruyub saxlasın. Və bu, Qur`an ayələri və Peyğəmbər sünnətinin
aşkar bəyan etdiyi kimi, müsəlmanların mö`cüzəyə olan e`tiqadıdır. Bu isə öz
növbəsində təbii qanunlardan istisna xarakteri daşıyır və burada təəccübə səbəb
olacaq heç bir şey yoxdur. Çünki qocalıq qanunu «isti cisimdən soyuq cismə
istiliyin nəql olunması və onların hərarətinin bərabərləşməsi» qanunundan heç də
üstün deyildir. Halbuki bu qanun İbrahim əleyhissalamın həyatını qoruyub
saxlamaq üçün tə`sirdən düşdü. İbrahimi oda atdıqda onun məhv olunmamasının
yeganə yolu yalnız bu qanunun qüvvədən, tə`sirdən düşməsi idi. Allah-təala
tərəfindən oda əmr olundu ki, «İbrahim üçün sərin və sağlamlıq vasitəsi ol!»
Odun içərisinə sağlam
şəkildə atıldığı kimi, sağlam halda da qırağa çıxdı və ona heç bir zərər və
xəsarət dəymədi. Bundan əlavə çoxlu təbii qanunlar peyğəmbərlərə və yer üzündəki
ilahi höccətlərə kömək olsun deyə, qüvvədən və tə`sirdən düşmüşdü. O cümlədən:
Böyük Nil çayı Musa
əleyhissalam üçün yarıldı. Romalıların casusu oxşar qiyafəyə düşdü, səhv salındı
və İsanın tutulması təsəvvür olundu, halbuki onu tutmamışdılar. Həzrət Muhəmməd
(s) Qureyş kafirlərinin mühasirəsində olan zaman kafirlər pusquda durmuşdular
ki, onu tutsunlar, lakin o çıxıb getdi və onu heç kəs görmədi. Çünki Allah
istəyirdi ki, öz Peyğəmbərini onların gözündən gizli saxlasın.
Bunların hər biri təbii
qanunlardan hansı birininsə tə`sirdən düşməsini göstərir ki, bununla Allahın
hikməti onların sağ qalmasını və onlar üçün dayaq olmasını göstərir. İndi bu
məsələnin, qocalıq qanununun pozulmasının həmin nümunələrdən olmasının nə kimi
iradı vardır?
Keçən bəhslərdən ümumi
bir nəticə alaraq demək olar: hərgah Allahın höccətlərindən birinin həyatının
qorunub saxlanması, onun işinin davam etdirilməsi və islahatçılıq vəzifəsinin
sona çatdırılması zəruri olarsa Allahın lütfü məsələyə müdaxilə edir və onu
qoruyub saxlamaq üçün təbii qanunlardan birini tə`sirdən salır. Bunun əksinə
olaraq, onun risaləti və müəyyən olunmuş ilahi vəzifələr sona çatdırılmış olsa,
onda həyatın təbii qanunlarına müvafiq olaraq ya təbii ölümlə, ya da şəhadət
vasitəsi ilə həyatını başa çatdırır. Burada bir sual qarşıya çıxır ki, görəsən
hər hansı bir təbii qanunun tə`sirdən düşməsi necə mümkün ola bilər? Və təbiət
varlıqlarının və hadisələrin arasında olan sabit qanunauyğunluqlar necə pozula
bilər?
Sualın cavabında
deməliyik ki, təbiət qanunlarının sabit və zəruri olmasını bəyan edən elmin özü
bu qanundan bir addım geridədir və məhz bu məsələ yuxarıdakı suallara cavab
verir. Təcrübə və müşahidələr bir təbii bağlılığı kəşf edib iki müxtəlif hadisə
və varlıq arasında bir növ qanunauyğunluq olduğunu göstərir və bu vəziyyəti
təbii qanun adlandıraraq bildirir ki, istənilən vaxt və şəraitdə bu hadisə
meydana gəlsə, həmin qanun yenidən təkrarlanacaqdır. Amma heç vaxt bir təbii
qanun hadisələrin zatından və dərinliklərindən nəş`ət tapan zəruri və labüd
peyvəndlə bağlanmamışdır, çünki labüd və zəruri olmaq aşkar bir şey deyildir,
elmi və təcrübi araşdırmalarla onu zəruri saymaq olmaz. Buna görə də müasir elm
və məntiq e`tiraf edir ki, hər hansı təbii qanunun elm üçün müəyyən bir formada
mə`lum olması heç də labüd bir bağlılığın göstəricisi deyil, sadəcə olaraq iki
hadisənin müdavim olaraq bir-birinin ardınca gəlməsini və bir-birinin yanında
olmasının təzahürüdür.
