ALLAHŞÜNASLIQ, ALLAHIN LÜTF VƏ ƏZƏMƏTİ
1–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Ey camaat, həqiqətən məndən sonra heç bir
peyğəmbər, sizdən sonra heç bir ümmət olmayacaq. Agah olun və öz Allahınıza
ibadət edin, beş vaxtda namaz qılıb Ramazan ayının orucunu tutun, Rəbbinizin
beytinin həccinə gedin, mal-dövlətinizin zəkatını səmimi qəlbdən verin və öz
vəliyyi-əmrlərinizə (imamlarınıza) itaət edin ki, Pərvərdigarınızın cənnətinə
daxil olasınız.
Xisal /322.
***
2–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Xaliqi əzəmətlə yad etməyiniz
məxluqu gözünüzdə kiçildər.
Nəhcül-bəlağə, kəlimati-qisar/129.
***
3-İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Xoş o kəsin halına ki, əməlini,
elmini, məhəbbət və ədavətini, bir şeyi əxz edib və ya tərk etməsini, kəlamını,
sükutunu, fe`l və danışığını Allah üçün ixlaslı (xalis) etsin.
Biharul-ənvar/77/289.
4– İmam Əli ibni Hüseyn əleyhissalam buyurur: Mö`min bəndədə üç xasiyyət olarsa
həlak olmaz: Allahdan başqa heç bir mə`budun olmamasına şəhadət vermək, Onun
şəriki olmadığına inanmaq, Rəsuli-əkrəmin şəfaətinə və Allahın rəhmətinin
genişliyinə inanmaq.
Səfinətul-bihar/517.
***
5-İmam Səccad əleyhissalam buyurur: Həmd yalnız Allaha məxsusdur və həmd Ona
layiq olduğu kimi Onun haqqıdır. Ona çoxlu şükür və həmd edirəm. Allaha pənah
aparıram öz nəfsimin şərrindən, həqiqətən nəfs Rəbbimin rəhm etdiyi şəxslərdən
başqa (qalan bütün) insanları pisliklərə sürükləyəndir. Allaha pənah aparıram
Şeytanın şərrindən, o Şeytan ki, günahımın üstündən günah artırır. Allaha
sığınıram bütün facir zülmkarlardan, qəddar padşahlardan və güclü düşmənlərdən!
İlahi, Pərvərdigara, məni Öz qoşunundan qərar ver. Çünki Sənin qoşunun və yalnız
Sənin qoşunun qaliblərdir və məni Öz hizbindən (dəstəndən) qərar ver, çünki
həqiqətən yalnız Sənin hizbin nicat tapanlardır. Məni Öz dostlarından qərar ver,
çünki həqiqətdə Sənin dostların üçün heç bir qorxu və qəm-qüssə yoxdur.
Pərvərdigara, mənim dinimi islah et, çünki həqiqətən o mənim işlərimin isməti,
paklığıdır. Mənim axirətimi islah et, çünki həqiqətən axirət mənim əbədi evim və
alçaq adamlarla qonşuluqdan qaçış yerimdir. Həyatımı hər bir xeyirdə mənim üçün
artır, vəfatımı mənim üçün bütün şərlərdən rahat et! Pərvərdigara,
peyğəmbərlərin sonuncusu və mürsəllərin sayının tamamlayıcısı olan həzrət
Məhəmmədə, onun pak Əhli-beytinə və seçilmiş səhabələrinə salavat göndər. Mənim
üçün üç şey əta et: Günahlarımı bağışlamamış, qəm-qüssəmi aradan aparmamış,
düşmənimi dəf etməmiş məni boşlama, Səni and verirəm bütün adların ən yaxşısı
olan Bismillaha, yerlərin və göylərin Rəbbi olan Allahın adları xatirinə...
Biharul-ənvar 90/187, Mülhəqqati-Səhifeyi-Səccadiyyə /572.
***
6–İmam Sadiq əleyhissalam buyurur: Qəlb Allahın hərəmidir; belə isə Allahın
hərəmində Ondan başqasına yer vermə (qəlbin məxfi guşələri Allaha məxsusdur,
dünya məhəbbətini ondan xaric et.)
Biharul-ənvar /70/25.
***
7–İmam Sadiq əleyhissalam buyurur: Bizim şiələrimiz o şəxslərdir ki, xəlvətdə
olarkən Allahı çox-çox yad edərlər (yə`ni günaha batmağa heç bir maneə olmadıqda
Allahı yad etmək onun günah etməsinin qarşısını alır).
Biharul-ənvar /93/162.
***
8–İmam Baqir əleyhissalam buyurur: Allaha and olsun, Allah-taala camaatdan iki
xislətdən başqa heç nə istəməmişdir: Onun ne`mətlərini iqrar etsinlər, nəticədə
Allah o ne`mətləri artırsın və günahlarını e`tiraf etsinlər, nəticədə Allah
onları bağışlasın.
Üsuli-kafi/2/426.
***
9–İmam Hüseyn əleyhissalam buyurur: Həqiqətən Allah-taala bəndələri yalnız buna
görə yaratmışdır ki, Onu tanısınlar. Elə ki, Onu tanıdılar ibadət edərlər və
ibadət etsələr Ondan qeyrilərinin ibadət etməkdən ehtiyacsız olarlar.
Səfinətul-bihar /2/180.