[13]
Deməli, əgər mö`cüzə baş
verərsə və iki hadisənin arasında olan təbii bağlılıq qırılarsa, deməli bu
rabitənin qırılmaması labüd deyildir.
Doğrudan da mö`cüzənin
dini mə`nası yeni elm və məntiq sayəsində keçmişdəkilərdən daha böyük mə`na kəsb
etmişdir və «mədrəsə səhabələrinin» səbəb-nəticə arasındakı bağlılıqdan dərk
etdiklərindən daha geniş səviyyədə irəli çəkilir.
[14]
Qədim alimlərin
nəzəriyyələrindən mə`lum olur ki, əgər iki hadisə biri digərindən sonra baş
verirsə, onların arasında labüd və qaçılmaz bir bağlılıq mövcuddur. «Labüd»
dedikdə məqsəd budur ki, o iki hadisə bir-birindən ayrı təsəvvür oluna bilməz.
Amma müasir elm məntiqində bu labüd bağlılıq prinsipi öz yerini iki hadisənin
bağlılığı, bir-birinin ardınca gəlməsi və yanaşı olması kimi ifadələrlə
dəyişmişdir. Amma bu iki hadisənin arasında lübüd və qaçılmaz bağlılıq zəruri
hesab olunmur. Bununla belə, mö`cüzə o iki hadisənin həmişə yanaşı gəlməsi
zərurətindən istisna xarakteri daşıyır və heç də məntiqdə deyilən «labüd»
proseslərlə qarşılaşmır ki, qeyri-mümkün hesab olunsun.
Müasir elm nəzərindən
baxdıqda, habelə istiqranın məntiqi əsaslarını araşdırdıqda anlayırıq ki: «İstiqra
iki hadisənin arasında labüd zəruri bir bağlılıq üçün dəlil ola bilməz», əksinə
bu yalnız o iki hadisənin arasındakı müdavim rabitənin dəlili ola bilər. Halbuki
bu müdavim hadisə və bağlılıq ilahi hikmət əsasında iki şeyin arasında
yaranmışdır. Başqa sözlə desək, kainatı Yaradanın nəzm hikməti tələb edirdi ki,
hadisələr arasında müəyyən bağlılıq müdavim şəkildə olsun və bir-birinin ardınca,
yanaşı baş versin. Məhz hikmət əsasında bə`zən bu bağlılıq pozulur və Allah
hikmət əsasında təbii bir qanunu təşkil edən hadisələrin arasındakı bağlılığı
qırmaqla istisna şəraiti yaradır və mö`cüzə göstərir.
3 –
HƏZRƏT MƏHDİ (Ə)-IN UZUN ÖMÜRLÜ OLMASININ SİRRİ
İkinci sualda
soruşulurdu ki, nə üçün Allah həzrət Məhdi əleyhissalam barəsində bu qədər
maraqlıdır və ona uzun ömür bağışlamaq üçün hətta təbiət qanunlarını tə`sirdən
salır? Nə üçün və`də verilmiş zamanın rəhbərliyini gələcəkdə doğulacaq bir şəxsə
vermir ki, cəmiyyətdə mövcud olan mühit və zəminələr onu yetişdirib səhnəyə
gətirsin və o, da öz ədalət və islahatçılıq işinə başlasın? Bir sözlə, görəsən
Həzrət Məhdi əleyhissalamın uzun ömürlülüyü və qeybə çəkilməsinin nə kimi
faydası vardır?
Uzun ömürlülük və qeyb
dövrü fəlsəfəsi çoxlarının verdiyi sualdır. Əlbəttə, onlar qeybə iman gətirmək
əsasında verilən cavabları qəbul etmirlər və istəyirlər ki, cəmiyyətə hakim olan
mövcud dəyərlər əsasında cavablar alsınlar. Nəticədə Həzrəti Məhdi
əleyhissalamın inqilabının və və`də verilən günün necəliyini qeybət dövrünün
fəlsəfəsi və səbəbləri baxımından dərk edə bilsinlər. Buna görə də hal-hazırda
imanımızda mövcud olan əqidə yönlərini nəzərə almadan aşağıdakı üslubda lazımı
cavabı təqdim edirik:
Uzun ömürlülük və qeybət
gələcək üçün ehtiyatda saxlanılan bir rəhbərin və`də verilən gündə intizarını
çəkdiyimiz inqilabı gözəl və layiqli şəkildə yaratması, öz rəhbərliyini,
fəaliyyət və hədəflərini sona çatdırması üçündür?
Belə bir dərin və əsaslı
inqilab xüsusi ruhi hazırlıq tələb edir ki, dünyanı tamamilə dəyişdirə biləcək
bir rəhbər ona malik olmalı, bütün vücudu ilə öz ideologiyasının üstünlüyünü,
habelə məhv etmək üçün qiyam etdiyi müxtəlif sistemlərin kiçik və əhəmiyyətsiz
olduğunu hiss etməlidir. İnqilab rəhbəri fəsad baş vermiş cəmiyyətin puçluğu ilə
nə qədər çox ünsiyyətdə olsa, həmçinin öz zəmanəsində mövcud olan
mədəniyyətlərin təkamülü yolunda çox zəif və kiçik olmasından agah olsa, o
mədəniyyətlərlə qarşılaşıb onunla mübarizə aparmaqda və qələbə çalmaqda bir o
qədər də ruhi cəhətdən qüdrətli olacaqdır. Aydındır ki, bu ruhi qüdrətin
səviyyəsi o rəhbərin rastlaşdığı müxtəlif eniş-yoxuşlar və dəyişikliklərlə
bağlıdır. Nəzərə almaq lazımdır ki, həddindən artıq nəhəng və eyni zamanda
yaramaz olan mədəniyyəti məhv etmək böyük bir qüvvə, ruhi və mə`nəvi bacarıq
tələb edir. İndi belə bir nəticəyə çatırıq ki, Həzrəti Məhdi əleyhissalamın
vəzifəsi və`də verilən gündə zülm ilə dolmuş dünyanı dəyişdirmək olduğundan və
bu dəyişiklik bütün yönlərə aid edildiyindən, habelə bütün ictimai sistemləri,
dəyərləri əhatə edəcəyindən, təbiidir ki, o bu dünyaya hakim olan ruhi
duyğulardan böyük bir sərmayə almalı və özü də məhv etmək üçün qiyam etdiyi
dünyanın yetirmələrindən olmamalıdır. Çünki hər kəsin təfəkkürü müəyyən bir
mədəniyyətin əsasında möhkəmlənib tərbiyə alarsa və o mədəniyyət bu cəmiyyətin
bütün yönlərinə hakim olarsa, həmin şəxsin qəlbinə qorxu hissi düşür. Çünki o,
doğulduğu zamanda və uşaqlıq dövrlərində mühiti və mədəniyyəti qalib, amansız və
inadkar tanımış, dünyaya göz açdığı zamandan e`tibarən o mədəniyyətin müxtəlif
təzahürlərindən başqa bir şey görməmişdir. Amma o, bir tarixin qəlbinə nüfuz
edərsə və mövcud mədəniyyətin formalaşmasından qabaq o dünyada yaşayıb və ondan
başqa böyük mədəniyyətləri görmüş olsa, bundan da əlavə, bütün bu
mədəniyyətlərin aqibətini tarixin səhifələrində oxumaqla deyil, öz gözləri ilə
müşahidə edərək bu mədəniyyətin yaranması, inkişafı və genişlənməsini görmüşsə,
gərək və`də verilmiş gündən əvvəl bəşər dastanının son hissəsi olsun.
O, dərinliklərində üzmək
istədiyi bütün mədəniyyətlərin içərisində çox ayıqlıq və huşyarlıqla yaşamış,
onlarla birgə irəliləmiş, tarixin səhifələrində yazılan sətrlərin arasında
deyil, əksinə tarix boyu və tarixlə eyni zamanda bu hadisələrə baxmış və
tanımışdır. Məhz bu dəlilə əsasən cəmiyyətdə mövcud olan hakim mədəniyyətin
qələbəsini və onun labüd olmasını qəbul etməyəcək. Və ona Rosonun nəzərindən
baxmayacaq. O (Roso) Fransada səltənət və padşahlığı labüd bir məsələ kimi qeyd
edirdi.
[15]
Məgər «Kəhf» surəsini
oxuyaraq ondakı cavanların sərgüzəştini mütaliə etmədinmi?
...Onlar öz
Pərvərdigarına sığındılar və Allah onları hidayət etdi. Onlar böyük bir
bütpərəstlik sistemi ilə üzbəüz idilər. O sistem rəhmsizliklə cəmiyyətə
hökmranlıq edir və yeganəpərəstləri öldürüb məhv etməkdə, müşriklik uçurumundan
xilas olmaq təfəkkürünün kökünü kəsməkdə heç nəyi əsirgəmirdi. Onların ruhları
qəm-qüssəyə düçar oldu və bu qəm-qüssə xora xəstəliyi kimi ruhlarını tutdu. Ümid
qapıları gözlərinin önündə bağlandı.
Müxtəlif çıxış yollarını
sınaqdan keçirdikdən sonra orada qalmaqdan cana doydular. Batilin həmişə
hökmranlıq və zülm etməsinə, haqqa qalib gəlməsinə, mühiti qəlbləri haqq yolunda
döyünən kəslərin hamısından təmizləmək istədiyinə görə heç vaxt, heç bir vəchlə
dözə bilmirdilər.
Bu zaman Allahın onlarla
nə etdiyini gördünmü?
Onlara sığındıqları
mağarada 309 il şirin yuxu verdi və sonra həyat səhnələrini göstərmək üçün
ayıltdı.
Onlar yuxudan ayıldıqda,
yaşadıqları dövrdə cəmiyyətə hakim olan zorakılıq və zülm artıq məhv olub aradan
getmişdi. Həmin hadisələr yalnız tarix kitablarında bir tarixi hadisə kimi qeyd
olunurdu, heç kəs onu eşitdikdə qorxmur, bədəni lərzəyə düşmür və qəlbi qorxudan
döyünmürdü.
Bütün bunlar bu məqsədlə
edilmişdi ki, pak təfəkkürlü mağara cavanları zülmün, batilin uzun müddət
bacarıqlı və qüdrətli halda qaldıqdan, onlar üçün böyük cilvələndikdən sonra
məhv olmasını görsünlər. Nəhayət bunu öz gözləri ilə gördülər və batilin heybəti
onların qəblərində daha da kiçildi.
«Əshabi kəhf» üçün baş
verən bu hadisə intizarı çəkilən rəhbər üçün də baş verəcəkdir ki, onun üçün
tə`yin olunmuş uzun ömür əsnasında:
dərin okeanlara sadəcə
kiçik bir çala olduğu bir vaxt;
böyük bir ağaca toxum
halda, dənə olduğu bir vaxt;
uzun müddətli ruzigara
yalnız canlıların yaşadığı bir şey kimi baxsın.
Məhdi əleyhissalam
şəxsən tarix boyunca yaşamış, onun dərinliklərinə nüfuz etmiş və öz heybəti ilə
tarixə nur saçıb qüvvə vermişdir. Buna görə də onun qəlbi aşağıda gətirilən hiss
ilə doludur: Ətrafda olan sistemlər və mədəniyyətlər tarixin müəyyən dövründə
baş vermiş hadisələrdən irəli gəlmişdir; Bunlar onu quran şəxsin məqsədi
əsasında vücuda gəlmiş, onu məhv etmək fikrində olan şəxsin məqsədi ilə də
aradan getmişdir; Mədəniyyətlərin davam gətirmə müddəti nə qədər uzun olsa da
tarixlə müqayisədə çox qısa bir prosesdən başqa bir şey deyildir.
Digər tərəfdən, müxtəlif
mədəniyyət və hərəkatlarla qarşılaşmaq, onları görmək nəticəsində yaranan
təcrübələr və sınaqdan keçməsi həzrəti Məhdi əleyhissalama nəsib olmuşdur və bu
onun və`də verilmiş gündə rəhbərlik üçün ruhi hazırlığı deməkdir. Belə
təcrübələr Həzrət Məhdi əleyhissalamı tarixin müxtəlif mərhələlərində qərar
verir, onu ictimai hadisələri qiymətləndirməkdə, tarixin rəng və hiylələrini,
amillərini və səbəblərini düzgün dərk etməkdə hazırlayır.
Bunlardan əlavə, zülm
ilə dolmuş dünyanı tamamilə, büsbütün dəyişdirmək həmin islami-asimani risalət
əsasında qurulmuşdur. Aydındır ki, bu ilahi vəzifənin yerinə yetirilməsi islami
vəhy qaynağına yaxın olan bir İmamın varlığını tələb edir ki, o yetkin, kamil və
müstəqil şəxsiyyətdən bəhrələnsin və və`də verilmiş gündə mübarizə aparmalı
olduğu mədəniyyətlərin tə`sirindən amanda qala bilsin. Amma həmin mühitlərdə
doğularaq böyüyüb boya-başa çatan, habelə düşüncə və təfəkkürü o mühitlərin
çərçivəsində formalaşan şəxslər kimi olmamalıdır.
Belə bir şəxs adətən,
cəmiyyətə hakim olan qayda-qanunlardan, dəyər və me`yarlardan uzaqda qalır.
Deməli, intizarı çəkilən rəhbər bir tərəfdən kökündən dəyişdirməli olduğu həmin
mövcud mədəniyyətlərin tə`sirindən amanda qalmalı, digər tərəfdən də vücud və
şəxsiyyəti kamil şəkildə, əvvəlki mədəniyyətlərin bütün mərhələlərində elə
qurulmalıdır ki, istər əsli yöndən, istərsə də ruhi cəhətdən öz rəhbərlik
edəcəyi və gerçəkləşməsi üçün qiyam edəcəyi bir mədəniyyətə daha yaxın olmuş
olsun.
4 –
HƏZRƏT MƏHDİ (Ə) RƏHBƏRLİYİ ÖZ ÖHDƏSİNƏ ALMAĞA NECƏ HAZIRLANIR?
Üçüncü sualda qeyd
olundu ki, Həzrət Məhdi əleyhissalam tam rəhbərlik üçün necə hazırlıqlı ola
bilər? Halbuki o, atası ilə yalnız 5 il yaşamışdır və təbiidir ki, beş yaş bir
rəhbərin şəxsiyyətinin formalaşması üçün heç də kifayət deyildir.
Cavabda qeyd edirik ki,
həzrəti Məhdi əleyhissalam atasının vəfatından sonra dərhal müsəlmanların
rəhbəri oldu. Yə`ni həyatının ilk çağlarında, beş yaşında ikən rəhbər oldu və
rəhbərlik üçün lazım olan fikri və ideoloji sərmayələr onun üçün hazırlandı.
Uşaqlıq yaşlarına xas olan rəhbərlik o həzrətin babalarından ikisi üçün də
təsadüf etmişdir.
[16] Amma ən kiçik yaşında rəhbərlik hadisəsi Həzrəti Məhdi
əleyhissalamın zamanında özünün ən yüksək mərhələsinə çatır. Biz rəhbərlik
məsələsini bir hadisə kimi qiymətləndirməkdə aşağıdakı səbəbləri nəzərdə
tuturuq:
1-Əhli-beyt İmamlarının
rəhbərliyi Abbasi, Fatimi və sair xəlifələrin üslubu kimi deyildir ki, şahlıq
üsul-idarəsi əsasında olsun, atalarından onlara irsən keçsin və varislik
məsələsi onun arxasında dursun; əksinə imamətin yüksək səviyyədə qəbul olunması
təkcə camaatın qəlblərində onların nüfuz yolu ilə olmuşdur. (Əlbəttə, yalnız
Əhli-beyt İmamlarının imamətə ləyaqətlərini isbat etdikdən sonra.)
2-Bu insani bünövrələr
elə islamın əvvəllərindən e`tibarən ümumxalq kütlələri arasında kök atmış, İmam
Baqir və İmam Sadiq əleyhiməssəlamın dövranlarında özünün ən yüksək inkişaf
mərhələsinə çatmışdır. Bu iki imamın, əsasını təşkil edərək idarəçiliyini
öhdəsinə aldıqları elm mərkəzləri İslam dünyasında geniş səviyyəli ideoloji
dalğa yaratdı, yüzlərlə fəqih, mütəfəkkir, müfəssir, həmçinin dini və dünyəvi
sahələrdə çoxlu alimlər yetişdirdi. Həsən ibni Əli Hişam deyir: «Kufə məscidinə
gəldiyim zaman orada 900 ustadın Cə`fər ibni Məhəmməddən hədis nəql etdiyini
gördüm.»
3-Bu şərtlə ki, həmin
elm mərkəzlərində, onun insani dayaqlarında, nümayəndəliklərində və İslam
cəmiyyətlərində İmamın tanınması və onun rəhbərlikdəki ləyaqətlərini tanımaqda
lazım olan şərtlər çox ağır idi. Çünki belə bir e`tiqad vardır ki, İmam o vaxt
rəhbər ola bilər ki, öz dövrünün bütün insanlarından daha alim, daha bacarıqlı
olsun.
4-Bu elmi mərkəzlərin və
onun dayaqlarının yolunda çoxlu insanlar canlarını imamətə əqidə bəsləmək
xatirinə əldən vermişdilər. Çünki onlarla müasir olan xilafət üsul-idarəsi ona
hətta nəzəri cəhətdən də olsa belə, özləri ilə müxalif olan ideologiya kimi
baxırdılar və bu işin nəticəsi də tə`qiblər və işgəncələr idi: o dövrün
hakimləri ardıcıl olaraq öz yolları üzərində maneələri götürmək üçün bunlardan
istifadə edirdilər.
Bir çoxları xilafət
üsul-idarəsinin əli ilə öldürülmüş, yaxud qaranlıq quyularda, zindanlarda
ömürlük olaraq işkəncələrə mə`ruz qalmışdılar. Əhli-beyt imamlarının
rəhbərliyinə e`tiqad bəsləmək insanlar üçün çox ağır başa gəldi. Bu işə təşviq
etməyin faydası yalnız bu oldu ki, inamlı şəxslər öz ruhlarında xüsusi aramlıq
hiss etdilər, yaxud bu işi Allah təalanın dərgahına yaxınlaşmaq səbəbi ilə vacib
bildilər.
5-Belə bir dayaqlar
əsasında rəhbərliklərini möhkəmlədən imamlar cəmiyyətdən ayrı deyildilər və
dövrün zalım hakimləri kimi göydələn qəsrlərdə yaşayaraq özlərini
camaatın gözündən məxfi saxlamırdılar.
İmamlarla camaat
arasında heç bir pərdə, ayrılıq yox idi. Amma bə`zi hallarda hakim qüvvələr
təhqir etməklə, təzyiq göstərməklə, sürgün etmək və didərgin salmaqla imamlarla
camaatın arasında maneə icad edirdilər. Bu məsələlər imamlardan hədis nəql edən
çoxlu mənbələrdə, habelə onlarla imamların arasında olan məktublarda gəlib
çatmışdır və hal-hazırda kitablarda da mövcuddur. Həmçinin imamlarla ayrı-ayrı
şəxslərin görüşləri, səfərləri, onlarla şəhərlərdəki nümayəndələrin rabitələri
bu məsələni tam aydınlaşdırır. İmamlarla xalq kütlələrinin müxtəlif
siniflərindən olan şəxslərin, alimlərin rabitə və rəftarları aşkardır.
6-İmamlarla müasir olan
xəlifələr onların insanlara ruhi və mə`nəvi rəhbərliyini həm özləri, həm də
hökumətləri üçün böyük bir təhlükə mənşəyi hesab edirdilər. Buna görə də var
qüvvələri ilə çalışırdılar ki, bu rəhbərləri aradan aparsınlar və bu yolda heç
bir şeydən çəkinmirdilər. Hətta öz varlıqlarını qoruyub saxlamaq üçün müntəzəm
olaraq daşürəklilik və qəddarlıq göstərir, əsirlik, sürgün və bu kimi digər
işlərlə müsəlmanların, imamların və onların dostlarının qəlblərini ağrıdırdılar.
Qeyd olunan tarixi
incəliklərə nəzər saldıqda, belə nəticə alırıq ki, kiçik yaşlarında imamətə
çatmaq həqiqi və real bir hadisə sayılır. Çünki öz uşaqlıq yaşlarında
müsəlmanların ruhi-mə`nəvi və fikri rəhbərliyinə çatan İmam, müsəlmanların bütün
dağıdıcı hadisələr zamanı yenə də özlərini onlara tabe olmaqda vacib bildikləri
halda, şübhəsiz, elm, bilik, uzaqgörənlik, fiqh, təfsir, əqaid və sair kimi
məsələlərin yüksək dərəcələrindən bəhrələnməli idi. Çünki əks halda camaatı
özünə tabe edə bilməzdi.
Gördüyümüz kimi İmamlar
elə şəraitdə yaşayırdılar ki, onların ardıcılları böyük-kiçikliyindən asılı
olmayaraq onlarla qaynayıb-qarışır və onların nurlu vücudlarından
bəhrələnirdilər. İndi belə bir sual yaranır: necə mümkün ola bilər ki, bir uşaq
camaatı öz imamətini qəbul etməyə çağırsın və onu islami də`vət kimi təqdim
etsin. Eyni zamanda ardıcıl olaraq hamının gözləri önündə öz rissalətini müdafiə
etsin, camaat da aşkarda və ya gizlində ona inansınlar və öz inamları yolunda öz
mallarından, canlarından keçməyə hazır olsunlar. Bütün bunlarla yanaşı, imamın
vəziyyətindən agah olmasınlar və hadisənin həqiqətində axtarış aparmaq, uşaq
yaşlarında olan imamın qədrini bilmək istəməsinlər və onun barəsində sorğu-sual
aparmasınlar?
Məgər mümkün ola
bilərdimi ki, imamın rəhbərlikdə seçdiyi mövqeyi və onun camaatla olan həmişəlik
əlaqəsindən illər ötsün, amma yenə də onun həqiqi siması, elm və biliyinin
necəliyi istər böyük, istərsə də kiçiklər üçün aşkar olmasın? Qeyri bir mümkün
fərzə əsasən deyirik ki, camaat bu işin həqiqətini və reallığını dərk edə
bilmədilər. Onda imamlarla açıq-aşkar düşmənçilik edən qüvvətli və güclü
hakimlər nə üçün e`tiraz etməyərək onların həqiqi simalarını aşkar etmədilər?
Məgər onlar üçün bu iş
mümkün deyildimi? Yaxud İmam sair uşaqlar kimi bir uşaq olsaydı və çox dərin
səviyyəli təfəkkür və əndişəyə malik olmasaydı, bu, onun rəhbərlik üçün layiq
olmadığını və dəyərsiz olduğunu bildirmək üçün xəlifələrin əlinə bəhanə
verməzdimi ki, onlar bu bəhanəni imamların ardıcıllarına təqdim edərək o parlaq
ulduzları tənqid etsinlər və belə şəxslərin camaatın ruhi, mə`nəvi və fikri
rəhbərliyinə layiq olmadığını desinlər? Çünki əgər öz zəmanəsinin elm və
biliyindən son dərəcədə bəhrələnən 40-50 yaşlı insanın rəhbərlik üçün layiq
olmadığını sübuta yetirmək adi camaat üçün müşkül olsa da belə, bir uşağın
rəhbərlik üçün layiq olmadığını isbat etmək heç də çətin deyildi. İmamı məhv
edib aradan aparmaq və yaxud onun yüksək şəxsiyyətini sındırmaq üçün onun
rəhbərliyə layiq olmamasını isbat etmək xəlifələrin bu yolda istifadə etdikləri
qeyri-insani üslublardan daha qənaətbəxş olardı. Xüsusilə diqqət yetirmək
lazımdır ki, şiələr İmamət məqamı üçün çox böyük xüsusiyyətlər nəzərə
almışdılar.